Neyera (hetera)

Neyera (q.yun. Νέαιρα; e. ə. IV əsre. ə. IV əsr) — qədim Yunanıstan heterası. O, e.ə. 343–340-cı illər arasında Afina vətəndaşı ilə qeyri-qanuni evlənməkdə və öz qızını yalandan Afina vətəndaşı kimi təqdim etməkdə günahlandırılaraq məhkəmə qarşısına çıxarılmışdır.[1]

Neyera
Doğum tarixi e. ə. IV əsr
Vəfat tarixi e. ə. IV əsr
Uşağı
Partnyorları
Fəaliyyəti hetera

Apollodorun bu məhkəmədə Neyeraya qarşı çıxış etdiyi nitq Demosfenin əlli doqquzuncu nitqi olaraq qorunub saxlanılır. Buna baxmayaraq, sözügedən çıxış çox vaxt Apollodorun verdiyi bir çox nitq üzərində işləmiş Psevdo-Demosfenə aid edilir.[2] Çıxış antik dövrün fahişələri haqqında digər mənbələrdən daha çox təfərrüat verir və nəticədə qədim yunan şəhər dövlətlərində (polis) seks ticarəti haqqında çoxlu məlumat təmin edir.[3]

Neyeraya qarşı

[redaktə | mənbəni redaktə et]
Cinsi əlaqədə olan kişi və heteranın təsviri. Divarda pul kisəsi asılmışdır. Müəllif: Toy vaza rəssamı. E.ə. 480–470-ci illər.

"Neyeraya qarşı" Neyeranın bioqrafiyasının əksər təfərrüatlarının mənbəyidir. Əsərin mövzusu Apollodorun kürəkəni Teomnest tərəfindən təxminən əlli yaşında olan[4] Neyeraya qarşı qaldırılan məhkəmə işi haqqındadır. Buna baxmayaraq, Feomnestin iş haqqında qısa giriş xarakterli məlumatdan başqa, nitqin tamamını Apollodor söyləmişdir. Bu məhkəmə işi əcnəbi olan Neyeranın Afina vətəndaşı ilə evlənməsi[1] və o, öz övladlarını Afina vətəndaşı kimi təqdim etməyə cəhd göstərməsi ittihamı ətrafında fırlanır.[5]

Çıxış Neyeranın həyatından bəsh edir, lakin bu ittihamların mahiyyəti üçün çox az əhəmiyyət kəsb edir.[6] Alimlər ehtimal edirlər ki, həmin təfərrüatlar qaldırılan işin zəifliyini gizlədəcəyi ümidi ilə alçaldıcı ittihamlar kimi Apollodor tərəfindən təqdim edilmişdir.[7][8] Çıxışda verilən dəlillərin düzgünlüyü şübhə altına alınmış və məlum olmuşdur ki, burada həm yalan, həm də qeyri-dəqiqlik var.[9] Buna baxmayaraq, nitq müvəffəqiyyətli heteranın həyatı haqqında çox məlumat verir[6] və klassik Yunanıstanda qadınların həyatına dair bir mənbə kimi tarixçilər üçün son dərəcə dəyərlidir.[10] Bu, klassik dünyada fahişəliklə bağlı ən etibarlı mənbədir, dövr üçün qadınların həyatı və ümumən gender münasibətləri haqqında ən yaxşı mənbələrdən biridir.[9]

Ehtimal olunur ki, Neyera eşəş IV əsrin birinci onilliyində anadan olmuşdur.[11] Onun doğulduğu yer məlum deyil[12] və həyatında məlum olan ən erkən hadisə onun gənc qız olarkən Nikareta tərəfindən satın alınmasıdır.[13] Nikareta satın aldığı qızları hetera olmağı öyrətmiş,[1] müştərilərinin ödəyəcəyi qiyməti artırmaq üçün onları öz qızları adlandırmış[14]Korinfdə onlarla birlikdə yaşamışdır.[15]

Neyeranın fahişəlik fəaliyyəti o, hələ yetkinlik yaşına çatmamışdan başlamışdı.[4] O, iki dəfə Apollodor tərəfindən yetkinlik yaşına çatmamışdan əvvəl pul qarşılığında cinsi əlaqədə olduğu kimi təsvir edilmişdir. Ehtimal edilir ki, Apollodor burada onun həmin yaşda hələ hetera olmadığını nəzərdə tutur.[16][17] Bu müddət ərzində orator Lisi Nikaretanın fahişəxanasının önəmli qonağı və Nikaretanın digər qızlarından olan[18] Metaneyranın daimi müştərisi idi. Xidmətlərinə görə onu mükafatlandırmaq üçün Lisi onun Elevsin misteriyalarına daxil olmasını təşkil etmiş və səyahəti maliyyələşdirmişdir.[19] Neyera bu vaxt 12–13 yaşlarında idi[20] və Nikareta onları müşayiət etmişdir.[21] Neyera e.ə. 378-ci ildə Böyük Panafiney üçün yenidən Afinanı ziyarət etmişdir.[22] O, bu dəfə gənc aristokrat olan Fessaliyalı Sima ilə birlikdə idi.[17][23]

Təxminən e.ə. 376-cı ildə Korinfli Timanorid və Lefkadalı Evkrat Nikaretadan Neyeranı satın almaq üçün otuz mina ödəmişdilər. Bu, bir hetera üçün yüksək məbləğ idi.[24] Kişilər evlənən zaman Neyeraya öz azadlığını iyirmi mina qarşılığında satmağa razılaşdılar. O, keçmiş müştərilərinin hədiyyələri və kreditləri sayəsində azadlığını əldə edə bilmişdi.[25] Bu sövdələşmənin bir hissəsi olaraq, Neyera Korinfdə daha fahişə kimi işləməməyə razılaşmış və ona azadlığını almağa kömək edən Frinion ilə birlikdə şəhəri tərk edərək Afinaya getmişdir.[26]

Neyera e.ə. 373-cü ildə Afinada Frinion ilə yaşayırdı. O, Neyeranı Pifiya oyunlarında əldə etdiyi qələbəni qeyd etmək üçün sərkərdə Xabrinin verdiyi ziyafətə aparmışdı.[27] Apollodor bildirmişdir ki, bu şənlik zamanı Neyera sərxoş halda yuxulayan zaman Xabrinin qonaqları və kölələri tərəfindən cinsi zorakılığa məruz qalmışdı.[28] Frinion tərəfindən edilən bu və digər pis rəftara görə, Neyera e.ə. 372-ci ildə bu təsərrüfat tərk edərək Meqaraya getmişdir. O, öz geyimlərini və zinət əşyalarını, iki qulluqçunu və Friniona məxsus digər əşyalarını özü ilə aparmışdır.[29]

Neyera Meqarada hetera kimi işləməyə davam etmiş və 371-ci ildə Stefan ilə tanış olmuşdur. Stefan onunla Afinaya qayıdacağı halda Neyeranın himayədarı kimi çıxış etməyi təklif etmişdir.[30] Apollodor iddia etmişdir ki, Neyera Afinaya özü ilə iki oğlu və bir qızını gətirmişdi.[31] Buna baxmayaraq, müasir şərhçilər ümumi olaraq, sözügedən oğulların əslində Stefanın afinalı bir qadından doğulan övladları olduğu fikri ilə razılaşırlar.[32] Kristofer Keri qeyd etmişdir ki, oğullardan ən azından biri Stefanın adını daşıyan qanuni övladı idi.[33] Con Bakler yazmışdır ki, Apollodor öz çıxışında Neyeranın iddia edilən oğullarının başqa bir kişidən və ya Stefandan olması haqqında ziddiyyətli fikirlər ortaya qoymuşdu.[8]

"Frina Areopaqın önündə". Burada Afina məhkəməsi qarşısında hetera Frinanın məhkəməsi təsvir edilmişdir. Müəllif: Jan-Leon Jerom. 1861-ci il.

Frinion Neyeranın Afinaya qayıtdığını öyrənmiş və onu Stefadan geri almağa cəhd etmişdir. Stefan müqavimət göstərərək iddia etmişdir ki, Neyera azad qadın olduğu üçün onun bu əməldə heç bir hüququ yoxdur.[34] Frinion sonradan məhkəmədə bu iddiaya etiraz etmişdir, lakin sonradan məsələnin arbitraj yolu ilə həll edilməsinə razı salınmışdır.[35] Arbitraj qərara gəlmişdir ki, Neyera həqiqətən də azaddır və bundan əlavə o, öz kiriyası (məşuqəsi) hesab edilir.[36] Bu, bütün vətəndaş qadınların ən azından bir kiriyə (ağa) sahib olduğu bir cəmiyyətdə son dərəcə qeyri-adi bir qərar idi.[37] Bu qeyri-adi azadlıq səviyyəsinə baxmayaraq, Neyera heç bir fikir bildirmək haqqı olmadan öz vaxtını həmin iki kişi arasında bölüşdürmək məcburiyyətində qalmışdır.[36]

E.ə. 343–340-cı illər arasında Feomnest tərəfindən qayınatası Apollodorun adından Neyeraya qarşı məhkəmə işi qaldırılmışdır. O, elə olmadığı halda özünü vətəndaş kimi təqdim etməkdə ittiham olunurdu. Neyera mühakimə olunacağı halda üzləşdiyi maksimum cəza köləliyə verilmək və əmlakının satılması idi.[38] Neyeranın özü məhkəmədə iştirak etmişdir,[39][40] lakin, ehtimal olunur ki, onun danışmağına icazə verilməmişdir.[41]

Məhkəmə haqqında yeganə salamat qalmış qeyd Feomnest və Apollodorun Neyera və Stefana qarşı söylədiyi nitqdir. Məhkəmənin nəticəsi məlum deyil. Məhkəmədən sonra Neyera haqqında heç bir qeyd yoxdur. Müasir şərhçilər Apollodorun arqumentlərindəki zəif cəhətləri qeyd etmişdilər.[33] Afina məhkəməsinin nəticəsi əsasən tərəflərin münsiflər heyətini öz məqsədlərinə uyğun formada nə qədər inandıra bildiklərindən[5] və bu hədəf üçün hiylələrdən nə qədər istifadə edə biləcəklərindən[32] asılı idi. Buna görə də məhkəmə işinin uğursuz olub-olmadığı bəlli deyil.[42]

  1. 1 2 3 Macurdy, Grace. "Apollodorus and the Speech against Neaera (Pseudo-Dem. LIX)". The American Journal of Philology. 63 (3). 1942: 258. doi:10.2307/290699. JSTOR 290699.
  2. Trevett, Jeremy. "History in [Demosthenes] 59". The Classical Quarterly. 40 (2). 1990: 407–420. doi:10.1017/s0009838800042981.
  3. Hamel, Debra. Trying Neaira: The True Story of a Courtesan's Scandalous Life in Ancient Greece. New Haven: Yale University Press. 2003. ISBN 0-300-10763-3.
  4. 1 2 Carey, Christopher. Greek Orators VI: Apollodorus against Neaira [Demosthenes] 59. Warminster: Aris and Phillips. 1992. səh. 3.
  5. 1 2 Johnstone, Steven. "Apology for the Manuscript of Demosthenes 59.67". The American Journal of Philology. 123 (2). 2002: 229–256. doi:10.1353/ajp.2002.0024. JSTOR 1561742.
  6. 1 2 Macurdy, Grace. "Apollodorus and the Speech against Neaera (Pseudo-Dem. LIX)". The American Journal of Philology. 63 (3). 1942: 268. doi:10.2307/290699. JSTOR 290699.
  7. Carey, Christopher. Greek Orators VI: Apollodorus against Neaira [Demosthenes] 59. Warminster: Aris and Phillips. 1992. səh. 12.
  8. 1 2 Buckler, John. "Review of "Apollodorus, the Son of Pasion" by Jeremy Trevett". The Classical Journal. 90 (3). 1995: 323–325. JSTOR 3297540.
  9. 1 2 Kapparis, Konstantinos A. "Apollodorus Against Neaira" with commentary. Berlin: Walter de Gruyter. 1999. səh. 2. ISBN 3-11-016390-X.
  10. Kapparis, Konstantinos A. "Review of "Trying Neaira" by Debra Hamel". Journal of the History of Sexuality. 13 (1). 2004: 104–107. doi:10.1353/sex.2004.0048.
  11. Kapparis, Konstantinos A. "Apollodorus Against Neaira" with commentary. Berlin: Walter de Gruyter. 1999. səh. 44. ISBN 3-11-016390-X.
  12. Macurdy, Grace. "Apollodorus and the Speech against Neaera (Pseudo-Dem. LIX)". The American Journal of Philology. 63 (3). 1942: 267. doi:10.2307/290699. JSTOR 290699.
  13. Pseudo-Demosthenes 59.18
  14. Pseudo-Demosthenes 59.19
  15. Pseudo-Demosthenes 59.23
  16. Miner, Jess. "Courtesan, Concubine, Whore: Apollodorus' Deliberate Use of Terms for Prostitutes" (PDF). The American Journal of Philology. 124 (1). 2003: 21–22. doi:10.1353/ajp.2003.0023. hdl:2152/31252. JSTOR 1561932. PMID 21966719.
  17. 1 2 Pseudo-Demosthenes 59.24
  18. Athenaeus, Deipnosophistae 13.65
  19. Pseudo-Demosthenes 59.21
  20. Kapparis, Konstantinos A. "Apollodorus Against Neaira" with commentary. Berlin: Walter de Gruyter. 1999. səh. 215. ISBN 3-11-016390-X.
  21. Pseudo-Demosthenes 59.22
  22. Kapparis, Konstantinos A. "Apollodorus Against Neaira" with commentary. Berlin: Walter de Gruyter. 1999. səh. 217. ISBN 3-11-016390-X.
  23. Kapparis, Konstantinos A. "Apollodorus Against Neaira" with commentary. Berlin: Walter de Gruyter. 1999. səh. 216. ISBN 3-11-016390-X.
  24. Kapparis, Konstantinos A. "Apollodorus Against Neaira" with commentary. Berlin: Walter de Gruyter. 1999. 227–228. ISBN 3-11-016390-X.
  25. Pseudo-Demosthenes 59.30-32
  26. Pseudo-Demosthenes 59.32
  27. Pseudo-Demosthenes 59.33
  28. Pseudo-Demosthenes 59.33-34
  29. Pseudo-Demosthenes 59.35
  30. Pseudo-Demosthenes 59.37
  31. Pseudo-Demosthenes 59.38
  32. 1 2 Fisher, Nick. "Review of "Apollodorus Against Neaira: [Demosthenes] 59" edited by Christopher Carey". Greece & Rome. 40 (2). 1993: 218–220. doi:10.1017/S0017383500022816.
  33. 1 2 Carey, Christopher. Apollodorus Against Neaira: [Demosthenes] 59. Warminster: Aris and Phillips. 1992.
  34. Pseudo-Demosthenes 59.40
  35. Pseudo-Demosthenes 59.45
  36. 1 2 Pseudo-Demosthenes 59.46
  37. Pomeroy, Sarah B. Goddesses, Whores, Wives and Slaves: Women in Classical Antiquity. London: Pimlico. 1994. səh. 62. ISBN 978-0-7126-6054-9.
  38. Pseudo-Demosthenes 59.16
  39. Goldhill, Simon. Representing Democracy: Women at the Great Dionysia // Osborne, Robin; Hornblower, Simon (redaktorlar ). Ritual, Finance, Politics: Athenian Democratic Accounts Presented to David Lewis. Wotton-under-Edge: Clarendon Press. 1994. səh. 359.
  40. Dover, K.J. Lysias and the Corpus Lysiacum. Berkeley: University of California Press. 1968. səh. 35.
  41. Goldhill, Simon. Representing Democracy: Women at the Great Dionysia // Osborne, Robin; Hornblower, Simon (redaktorlar ). Ritual, Finance, Politics: Athenian Democratic Accounts Presented to David Lewis. Wotton-under-Edge: Clarendon Press. 1994. səh. 357.
  42. Kapparis, Konstantinos A. "Apollodorus Against Neaira" with commentary. Berlin: Walter de Gruyter. 1999. 42–43. ISBN 3-11-016390-X.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]