Nadir Məmmədov Gülməmməd oğlu (20 noyabr 1941, Ərkivan, Masallı rayonu – 10 yanvar 2023) — coğrafiya elmlər doktoru, professor.
Nadir Məmmədov | |
---|---|
Nadir Məmmədov Gülməmnəd oğlu | |
Doğum tarixi | 20 noyabr 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 10 yanvar 2023 (81 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Mükafatları | 2008-ci ildə «Qızıl qələm» mükafatı |
Məmmədov Nadir Gülməmməd oğlu 1941-ci il noyabr ayının 20-də Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. N. G. Məmmədov 1962-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetin Geoloji-Coğrafiya fakültəsinin coğrafiya-biologiya şöbəsinə qəbul olmuşdur. O, 1967-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, təyinatla Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutuna göndərilmişdir. Nadir müəllim bir qayğıkeş müəllim, təcrübəli tədqiqatçı-metodist kimi respublikamızda tanınmaqla həm də gəncləri öz ətrafına toplayıb onlara öz xeyirxah məsləhətlərini verir. O, çox sadə və təvazökar bir insandır. Əziz Nesin demişkən "insanın sadəliyi onun böyüklüyündə və ucalığındadır".[1]
1967-ci ilin noyabr ayının 15-dən Coğrafiya institutunun iqlimşünaslıq şöbəsində işləmişdir. 1968-ci ilin may ayından həmin institutun xəritəçilik və toponimika şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır və 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəritəçilik şöbəsinin "Coğrafi adları" (Toponimika) ixtisası üzrə əyani aspiranturasına qəbul olmuşdur. Üç il aspiranturada oxuduqdan sonra 1972-ci ilin mart ayından həmin şöbədə kiçik elmi işçi vəzifəsində çalışmışdır. Nadir Məmmədov 1975-ci ilin 23 oktyabrda "Azərbaycan SSR Muğan və Salyan düzənlikləri coğrafi adlarının tədqiqi" mövzusunda coğrafiya elmləri namizədi alimlik dərəcəsi adını almaq üçün namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981-ci ilin dekabr ayından Coğrafiya İnstitunda baş elmi işçi vəzifəsində işləmişdir. 1982-ci ilin iyun ayında Bakı Dövlət Universitetin Tarix fakültəsində boş yerlərin tutulmasına dair verilmiş elanda iştirak etmiş və sentyabr ayının 26-da Tarix fakültəsinin Elmi Şurasının qərarına görə həmin fakültənin "Mənbəşünaslıq, tarixşünaslıq və köməkçi tarix fənləri" kafedrasının baş müəllimi təyin olunmuşdur. O, 1987-ci ilin dekabrına qədər Tarix fakültəsində baş müəllim vəzifəsində işləmişdir. Doktorluq dissertasiyası ilə əlaqədar olaraq Nadir Məmmədov 1988-ci ildə Bakı Dövlət Universitetin rektoruna ərizə ilə müraciət edərək öz ştatı ilə Coğrafiya fakültəsinə köçürülməsini xahiş etmişdir. 1989-cu ilin yanvar ayının 2-dən Geoloji-Coğrafiya fakültəsinin "Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası" kafedrasında baş müəllim vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 27 noyabr 1992-ci il qərarı ilə Nadir Məmmədova xarici ölkələrə iqtisadi və siyasi coğrafiya kafedrasının dosenti elmi adı verilmişdir. N. G. Məmmədov 2004-cü ilin fevral ayın 6-da "Azəzbaycan Respublikası oronimlərinin təsnifatı və formalaşmasmın əsas qanunauyğunluqları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək coğrafiya elmləri doktoru adını almışdır. O, 2006-cı ilin dekabr ayından Bakı Dövlət Universitetin professorudur. Nadir Məmmədov 2005-ci ilin dekabrdan Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun "Kiçik Müdafiə Şurasının" sədridir və 2009-cu ilin fevral ayından "Böyük Müdafiə Şurasının" üzvüdür. Nadir Məmmədov 1969-cu ildən 2008-ci ilə qədər bir çox ölkələrdə o cumlədən Türkiyədə, Qazaxıstanda, Dağıstan Muxtar Respublikasında, Gürcüstanda, Özbəkistanda, Başqırdıstanda olmuşdur. Moskva, Sanktpeterburq, Tbilisi, Kızıl, Mahacqala, Ufa və başqa Ümumittifaq toponimik konfranslarda dəfələrlə elmi məruzə ilə çıxış edərək, Azərbaycan məmləkətini təmsil etmişdir.[2]
Professor Nadir Məmmədov bir neçə dərs vəsaitinin: "Azərbaycanın tarixi coğrafiyası" (Bakı-1987,2 çap vərəqi), "Azərbaycan toponimiyası" (Bakı-1987,2 çap vərəqi); aşağıdakı monoqrafiyaların "Azərbaycanın yer adları" (Bakı-1993, 12 çap vərəqi), "Azərbaycan Respublikasının oronimləri" (Bakı-1999, 19 çap vərəqi), "Azərbaycan toponimləri" (Bakı-2000, 38 çap vərəqi), "Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti" (Bakı-2008,10 çap vərəqi); bir dərsliyin "Toponimika" (Bakı-2007, 25, 5 çap vərəqi) müəllifidir. Bundan başqa N. G. Məmmədov bir çox ixtisas kurs proqramlarını çap etmişdir. Nadir müəllim Azərbaycan toponimiyasıma həsr olunmuş 250-ə qədər elmi məqalənin müəllifi olmaqla Azərbaycan Respublikasında toponimika (yer adlarını öyrənən, bir elmdir) sahəsində ilk aspirant, ilk elmlər namizədi və ilk elmlər doktoru olmaqla, toponimika fənni üzrə ilk dərsliyin müəllifidir. Təkcə N. G. Məmmədovun Azərbaycan toponimləri (ensiklopedik lüğəti) kitabında 814 ensiklopedik məqaləsi çap olunmuşdur. Professor Nadir Məmmədov yaşının 73-ə çatdığına baxmayaraq qələmini indi də yerə qoymayıb. O, dərsliklər, dərs vəsaitləri və başqa monoqrofiyalar üzərində yorulmadan işləyir və əsərləri ilə tələbələrini sevindirməyə çalışır. N. G. Məmmədov hazırda Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının professorudur.