Naxçıvanın çayları

Naxçıvan MR ərazisi kiçik dağ çayları ilə zəngindir. Burada çayların ümumi sayı 400-ə çatır. Onlardan 334-nün uzunluğu 5 km-ə qədər, 31-ninki isə 6–10 km, 24-nünkü 11–25 km, 7-ninki 26–50 km, 3-nünkü (Naxçıvançay, Əlincəçay, Gilançay) 51–100 km, 1-ninki (Şərqi Arpaçay) isə 100 km-dən artıqdır. Ərazidə çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Belə ki, Naxçıvançaydan qərbə çay şəbəkəsi son dərəcə zəifdir. Ondan şərqdə, Zəngəzur silsiləsindən axan çaylar isə sıx şəbəkə təşkil edir. Ərazinin şimal-qərbindən cənub-şərqinə doğru dağlar Araz çayına yaxınlaşdığından bu istiqamətdə çayların uzunluğu, sutoplayıcı sahələri və axımları azalır.

Morfometrik ünsürləri

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR çaylarının morfometrik ünsürləri aşağıdakı cədvəldə verilmişdir (S. H. Rüstəmov görə)[1]:

Çayların adı Çayların uzunluğu (km-lə) Su toplayıcı sahə (km2

-lə)

Mütləq yüksəklik (m-lə) Orta meyilliyi

(%-lə)

Hövzənin orta yüsksəkliyi

(m-lə)

Çay şəbəkə sıxlığı əmsalı

km2 -lə

Mənbəyi Mənsəbi
Çanaqçıçay 36,4 1888 2520 797 47,3 1630 0,56
Arpaçay 126,0 2630 2985 780 17,4 1968 0,54
Naxçıvançay 81,2 1630 2720 748 24,3 1625 0,48
Əlincəçay 61,6 599,2 2800 695 34,2 1610 0,50
Qaradərəçay 40,0 311,8 2100 686 35,4 1260 0,56
Gilançay 53,4 425,9 2700 678 37,9 2015 0,52
Düylünçay 29,6 123,5 3000 660 79,1 1740 0,59
Vənəndçay 29,4 91,4 3500 650 96,9 1962 0,53
Əylisçay 21.0 57,9 3600 634 141,2 1759 0,60
Ordubadçay 19,0 42,2 3575 630 155,0 2027 0,71
Gənzəçay 15,6 44,6 2700 621 133,3 1781 0,51
Kotamçay 7,8 22,3 2842 617 285,3 1805 0,55
Kilitçay 4,8 9,15 2373 600 369,4 1384 0,53

Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının artıq olması ilə əlaqədardır. 1000–2500 m yüksəklikdəki sahələrdə rütubətlilik daha artıq olduğundan çay şəbəkəsi qismən yaxşı inkişaf etmişdir. 2500 m-dən yüksək sahələrdə yağıntıların azalması, bitki və torpaq örtüyünün zəif inkişaf etməsi burada çay şəbəkəsinin azalmasına səbəb olur. Bu zonada yeraltı sular çoxlu bulaqlar şəklində üzə çıxır. 3000 m və daha yüksək sahələrdə relyef əsasən çılpaq və qayalıq, atmosfer çöküntüləri isə nisbətən az olduğundan, çay şəbəkəsi zəif inkişaf etmişdir. Bəzi çay hövzələrinin (Naxçıvançay, Əlincəçay, Gilançay) 2500 m-dən yüksək sahələrdə çay şəbəkəsinin sıxlığı 0.10 km/kv. km-ə qədər azalır. 1000 m-dən aşağıda yerləşən dağətəyi və düzənlik sahədə çay şəbəkəsinin zəif inkişaf etməsinin başlıca səbəbi bu zonada yağıntının azlığı, buxarlanmanın intensiv getməsi və çay sularının çökmə süxurlara tez hopmasıdır. Naxçıvan MR-in bütün çayları Araz hövzəsinə daxildir. Ərazinin mərkəzi və cənub-şərq hissəsində çaylar öz başlanğıcını Zəngəzur və Dərələyəz silsilələrinin dik yamaclarından götürür.

Axım davamiyyətinə görə Naxçıvan MR-də çayların üç qrupa bölmək olar (S. H. Rüstəmova görə):

  1. Daimi fəaliyyətdə olan çaylar — axım il ərzində mövcuddur.
  2. Quruyan çaylar – axım yazda qarların əriməsi və yağışlar zamanı, həm də qismən yeraltı sular hesabına olur.
  3. Müvəqqəti çaylar – axım yalnız güclü yağışlar zamanı olur.

Bu çaylar arasında əsas fərq onların yeraltı sularla qidalanmasıdır. Birinci qrup çayların yeraltı sulardan qidalanması sabitdir, ikinci qrupda 1–2 ay olur, üçüncü qrupda isə yox dərəcəsindədir. Muxtar respublikada çayların su toplayıcılarının yüksəklik vəziyyəti qidalanma şəraitini və axımın əmələ gəlməsini müəyyən edir və onun dəyişməsindən asılı olaraq çaylar bir qrupdan digərinə keçir.

Su toplayıcıları

[redaktə | mənbəni redaktə et]

Su toplayıcıların yüksəklik vəziyyəti prinsipindən asılı olaraq, ərazinin çaylarını iki qrupa bölmək olar:

  1. Yüksək sutoplayıcı çaylar — su ayırıcı xəttin ən böyük yüksəkliyi bu çaylarda 2500–3000 metrdən artıq olur.
  2. Alçaq su toplayıcı çaylar — su ayırıcı xəttin ən böyük yüksəkliyi 2500 m-dən azdır. Relyef və geoloji şəraitdən asılı olaraq, çay dərələri eninə və uzununa müxtəlif profillərə malirkdir. Çay dərələrinin plan görünüşləri nadir hallarda düz xətli profilləri xatırladır, əksər hallarda isə əyrintilidir.

Naxçıvan MR ərazisində axımın il ərzində paylanmasını üç fazaya ayırmaq olar:

I faza: Payız-qış fəsli, yaxud sentyabr-fevral ayları daxildir. Bu fazada su sərfləri nisbətən davamlıdır. Təsadüfi hallarda zəif daşqınlar olur. Dövr ərzində çaylarda illik axımın 10–15%-ə qədəri axır.

II faza: Bu faza mart-iyun aylarını, yaxud yaz fəslini əhatə edir. Qarların əriməsindən və yağışların yağmasından əmələ gələn daşqınlar baş verir. Martın ikinci yarısında temperaturun artması nəticəsində çaylarda suyun miqdarı da çoxalır . Həmin dövrdə çaylarda 3–5 daşqın müşahidə edilir. May – iyun aylarında ən böyük su sərfləri olur (illik axımın 60–70%-i), sonra isə azalmağa başlayır.

III faza: Yayın az sulu dövrünü (iyun-avqust) əhatə edir. Bu dövrdə leysan yağışlar nəticəsində şərq hissədə daşqınlar olur. Yağıntı olmadıqda çayların su sərfi fasiləsiz olaraq azalır. Bu fazanın axımı illik axım həcminin 10–15%-ni təşkil edir.

Payız-qış dövründə (noyabr-mart) yay dövrünə nisbətən çayların suyu qar əriməsi hesabına bir qədər artır. Aşağıdakı cədvəldə axımın fəsillər üzrə paylanması verilmişdir[1]:

Çayların adı Məntəqənin adı Axımın fəsillər üzrə bölgüsü(illik axımın ümumi həcminə nisbətən faizlə) İntensiv suvarma dövrü (%-lə) Axımın illik həcmi (mln.m)
yaz

IV-VI

yay

VII-IX

payız

X-XII

qış

I-III

Şərqi Arpaçay Arpa 49,8 26,9 12,0 11,3 2,5 630
Naxçıvançay Qarababa 60,4 20,1 8,8 10,7 8,2 164,7
Əlincəçay Xanağa 40,8 36,2 12,0 8,0 7,9 51,7
Gilançay Başdizə 45,8 34,1 10,4 9,7 14,8 97,7
Vənəndçay Danakert 37,1 37,8 13,7 11,4 16,2 18,0
Ordubadçay Nüsnüs 37,7 29,0 17,1 15,6 16 10,9

Muxtar Respublikanın çaylarını eyni zamanda yerli və tranzit çaylara bölmək olar. Çay suları ehtiyatın ümumi balansında tranzit çayların axımı 52%, yerli çaylarınkı isə 48% təşkil edir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, orta sulu dövr üçün çayların ümumi su ehtiyatı 1,27 km3 –ə bərabərdir. Ərazinin yerli su ehtiyatı çox azdır. Bu ehtiyat 0,61 km3 təşkil edir.[2]

Naxçıvanda hövzəsinin böyüklüyünə görə aşağıdakı çaylar fərqlənir:

  1. Araz çayı — hövzəsi 1.072 km, sahəsi 102.000 km², üzərində 1971-ci ildən tikilmiş Araz dəryaçası vardır. Kür çayının qoludur (Mənbəyi 3.000 m yüksəklikdən başlanır).
  2. Arpaçay — hövzəsi 126 km, sahəsi 2.630 km², üzərində 1977-ci ildən istifadəyə verilmiş Arpaçay dəryaçası vardır. Araz çayının qoludur (Mənbəyi 3.100 m yüksəklikdən başlanır). Sululuğu və təsərrüfat əhəmiyyətinə görə Naxçıvan MR-in müstəsna çayı hesab edilir. 2630 km² sutoplayıcı sahəyə malik olan Arpaçay başlanğıcını Ermənistan ərazisində 3000 m yüksəklikdə alp çəmənliklərii zonasından götürüb, 780 m yüksəklikdə Araza tökülür. Uzunluğu 126 km, orta çoxillik su sərfi 25.7 kub metr/san-dir. Bu sahədə çayın yatağı 150–200 m-ə qədərdir. Ümumiyyətlə, Şərur rayonunda əkin sahələrinin 60 faizə qədəri Şərqi Arpaçayın suyu ilə suvarılır.
  3. Naxçıvançay — hövzəsi 81 km, sahəsi 1.630 km², üzərində 1999-cu ildən istifadəyə verilmiş Vayxır dəryaçası vardır. Araz çayının qoludur (Mənbəyi 3.150 m yüksəklikdən başlanır). Naxçıvançay ərazidə ikinci böyük çaydır. Dərələyəz və Zəngəzur silsilələrinin cənub yamaclarındakı bulaqlardan və qar sularından əmələ gələn Naxçıvançayın sağ qolları sol qollarına nisbətən daha çox inkişaf etmişdir. Naxçıvançayın 26 iri qolu vardır (Cəhriçay, Şahbuzçay, Küküçay, Sələsüzçay, Qahabçay və b.). Naxçıvançay və onun qolları yuxarı axınlarında, o cümlədən Keçəldağın yamaclarında, Batabatda, Salvartıda, Küküdağın ətəkələrində (Dərəboğazda), Qaraquşda və s. sahələrdə bir çox yüksək debitli bulaqların suyunu qəbul edir. Bu hissədə çay qolları dik yamaclı dar dərələrlə axır. Biçənəkdən cənuba Zərnətünçayın töküldüyü yerdən başlayaraq Naxçıvançayın yatağı genişlənir. Lakin Kolanı kəndindən yuxarı, Gömürçayla Qışlaqçayın arasında yataq yenidən daralır. Qızılboğazdan aşağıda isə yataq xeyli genişlənir. Naxçıvançay və onun qolları yuxarı axınlarından başlayaraq suvarmada geniş istifadə edilir. Odur ki, vegetasiya dövründə onun suyu Araza çatmadan quruyur. Naxçıvançayın axımını tənzimləmək üçün süni göllər yaradılmışdır. Ümumiyyətlə, Naxçıvançay Babək və Şahbuz rayonlarının başlıca suvarma mənbəyi olub, 15000 hektara yaxın əkin sahəsini su ilə təmin edir.
  4. Əlincəçay — hövzəsi 62 km, sahəsi 599 km². Araz çayının qoludur. Naxçıvan MR-in üçüncü əsas çayıdır. Xəzinədərə və Ləkətağsu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Qırxlar dağından şimal-qərbdə, 2800 metr yüksəklikdən götürüb 695 m yüksəklikdə Gülüstan kəndi yaxınlığında Araza tökülür. Uzunluğu 61 km, sutoplayıcı sahəsi isə 600 kv.km-dir. Əlincəçay əsasən yeraltı, qar və qismən yağış suları ilə qidalanır. Onun dərəsi yuxarı axında bir qədər dar və dərin, orta və aşağı axında isə genişdir. Əlincəçay Araza qovuşduğu yerdə dayaz yarğanla axır. Əsas qolları Xoşkeşin, Zoğalçay, Xəzinədərə və Gevikçaydır.
  5. Gilançay — hövzəsi 53 km, sahəsi 426 km². Araz çayının qoludur (Mənbəyi 2.700 m yüksəklikdən başlanır). Başlıca qolları Saqqarsu, Nəsirvazçay, Xırdaçay və Parağaçaydır. Çayın dərəsi yuxarı və orta axınında dar, aşağı axında isə genişdir. Gilançayın əsas qida mənbəyi qar və yağış sularıdır. Yeraltı sular da az rol oynamır. Gilançayın suyu ilə Ordubad və Culfa rayonlarında 2000 hektara qədər sahə suvarılır. Təəssüflə qeyd etmək lazımdır ki, Dəstə, Əylis və Ordubad maili düzənliklərində salınmış yüz hektarlarla meyvə bağları son illər baxımsızlıq üzündən suvarılmadığından tamamilə sıradan çıxmışdır.
  6. Bağırsaqdərəçay — hövzəsi 33 km, sahəsi 117 km². Araz çayının qoludur (Mənbəyi 1.086 m yüksəklikdən başlanır).
  7. Düyülünçay — hövzəsi 30 km, sahəsi 124 km². Araz çayının qoludur (Mənbəyi 2.400 m yüksəklikdən başlanır).
  8. Vənəndçay — hövzəsi 29 km, sahəsi 91 km². Araz çayının qoludur (Mənbəyi 3.400 m yüksəklikdən başlanır).
  9. Axuraçay — hövzəsi 25 km, sahəsi 112 km². Arpa çayının qoludur (Mənbəyi 2.460 m yüksəklikdən başlanır).
  10. Əyilisçay — hövzəsi 24 km, sahəsi 58 km². Araz çayının qoludur (Mənbəyi 3.100 m yüksəklikdən başlanır).
  11. Ordubadçay — hövzəsi 24 km, sahəsi 42 km². Araz çayının qoludur (Mənbəyi 3.200 m yüksəklikdən başlanır).
  12. Parağaçay — hövzəsi 21 km, sahəsi 49 km². Gilan çayının qoludur (Mənbəyi 3.580 m yüksəklikdən başlanır).
  13. Küküçay — hövzəsi 20 km, sahəsi 105 km². Naxçıvan çayının qoludur. (Mənbəyi 3120 m yüksəklikdən başlanır).
  14. Salvartıçay — hövzəsi 10 km, sahəsi 19 km². Naxçıvan çayının qoludur (Mənbəyi 2.849 m yüksəklikdən başlanır).
  15. Kotamçay — hövzəsi 8 km, sahəsi 22 km². Araz çayının qoludur (Mənbəyi 1.640 m yüksəklikdən başlanır).
  16. Kilitçay — hövzəsi 7 km, sahəsi 13 km². Araz çayının qoludur (Mənbəyi 2.340 m yüksəklikdən başlanır).
  17. Ayçınqılçay — hövzəsi 7 km, Vənənd çayının qoludur (Mənbəyi 3.362 m hündürlükdən başlayır).
  1. 1 2 Səfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm-1999
  2. Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan-2008.