Professor Çarlz Frensis Xavier (ing. Charles Francis Xavier) və ya Professor İks (ing. Professor X) — Marvel Comics tərəfindən yaradılmış personaj, İks-adamların lideri. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur.
Professor İks | |
---|---|
ing. Professor X | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "İks-adamlar" #1 (sentyabr, 1963) |
Yaradıcı(lar) |
Sten Li Ceyk Kyörbi |
Xüsusiyyətlər | |
Əsl adı | Çarlz Frensis Xavier |
Doğum yeri | |
Cinsiyyəti | kişi |
Boyu | 1,82 m |
Çəkisi | 86 kq |
Növü | mutant |
Vətəndaşlıq | |
Təhsili |
|
Komiks bioqrafiyası | |
Kainat | 616 |
Üzvlükləri |
İks-adamlar İlluminati İks-Korporasiya On iki Yeni Mutantlar Ekskalibur Ulduz söndürənlər |
Düşmənləri | Maqneto |
Ləqəbləri | Professor İks, Qırğın, Doktor İks |
Gücləri |
|
Xavier qeyri-insani güclərlə dünyaya gələn uydurma mutantlardan biridir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının yaradıcısıdır. Xavier güclü telepatiya qabiliyyətinə malik olan mutantdır. O, digər insanların düşüncələrini, yaddaşını oxuya bilir və hətta onları idarə edə bilir. Xavier bütün dünyadan olan mutantlara sığınacaq olması və mutant güclərini məşq etmələri üçün Nyu-Yorkda İks-İqamətgah adlı özəl məktəb açmışdır.
Xavier paraplegik xəstəsidir və əlil arabası ilə hərəkət edir. Dünyanın ən güclü telepatlarından biri olan Xavier eyni zamanda müdrik dahidir. O, mutant genlərinə sahib olan şəxslərin yerlərini təyin etməsi üçün Serebro adlandırdığı texnoloji cihazın yaradıcısıdır.
Xavier keçmiş dostu Maqnetodan fərqli olaraq hər zaman şiddətə qarşı olmuşdur. Əksinə o, mutantların digər insanlarla birlikdə bərabər hüquq çərçivəsində yaşaması üçün pasifist təkliflərini irəli sürmüşdür. Xavierin hədəfləri və siyasi baxışları bir neçə dəfə Martin Lüter Kinq ilə müqayisə olunduğu halda,[1] Maqneto isə döyüşkən mülki hüquq müdafiəçisi Malkolm X ilə müqayisə olunmuşdur.[1] Personajın yaradılışı 60-cı illərdə baş verən mülki hüquq mübarizəsi ilə eyni zamana təsadüf etmişdir. Komiksdə mutantların toplum tərəfindən üzləşdiyi dözümsüzlük, ön mühakimələr bir növ həmin dönəmdə Amerika Birləşmiş Ştatlarında baş verən hadisələri fərqli şəkildə təsvir etmişdir.
Professor İks rolunu İks-adamlar, İks-adamlar 2, İks-adamlar: Son müqavimət, İks-adamlar: Başlanğıc. Şimal porsuğu, Şimal porsuğu, İks-adamlar: Gələcəyin keçmiş günləri və Loqan filmlərində aktyor Patrik Stüart, İks-adamlar: Birinci dərəcə, İks-adamlar: Gələcəyin keçmiş günləri, İks-adamlar: Apokalipsis və İks-adamlar: Qara zümrüd quşu filmlərində isə gənc Çarlz Xavieri aktyor Ceyms MakEvoy canlandırmışdır.
Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Sten Li Professor Xavierin görünüşünün Akademiya mükafatına layiq görülən aktyor Yul Brinnerdən ilhamlandığını bildirmişdir.[2] Onun xarakterik cəhətləri isə Martin Lüter Kinqdən ilhamlanaraq hazırlanmışdır.[3]
Çarlz Frensis Xavier nüfuzlu nüvə mütəxəssisi Dr. Brayan Xavier və Şeron Xavierin övladı kimi Nyu-York şəhərində dünyaya gəlmişdir. Atasının nüvə üzərində uğurlu araşdırmaları nəticəsində Çarlz ailəsi ilə birlikdə Uestçester qraflığında yerləşən böyük bir iqamətgahda yaşayır. O, Oksford Universiteti nə qəbul olunur və Genetika və digər elm sahələri üzrə professorluq qazanır. O, ilk öncə Oksfordda, daha sonra isə bir neçə il Londonda yaşayır. Ailəsinin böyük iqamətgahının Xavierə miras qalmasının ardınca o, ilk İks-adamlar ilə birlikdə həmin iqamətgahı Xavierin İstedadlı Gənclər üçün Məktəbinə çevirir.
Xavier gənc ikən onun atası Brayan qəzada həlak olur və bir müddət sonra onun həmkarı Kurt Marko Xavierin anası Şeron ilə ailə həyatı qurur. Xavierin telepatiya gücü özünü büruzə verməyə başladıqdan sonra o, Kurtun anası ilə sadəcə maddi maraqlar üçün birlikdə olduğunu öyrənir.[4] Evlilikdən sonra Kurt oğlu Keyn ilə birlikdə Xavierlərin evinə köçür. Kurt qısa zaman sonra Şerona məhəl qoymamağa başlayır, onu alkoqolizmə sürükləyir və Çarlz ilə Keynə şiddət tətbiq edir. Keyn isə atasına olan qəzəbini qardaşı Çarlzdan çıxarır. Çarlz telepatiya qabiliyyəti ilə Keynin düşüncələrini oxuyur və onun nə dərəcədə psixoloji zərər gördüyünü öyrənir. Zamanla Keyn Çarlza qarşı daha da aqressiv davranmağa başlayır, lakin Çarlz onun əzablarını hiss etdiyi üçün Keynə hörmətlə yanaşmağa davam edir.[4]
Şeron vəfat edir. Çarlz və Keyn arasında Kurtun laboratoriya avadanlıqlarının partlaması ilə nəticələnən dava baş verir. Ölümcül yaralanan Kurt ölməzdən öncə uşaqları çölə çıxarır və Brayanın ölümündə onun da günahının olduğunu etiraf edir.[4][5]
Super insan gücü və təbii zəkası sayəsində Xavier mükəmməl tələbə və atlet olur. Lakin mutant güclərinin ona üstünlük tanımasının haqsızlıq olduğunu düşünürək atlet olmaq fikrindən daşınır. Güclərinə görə Xavier təhsilini bitirməzdən əvvəl saçlarını tamamilə itirir. O, 16 yaşında Bard kollecini fərqlənmə ilə bitirir. Xavier Genetika, Biofizika, Psixologiya və Antropologiya üzrə Fəlsəfə doktoru adına layiq görülür. O, eyni zamanda Londonda yaşadığı müddət ərzində Psixiatriya üzrə Tibb elmləri doktoru adına layiq görülür. Daha sonra Xavier Kolumbiya Universitetində adyunkt professor kimi çalışır.
Xavier məktəbdə onunla birlikdə genetika üzrə təhsil alan Moyra Kinross adlı Şotlandiyalı qız ilə tanış olur və ona aşiq olur. Bir müddət sonra onlar evlənməyi düşünsələr də, Xavier Koreya müharibəsinə göndərilir. O, seçilən əsgərlərdən biri olur və Kitti Praydın atası Karmen Prayd ilə birlikdə axtarış və xilasetmə missiyalarında fəal iştirak edir.[6] O, eyni zamanda ögey qardaşı Keynin yeraltı bir məbəddə üzəri yazılı olan bir yaqut daşına toxunaraq Caqqernauta dönüşməsinə şahid olur. Müharibə zamanı Xavier Moyradan ayrılıq məktubu alır. O, daha sonra Moyranın keçmiş sevgilisi Cozef ilə evləndiyini və Cozefin ona işgəncə verdiyini öyrənir.[4][7]
Moyranın ondan ayrılmasından çox kədərlənən Xavier hərbi xidmətini bitirdikdən sonra dünya səyahətinə çıxır. O, Qahirədə Ororo Munro adlı gənc qız və özünü Amal Faruk kimi qələmə verən güclü mutant Kölgə kralı ilə qarşılaşır. Xavier Kölgə kralını məğlub edir və bundan sonra özünü insanlığı zalım mutantlardan və məsum mutantları isə insan basqısından xilas etməyə adayır.
Xavier İsrailin Hayfa şəhərində Holokost soyqırımından travma almış qurbanlar üçün klinika açan dostu Daniel Şomronu ziyarət edir. Xavier orada Holokostdan qurtulmağa nail olan və könüllü olaraq klinikada çalışan gənc Maqnus ilə tanış olur. O eyni zamanda yaşadığı travma nəticəsində katatonik komaya düşən Qabriela Haller ilə rastlaşır. Xavier zəka gücünü istifadə edərək, qadına katatoniyanı məğlub etməkdə yardım edir və daha sonra onlar bir-birlərinə aşiq olurlar. Xavier və özünü Maqnus kimi tanıdan Maqneto yaxın dost olurlar, lakin bir müddət heç biri mutant olduğunu etiraf etmir. Onlar saatlarla insanların super insan gücünə malik olan varlıqlarla qarşılaşacağı halda nələr baş verəcəyi haqda fərziyyələr irəli sürürlər. Xavier bu barədə optimist olsa da, Maqneto Holokostda şahid olduqlarından sonra insanlığın digər azlıqlarla olduğu kimi yeni insan nəslinə də zülm edəcəyinə inanır. Onlar birlikdə Qabrielanı qaçırmağa çalışan nasist supercinayətkar Baron Volfqanq von Straker və Hidra agentləri ilə döyüşdükdən sonra bir-birlərinə mutant olduqlarını açıqlayırlar. Maqneto Strakeri öldürməyə cəhd göstərsədə, Xavier onu dayandırır. Maqneto Xavier ilə mutant-insan münasibətləri barədə fikirlərinin üst-üstə düşmədiyinin fərqinə vardıqdan sonra onu tərk edir. Çarlz bir müddət İsraildə qalır. Qabriela və Xavier ayrılır və Xavier Qabrielanın hamilə olduğundan xəbərsiz olur. Qabrielanın dünyaya gələn oğlu böyüdükdən sonra mutant Legiona dönüşür.[8]
Himalay dağlarının yaxınlığında yerləşən qəribə bir kənddə Xavier Lüsifer adlı yadplanetli ilə tanış olur. Qabaqcıl izci olan Lüsifer Xavierə irqinin tezliklə bütün dünyanı ələ keçirəcəyini söyləyir və Xavierin qarşısını almaq üçün onun üzərinə nəhəng daş atır, Xavierin ayaqları ağır xəsarət alır.[9] Lüsiferin yox olmasının ardınca Xavierin telepatik olaraq yardım çağırışlarını Seyc adlı mutant eşidir. Seyc Xavierə kömək edir və bundan sonra onlar arasında üzün müddətlik müttəfiqlik başlayır.[10]
Hindistanda yerləşən bir xəstəxanada Xavierə Amerikalı tibb bacısı Ameliya Voqt nəzarət edir. Xavierin ayaqlarının yaxşılaşması ilə onlar bir-birlərinə aşiq olurlar. Xəstəxanadan çıxdıqdan sonra onlar Mumbayda birlikdə yaşayırlar. Çarlzın mutasiya barədə oxuduğunu öyrənən Ameliya özünün də mutant olduğu üçün bu vəziyyətdən narahat olur. Lakin Xavierin də mutant olduğunu öyrəndikdən sonra o, sakitləşir. Daha sonra onlar Amerikaya geri dönürlər və Xavierin ailəsinin iqamətgahında yaşamağa başlayırlar. Lakin Skott Sammersin iqamətgaha yerləşməsinin ardınca mutantların gizlənməli olduğuna və Xavierin bu barədə fikrinin dəyişəcəyinə inanan Ameliya onu tərk etməyi qərara alır. Ameliya daha sonra Maqnetonun şagirdi olur.[11]
İllər ərzində genetika və psixologiya sahələrində ad qazanan Çarlz katatonik komaya düşən qızlarına yardım üçün Qrey ailəsinin sonuncu ümidi olur. Xavier gücünü idarə etməkdə çətinlik çəkən Cin Qreyin telepatiya gücünü o, böyüyənədək məhdudlaşdırır və ona telekinez gücünü istifadə etməkdə yardım göstərir. Bu vaxtlarda Xavier mutasiya eksperti Karl Likos və eyni zamanda Muir adasında mutant araşdırma stansiyası tikən Moyra MakTaqqert ilə birlikdə çalışmağa başlayır. O, Moyra ilə özünün yaratdığı İks-adamlar komandasına kimləri qəbul etməli olduğunu məsləhətləşir.
Xavier bütün dünyadan olan mutantlara sığınacaq olması və mutant güclərini məşq etmələri üçün Xavierin İstedadlı Gənclər üçün Məktəbini yaradır. O, eyni zamanda superqəhrəmanlar komandası olan İks-adamlar üçün uyğun mutantların axtarışına başlayır. Xavier iləsindən ona miras qalan iqamətgahı qabaqcıl texnologiya ilə təmin edir və əməliyyatlar üçün baza kimi istifadə edir. Sərt müəllim təəssüratı bağışlayan Xavier mutant tələbələrini ciddi təlim rejiminə dözməyə məcbur edir.
Xavierin ilkin beş tələbəsi Marvel qız, Siklop, Vəhşi, Buz-adam və Mələk ilk İks-adamları seçilirlər. Xavier İks-adamların tərkibini təyin etdikdən sonra komanda üzvlərini Maqneto ilə döyüşə göndərir.
Komanda ilə keçirdiyi zaman ərzində Xavier daima tələbələri ilə telepatiya gücü vasitəsi ilə əlaqədə olur və onlara lazım olduğu zaman müxtəlif təlimatlar və məsləhətlər verir. Məktəbə yeni tələbələri cəlb etmək üçün o, özünün təsis etdiyi Serebro mexanizmindən istifadə edir.
Xavierin qarşılaşdığı əsas maneə onun köhnə dostu Maqneto olur. Maqnetoya görə mutant təqibinə son qoymağın yeganə yolu mutantların insanlıq üzərində hökmranlıq etməsidir. Antropologist Bolivar Trask "mutant problem"ini üzə çıxardıqdan sonra Xavier onunla televiziya verilişində qarşı-qarşıya gəlir. Təkəbbürlü davranış sərgiləyən Trask daha sonra özünün yaratdığı Keşikçilər ordusu vasitəsi ilə mutantlar üzərində terror əsdirməyə başlayır. İks-adamlar Keşikçiləri geri göndərir. Trask robotlarında nəinsə yanlış getdiyini başa düşdüyündə artıq gec olur və onlar Traskı öldürürlər.
İks-adamlar Krakoa adasında girov götürüldüyü zaman Xavier onları xilas etmək üçün yeni İks-adamlar komandası yaradır. Dr. Moyra MakTaqqertin tələbələrindən təşkil olunmuş bu yeni komanda orijinal İks-adamları xilas etmək üçün Krakoa adasına göndərilirlər. Lakin Siklopun xilas olmasının ardınca MakTaqqertin keçmiş tələbələri adada həlak olurlar. Tələbələr arasında Siklopun itkin düşmüş qardaşı Vulkan da olur. Xavier qardaşının və digər tələbələrin ölümü ilə bağlı gördüklərini Siklopun yaddaşından silir və bunun ardınca daha bir İks-adamlar komandası yaradır.
Xavierin xilasetmə komandasında Banşi, Koloss, Günəş atəşi, Gecə ilanı, Fırtına, Şimal porsuğu və İldırım quşu yer alır. Xilasetmə missiyasının ardınca Siklopdan başqa orijinal komandanın digər üzvləri məktəbi tərk etmək qərarı alırlar.
Xavier qalaktikalar üzərindən Şi'ar imperiyasının şahzadəsi Lilandra ilə psixik əlaqə yaradır. Onlar görüşdükdə isə bir-birlərinə aşiq olurlar. Lilandra Xavierdən qardaşı Şi'ar imperatoru D'Kenin qarşısını almasını istəyir. Xavier İks-adamların köməyi ilə D'Keni taxtından salır. Cəllad adasından qayıdan Cin Qrey Xavierə bütün İks-adamların həlak öldüyünü xəbər verir. Xavier məktəbi bağlayır və imperatriça olan Lilandra ilə birlikdə Şi'ar imperiyasına yollanır. Orada Xavierlə kral kimi davranılır.
Xavier Cin Qreydə dəyişiklik hiss etməyə başlayır. O, Yer kürəsinə geri dönür və İks-adamların liderliyini geri alır. Şi'ar imperiyasının planetlərindən birini məhv etməsinin ardınca Xavier Qara Zümrüd quşunun ələ keçirdiyi tələbəsi ilə mübarizə aparmalı olur. Lilandraya qarşı tərəfdə yer almaq Xavier üçün nə qədər kədərli olsa da, o Zümrüd quşunun taleyini həll etmək üçün Şi'ar imperiyasının mühafizəsi ilə döyüşmək məcburiyyətində qalır. Bütün kainat üçün təhlükə yaratmağa başlayan Qara Zümrüd quşunu müxtəlif planet orduları hədəf alsalar da, sonunda yalnız gerçək Cin baş verənlərin qarşısını almaq üçün vücudunun idarəsini ələ keçirərək Zümrüd quşunun intihar etməsinə səbəb olur.
İks-adamlar Körpələr adlanıdırlan yeraltı məxluqlarla döyüşdüyü zaman onlar Xavieri qaçırırlar. Onlar Xavierə körpə yumurtası yerləşdirirlər və nəticədə Xavieri idarə edə bilirlər. İks-adamlar onu xilas etməyə gəldiyi zaman artıq gec olur və Körpələrin kraliçası Xavierin vücudunu ələ keçirir, lakin ruhu toxunulmaz qalır. İks-adamlar və Ulduz söndürənlər Xavierin görünüşünü alan kraliçanı məhv edirlər. Onlar Xavierin daha öncə Ulduz söndürənlərə bağışladığı toxuma nümunəsindən onun klonunu yaradırlar və Xavierin şüuru həmin bədənə köçür. Yeni vücudda ayaqlar işlək olur, lakin Xavierin illərlə paraplegik kimi çəkdiyi psixosomatik ağrıların yox olması zaman alır. O, bir müddət İks-adamlarla birlikdə missiyalarda iştirak edir, lakin daha sonra ona Yeni Mutantların məktəbdə ehtiyaclarının olduğunu düşünərək, məktəbə geri dönür.
Kolumbiya Umiverstitetində müəllimlik etdikdən sonra Xavier nifrət cinayətinə məruz qalır və ölümcül yaralanır. Ona Kallisto və Morloklar yardım edirlər. Morloklardan biri Xavierin vəziyyətini normallaşdırdıqdan sonra Xavier getməyə qərar verir. Kallisto onun hələ tam sağalmadığını söyləsə də, Xavier onları tərk edir və yaralarını hər kəsdən gizlədərək, həyatına davam edir.
Xavier Muir adasında keçmiş sevgilisi Qabriela Haller ilə qarşılaşır və onların bir oğlunun olduğunu öyrənir. David autizm xəstəsidir və çoxlu şəxsiyyət xəstəliyindən əzab çəkir. Onun da Xavier kimi telepatik gücləri var. Xavier İks-adamlara Davidin huşundan çıxmağa kömək etdikdən sonra hər zaman onun yanında olacağına söz verir.
Baron von Strakeri öldürməsinin ardınca Maqneto məhkəmə qarşısına çıxarılır. Xavier dostunu müdafiə etmək üçün məhkəmədə iştirak edir. Bu arada Strakerin övladları Andrea və Andreas Strakerlər məhkəmə zalına daxil olaraq Xavier və Maqnetoya hücum edirlər. Nəticədə Xavier ağır yaralanır və ölüm ayağında ikən Maqnetodan İks-adamlara nəzarət etməsini istəyir. Xavier ilə psixik bağlantısı olan Lilandra onun təhlükədə olduğunu hiss edərək, Yer kürəsinə yollanır. O və Siklopun atası Korsar Xavieri Şi'arın qabaqcıl texnologiyası ilə sağaltmaq üçün özləri ilə aparırlar. Xavier İks-adamları Maqnetoya tapşırsa da, bəzi komanda üzvləri keçmiş düşmənlərini bağışlamaq istəmirlər. Siklop komandanın liderliyi üçün Fırtına ilə döyüşdə məğlub olduqdan sonra komandanı tərk edir və ilkin dörd İks-adamlardan təşkil olunmuş yeni İks-Faktor komandasına qoşulur.
Bu arada Xavier Ulduz söndürənlərlə kosmosda qalmalı olur. Lakin sevgilisi Lilandra ilə qovuşur və qayğısız həyatın dadını çıxarır. Xavier Ulduz söndürənlər komandasının üzvü kimi ulduz gəmisinin göyərtəsində xidmət edir. Lilandra bacısı tərəfindən sürgün olunduğu zaman Xavier də onunla birlikdə gedir. Lilandra taxtını geri qazandıqdan sonra Xavier onunla birlikdə İmperator sarayında yaşayır. O, Lilandraya bacısı Ölüm quşunu devirməkdə yardım edir. Bunun üçün Xavier qısa müddətlik Zümrüd quşu gücündən istifadə edir. Daha sonra Xavier ona ehtiyacı olan İks-adamlara geri dönür.
Xavier qayıdışı ilə İks-adamlar üzərində rəhbərliyini geri alır. Köhnə düşməni olan Kölgə kralı ilə döyüş zamanı Xavierin fəqərə sütunu sarsılır və beləliklə o yenidən paraplegik vəziyyətinə geri dönür. Bunun ardınca o, oğlu Davidin ölüm xəbərini alır.
Mutant hüquqları ilə bağlı çıxış edərkən Xavier Kabelin görünüşündə olan Strayfın hücumuna məruz qalır. Öz şəxsi maraqlarına görə Apokalipsis onu xilas edir. Xavierin ayaqları qısa müddətlik işlək vəziyyətə gəlir və o həmin zaman ərzində İks-adamların ən gənc üzvü olan Cubilini komandaya alır.
Maqneto metalı idarəetmə gücü ilə Şimal porsuğunun skeletindən adamantiumu çıxarmağa cəhd göstərərkən Xavier onu dayandırmaq üçün Maqnetonun yaddaşını pozmağa çalışır və onu komaya salır. Bu anda Maqnetonun qaranlıq niyyətləri Xavierin şüuraltı qaranlıq zəkasını oyadır və nəticədə o, Qırğın adlı qaranlıq məxluqa dönüşür. Qırğın hər yeri darmadağın edir və onun qarşısını almaq üçün İks-adamlar, Qisasçılar, Fantastik dördlük və Halk güclərini birləşdirir. Baş vermiş böyük döyüş nəticəsində Yer kürəsinin bir çox superqəhrəmanların həlak olduğu və bəzilərinin isə itkin düşdüyü güman edilir. Qırğının məğlub edilməsi Xavier gücsüz qalır və baş verənlərdən özünü günahkar bilərək, bir müddət İks-adamları tərk edir.
Xavier güclü telepatiya qabiliyyətinə malik olan mutantdır və Marvel dünyasının ən güclü telepatlarından biridir. O, digər insanların düşüncələrini, yaddaşını oxuya bilir və hətta onları idarə edə bilir. Böyük teleptiya qabiliyyəti sayəsində Xavier digər planetlerdən, qalaktikalardan olan yadellilərlə əlaqə qura bilir.
Xavier eyni zamanda digər insanların düşüncələrində və xatirələrində dəyişiklik edə bilir. İnsan beynindən bəzi xatirələri çıxara və ya tamamilə amneziyaya səbəb ola bilir. O, bu qabiliyyətini əsasən psixoloji problemlər yaşıyan insanlarda istifadə edir. Xavier həm də bir insanın şüurunu tamamilə ələ keçirərək onun vücuduna sahib ola bilir.
Xavier yüksək səviyyəli intellekti sayəsində bir neçə sahə üzrə təhsilini yüksək dərəcə ilə bitirmişdir. O, dünyaca tanınmış genetik, mutasiyada qabaqcıl ekspert və Serebronun yaradıcısıdır. Xavier Genetika, Biofizika, Psixologiya və Antropologiya üzrə Fəlsəfə doktoru adına, Psixiatriya üzrə isə Tibb elmləri doktoru adına adına layiq görülmüşdür.
Professor İks rolunu İks-adamlar, İks-adamlar 2, İks-adamlar: Son müqavimət, İks-adamlar: Başlanğıc. Şimal porsuğu, Şimal porsuğu, İks-adamlar: Gələcəyin keçmiş günləri və Loqan filmlərində aktyor Patrik Stüart, İks-adamlar: Birinci dərəcə, İks-adamlar: Gələcəyin keçmiş günləri, İks-adamlar: Apokalipsis və İks-adamlar: Qara Zümrüd quşu filmlərində isə gənc Çarlz Xavieri aktyor Ceyms MakEvoy canlandırmışdır.
İlk filmdə Xavier Cin Qrey və Siklopu Şimal porsuğu və Roqu Qılıncdişdən xilas etmələri üçün göndərir. O, hücumun Maqneto tərəfindən hazırlandığını və hədəfin Şimal porsuğu olduğunu düşünür. Xavier Şimal porsuğu və Roqa iqamətgahına dəvət edir və Şimal porsuğuna keçmişini xatırlamaqda kömək edəcəyinə söz verir. Maqnetonun köməkçisi Mistikin hiyləsi sayəsində Roq məktəbdən qaçır və Xavier onun yerini Serebro vasitəsilə təyin edir. O, İks-adamları Roqu geri gətirmələri üçün göndərsə də, Maqnetonun Mutant qardaşlığı Roqu qaçırırlar. Xavier Qılıncdişin beynini ələ keçirərək, Maqnetonu dayandırmağa çalışsa da, Maqnetonun vağzaldakı polisləri ölümlə təhdid etməsinin ardınca Xavier Qılıncdişi təsiri altından çıxarmaq məcburiyyətində qalır. Maqneto özünün yaratdığı mutasiya maşını vasitəsi ilə mutanta dönüşdürdüyü Senator Robert Kelli kömək üçün Xavierin məktəbinə gəlir. Xavier Maqnetonun yaratdığı mexanizm barədə öyrənmək üçün Kellinin yaddaşını oxuyur. O, Maqnetonun Roqun ölümü bahasına da belə olsa öz güclərini ona ötürərək Roqun gücü ilə mexanizmi işlək vəziyyətə gətirib insanları mutantlara dönüşdürməyi planlaşdırdığını öyrənir. Xavier Mistikin qurğularını qarışdırdığı Serebro ilə Roqun yerini təyin etməyə çalışarkən o, komaya düşür. Cin Qrey Serebronu təmir edir və Maqnetonun mutasiya maşınını Azadlıq adasında yerləşdirməyə hazırlaşdığını və hədəfinin Ellis adasında baş tutacaq olan dünya liderləri sammitindəki hər kəsi mutantlara dönüşdürmək olduğunu öyrənir. İks-adamlar Maqnetonun planının qarşısını alır və Roqu xilas edirlər. Filmin sonunda Xavier Şimal porsuğuna keçmişi barədə cavab tapmaq üçün Alkali gölünə yönləndirir.
Xavier Serebro vasitəsi ilə prezidenti öldürməyə çalışan Gecə ilanının yerini təyin edir. O, Fırtına və Cin Qreyi onun arxasınca göndərir və özü isə Şimla porsuğunu məktəbdə nəzarətçi kimi qoyaraq, Siklop ilə birlikdə həbs olunmuş Maqnetonu hücum barədə sorğulamağa yollanır. Maqneto Xavierə Uilyam Straykerin onu təsiri altına salıb, məktəb və Serebro haqqında hər şeyi ondan öyrəndiyini söyləyir. Xavier bunun tələ olduğunu başa düşdükdə artıq gec olur və o, Siklop ilə birlikdə Strayker tərəfindən girov götürülür. O, Straykerin yeraltı bazasında gözlərini açır. Psixik güclərini istifadə edə bilməməsi üçün Xavier bir mexanizmə bağlanılır. O, daha öncə özünün dərs keçdiyi Straykerin mutant oğlu Ceyson ilə bir otaqda tək buraxılır. Atasının təsiri altına düşən Ceyson illüziya gücü sayəsində Xavieri real olmayan bir dünyada tələyə salır. O, qorxmuş kiçik qız görünüşündə Xavieri öz məktəbinə yönləndirir. Qızı sakitləşdirmək və tələbələrini tapmaq üçün Xavier Serebro otağına yollanır. O, Straykerin mutant irqinə son qoymaq üçün yaratdığı ikinci Serebronu işə salır. Ceysonun təsiri altında olan Xavier Serebro vasitəsi ilə dünyadakı bütün mutantları taparaq, onları öldürməyə çalışır. Daha sonra isə dəbilqəsi ilə telepatiya gücünə qarşı qorunan Maqneto Ceysonu dayandırır və fürsətdən istifadə edərək, Xavierdən Serebro ilə bütün dünya insanlarını məhv etdirməsini tələb edir. Fırtına və Gecə ilanı Xavieri Ceysonun illüziyasından qurtarırlar. Komanda təyyarəyə minib ərazini tərk etməyə hazırlaşarkən Cin İks-adamları sudan xilas etmək üçün özünü qurban verir. Filmin sonunda İks-adamlar Straykerin fayllarını prezidentə təqdim edir və Xavier prezidenti sülh yaratmaq üçün insanlar və mutantların birlikdə çalışmalı olduğunu söyləyir.
Birinci filmdə baş verən hadisələrdən 20 il öncə Professor Çarlz Xavier və Maqneto mutantlar məktəbinə dəvət etmək üçün gənc mutant Cin Qrey ilə ailəsinin evində görüşdükləri göstərilir. İndiki zamanda isə Xavier Cinin ölümündən sonra Siklop barədə narahatlığını dilə gətirir. Cinin yaşadığı ortaya çıxdıqdan sonra Xavier Loqana Cinin özünü fəda edərkən telepatik olaraq Cini ələ keçirməsinin qarşısının alındığı dağıdıcı "Zümrüd quşu" gücünün azad olduğunu və Cinin bu cür sağ qaldığını söyləyir. Cin Xavier iqamətgahında oyanır və telekinez gücü ilə Şimal porsuğunu divara çırparaq qaçır. Xavier onu uşaqlıq evində tapır, onu məktəbə dönməyə razı salmağa çalışır. Cinin artıq ondan da güclü olduğunu öyrənən Maqneto onu öz tərəfinə keçirmək üçün Cinin evinə gəlir. Xavier İks-adamlar və Mutant qardaşlığı arasında döyüşün qarşısını almaq üçün Maqnetonu içəri ötürür. O, Cini iqamətgaha geri döndərməyə çalışarkən Maqneto isə əksinə onu Xavierə qarşı çevirməyə çalışır. Bundan qəzəblənən Xavier Cinə özü də daxil olmaqla hər kəs üçün təhlükəli olduğunu söyləyir. O, Cini Zümrüd quşundan azad etmək üçün ona Skotu öldürdüyünü xatırladır və nəticədə Zümrüd quşu biraz daha qəzəblənir. Cin evi darmadağın edərək, Xavieri öldürür və Maqnetoya qoşulur. Onun ölümünün ardınca məktəbi bağlanmaq üzrə ikən Mələyin yardım üçün məktəbə gəlişinin ardınca Fırtına Xavierin şərəfinə məktəbin bağlanmayacağına qərar verir.
Filmin sonunda Xavier komaya düşmüş bir adamın vücudunda Moyra MakTaqqert ilə danışır. Beləliklə Zümrüd quşunun onun şüurunu öldürə bilmədiyi üzə çıxır.