İks-adamlar 2 (ing. X-Men 2) və ya X2: Birləşmiş İks-adamlar (ing. X2: X-Men United) — 2003-cü ildə Marvel Comics-in eyni adlı obrazları əsasında qurulmuş, super qəhrəman janrında istehsal olunan ABŞ filmi. Ssenarisi Maykl Doqerti, Den Harris və Devid Hayterə aid olan və rejissorluğunu Brayan Sinqerin etdiyi filmin əsas rollarında Patrik Stüart, Hyu Cekman, Yan MakKellen, Helli Berri, Famke Yanssen, Ceyms Marsden, Rebekka Romeyn, Brayan Koks, Alan Kamminq, Brüs Devison, Şon Eşmor, Aaron Stenford, Kelli Hu və Anna Pekuin rol almışdır. Filmin məzmunu İks-adamların "Tanrı sevir, İnsan öldürür" romanından əsaslanaraq yazılmışdır. Filmdə İks-adamlar və onların düşmənləri olan Mutant qardaşlığı mutantlara qarşı soyqırım hazırlamağa çalışan Polkovnik Uilyam Straykerə qarşı birləşirlər.
İks-adamlar 2 | |
---|---|
ing. X-Men 2 | |
Janr |
super qəhrəman filmi döyüş elmi-fantastik |
Rejissor | Brayan Sinqer |
Prodüserlər |
Louren Şoler Donner Ralf Uinter |
Əsərin müəllifləri |
Cek Kyörbi Sten Li |
Ssenari müəllifləri |
Maykl Doqerti Den Harris Devid Hayter |
Baş rollarda |
Patrik Stüart Hyu Cekman Yan MakKellen Helli Berri Famke Yanssen Ceyms Marsden Rebekka Romeyn Brayan Koks Alan Kamminq Brüs Devison Anna Pekuin |
Operator |
|
Bəstəkar | Con Ottman |
İstehsalçı | 20th Century Fox[1] |
Distribütor | InterCom[d], Netflix, Disney+ |
İlk baxış tarixi | 2 may 2003 |
Müddət | 133 dəqiqə |
Büdcə | $110-125 milyon |
Gəlir | $407,711,549 |
Ölkə | ABŞ |
Dil | ingiliscə |
Əvvəlki film | İks-adamlar |
Sonrakı film | İks-adamlar: Son müqavimət |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York, Toronto, Vankuver, Alberta |
IMDb | ID0290334 |
"İks-adamlar 2" filminin çəkilişinin hazırlıqları birinci filmdən dərhal sonra başlamışdır. Devid Hayter və Zak Pen filmin süjet xətti üçün iki fərqli hekayə yazıb onların əsas hissələrini birləşdirmişdirlər. Maykl Doqerti və Den Harris ssenaridə müəyyən dəyişiklər etmişdirlər. Filmdə Vəhşi, Mələk, Keşikçilər və Təhlükəli otağının da yer alacağı düşünülsə də, daha sonra büdcəyə görə bu plan ləğv edilmişdir. Filmin çəkilişləri 2002-ci ilin iyun ayında başlamış və həmin ilin noyabrında çəkilişlərə yekun vurulmuşdur. Çəkilişlərin bir çox hissəsi Şimali Amerikanın ən böyük istehsalat obyektinə malik olan olan Vankuver Film Studiyasında baş tutmuşdur.
"İks-adamlar 2" ABŞ-də 2 may 2003-cü ildə nümayiş olunmuşdur. Film ssenarisinə və döyüş səhnələrinə görə əsasən müsbət rəylər qazanmışdır. Nümayişə başladığı gündən böyük maraq toplayaraq 407 milyon dollardan çox gəlir əldə etmiş və səkkiz Saturn mükafatına namizəd göstərilmişdir.
Teleportasiya gücünə malik olan mutant Gecə ilanı təsir altına salınmış vəziyyətdə Ağ Evə daxil olaraq ABŞ prezidentinə qarşı sui-qəsd törətməyə cəhd göstərir, lakin plan baş tutmur. Bu vaxtda isə keçmişi barədə iz tapmağa çalışan Şimal porsuğu Albertada, Alkali gölündə tərk edilmiş bir hərbi bazada axtarış aparır, lakin heç nə tapa bilmir. O, Professor Çarlz Xavierin mutantlar üçün məktəbinə geri dönür və Xavier Serebro vasitəsi ilə prezidenti öldürməyə çalışan Gecə ilanının yerini təyin edir. O, Fırtına və Cin Qreyi onun arxasınca göndərir və özü isə Siklop ilə birlikdə həbs olunmuş Maqnetonu hücum barədə sorğulamağa yollanır. Azadlıq adasındakı döyüşdən sonra Cin güclərini idarə etməkdə çətinlik çəkməyə başlayır. Bu arada Polkovnik Uilyam Strayker mutantlarla bağlantısını öyrənmək üçün Xavierin iqamətgahında araşdırma aparmaq üçün prezidentdən razılıq alır. Straykerin ordusu məktəbə daxil olur və bir çox tələbələri girov götürürlər. Koloss geriyə qalan tələbələrin qaçmasına köməklik edir. Şimal porsuğu, Roq, Buz-adam və Alov qaçmağa nail olsalar da, Strayk və köməkçisi Yuriko Oyama Xavier və Siklopu ələ keçirirlər. Hücum zamanı Şimal porsuğu onun gerçək adını bilən Strayker ilə qarşılaşır.
Mutant qardaşlığının üzvü Mistik Maqnetonun həbs saxlanıldığı yer barədə informasiya əldə edir və ona qaçmağa kömək edir. O, eyni zamanda ikinci Serebronun sxemlərini ələ keçirir. Şimal porsuğu, Roq, Buz-adam və Alov Buz-adamın ailəsinin yaşadığı Bostona gedirlər. Onlar orada Fırtına, Cin və Gecə ilanı ilə görüşürlər. İks-adamlar Qaraquş ilə iqamətgaha geri dönərkən düşmən təyyarələri tərəfindən hücuma məruz qalırlar. Maqneto onları qəzaya uğramaq üzrə olan Qaraquşdan xilas edir. O, İks-adamlara Straykerin ikinci Serebro yaratdığını və onun vasitəsi ilə dünyadakı bütün mutantları məhv etməyi planlaşdırdığını söyləyir. Strayker zəka idarə etmə gücünə malik olan oğlu Ceysonun köməyi ilə Xavieri ikinci Serebrodan istifadə etdirərək, mutantları məhv etməyi planlaşdırır. Strayker oğlu Ceysonu həm də Gecə ilanını prezidentə sui-qəsd etməsi üçün təsir altına almaqda istifadə etmişdi. Məhz bu sui-qəsd cəhdinin ardınca o, prezidentin Xavierin məktəbinə daxil olmağa razılığını ala bilmişdir. Maqneto eyni zamanda Şimal porsuğuna Straykerin onun bədəninə adamantium skeletinin yerləşdirdiyi şəxs olduğunu söyləyir. Cin Gecə ilanının yaddaşını oxuyaraq, Straykerin bazasının Alkali gölünün səddində olduğunu öyrənir.
Şimal porsuğunun görüntüsünü alan Mistik Straykerin bazasına hücum edir. O, digər mutantları da içəri alır. Daha sonra Maqneto və Mistik təsir altında olan Xavier onu istifadə etməzdən əvvəl ikinci Serebronun fəaliyyətini ləğv etməyə gedirlər. Fırtına və Gecə ilanı girov götürülmüş tələbələri azad edirlər. Cin isə Straykerin təsiri altına salınan Siklop ilə döyüşmək məcburiyyətində qalır. Onların döyüşü nəticəsində Siklop təsir altından çıxa bilsə də, sədd böyük zərər görür və dağılmağa başlayır. Şimal porsuğu Strayker ilə adamantium əritmə laboratoriyasında qarşılaşır və orada adamantium skeletini qazandığını xatırlayır. Şimal porsuğu Straykerin köməkçisi Yuriko ilə döyüşür və onu öldürdükdən sonra helikopterə doğru qaçan Straykerin arxasınca gedir. O, Straykeri helikopterin təkərlərinə zəncirləyir. Maqneto Serebronun fəaliyyətini dayandırır. Mistik Straykerin görüntüsünü alaraq Ceysondan Xavierdən normal insanları məhv etdirməsini tələb edir. Alovun da onlara qoşulması ilə Maqneto və Mistik Straykerin helikopteri ilə bazanı tərk edirlər. Gecə ilanı Fırtınanı Serebronun içinə teleportasiya edir. Frtına Ceysonun diqqətini yayındıraraq, Xavieri onun təsiri altından çıxarmaq üçün Serebronun içində qar fırtınası yaradır.
Daşqının səddi keçməsi ilə İks-adamlar bazadan çıxırlar. Lakin təyyarə işə düşmür və daşqın onlar istiqamətdə gəlməyə başlayır. Cin təyyarədən çıxır və telepatiya gücü ilə komanda yoldaşları ilə vidalaşır. O, daşqının qarşısını alaraq, təyyarəni havaya qaldırır və beləliklə onun vücudundan alov çıxmağa başlayır. Təyyarənin uçuş vəziyyəti alması ilə Cin özünü daşqına buraxır. İks-adamlar Straykerin fayllarını prezidentə təqdim edir və Xavier prezidenti sülh yaratmaq üçün insanlar və mutantların birlikdə çalışmalı olduğunu söyləyir.
Filmin sonunda Cinin alovabənzər Zümrüd quşuna dönüşdüyü göstərilir.