Cin Qrey (ing. Jean Grey) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Personaj eyni zamanda Marvel qız, Zümrüd quşu və Qara Zümrüd quşu kimi də tanınmışdır. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur.
Cin Qrey | |
---|---|
ing. Jean Grey | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "İks-adamlar" #1 (sentyabr, 1963) |
Yaradıcı(lar) |
Sten Li Ceyk Kyörbi |
Xüsusiyyətlər | |
Əsl adı | Cin Qrey |
Cinsiyyəti | qadın |
Boyu | 1,68 m |
Çəkisi | 52 kq |
Göz rəngi | yaşıl |
Saç rəngi | xınayi |
Növü | mutant |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Kainat | 616 |
Üzvlükləri |
İks-adamlar İks-Faktor İks-Terminatorlar Cəhənnəm Atəşi Klubu |
Partnyorları | |
Düşmənləri | Maqneto |
Ləqəbləri |
Marvel qız Zümrüd quşu Qara Zümrüd quşu Ağ Zümrüd quşu |
Gücləri |
|
Cin Qrey qeyri-insani güclərlə dünyaya gələn uydurma mutantlardan biridir. O, telekinez və telepatiya qabiliyyəti ilə dünyaya gəlmişdir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir. Onun gücləri ilk dəfə uşaqlıq dostunun avtomobil qəzasına düşdüyü zaman büruzə vermişdir. Qayğıkeş və sakit xarakteri ilə seçilən personaj Omeqa-səviyyəli mutantlardan biri və həm də kosmik Zümrüd quşu gücünün fiziki təzahürüdür. Böyük gücə sahib olan mutant dəfələrlə komikslərdə ölümlə üzləşmişdir. Onun ilk vəfatı Marvel qız maskası altında ikən olmuşdur. Daha sonra isə o Zümrüd quşu kimi yenidən dünyaya qayıtmışdır.
Cin Qrey həyat yoldaşı Siklop, müəllimi və ata kimi gördüyü Çarlz Xavier, onu qarşılıqsız sevən Şimal porsuğu, ən yaxın rəfiqəsi Fırtına və genetik cəhətdən övladları sayılan Reyçel Sammers, Kabel, Strayf və Neyt Qrey ilə birlikdə Marvel dünyasının və əsasəndə İks-adamların ən önəmli personajlarından biridir.
İlk İks-adamlardan olan Cin Qrey İks-adamlarla bağlı olan bir çox komiks, cizgi serialları, filmlər və video oyunlarda yer almışdır. Cin Qrey rolunu İks-adamlar, İks-adamlar 2, İks-adamlar: Son müqavimət və Şimal porsuğu filmlərində aktrisa Famke Yanssen, İks-adamlar: Apokalipsis və İks-adamlar: Qara zümrüd quşu filmlərində isə gənc Cin Qreyi aktrisa Sofiya Törner canlandırmışdır.
2006-cı ildə IGN veb-saytının hazırladığı "Top 25 İks-adamlar" siyahısında Cin Qrey altıncı yerə layiq görülmüşdür.[1] 2011-ci ildə isə eyni veb-saytda Siklop 100 komiks superqəhrəmanları siyahısında 13-cü yerdə göstərilmişdir. Onun bir parçası hesab olunan Qara Zümrüd quşu "Bütün Zamanların 100 Ən Böyük Supercinayətkarları" siyahısında 9-cu yerdə göstərilmişdir.
Cin Qrey Con və Elin Qreyin ikinci övladı olaraq dünyaya gəlmişdir. Onun Sara adlı böyük bacısı olmuşdur. Cinin atası Con Qrey Nyu-Yorkda yerləşən Bard kollecində müəllim olaraq fəaliyyət göstərirdi. Komikslərdə Cinin sevgi dolu, qayğıkeş bir ailədə böyüdüyü göstərilmişdir.
Cinin mutant gücləri ilk dəfə uşaqlıq dostunun avtomobil qəzasına düşərək, həlak olduğu zaman büruzə vermişdir. Cin dostu ilə mental olaraq əlaqə qurur və özü də ölümlə üzləşir. Hadisə nəticəsində Cin komaya düşür və kömək üçün onun valideynləri güclü mutant telepat Çarlz Xavierə müraciət edirlər. Xavier Cin böyüyənədək onun telepatiya gücünü məhdudiyyətləşdirir və geriyə yalnız onun telekinez gücü qalır. Xavier daha sonra onu komandanın yeganə qadın üzvü olaraq, Marvel qız ləqəbi ilə İks-adamlara qəbul edir. İks-adamlarla bir neçə missiyadan sonra Xavier Cinə qoyduyu mental məhdudiyyəti qaldırır və ona telepatiya gücünü idarə etməkdə yardım göstərir. Cin daha sonra komanda yoldaşı Siklop ilə sevgi münasibəti yaşamağa başlayır.
Kosmosda fövqəladə missiya zamanı İks-adamların kosmik gəmisi xəsarət alır. Cin ölümcül dərəcədə radiasiyaya məruz qalaraq, gəmini Yer kürəsinə sürür. Ölüm ayağında olmasına baxmayaraq Siklop və digər komanda yoldaşlarını xilas etməkdə qətiyyətli olan Cin kömək üçün bağırmağa başlayır və onun səsinə kosmik varlıq olan Zümrüd quşu gücü cavab verir. Cinin fədakarlığını və sevgisini görən Zümrüd quşu gücü onun görünüşünü və yaddaşını alaraq artıq gerçək Cin Qrey olduğunu düşünür. Cinin ölüm ayağında olan vücudunu isə baramaya yerləşdirir. İks-adamlar kosmik gəmi ilə birlikdə Yamayka körfəzinə düşürlər. Hədsiz kosmik gücə sahib olan Zümrüd quşu gücü yeni yaşıl rəngdə kostyumu və Zümrüd quşu ləqəbi ilə Cin Qreyi İks-adamlar komandasında əvəz etməyə başlayır. Gerçək Cin isə baramanın içində körfəzin dərinliyinə batır. Zümrüd quşu İks-adamlarla missiyalarda iştirak edir, lakin bir müddət sonra Cəhənnəm Atəşi Klubuna daxil olmaq istəyən Zəka ustası özünü klub üzvlərinə sübut etmək üçün klubun Ağ kraliçası Emma Frostun ona bağışladığı zəka cihazı ilə Zümrüd quşunu yoldan çıxarmağa çalışır. Zümrüd quşununun xəyallarına daxil olan Zəka ustası onu əslində Cəhənnəm Atəşi Klubunun Qara kraliçası olduğuna inandırmağa nail olur. Bunun ardınca Zümrüd quşu Cəhənnəm Atəşi Klubuna İks-adamları ələ keçirməkdə yardım edir. Zəka ustası Cinin sevgilisi Siklopun xəyali formasını mental dueldə məğlub edərək, öldürür. Bununla da onun Zümrüd quşu üzərindəki təsiri tamamilə aradan qalxır. Zəka ustasına qəzəblənən Zümrüd quşu gücünün ən zirvəsinə yüksəlir və Cinin telepatiya gücündən istifadə edərək Zəka ustasının xəyallarına daxil olur və onu tamamilə dəli edir. Beləliklə o öz ləqəbini dəyişərək Qara Zümrüd quşu olur. Cin Qrey ilə bağlantasını tamamilə kəsmək üçün Qara Zümrüd quşu İks-adamlara ağır zərbə endirərək, uzaq Qalaktikaya yollanır. O, gücünün gözlədiyi qədər də çox olmadığının fərqinə vardığı zaman kosmosdakı nəhəng ulduzları udaraq, onların enerjisini ələ keçirir. Bütün kainat üçün təhlükə yaratmağa başlayan Qara Zümrüd quşunu müxtəlif planet orduları hədəf alsalar da, sonunda yalnız gerçək Cin baş verənlərin qarşısını almaq üçün vücudunun idarəsini ələ keçirərək Zümrüd quşunun intihar etməsinə səbəb olur.[2]
Parçalayıcı şüa ilə intihar etməzdən öncə Zümrüd quşu gücü öz orijinal formasına parçalanır və həmin parçalardan biri Yamayka körfəzinin dərinliyində hələ də sağalmağa çalışan gerçək Cini tapır. Onunla yenidən birləşməyə çalışdığında Cin Qara Zümrüd quşu kimi ölüm və fəlakət xatirələrini görərək, buna etiraz edir. Zümrüd quşu gücünün parçası Mister Zalımın yaratdığı Cin Qrey klonu Madelin Prayor ilə birləşir. Mister Zalımın Madelini yaratmaqda məqsədi onu Siklopa yaxınlaşdıraraq, nəticədə ona tabe olacaq genetik cəhətdən möhtəşəm mutantlar dünyaya gətirmək idi. Mister Zalımın gizlicə təşkil etdiyi bir vəziyyətdə Madelinin gerçək kimliyindən xəbərsiz olan Siklop onunla qarşılaşır. Cinin öldüyünü düşən Skott təsəllini ona çox bənzəyən Madelində tapır və onlar bir müddət sonra bir-birlərinə aşiq olub, evlənirlər. Onların Neytan adlı oğulları dünyaya gəlir. Cinin yerləşdirildiyi barama isə Qisasçılar və Fantastik dördlük tərəfindən aşkar edilir. Cin Zümrüd quşu gücü ilə baş verən hadisələrin heç birini xatırlamır. Qisasçılar və Fantastik dördlük Cinə baş verənləri danışır və hər kəsin onun öldüyünə inandığını söyləyirlər. Hakimiyyətin anti-mutant tədbirlərinə qarşı olaraq İks-adamların Maqneto ilə birləşdiyini öyrəndiyi zaman Cin etiraz olaraq komandaya geri dönməkdən imtina edir. O daha sonra Marvel qız ləqəbi ilə İks-Faktor komandasına qoşulur. Cin Siklopun Madelin Prayor ilə ailə həyatı qurduğunu öyrənir və ailəsini tərk edərək, İks-Faktora qoşulduğu üçün ona qəzəblənir. Siklop Cinin təkidi ilə ailəsinə geri dönsə də, o evin boş olduğuna şahid olur və Madelinin Neytan ilə birlikdə onu tərk etdiyini güman edir. O, İks-Faktora yenidən geri qayıdır və Cin ilə sevgi münasibətinə başlayır. Bir müddət sonra şeytani varlıqlarla anlaşaraq Qoblin Kraliçaya dönüşən Madelin yenidən peyda olur.
Mister Zalımın yaratdığı bir klon olaraq yaradılış səbəbini öyrənməsi Madelinin tamamilə ağlını itirməsinə səbəb olur. O, Neytanı qurban verərək böyük gücə sahib olmaq və Yer kürəsində Cəhənnəm yaratmağı planlaşdırır. Onu dayandırmağa çalışan Cin İks-adamlarla yenidən birləşir. Keçmiş komanda yoldaşları və əsasən də Cinə qarşılıqsız sevgi bəsləyən Şimal porsuğu onun yaşadığını görməyə çox sevinir. Cin və Madelin döyüşürlər və sonda Madelin hər ikisini öldürməyə cəhd göstərir, lakin Cin Madelinə daxil olan Zümrüd quşu gücünün qalığını udaraq, xilas olur və həm Madelinin xatirələrini, həm də Qara Zümrüd quşunun törətdiklərini öyrənir.
İks-Faktor komandasının üzvü ikən Siklop Cinə evlənmək təklif edir. Daha sonra Cin alternativ gələcəkdə olacaq qızı Reyçel Sammers ilə qarşılaşır, lakin Reyçel onların varlığının özünün yaşadığı reallığın gerçək olmadığını təsdiqlədiyi üçün Cin və Siklopu görməkdən imtina edir. İks-Faktor İks-adamlar ilə birləşdikdən sonra Cin Fırtınanın rəhbərlik etdiyi Qızıl komandaya qoşulur. Qısa zaman sonra o Reyçel ilə münasibətlərini düzəltməyə nail olur və onu öz həyatına qəbul edir. Cin və Siklop evlənir. Onlar bal ayı üçün 2000 il gələcəyə Neytanın yanına gedirlər. Qədim mutant Apokalipsisin Neytanı texno-üzvi virusa yoluxdurmasının ardınca çarəsiz qalan Siklop oğlunu müalicəsi üçün gələcəyə göndərmək məcburiyyətində qalmışdır. Onlar gələcəkdə Neytana Apokalipsisi məğlub etməyə kömək etdikdən sonra keçmişə geri dönürlər. Daha sonra Cin Neytanı xilas etmək üçün Reyçelin onları gələcəyə teleportasiya etdiyini öyrənir. Reyçelin xahişi ilə Cin yaxşılığın simvolu kimi Zümrüd quşu ləqəbini yenidən götürür. Zamanla Cinin telepatik və telekinez gücləri daha da böyüməyə başlayır. Cin və Siklop bir müddət sonra alternativ gələcəkdən olan daha bir övladları, möhtəşəm gücə sahib olan mutant Neyt Qrey ilə qarşılaşırlar. Neyt gələcəkdə yanlışlıqla Madelin Prayorun ruhunu oyandırır. Cin ondan qisas almaq istəyən Madelin ilə yenidən döyüşmək məcburiyyətində qalır.
Bişop öz zamanında İks-adamların müharibə otağını tapır və orada Cindən bir xainin İks-adamları məhv etdiyi haqqında kəsintili siqnal alır. Bu vaxtlarda İks-adamlar indiki zamanda Qırğın adlı qorxunc bir varlıq haqqında xəbərlər eşitməyə başlayırlar. Cin Qırğın barədə görüntülər almağa başlayır. İlk öncə Cin Qırğının Darvazanı Siklop, Şimal porsuğu, Fırtına və Buz adamı qaçırmağa məcbur etməsini görür. O, daha sonra həmin məxluqu bənzər bir şəkildə onu və Qambiti Bastiondan xilas etdikdən sonra ona qoşulmaq fürsəti verməsini görür. Qırğın ilk dəfə tam görüntüsünü Cinə astral təyyarədə göstərir. O, Cinə insanların mutantlardan nə qədər nifrət etdiyini, Xavierin onu sırf İks-adamlara qatılması üçün sevdiyini göstərir. Cin onun adını öyrənməkdən imtina etdiyi zaman o telepatik olaraq öz adını Cinin beyninə yerləşdirir. Caqqernaut Qırğının əsl kimliyini açıqlamaq üçün iqamətgaha gəldiyində mental blok onun qarşısını alır. Cin onun beyninə daxil olaraq, Qırğının məhz Professor İks olduğunu öyrənir. Belə ki, Professor İks Maqnetonun yaddaşını pozmağa çalışarkən Maqnetonun qaranlıq niyyətləri Xavierin şüuraltı qaranlıq zəkasını oyadır və nəticədə Professor İks Qırğın adlı qaranlıq məxluqa dönüşür.
Professor İks İks-adamları toplantıya çağırır. Cin Xavier Qırğın görünüşünü almazdan öncə uğursuz bir şəkildə İks-adamları ona qarşı çevirməyə çalışır. Qırğın İks-adamları asanlıqla məğlub etdikdən sonra Cin müharibə otağına qaçaraq Bişopun gələcəkdə tapdığı siqnalı göndərir. Cin və İks-adamlara qarşı böyük döyüşün ardınca Qırğın planlarını davam etdirmək üçün qaçır. Hətta Xavieri öldürmək bahasına belə olsa İks-adamlar dünyanı Qırğından qurtarmaq üçün Qisasçılar ilə birləşirlər. Cin Xavier barədə əlavə məlumatlar toplamaq üçün Siklop, Arxanqel və Psaylok ilə birlikdə Muir adasına yollanırlar. Orada Moyra MakTaqqert onlara Xavierin məxfi protokollarını təqdim edir. Bu arada Cinin yardım siqnalı İks-Güc, İks-Faktor və Ekskalibur komandalarına çatır. Nyu-Yorka qayıtdıqdan sonra Cin Fantastik dördlüyün rəhbəri Rid Riçards ilə birlikdə Qırğına qarşı qoruma qalxanlarının hazırlığında və eyni zamanda Xavierin protokollarında qeyd olunduğu kimi Xavierin telepatik güclərindən qorunmaq üçün psionik zireh hazırlamaqda yardım edir. Xavierin Qırğının təsiri altından çıxdığını və onunla tək başına mübarizə aparmaq istədiyini öyrənən Cin İks-adamlarla birlikdə ona dəstək olurlar. Qisasçılar və Fantastik dördlük İks-adamların Qırğına qarşı olan final döyüşündə onlara qoşulurlar. Ümidsizliyə düçar olan Cin Halkı tapır və Brüs Bannerin beynini bloklaşdıraraq, Qırğın ilə döyüşməsi üçün geriyə yalnız Halkı saxlayır. Baş vermiş böyük döyüş nəticəsində Yer kürəsinin bir çox superqəhrəmanların həlak olduğu və bəzilərinin isə itkin düşdüyü güman edilir. Qırğın məğlub edilməsinin ardınca Cin və Siklop Civə və qızını iqamətgaha alırlar və İks-adamları yenidən toplamağa çalışırlar.
Apokalipsisin Siklopu təsiri altına salmasının ardınca Siklopun artıq yaşamadığı düşünülür. Həyat yoldaşının vəfatına görə pərişan olan Cin İks-adamlarla yoluna davam edir. O daha sonra yüksək potensiala sahib olan Omeqa səviyyəli mutant olduğunu öyrənir. Skotun yaşadığından şübhələnməyə başlayan Cin Neytanın yardımı ilə onun izinə Misirdə rast gəlir. Siklop tapılır və onlar Apokalipsisin ruhunu məhv edərək, Skotu onun təsiri altından çıxarırlar. Cütlük yeni mutant nəslinə müəllimlik etmək üçün Xavierin məktəbinə geri qayıdırlar. Cin Zümrüd quşu gücünü yenidən özündə oyandıra bildiyinin fərqinə vardığında onun Siklop ilə münasibətləri pozulmağa başlayır. Cin bir neçə dəfə Skota yaxınlıq göstərməyə çalışsa da, Skott çox dəyişdiyini söyləyərək onu özündən uzaqlaşdırır. Münasibətlərinin vəziyyətindən çaşqın qalan Cin təsəllini Loqanda tapır. Onlar meşədə öpüşürlər, lakin Loqan Cinin yerinin Skotun yanı olduğunu söyləyir və onu orada tərk edir.[3] Kassandra Novanın Professor İksi təsiri altına salmasının ardınca Xavier Yer kürəsini tərk edir və Cin məktəbin direktoru olaraq qalır. Cin bütün diqqətini direktor kimi yeni məsuliyyətlərinə və eyni zamanda böyüməkdə olan Zümrüd quşu gücünə verməli olur. Skott isə Cinin artıq ona məhəl qoymadığını düşünür. O, Cin ilə barışmağa çalışmaqdansa problemlərini komandaya yeni qoşulan telepat Emma Frost ilə bölüşməyi seçir. Onların münasibəti psixoterapiya seansları ilə başlayır və qısa zaman sonra Emma fürsətdən istifadə edərək, Skota yaxınlaşmağa çalışır. Emma məsləhətləşmə adı ilə onunla telepatik əlaqəyə girməyə başlayır.[4] Cin onlar arasındakı münasibətin fərqinə varır, lakin Skott hər şeyi inkar edir. Emmanın alçaldıcı və istehzalı davranışları Cini daha da qəzəbləndirir və o, Zümrüd quşunun tam gücünü istifadə edərək Emmadan hər şeyi etiraf etməsini tələb edir. Emma Skota qarşı hiss etdiklərini Cinə etiraf etməyə məcbur qalır. Cin hər ikisinə qəzəblənir və onu sakitləşdirmək üçün Skott Cinə yaddaşını oxumağı təklif edir. Beləliklə Cin Emmanın Skota təklif etməsinə baxmayaraq, onlar arasında fiziki əlaqənin olmadığını öyrənir. Bunun ardınca Skott məktəbi tərk edir və Emma isə kristalik vəziyyətində parçalanmış olaraq tapılır. Onun Cin tərəfindən öldürüldüyü düşünülür.[5]
Cin Qrey Omeqa-səviyyəli mutantdır və onun mutant güclərinin potensialı kosmik varlıq olan Zümrüd quşu gücü ilə birləşdikdən sonra daha da yüksəlmişdir. Həmin güc ilə Cin hətta Qalaktusu da məğlub edə bilmişdir.
Cinin telepatiya gücü ilk dəfə özünü büruzə verdiyi zaman o, gücünü idarə edə bilməmiş və Çarlz Xavier onun telepatiya gücünü məhdudlaşdırmışdır. Xavier ilk öncə Cinə telekinez gücünü idarə etməyi öyrətmişdir. Bir müddət sonra isə Cinin telepatiya qabiliyyətini yenidən aktivləşdirərək, ona gücünü idarə etməkdə yardım göstərmişdir.
Cin eyni zamanda telepatiya gücü vasitəsi ilə heyvanlarla (delfinlər, itlər və qarğalar) ünsiyyət qura bilən azsayılı telepatlardan biridir. Cin telepatiya gücünün bir parçası kimi həm də yüksək səviyyədə yaddaşa malikdir.
Cin yüksək səviyyədə telekineziya qabiliyyətinə malikdir. O, istənilən əşyanı və hətta canlını cəld bir şəkildə bir yerdən başqa bir yerə hərəkət etdirə bilir. Telekinez gücü sayəsində Cin həm özünü, həm də başqalarını havaya qaldıra bilir. Onun telekinez qabiliyyətinin haraya qədər limitli olduğu məlum deyil. O 50 tondan artıq qaya parçasını havaya qaldırmışdır. Cin eyni zamanda kosmik varlıq olan Zümrüd quşu gücünə də sahibdir.
Cin Qrey rolunu İks-adamlar, İks-adamlar 2, İks-adamlar: Son müqavimət və Şimal porsuğu filmlərində aktrisa Famke Yanssen, İks-adamlar: Apokalipsis və İks-adamlar: Qara zümrüd quşu filmlərində isə gənc Cin Qreyi aktrisa Sofiya Törner canlandırmışdır.
İlk İks-adamlar filmində Cin Qrey Professor Xaverin mutantlar üçün açdığı məktəbdə həkim və eyni zamanda mutant hüquqşunası kimi təqdim olunur. O, Senator Robert Kellinin mutantların qeydiyyata alınması planına qarşı etiraz edir. Komikslərdə olduğu kimi filmdə də Siklop və Cin sevgili olaraq göstərilirlər. O daha sonra onunla xüsusi davranmağa başlayan Loqan/Şimal porsuğu ilə tanış olur. Cin Loqanın skeletini analizdən keçirir və başına gələnləri öyrənmək üçün onun yaddaşını oxumağa cəhd göstərir. Daha sonra filmdə Cin Maqnetonun mutanta dönüşdürdüyü Senator Kellini müalicə edir, lakin nəticədə Kelli ölür. Cin eyni zamanda Mistikin Xavierə zərər vurmaq üçün qurğularını qarışdırdığı Serebronu təmir edir. Mutant qardaşlığının arxasında olduğu gənc mutant Roq qaçırılır. Professor İks Roqun qurtarılması üçün Cin, Siklop, Fırtına və Şimal porsuğunu xilasetmə missiyasına göndərir. Roqun yeri Serebro vasitəsi ilə təyin edildikdən sonra onlar Azadlıq adasına yollanırlar. Orada Cin və Fırtına Qurbağanın hücumuna məruz qalır. Qurbağanın onun üzünə atdığı yapışqan tüpürcək ilə boğulmaq üzrə olan Cini Siklop son anda xilas edir. Mutant qardaşlığına rəhbərlik edən Maqneto komanda üzvlərini ələ keçirir. Onlar Azadlıq heykəlində girov saxlanılarkən Cinin telepatiya gücünün köməyi ilə Siklop Qılıncdişi optik enerji şüası ilə vuraraq heykəldən aşağı atmağa nail olur. Cin Roqu xilas etməsi üçün Şimal porsuğunu Maqneto və Roqun olduğu yerə yönləndirir. Nəticədə onlar Maqnetonu məğlub edir və Roqu ölümdən xilas edirlər. Döyüşün ardınca Loqanı müalicə edərkən, Loqan Cinə qarşı olan hisslərini ona açıqlayır, lakin Cin nəzakətli bir şəkildə onun hisslərinin qarşılıqsız olduğunu Loqana bildirir.
Cin Xavierin məktəbində çalışmağa davam edir və Azadlıq adasındakı döyüşdən sonra onun gücləri qeyri-stabilləşməyə başlayır. Gecə ilanının prezidentə qarşı sui-qəsd törətmək cəhdinin ardınca Professor İks Cin və Fırtınanı onu tapmağa göndərir. Onlar Gecə ilanını tərk edilmiş bir kilsədə tapırlar və onun təsir altında olduğunu öyrənirlər. Polkovnik Uilyam Straykerin məktəbə hücumunun ardınca mutantlar qaçmağa məcbur olurlar. Loqan Roq, Buz adam və Alovu Bostondan götürməsi üçün Cinlə əlaqə saxlayır. Onların polislərlə yaşadığı döyüşün ardınca Cin Fırtına və Gecə ilanı ilə birlikdə verilən ünvana çatır. Daha sonra onların qarşısını Maqneto və Mistik kəsir. Maqneto Straykerin Xavier vasitəsi ilə ikinci Serebronu yaradaraq bütün dünya mutantlarını məhv etmək planına mane olmaq üçün İks-adamlara kömək təklif edir. Daha sonra Loqan meşədə Cinə yaxınlaşmağa çalışır, lakin Cin buna imkan vermir. Bunun ardınca isə Cinin görüntüsünü alan Mistik Loqanı yoldan çıxarmağa çalışır.
İks-adamlar Straykerin Alkali gölündəki bazasına hücum edir. Cin ikinci Serebronun olduğu kameranı açmaq üçün Maqneto və Mistiki müşayiət edir, lakin o Straykerin təsiri altında olan Siklop ilə döyüşmək məcburiyyətində qalır. O, Siklopu məğlub edir və onu təsir altından çıxarır. Daha sonra İks-adamlar Maqnetonun onları aldatdığını və onun Straykerin möhtəşəm gücə sahib olan mutant oğlu Ceysonu manipulyasiya edərək ikinci Serebro vasitəsi ilə mutantları deyil, bütün dünya insanlarını məhv etməyi tələb etdiyini öyrənirlər, lakin onlar Ceysonu dayandırmağa nail olurlar. İks-adamlara təyyarəyə geri döndükləri zaman təyyarənin dağılmağa başlayan baza tərəfindən xəsarət aldığına şahid olurlar. Cin komanda yoldaşlarını su daşqınından xilas etmək üçün qalmağı seçir. O, Xavierin telepatiya gücü vasitəsi ilə yoldaşları ilə vidalaşır və ardınca onun öldüyü düşünülür. Filmin sonunda Cinin alovabənzər Zümrüd quşuna dönüşdüyü göstərilir.
Birinci filmdə baş verən hadisələrdən 20 il öncə Cinin Çarlz Xavier və Maqneto ilə ilk görüşü göstərilir. İndiki zamanda isə Skott və Loqan aylar sonra hələ də Cinin ölümü ilə barışa bilmirlər. Cinin səsini eşitdikdən sonra Skott onu sonuncu dəfə gördüyü Alkali gölünə geri dönür. Skott orada Cinin özü ilə qarşılaşır. O Skota gücünü idarə edə biləcəyini söyləyərək, ondan eynəyini çıxarmasını istəyir. Skott eynəyini çıxardıqdan sonra Cin onun optik şüalarını neytrallaşdırır və Skotun gözləri normala dönür, lakin Zümrüd quşunun gücünü tam idarə edə bilməyən Cin öpüşərkən Skotu öldürür. Baş verənləri hiss edən Xavier Loqan və Fırtınanı Alkali gölünə göndərir. Onlar gölün kənarında Cini huşsuz vəziyyətdə tapırlar. Onun yaşadığına inana bilməyən Loqan Cini iqamətgaha aparır. Xavier Loqana Cinin güclərinin qeyri-stabilləşdiyi üçün dağıdıcı Zümrüd quşu gücünün onu tamamilə ələ keçiməsinin qarşısını almaq üçün onun beynində psixik maneələr yaratdığını bildirir. Cin qısa zaman sonra Loqanın yanında oyanır. O, Loqan ilə sevişməyə çalışır, lakin Cinin özündə olmadığını anlayan Loqan ondan uzaqlaşır. Daha sonra Cin Zümrüd quşunu gücünü məğlub etmək üçün Loqana onu öldürməsi üçün yalvarır, lakin Loqan bunu etmir. Zümrüd quşu gücünün Cini ələ keçirməsi ilə Cin Loqanı telekinez gücü ilə divara vuraraq, iqamətgahı tərk edir. O, öz uşaqlıq evinə geri dönür. İks-adamlar və Mutant qardaşlığı onun yerini təyin edirlər. Xavier qısa müddətliyinə Cini sakitləşdirə bilsə də, Zümrüd quşu geci yenidən onu ələ keçirməyə nail olur. Cin evi darmadağın edərək, Xavieri öldürür və Maqnetoya hələ də güvənməməsinə baxmayaraq Mutant qardaşlığına qoşulur. Cin Loqanın Zümrüd quşunu dayandıra biləcək yeganə mutant olduğunu düşündüyü üçün Loqan ilə psixik əlaqə qurmağa çalışır. Loqan onun ardınca gedir, lakin Maqneto onun qarşısını alır.
Cin Alkatraz adasında İks-adamlar, Mutant qardaşlığı və hökumət ordusu arasında baş verən döyüşə şahid olur. O, Maqnetoya tabe olmaqdan imtina edir. Maqnetonun məğlubiyyətinin ardınca Loqan Cini sakitləşdirə bilir, lakin bu vaxtda hərbi qüvvələr İks-adamlar üzərinə atəş açmağa başlayırlar. Bu Zümrüd quşunun hücuma keçən ordunun və Maqnetonun bir çox mutantlarını yox etməsinə və Alkatraz adasını darmadağın etməsinə səbəb olur. Maqneto və İks-adamlara qaçır, lakin Loqan Cinə yardım etmək üçün orada qalmağı seçir. Loqanın regenerasiya qabiliyyəti Zümrüd quşunun onu yandıraraq yox etməsinin qarşısını alır. Qısa müddətliyinə vücudunu geri qazanan Cin Loqana onu xilas etməsi üçün yalvarır. Çarəsiz qalan Loqan Cinə onu sevdiyini söyləyərək, adamantium caynaqları ilə onu öldürür. O, məktəb ərazisində Çarlz Xavier və Skotun məzarının yanında dəfn edilir.
Loqan Cini öldürməsinin ardınca onu kabuslarında görür. Filmin sonunda Loqan yeni sevgilisi Mariko Yaşidanı Gümüş samuraydan xilas etdikdən sonra o, Cinin xəyalını son dəfə görür və onu hər zaman sevəcəyini söyləyir.
Filmdə Siklop və Fırtına ilə birlikdə Cinin gəncliyi göstərilir. Aleks Sammers kiçik qardaşının optik enerji şüaları saçmaq qabiliyyətinin büruzə verməsi ilə onu Çarlz Xavierin məktəbinə gətirir. Skott gözləri bağlı olduğu üçün Cin ilə toqquşur. Cinin kitabları yerə tökülür və o, telekinez qabiliyyəti ilə kitabları əlinə alır. O, ilk öncə Skota qəzəblənir, lakin Skott ona qarşısını görə bilmədiyini söylədikdə Cin ondan üzr istəyir. Daha sonra Skott ağacın altında tək oturan Cinə yaxınlaşır. Cin Skota güclərinə görə məktəbdə hər kəsin ondan qorxduğunu və heç kəsin onunla danışmadığını söyləyir. Apokalipsisin yenidən oyanması ilə Cin dünyanın sonu ilə bağlı kabus görməyə başlayır və onun kabusu məktəbi yerindən silkələdir. Məktəbin bütün tələbələri yuxudan oyanır. Təlaşla Cinin otağına gedən Professor Xavier Cinin həddindən artıq güclənən telekinez qabiliyyətinin onun yatdığı otağın divarlarını yandırdığına şahid olur. Xavier telepatik olaraq Cini oyandırmağa çalışır və bu onda böyük iztiraba səbəb olur. Cinin oyanması ilə divarlardakı alovlar sönməyə başlayır. Növbəti gün Cin Skott və Kurt ilə birlikdə maşın ilə gəzməyə gedir. İqamətgaha geri döndüklərində onlar Apokalipsis və süvarilərinin Xavieri qaçırmağa çalışarkən onları dayandırmağa çalışan Aleksin qəza ilə iqamətgahı partlatdığını və qəzada həlak olduğunu öyrənirlər. Qardaşının öldüyünə inanmaq istəyən Skott onu iqamətgahda axtarmağa başlayır və bu anda telepatik gücün mənbəyini araşdırmaq üçün Straykerin ordusu iqamətgaha daxil olur. Cin, Skott və Kurt qaçmağa nail olan yeganə iqamətgah sakinləri olur və onlar Straykeri izləyirlər. Straykerin bazasında ikən Cin kamerada bağlı saxlanılan Şimal porsuğunu azad edir. Kompleksi tərk etməzdən öncə Cin Şimal porsuğunun yaddaşının kiçik bir hissəsini ona qaytarır. Daha sonra o Qahirədə Apokalipsisə qarşı döyüşdə iştirak edir. Cin telekinez gücü ilə İks-adamları Arxanqelin metal qanadlarından qoruyur. Xavier xilas olduqdan sonra o, Cini Apokalipsisin ən güclü telepat olmadığına inandırır və Apokalipsisi məğlub etmək üçün ondan Zümrüd quşu gücünü azad etməsini istəyir. Cinin gözləri alov rəngi alır, güclü gənc mutant havada gəzməyə başlayır və saniyələr sonra Cinin vücudundan çıxan alov ilə birləşmiş böyük telekinetik partlayış verir. Zümrüd quşu gücünün köməyi ilə Cin Apokalipsisin müdafiəsini dağıdır və Siklop, Fırtına və Maqnetonun yardımı ilə Apokalipsis tamamilə gücünü zəifləyir. Cinin vücudundan çıxan alov Apokalipsisi ələ keçirir və onu yandıraraq kül edir. Filmin sonunda Vəhşi və Mistikin rəhbərliyi altında Cin, Siklop, Fırtına, Gecə ilanı və Civə yeni İks-adamlar komandasının üzvləri seçilir və onlar birlikdəöz güclərini Təhlükə otağında sınamağa başlayırlar.