Gecə ilanı (ing. Nightcrawler) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali super qəhrəman. Yazıçı Len Ueyn və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1975-ci ildə nəşr olunmuş "Böyük ölçülü İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur.
Gecə ilanı | |
---|---|
ing. Nightcrawler | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Böyük ölçülü İks-adamlar" #1 (may, 1975) |
Yaradıcı(lar) |
Len Ueyn Deyv Kokram |
Xüsusiyyətlər | |
Əsl adı | Kurt Vaqner |
Doğum yeri | |
Cinsiyyəti | kişi |
Boyu | 1,79 m |
Çəkisi | 72 kq |
Göz rəngi | sarı |
Saç rəngi | indiqo |
Növü | mutant |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Kainat | 616 |
Üzvlükləri |
İks-adamlar Ekskalibur |
Düşmənləri | Mistik (personaj) |
Gücləri |
|
Gecə ilanı qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, yüksək səviyyədə cəldliyə, teleportasiya qabiliyyətinə, yapışqan əl və ayaqlara malikdir. Gecə ilanı fiziki mutasiyasında yer alan indiqo rəngli məxməri xəzi sayəsində kölgəyə qarışaraq, görünməz hal ala bilir. Onun eyni zamanda iki barmaqlı ayaqları, üç barmaqlı əlləri, sarı gözləri və oxabənzər quyruğu var. Gecə ilanı ilkin komikslərdə əsasən şən, zarafatcıl, sataşqan və qılıncoynatma həvəskarı kimi göstərilmişdir. O dindar katolikdir və öz inancını dəfələrlə müxtəlif komiks və filmlərdə dilə gətirmişdir.
Personaj yaradılışından bəri Marvelin komiks və video oyunlarında davamlı olaraq yer almışdır. O, 90-cı illərdə yayımlanan "İks-adamlar" cizgi serialında və daha sonra "İks-adamlar: Təkamül" və "Şimal porsuğu və İks-adamlar" cizgi seriallarında da rol almışdır. İks-adamlar 2 filmində Gecə ilanını aktyor Alan Kamminq və İks-adamlar: Apokalipsis, Dedpul 2 və İks-adamlar: Qara zümrüd quşu filmlərində isə Kodi Smit-Makfi canlandırmışdır.
Gecə ilanının Almaniyanın Bavariya vilayətində yerləşən Vitzeldorf adlı kiçik bir kənddən olduğu söylənilmişdir.[1] İks-adamlar 2 filmində o, Münhendə, sirkdə keçirdiyi vaxtlardan bəhs edir.
Deyv Kokram Gecə ilanı personajını ABŞ hərbi donanmasının Quam adasındakı bazasında ikən yaratmışdır. Kokram söyləmişdir: "Bir gecə tayfun qasırğasının səsindən yata bilmədiyimdən oturub, bu personaj barədə düşündüm. İlkin olaraq Gecə ilanı öz missiyasını yerinə yetirə bilməmiş və cəzadan qaçmaq üçün insanların dünyasında qalmağı seçən cəhənnəmdən gələn iblis olaraq düşünülmüşdür. O, Çağırılmamış qonaq adlı digər bir superqəhrəmanın yoldaşı olmalı idi. Həmin ssenaridə Gecə ilanı son versiyasında geyindiyi tam kostyum əvəzinə sadəcə alt paltarında olmalı idi."[2]
Deyv Kokram personajı DC Comicsin Superqəhrəmanların legionu komiksində yer alması planlaşdırılan Kənar adamlar komandası üçün təqdim etmişdir.[3] Gecə ilanı DC tərəfindən rədd edildikdən sonra Kokram 1975-ci ildə İks-adamlar üzərində çalışmalara başlamış və personajı Marvelə təqdim etmişdir. Redaktor Roy Tomasın yeni İks-adamların çoxmillətli qrupdan təşkil olunmasını istədiyi üçün Gecə ilanının alman olmasına qərar verilmişdir.[2]
İks-adamları komandasının illərlə üzvü olmasına baxmayaraq, Gecə ilanının 1985-ci ilədək özünəməxsus komiksi olmamışdır. Dörd hissədən ibarət olan komiksdə Lokid adlı əjdaha ilə birlikdə fərqli kainatlara səyahət edir və orada Bamf adlı məxluqlarla qarşılaşırlar. Müxtəlif macəralardan sonra Gecə ilanı və Lokid evə geri dönə bilirlər.
2002-ci ildə Gecə ilanının dörd hissəli növbəti komiksi işıq üzü görmüşdür. Kris Kipinyak və Meytu Dou Smit tərəfindən yazılan komiksdə Gecə ilanı rahib olmağa qərar verir və qul alveri ilə məşğul olan qrup ilə döyüşür.
2004-cü ildə personajın Roberto Aqirre-Sakasa və Derik Robertson tərəfindən yazılan növbəti komiksi nəşr edilmişdir. 12-ci hissədə komksin nəşri təxirə salınmışdır. 2014-cü ildə də Kris Klemontun yazdığı Gecə ilanı komiksi on bir hissədən sonra təxirə salınmışdır.
Kurt Vaqner özünün qeyri-adi fiziki xüsusiyyətləri ilə dünyaya gəlmişdir. Teleportasiya qabiliyyətini ilk dəfə Kurt yeniyetmə dövründə kəşf etmişdir.[4] Cadugər və Qaraçı kraliçası Marqali Şardos onu doğumundan bir neçə saat sonra qətlə yetirilmiş atası ilə birlikdə Qara meşədə, yol kənarında tapmışdır.[5] Lakin bu iddia Mistikin Kurtun anası[6] və Azazel adlı şeytani varlığın onun atası olduğu üzə çıxdıqdan sonra sual altına düşmüşdür.[7] Mistik güclü bir mafiya başçısının Kurtun varlığını öyrənmisinin ardınca Kurtu selə buraxdığını söyləmişdir.[6] Lakin Azazel hər kəsdən gizlin Kurtu seldən xilas etdiyini və onu böyütməsi üçün sevgilisi Marqali Şardosa verdiyini etiraf etmişdir. Marqali daha sonra Kurtu Bavariyada falçılıq etdiyi sirkə aparmışdır. Vaqner heç vaxt qanuni şəkildə heç kəs tərəfindən övladlığa götürülməmiş və mutantlara qarşı mühakiməsiz davranan sirk ustaları tərəfindən böyüdülmüşdür.[8]
Kurt Marqalinin oğlu Stefan və qızı Cimeyn ilə birlikdə sirkdə xoşbəxt böyümüşdür. Teleportasiya qabiliyyətini kəşf etmədən öncə Kurt qeyri-adi cəldliyi ilə seçilir və artıq yeniyetmə dövründə o, sirkin ulduz akrobatlarından biri idi. Sirk izləyiciləri isə Kurtu şeytanabənzər kostyum geyinən normal insan olduğunu düşünürdü.
İllər sonra Floridada böyük sirkə sahib olan Texas milyoneri Arnos Jardin Vaqnerin çalışdığı sirk barədə eşidir və həmin sirki alır. Jardin sirkin ən yaxşı akrobatlarını özünün Amerikan sirkinə göndərir, lakin Vaqnerin sirkin eybəcərlər şousunda yer almasını tələb edir. Jardin Kurtun sirkdən qaçmasının qarşısını almaq üçün ona narkotik maddə yeridir. Lakin başqa mutantların varlığını hiss edə bilən digər bir uşaq mutant Kurta qaçmağa kömək edir. O, ögey qardaşı Stefanın yaşadığı Almaniyaya, Vitzeldorf kəndinə yollanır. Kurt Stefanın orada ağlını itirdiyini və bir neçə uşağı vəhşicəsinə qətlə yetirdiyini öyrənir. Onlar uşaq ikən Stefan Kurta əgər hansısa məsum bir insanın canını aldığı halda onu öldürməsi ilə bağlı and içdirmişdir. Stefan ilə qarşılaşan Kurt onu dayandırmaq üçün döyüşmək məcburiyyətində qalır və nəticədə Stefan öldürülür.[9]
Kurtun görünüşünə görə kənd əhalisi onun uşaqları qətlə yetirən məxluq olduğunu düşünür və ona hücum edirlər. Kurtu İks-adamlar komandasına almağa gələn professor Çarlz Xavier onu kəndlilərdən xilas edir. Amerikaya getməzdən öncə onlar Marqaliyə oğlu Stefanın ölümü barədə məlumat vermək üçün Bavariyaya yola düşürlər, lakin Marqalini orada tapa bilmirlər. Gecə ilanı ləqəbi ilə Kurt İks-adamlar komandasına üzv seçilir.[10] Vaqneri Stefanın ölümündə günahlandıran Marqali illər sonra onu cəzalandırmaq üçün plan hazırlayır. Doktor Strencin hər şeyi görən Aqamottonun gözü vasitəsi ilə Marqali əsl həqiqəti öyrənir və Kurt ilə yenidən barışır. Kurt ögey bacısı Cimeynə yenidən qovuşur və o da Amanda Sefton adı ilə Amerikada yaşamağa başlayır. Daha sonra Amanda Kurtun sevgilisi olur.[9]
Bir müddət sonra Gecə ilanı cadugər Şaqrin ilə döyüşür və müxtəlif kainatlarda itkin düşür. Kurt orada özünün kiçik variantını xatırladan Bamf adlı məxluqlarla qarşılaşır.[11]
Daha sonra o öz komanda yoldaşları ilə yenidən birləşir və Nimrod adlı super robot ilə döyüş zamanı Kurt teleportasiya gücünü itirir. Ona döyüşdə Kitti Prayd, Koloss və Maqik yardım edir. Bir müddət sonra teleportasiya gücü Kurta geri dönsə də, o özündə əvvəlki gücü tapa bilmir və özünü komanda üçün önəmsiz hesab etməyə başlayır.[12] Mutant soyqırımı zamanı bu vəziyyət Kurtu çətinə salır və o, Riptid tərəfindən yaralanaraq, komaya düşür.[13]
Gecə ilanının yaralarının sağaldığı vaxtda İks-adamların Dallasdakı missiyada öldürüldüyü düşünülür. Qısa zaman sonra Gecə ilanı və onun komanda yoldaşları Kitti Prayd və Reyçel Sammers Kapitan Britaniya ilə birləşərək, Böyük Britaniyaya yola düşürlər. Onlar müxtəlif kainatlardan olan muzdlu dəstəsi Teknet ilə döyüşürlər. Missiyanı uğurla bitirdikdən sonra qəhrəmanlar birlikdə Ekskalibur adlı superqəhrəman komandası yaratmağı qərara alırlar.[14] Komandanın liderliyini ilkin olaraq Kapitan Britaniya alsa da, daha sonra Gecə ilanı məsuliyyəti öz üzərinə götürür. Komandanın üzvü olan Meqan ilə Kapitan Britaniyanın münasibətinin çətin vaxtlardan keçdiyi zaman Gecə ilanı Meqan ilə maraqlanmağa başlayır.[15][16][17][18] Ekskalibur komandasının üzvü olduğu vaxtlarda o, eyni zamanda Teknet qrupunu ələ keçirir və qrupun adını N-adamlar olaraq dəyişir. Gecə ilanı N-adamlara qoşulan Seris ilə münasibətə başlayır.[19] Daha sonra qrupa onun keçmiş sevgilisi Amanda Sefton qoşulur və onlar yenidən keçmiş münasibətlərinə davam edirlər.[20] Limbonu ələ keçirməyi planlaşdıran Amanda qrupu tərk edir və uzun müddətdən Yer kürəsindən uzaq qalmağa məcbur qalır. Nəticədə onlar sadəcə dost qalmağı qərar verirlər. Limboya aid olan Ruhların qılıncının oğurlanmasından qorxan Amanda qılıncı Gecə ilanının bədənində gizlədir.[21]
İks-adamların yaşadığını öyrənən Gecə ilanı və Kitti Prayd onlarla əlaqə saxlamadıqları üçün bir müddət komandadan uzaq qalırlar. Kapitan Britaniya və Meqanın evliliyinin ardınca Ekskalibur komandası parçalanır və Gecə ilanı Kitti Prayd və Koloss ilə birlikdə İks-adamlara geri dönür. Lakin geri döndükləri zaman onlar Serebronun axtarışında olan bir qrup ilə rastlaşırlar. Fırıldaqçı dəstəsində yer alanlardan biri professor Çarlz Xavierin zahiri görünüşünü alır.[22]
Rahibliyə daha çox vaxt ayırmaq istəyən Gecə ilanı komanda liderliyini Arxanqel ilə bölüşür. Lakin onun rahib olma arzusu xəyala dönüşür və nəticədə Kurt heç vaxt rahib ola bilmir.[23] Daha sonra o, ögey qardaşları Nils Stiqer və Kivi Blek ilə görüşür. Onlarla birlikdə Gecə ilanı onları həbsxanadan qaçmaq üçün istifadə etməyə çalışan ataları Azazeli məğlub edir.[24]
Daha sonra Gecə ilanı Şimal porsuğu, Bişop, Psaylok, Nüvə topu və Reyçel Sammersin üzvü olduğu Uncanny X-Men komandasına rəhbərlik etmişdir. Forseykenə qarşı olan son missiyada Gecə ilanı Bişop, Psaylok, Nüvə topu və Reyçeli mərkəzi parka teleportasiya edir. O, daha sonra Afrikada əmisinə qarşı mübarizə aparan Fırtınaya yardım edir.
Bir müddət sonra professor Çarlz Xavier Darvin, Havok, Reyçel Sammers, Uarpats və Polyaris ilə birlikdə Gecə ilanını Şi'ar imperiyasını hədəf alan Vulkan adlı supercinayətkarı dayandırmaq üçün xüsusi kosmos əməliyyatına göndərir.[25] Vulkanla döyüş zamanı Gecə ilanı yaralanmış olan professor Çarlz Xavier və Darvini kosmik gəmiyə teleportasiya edir. Çarlza kömək etməyə çalışan Şi'ar imperatriçası Lilandra komandanın digər üzvlərini geridə qoyaraq, gəmini Yer kürəsinə geri döndərir.
Hələ də, professor İksin komandasının üzvü olan Kurt Çarlza dövlətdən öncə Maqnetonu tapmağa yardım edir. Komandanın digər üzvləri isə Morlokları axtarmağa başlayır.[26]
2005-ci ildə buraxılan "M-in evi" hekayəsində Gecə ilanı Şimal porsuğunun S.H.I.E.L.D komandasında yer alır və Mistikə onu ələ keçirməkdə yardım edir. Yaddaşını geri qazandıqdan sonra o, Maqnetoya qarşı döyüşdə iştirak edir. Şimal porsuğunun güclərini itirməsindən və adamantium skeletinin ona metal zəhərlənməsi verə biləcəyindən narahat olan Təpəgöz reallığa geri dönməzdən öncə Gecə ilanından Şimal porsuğunu tapmaq üçün iqamətgaha teleportasiya olunmasını istəyir.
Təpəgöz supercinayətkarlar dəstəsi olan Maradorlar haqqında məlumat almaq üçün Gecə ilanı, Şimal porsuğu, Mələk, Fırtına və Kolossu keçmiş Akolitlər komandasını axtarmağa göndərir. Gözübağlı Kurtun yaxın zamanlarda çox ciddi yaralanacağını proqnoz vermiş və Maradorlarla döyüş zamanı məhz belə də olmuşdur. Kurt marador Skalphanter tərəfindən vurulur və Elf komandanı Muir adasına teleportasiya edir. Yaralanmasına baxmayaraq, Gecə ilanı da son döyüşdə iştirak edir.
Kurt Vaqner əsas qabiliyyəti özünü və ətrafında toxunduğu müəyyən kütlədə əşya və canlını bir nöqtədən digər bir nöqtəyə qısa zamanda teleportasiya edə bilən mutantdır. Bunun üçün onun sadəcə teleportasiya olmaq istədiyi məkanı xəyal etməsi yetərli olur. Onun optimal şəraitdə 3 kilometr uzaqlığında əraziyə teleportasiya olunduğu görülmüşdür. Lakin bu cür uzaq məsafələrə teleportasiya Kurt üçün həddindən artıq yorucu olur və o artıq bir neçə dəfə bənzər hallarla qarşılaşmışdır. Professor Çarlz Xavierin telepatik olaraq ona ötürdüyü koordinatlar sayəsində Kurt bilinməyən çox uzaq məsafələrə teleportasiya olunmuşdur.
Bamf adlı şeytani varlıqlarla anlaşması sayəsində Gecə ilanının teleportasiya qabiliyyəti daha da genişləndirilmiş və ona heç yorulmadan uzaq məsafələrə, hətta fərqli kainatlara teleportasiya olunma imkanı yaradılmışdır. Bundan sonra o, Birləşmiş Ərəb Əmirliklərindən Antarktikaya 12,638 km məsafəni saniyələr ərzində qət etmişdir.
Gecə ilanı teleportasiya olunduqdan sonra geridə toz və yanan kükürd buraxır. Bu onun teleportasiya olunduğu məkanın atmosfer qatından olan kiçik hissələrdir. O, eyni zamanda teleportasiya olunduğu məkanın atmosferində kiçik dəyişikliyə səbəb olur. Lakin bu dəyişikliyi yalnız Dəlisov kimi yüksək hissiyat qabiliyyətinə malik olan superinsanlar sezə bilir.
Teleportasiya qabiliyyəti ilə yanaşı Gecə ilanının özünəməxsus, qeyri-adi fiziologiyası var. O superinsan cəldliyinə malikdir. Gecə ilanı əlləri və ayaqları ilə divarlara yapışa bilir. Qılıncoynatma ustası olan Kurt həm əlləri, həm də oxabənzər quyruğu ilə qılınclaşa bilir. O fiziki mutasiyasında yer alan indiqo rəngli məxməri xəzi sayəsində kölgəyə qarışaraq, görünməz hal ala bilir.
İks-adamlar 2 filmində Gecə ilanını aktyor Alan Kamminq canlandırmışdır. Filmdə Uilyam Straykerin mutant oğlu Ceyson tərəfindən beyni yuyulan Gecə ilanı ABŞ prezidentinə sui-qəsd etməyə cəhd göstərir. Daha sonra o, İks-adamlara Straykerin Alkali gölündəki bazasını dağıtmaqda yardım edir.
İks-adamlar: Apokalipsis filmində gənc Gecə ilanını aktyor Kodi Smit-Makfi canlandırmışdır. Filmdə Gecə ilanı Mələklə döyüşmək üçün mutant qəfəsinə salınır və daha sonra Mistik tərəfindən xilas olunur. İks-adamların Apokalipsis ilə döyüşündə o, professor İksi Apokalipsisin şüur nəqlindən azad edir və komandanın bütün üzvlərini təyyarə partlayışından xilas edir. Personaj eyni zamanda Marvelin Dedpul 2 və İks-adamlar: Qara zümrüd quşu filmlərində də yer alır.