Musa Mirməmməd oğlu Abdullayev (27 noyabr 1927, Qızılağac, Lənkəran qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – 8 avqust 1979, Bakı) — Azərbaycanın hematoloq alimi, tibb elmləri doktoru, professor, filoloq-tərcüməçi. 1942–1944-cü illərdə Azərbaycanın müstəqilliyi uğrunda yaradılan İldırım təşkilatının[1][2] – millətçi tələbə gənclərin antisovet siyasi təşkilatının 8 üzvündən biri.
Musa Abdullayev | |
---|---|
Musa Mirməmməd oğlu Abdullayev | |
| |
Doğum tarixi | 27 noyabr 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 8 avqust 1979 (51 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | hematologiya, kardiologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Elmi rəhbəri | Fuad Əfəndiyev |
Vikianbarda əlaqəli mediafayllar |
Musa Mirməmməd oğlu Abdullayev 27 noyabr 1927-ci ildə Masallı rayonunun Qızılağac[3][4] kəndində ziyalı ailəsində anadan olmuşdur. Hələ orta məktəb illərindən həmin dövrün görkəmli həkimi, Gədəbəyin Slavyanka kəndində yaşayan milliyətcə alman həkim Zinindən ingilis dili dərslərini alması onun gələcək həyat yolunda həkimlik və mütərcimlik istedadının parlamasında mühüm təkan olmuşdur. O, məktəb yaşlarında olarkən, atası Mirməmməd Abdullayev dövlət qulluğu ilə əlaqədar ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. Musa Abdullayev orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) müalicə-profilaktika fakültəsini, eləcə də, Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsini bitirmişdir.
İldırım təşkilatı[5][6][7] Sovet Azərbaycanını SSRİ-nin tərkibindən çıxarıb, müstəqil milli Respublika təşkil etmək məqsədilə yaradılmışdır. Bu barədə Akademik Ziya Bünyadovun "Qırmızı terror"[8][9] kitabına istinad etmək olar. Musa Abdullayev 1942–1943-cü illərdə yaradılmış və onun siyasi baxışları ilə üst-üstə düşən İldırım təşkilatı[7] na — antisovet millətçi tələbə-gənclər təşkilatına üzv olmuşdur. Keçmiş SSRİ–də təhsil alan tələbə-gənclərdən biri kimi Azərbaycanın müstəqilliyi, ana dilimizin dövlət dili səviyyəsinə qaldırılması tələbi ilə, 1930-cu illərdən başlayaraq repressiyaya məruz qalmış Azərbaycan ziyalılarının müdafiəsinə qalxmışdır. 1948-ci il 11 noyabrda SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 402 nömrəli orderinə əsasən həbs olunmuş, 1949-cu il 21 – 22 mart tarixlərində Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə kollegiyasının qərarı ilə 10 illik Sibir sürgününə göndərilmişdir. 1955-ci il 22 iyulda SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının qərarı ilə cinayət işinə xitam verilmiş, 1956-cı ildə bəraət almışdır.
1958-ci ildə B. Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində (keçmiş Respublika Hematologiya və Qanköçürmə İnstitutu) çalışarkən qanın laxtalanma sistemini tədqiq etmişdir.
1963–1966-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda elmi katib işləmiş, on il ərzində tibb elmləri namizədi və doktorluq dissertasiyaları müdafiə etmiş, professor titulunu qazanmışdır. (1967–1968-ci illər)
1967-ci ildə "Вопросы свёртывания крови в норме и патологии" ("Norma və patologiya zamanı qanın laxtalanmasının bir sıra məsələləri")[10] adlı monoqrafiyası işıq üzü görmüşdür.
Musa Abdullayev bu monoqrafiyası ilə qanın laxtalanması haqqında elmi nəzəriyyənin əsasını qoymuşdur. Onun bu monoqrafiyası keçmiş SSRİ hematoloq alimlərinin diqqətini cəlb etmişdir. Hətta bu monoqrafiya ilə əlaqədar, SSRİ-də nəşr olunan "Medisinskaya qazeta"nın 1967-ci il 25 aprel tarixli sayında geniş yer ayrılmışdır. Xaricdəki hematoloq alimlərin diqqətini çəkən novator alim Musa Abdullayev 1969-cu ildə hematoloqların 12-ci beynəlxalq konfransına-Almaniya Federativ Respublikasına dəvət alsa da, keçmiş SSRİ hökuməti tərəfindən həmin beynəlxalq konfransa buraxılmamışdır. İldırım təşkilatındakı siyasi fəaliyyətinə görə, 1956-cı ildə bəraət almasına baxmayaraq, Musa Abdullayev xarici dövlətlərin keçirdiyi beynəlxalq elmi konfranslara dəvət olunsa da, çox təəssüf ki, Sovet rejimi onun qarşısına sədd çəkirdi. Baxmayaraq ki, İldırım təşkilatının üzvləri (8 nəfər), o cümlədən Musa Abdullayev bəraət almışdılar, yenə də onların siyasi baxışlarından, təfəkkürlərindən Sovet hökuməti qorxurdu, məsələn, 1967-ci ildə Avstriyadan gələn dəvətə də qadağa qoyulmuşdu. Hətta, o vaxtlar gənc alim bunun səbəbini gizlətməyərək cəsarətlə demişdi:
— "Məni xarici ölkələrdə yaxşı tanıyırlar, lakin nə yazıqlar ki, siyasi dairələr məni ora buraxmaq istəmirlər".
Tədqiqatçı-alim 1964-cü ildə "Ekmolinin hemostatik xüsusiyyətlərinin öyrənilməsi" adlı məqaləsi ilə həmin vaxtadək tibb elmində tromboembolik ağırlaşmanın qarşısını almaq üçün yeni bir preparatdan istifadə olunmasını elmi təcrübələrlə geniş tibb ictimaiyyətinə təqdim etmişdir. Həmin vaxtadək tibb aləmində tromboembolik ağırlaşmanın qarşısını almaq üçün heparindən istifadə edilirdi. Bir sıra hallarda heparini bədəndən çıxarmaq üçün prokain-sulfatdan istifadə edilirdi. Məhz, professor Musa Abdullayev ilk dəfə olaraq, prokain-sulfat əvəzinə ekmolin preparatını işlətmişdir. Onu da qeyd etmək lazımdır ki, o vaxta qədər ekmolin professorlar Yermolov və Valentinskaya tərəfindən virus qriplərinin müalicəsində istifadə edilirdi. Musa Abdullayev isə, ekmolini heparinin təsirini azaltmaq üçün onun yeni bir xüsusisyyətini öyrənib kəşf etmişdir. Alim bu kəşfinə görə 10 it üzərində 32 təcrübə aparmışdır. Məlum olub ki, ekmolin prokain-sulfat kimi təsir etmək imkanlarına malikdir.
Maraqlıdır ki, 1969-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, dünya şöhrətli alim və siyasi xadim Mustafa Topçubaşovun Kommunist qəzetində görkəmli elm xadimi Fuad Əfəndiyevin 60 illik yubileyinə həsr olunan "Görkəmli cərrah" adlı məqaləsində onun yetirmələrinin adlarını qeyd edərkən, onların arasında professor Musa Abdullayevin də adını xüsusi olaraq qeyd etmişdir.
Musa Abdullayev 1958-ci ildən B. Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində (keçmiş Respublika Hematologiya və Qanköçürmə İnstitutu) işləmiş , 1970–1979-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun ikinci daxili xəstəliklər propedevtikası kafedrasının müdiri vəzifəsində çalışmışdır. Görkəmli hematoloq Musa Abdullayev Tibb İnstitutunun ikinci daxili xəstəliklər propedevtikası kafedrasına rəhbərlik edərkən, 1970–1979-cu illərdə ürəyin defibrilyasiyası metodikasını həyata keçirərərək, Azərbaycan tibb elmi tarixində yenilik etmiş, əsl alim, elm xiridarı kimi öz sözünü demişdir.
Stalin rejiminin insan talelərinə vurduğu sağalmaz zərbələr, dəhşətli sürgün illəri zaman-zaman "İldırım"çıların hər bir üzvünün, o cümlədən Musa Abdullayevin də sağlamlığını təhlükə altına qoymuşdu. O, dövrünün, zamanının tibb elmi sahəsində elə bir fədakar alimi idi ki, onun fitri təfəkkürü ilə qələmə aldığı tədqiqat işləri aktuallığı ilə bu gün də gündəmdədir. Musa Abdullayev yazdığı məqalələrlə yüzlərlə elmi nəzəriyyənin, dərsliyin bünövrəsini qoyub. Soyuq, amansız ölümün elm fədaisinə fürsət verməməsi neçə-neçə elmi ixtiranı, fundamental əsərləri Musa Abdullayev imzasından məhrum etdi.
Müstəqil Azərbaycan naminə əqidəsi, məsləki uğrunda repressiya olunan, milləti, vətəni naminə sürgün ömrünün acılarına qatlaşan, fəqət sınmayan, sarsılmayan mübariz vətəndaş ömrü yaşayan Musa Abdullayevin vaxtsız ölümü yalnız bir ailənin itkisi deyil, həyat amalında olduğu kimi, elmdə də Fədai mövqeyi ilə seçilən alimin həyatdan vaxtsız getməsi Azərbaycanın, Azərbaycan tibb elminin, Azərbaycan mütərcimlik tarixinin böyük, əvəzsiz itkisidir.
Professor Musa Abdullayev 8 avqust 1979-cu ildə 51 yaşında Bakı şəhərində vəfat edib.
Musa Abdullayevin 4 övladı və nəvələri vardır.
İngilis, rus, fars və ərəb dillərini bilirdi.
Musa Abdullayev[11] keçmiş SSRİ-də qankəsici preparatın-trombinin texnologiyasının və tətbiqinin elmi əsaslarını öyrənən ilk azərbaycanlı mütəxəssis alimdir. Hematoloq alim hemofiliyalı xəstələrdə fibrinoliz prosesinin[12] yüksək olmasını ilk dəfə kəşf etmişdir. Bu onun adı ilə bağlı elmi ixtiradır. Musa Abdullayev riyazi üsulla xəstəliyin diaqnostikası sahəsində də Azərbaycan Tibb elmi tarixinə ilk imza atanlardan biridir. Professor Musa Abdullayev 1979-cu ildə Azərbaycanda ilk dəfə olaraq, iki cildlik "İngiliscə-Azərbaycanca" tibb lüğətini[13][14] yazmışdır. 1974–1975-ci illərdə ürəyin defibrilyasiyası metodikasını[15] həyata keçirirək, Azərbaycan tibb elmi tarixində novatorluq etmişdir. Azərbaycan Sovet Ensiklopediyasının 7-ci cildində[16] ilk dəfə olaraq Musa Abdullayev haqqında məlumat verilmişdir. Musa Abdullayev "Problemı Qematoloqii i perelivaniya krovi" jurnalında[17] hematoloq alim kimi mühüm əhəmiyyəti olan elmi tədqiqatlarını geniş tibb ictimaiyyətinə təqdim etməklə yanaşı, kardiologiya və allerqologiya problemləri ilə də bağlı fundamental əsərlər yazmışdır. SSRİ–də ilk dəfə olaraq, 1979-cu ildə "İngiliscə-azərbaycanca tibb lüğəti" tərtib etmişdir. Onun yazdığı "Hərbi səhra terapiyası haqqında qeydlər"[18][19] və "Daxili xəstəliklərin propedevtikası tədrisinin metodikası"[20] kitabları, eləcə də, "Laborator analizlərin klinik şərhi"[21], "Bronxial astma allergik xəstəlikdir"[22], "Qan sisteminin bəzi xəstəlikləri"[23] elmi əsərləri indi də tibb universitetinin tələbələri üçün qiymətli dərs vəsaitidir. Görkəmli alim hemofiliyanın epidemiologiyası, trombositlərin elektron mikroskopiyası[24], qan laxtalanması prosesində kalsiumun rolu, donorluq məsələləri və s. mövzular üzərində elmi tədqiqat işləri aparmışdır. 1962-ci ildə xərçəng əleyhinə beynəlxalq konqresin işində qan laxtalanması problemlərinə aid elmi məruzəsi geniş tibb ictimaiyyətinin diqqətini cəlb etmişdir.
1958-ci ilin 18 sentyabr tarixində İtaliyanın paytaxtı Romada keçirilmiş Beynəlxalq Hematoloqlar Cəmiyyətinin VII konqresinin materialları[25] Musa Abdullayev tərəfindən ingilis dilindən rus dilinə tərcümə olunmuşdur. Tərcümənin redaktoru Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Fuad Əfəndiyev olmuşdur. Zaqafqaziya Hematoloqlar və Qanköçürmə İnstitutlararası keçirilən I konfransın materiallarına M. Abdullayevin 3 məqaləsi daxil edilmişdir. Birinci məqalə "Müxtəlif splenomeqaliyalı xəstələrin qanında laxtalanma sistemi və onun fibrogen aktivliyinin halı"[26] adlanır ki, o bu işi professorlar Fuad Əfəndiyev və A. Axundova ilə birlikdə işləyib hazırlayıb. Musa müəllimin bu məqaləsi o dövr üçün son dərəcə aktual mövzunun araşdırılmasına həsr olunmuşdur. "Cərrahi əməliyyatlar zamanı qanın laxtalanma sisteminin dəyişməsi"[27] adlı elmi-tədqiqat işi tibb elmi üçün mühüm yeniliklər baxımından bu gün də aktuallığını itirməmişdir. SSRİ-də nəşr olunan "Problemı Qematoloqii i perelevaniya krovi" jurnalında[17] Musa Abdullayevin elmi məqalələləri mütəmadi olaraq çap olunmuşdur. Onun məqalələrindən biri də "Donorlarda qan alma zamanı qanın laxtalanma sistemində baş verən dəyişikliklər"[28] adlı elmi tədqiqat işi keçmiş Sovet İttifaqı səviyyəsində diqqəti cəlb etmişdir. Musa Abdullayevin professor O. M. Hüseynovla birgə işlədiyi "Modifitsirovannıy suxoy-sterilnıy trombin Azerbaydjanskoqo İnstituta Perelivaniya krovi i yeqo primeneniye v lor klinike"[29] məqaləsi də öz üslubu, yenilik baxımından fundamental tədqiqat işidir. Elə bu səbəbdən də, Musa Abdullayevin qeyd etdiyimiz elmi ixtirasının nəticələrindən bu gün də tibb aləmində burun, qulaq, boğaz xəstəlikləri zamanı istifadə olunur.
1962-ci ildə "Cərrahi müdaxilədən əvvəl və sonra xəstələrdə qan sisteminin fibrinolitik aktivliyi və laxtalanma faktorlarının göstəricilərinin dəyişməsi"[30][31] adlı namizədlik dissertasiya işini Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Fuad Əfəndiyevin rəhbərliyi altında müdafiə etmişdir. 1967-ci ildə isə Musa Abdullayev "Normada və bəzi patoloji hallarda qanın laxtalanması" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.
Professor Musa Abdullayevin rəhbərliyi ilə 4 doktorluq, 8 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Musa Abdullayev, 1972-ci ildə tibb institunun tələbələri üçün "Laborator analizlərin klinik şərhi"[21] adlanan kitabını yazmışdır. Bu gün də həmin kitabdan Tibb Universitetinin tələbələrinin tədqiqat aparması üçün əsas elmi baza kimi istifadə olunur. 1972-ci ildə Musa Abdullayev İ. T. Abbasovla birlikdə "Hərbi səhra terapiyası"[32] adlı elmi kitabını tibbi ictimaiyyətə təqdim etmişdir. Zaman elə gətirib ki, onun 1972-ci ildə yazdığı elmi vəsait bu gün də Azərbaycan Tibb universitetində istifadə olunur. Musa Abdullayev uzun illər "Azərbaycan tibb jurnalı"nda elmi məqalələri ilə, xüsusilə qan mütəxəssisi kimi araşadırmalarını çap etdirməklə Azərbaycan tibb elmi tarixinə xidmət etmişdir. "Klinik cərrahlıq"[33] dərs vəsaitinin "Qan Xəstəlikləri" bölməsini də məhz, professor Musa Abdullayev yazmışdır. Onlarla tibb mütəxəssisinin elm aləmində formalaşmasında, özünəməxsus yer tutmasında tibb elmləri doktoru, professor Musa Abdullayevin bir alim, elm xiridarı kimi xidmətləri bu gün də Azərbaycan tibb elminin tarixində mühüm əhəmiyyətə malikdir. Professor Musa Abdullayev qısa, lakin mənalı ömrü ilə bugünkü və gələcək nəsillərə mükəmməl, zəngin elmi irs qoyub getmişdir