Noyşvanşteyn qəsri

Noyşvanştayn qəsri (alm. Schloss Neuschwanstein‎, Almanca tələffüz: [nɔʏˈʃvaːnʃtaɪn], azərb. Yeni Qu quşu daşı qəsri‎) — Almaniyada, Bavariya vilayətinin cənub-Qərbində, Füssen şəhərinin Hohenşvanqau kəndi ərazisində, hündür, sıldırımlı təpənin zirvəsində yerləşən XIX əsrdə inşa olunmuş neoroman üslublu qəsr-saraydır. Qəsr Bavariya kralı II Lüdviqin sifarişi ilə kral iqamətgahı olaraq və Rixard Vaqnerin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmişdir. Qəsrin inşası üçün lazım olan məbləğ Bavariya büdcəsindən deyil, II Lüdviqin şəxsi büdcəsindən ödənmişdir.

Noyşvanştayn qəsri
Schloss Neuschwanstein
Xəritə
47°33′26″ şm. e. 10°44′57″ ş. u.
Ölkə  Almaniya
Şəhər Şvanqau, Bavariya
Aidiyyatı Bavariya Dövlət Saray, Bağ və Göllər İdarəsi.
Layihə müəllifi Eduard Riedel
Memar Mülki mühəndis: Eduard Riedel, Georg von Dollmann, Yulius Hofmann
Digər dizaynerlər: Kral II Lüdviq, Kristian Cenk.
Sifarişçi II Lüdviq
Tikilmə tarixi 5 sentyabr 1869 - 1892 (tamamlanmayıb)
Üslubu Neoklassisizm
Hündürlüyü 65 m
Material kərpic, Əhəng daşı
Vəziyyəti muzey
Rəsmi sayt neuschwanstein.com
Noyşvanştayn (Almaniya)
Noyşvanştayn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyata küskün kralın sığınacağı kimi inşa edilmiş qəsr, onun ölümündən sonra, 1886-cı ildə ictimai ziyarətə açılmışdır.[1] Həmin dövrdən 60 milyondan artıq insan Noyşvanştayn qəsrini ziyarət edib.[2] İl ərzində ortalama 1.3 milyondan çox ziyarətçisi olan abidə, yay günlərində bəzən gün ərzində 6000 ziyarətçi qəbul edir.[3] Bir neçə filmin çəkiliş meydanı da olmuş qəsr Disneylandin Yatmış gözəl qəsrinin və sonrakı oxşar tikililərin də ilham mənbəyi olmuşdur.[4]

Konsepsiya və mədəni əsas

[redaktə | mənbəni redaktə et]

Noyşvanştayn Romantisizm (alm. Burgenromantik‎) adlandırılan müasir memarlıq dəbinin və II Lüdviqin Rixard Vaqnerin operalarına olan sonsuz entusiazmının göstəricisidir.

XIX əsrin sonlarında bir çox qalalar və qəsrləri daha baxımlı etmək üçün yenidənqurma işləri aparılmağa başlanmışdır. Alman dövlətlərində Noyşvanştayna oxşar saray binası layihələri Hohenşvanqau qəsri, Lixtenşteyn qalası, Hohenzollern qalasıReyn sahili ərazidə Stolzenfes qəsri kimi bir neçə layihə həyata keçirilmişdir.[5] Noyşvanştayn qəsrinin inşa edilməsi layihəsi 1867-ci ildə edilmiş iki səfər zamanı Eysenax yaxınlığında Vartburq qəsrinin[6] və Yugen Viollet-le-Dukun layihəsi əsasında Pierrefonds qəsrinin tarixi xarabalıqdan saraya çevrilməsi prosesinin müşahidə olunmasından sonra meydana gəlmişdi.[7][nb 1]

Kral görür ki, hər iki bina onun dostu olan bəstəkar Rixard Vaqnerin operalarındakı orta əsrlərin romantik qalalarını xatırladır. Vaqnerin TenheyzerLoenqrin operaları kralın qəsrin inşası haqqında son qərarı verməsinə təsir edir.[8]

1868-ci ildə babası I Lüdviqin ölümündən sonra II Lüdviqə böyük bir miras qalır.[9][nb 2] Bu miras Münixdən uzaqda olan ailə torpağında sırf ailə mülkü olacaq bir bina inşa etmək və burada orta əsrlərə xas həyat sürmək arzusunu gerçəkləşdirmək üçün Lüdviqə memarlıq layihəsinə başlamağa təkan verir.

" “Bu mənim niyyətimdir ki, qədim alman cəngavərlərinin qalalarının özünəməxsus xüsusiyyətlərini daşıyan Hohenşvanqau qəsrini bərpa edim və etiraf edim ki, mən həm də bir gün yaşaya biləcəyim bir məkanım olmasını istəyirəm [...]; mən istəyirəm ki, xüsusi qonaqlarımı orada yerləəşdirim; həmin yer bu zamana qədər mövcud olan bütün saraylardan gözəl olsun, müqəddəs və əlçatmaz olsun, ilahi qonaqların qarşılanması üçün zəngin bir məbəd və dünyada həqiqətən də xeyir-dua almış bir məkan olsun. Bu saray həm də Tanheyzeri (fondakı müğənnilər zalını) və Loenqrini (saray həyəti, açıq dəhlizi, şapel üzərindəki şimşək çaxmasını) xatırladacaq.”
II Lüdviq, Rixard Vaqnerə məktub, May 1898.[10]
"

Binanın dizaynı səhnə quruluşçusu Kristian Cenk tərəfindən işlənmiş, memar Eduard Riedel tərəfindən isə inşa edilmişdir.[11] Texniki səbəblərə görə xaraba qalanın qəsrin planına daxil edilməsi mümkün olmamışdır. Qəsrin inşası ilə bağlı ilkin layihədə onun stilistik baxımdan Nyuremberq qalasına oxşaması nəzərdə tutulmuş, Vorderhohenşvanqau qalasındakı qədim saray kimi sadə olması təklif edilmişdi, lakin, həmin layihə kral tərəfindən qəbul edilmir, əvəzinə daha geniş, dəbədəbəli sarayla tamamlanan və Vartburq qalası formalı bir layihə hazırlanır.[12] Kral hər bir xırdalıqdan xəbərdar olmaq və işə nəzarət etmək üçün israrla detallı plan tələb edir.[13] Onun nəzarəti o səviyyəyə çatır ki, qəsri memarlarla yanaşı, kralın da yaradıcılıq işi hesab edirlər.[14]

Noyşvanştayn layihəsinin şəkli, Kristian Cenk, 1869.

Müasir memarlıq tədqiqatçıları Noyşvanştaynı XIX əsrin ən böyük saray tikililərindən biri hesab etsələr də, kitç olaraq Noyşvanştayn və II Lüdviqin digər binaları Avropa historisizminin əsas nümunələri hesab edilirlər.[15][16] Maddi problemlər səbəbiylə oxşar layihələr olan Noyşvanştayn və Falkenştayn qalaları planlaşdırılmış səviyyədə tamamlanmamışdır.[17]

Saray XIX əsrin tipik memarlıq nümunəsi kimi dəyərləndirilir. Qəsrin memarlığında Neoroman (kuboidlər kimi sadə geometrik fiqurlar və yarımdairəvi arkalar), Qotik (şiş ucluqlar, zərif qüllələr, incə naxışlar) və Bizans memarlıq üslubları və incəsənətindən (Taxt zalının interyeri) istifadə olunmuş və onlar XIX əsr texnikası ilə birləşdirilmişdir. Yerli Leftlmalerey stilində çəkilmiş Bavariya patronasıMüqəddəs Georqun freskaları saray binasının əsas fasadını bəzəyir. Həmin freskaların texnikası Allqau evlərinin tipik freska texnikası olsa da, Cəngavərlər Evinin qalereyası sanki Art Nevü üslubunun erkən elementlərini əks etdirir.[18] Noyşvanştaynın bəzək təsvirləri üçün teatr səhnələri xarakterikdir: Kristian Cenk həmin dövr üçün nadir sayılan kulissa (slayd formalı) təsvirlərdən istifadə etmişdir.[19]

İlkin olaraq qəsrin neoqotik stildə inşası planlaşdırılsa da, yekunda qəsr neoroman üslubunda inşa edilmişdir. Qəsrdə Tanheyzer və Loenqrin mövzuları tədricən Parsifal mövzularına keçir.[20]

II Lüdviqin ölümündən sonra

[redaktə | mənbəni redaktə et]
Noyşvanştayn 1886-cı ildə

1886-cı ildə II Lüdviq öldüyü zaman Noyşvanştayn hələ yarımçıq idi. Kral heç vaxt qəsrin kütlə üçün əlçatan olmasını planlaşdırmamışdı.[21] Lakin kralın ölümündən altı həftə sonra, regent olan şahzadə Luitpold qəsrin kütlənin ziyarətinə açılması qərarını vermişdir. II Lüdviqin əmlak idarəçisi qəsrin 1899-cu ilə kimi tamamlanmasına çalışmışdır.[22] Həmin dövrdən Birinci dünya müharibəsinə qədər, Noyşvanştayn qəsri Vittelsbax sülaləsinin stabil və xeyirli gəlir mənbəyi olmuşdur ki, bu baxımdan Noyşvanştayn Lüdviqin binaları arasında 1914-cü ilin əvvəllərinə kimi Bavariya kral ailəsinə ən çox gəlir gətirən tikilidir. Ziyatətçilərin səfərini daha maraqlı etmək üçün, ilk öncə sarayın əsas otaqları tamamlanmışdı. İlk dövrlərdə ziyarətçilərin sərbəst hərəkətinə də icazə verilmişdi.

1918-ci ildə Bavariya respublika elan edildikdən sonra, qəsr ictimai yerlərin siyahısına salınmışdı. Vittelsbax sülaləsi ilə aparılan danışıqların nəticəsi olaraq Noyşvanştayn da daxil olmaqla II Lüdvikin bütün qəsr və sarayları dövlətin idarəsinə keçdi və bu günə kimi də Bavariya Dövlət Saray, Bağ və Göllər İdarəsi tərəfindən idarə olunur, gəlirləri isə Bavariya Maliyyə Nazirliyi tərəfindən qəbul edilir. Hohenşvanqau qəsri yaxınlığında yaradılmış Vittelsbax Kompensasiya Fondu ilə Vittelsbax sülaləsini gəlirlə təmin edir.[23] Ziyarətçi sayı getdikcə artaraq 1939-cu ildə artıq 200.000 nəfərə çatmışdı.[23]

Əlçatmaz mövqedə yerləşən qəsr İkinci dünya müharibəsini heç bir zədə almadan keçirə bilmişdir. 1944-cü ilə kimi qəsr Nasist partiyasının törəməsi olan İşğal Olunmuş Ərazilər üçün Reyxsleyter Rozenberq İnstitutunun (Einsatzstab Reichsleiter Rosenberg für die Besetzen Gebiete) nəzarəti altında olmuş və Fransadan qarət olunmuş incəsənət əsərlərinin saxlandığı anbar kimi istifadə edilmişdir.[24] Burada saxlanan əsərlərin şəkilli kataloqu da hazırlanmışdı. İkinci dünya müharibəsi başa çatdıqdan sonra qəsrdəki saraydan 39 kataloq-albom aşkarlanmışdır ki, həmin kataloqlarda da nasistlər tərəfindən oğurlanmış sənət əsərləri yer almışdı. Hazırda həmin kataloqlar ABŞ Milli Arxivində saxlanılır.[25]

Noyşvanştayn 1900-cü ildə (fotoxrom nəşr)

1945-ci ilin aprelində, SS qəsrin və orda saxlanılan incəsənət əsərlərinin ziyan görməsinin qarşısını almaq üçün xüsusi plan hazırlamışdı.[26] Lakin SS Birləşmiş qüvvələrlə təslim müqaviləsi imzaladığından plan həyata keçirilməmiş və qəsr Almaniyanı işğal etmiş Birləşmiş qüvvələrin hakimiyyətinə təhvil verilmişdir.[26] Bundan sonra, Münixin əsas hökumət binaları bombardman zamanı dağıdıldığından, Noyşvanştaynın bəzi otaqları Bavariya dövlət arxivlərinin müvəqqəti saxlanması üçün istifadə edilmişdir.

Noyşvanştayn Romantisizm dövrünün simvollarından biridir. Qəsrdəki saray Disneylandin Yatmış Gözəl qalası üçün model olmaqla yanaşı, Helmut Koytnerin "II Lüdviq", Lukino Viskontinin "Lüdviq" və "Çitti Çitti Benq Benq" filmlərinin çəkiliş məkanı da olmuşdur. 1977-ci ildə Noyşvanştayn qəsri Qərbi Almaniya dövlətinin poçt markası üzərində təsvir edilmiş, 2012-ci ildə isə Almaniya Bundeslanderi üzərində Noyşvanştaynın təsviri olan 2 avroluq xatirə sikkələri buraxmışdır. 2007-ci ildə qəsr Dünyanın Yeni Yeddi Möcüzəsi səsverməsinin finalçılarından biri olmuşdur.[27] Qəsr UNESCO-nun Dünya mədəni irsi siyahısına daxil edilməmişdir. Lakin, 2009-cu ildə Noyşvanştaynın Lüdviqin Linderof və Herrenximze sarayları və Rumınyadakı iki oxşar qəsr Peleş və Pelişor qəsrləri ilə birgə UNESCO-nun siyahısına salınması müzakirə olunmuşdu.[28]

Bu gün ildə 1,3 milyondan çox turist qəbul edən Noyşvanştayn Avropanın ən məşhur turistik bölgələrindən biridir.[3] Təhlükəsizliyin təmin edilməsi üçün hazırda qəsri yalnız 35 dəqiqəlik turlar vasitəsiylə ziyarət etmək mümkündür. İyundan avqusta kimi davam edən pik dövrdə Noyşvanştayn gün ərzində 6000 ziyarətçi qəbul edir. Bilet satışı Hohenşvanqaudakı bilet satışı mərkəzindən həyata keçirilir.[29] 2008-ci ilə kimi qəsri ziyarət edənlərin ümumi sayı 60 milyon nəfərdən çox olmuşdur.[2] 2004-cü ildə isə qəsrin gəlirləri €6.5 milyon olmuşdur.[1]

6 aprel 2002-ci ildə Avstriya sərhəddi yaxınlığına, Hohenşvanqau ərazisinə düşmüş meteorit qəsrin şərəfinə Noyşvanştayn adlandırılmışdır. Meteorit üç hissəyə bölünmüş şəkildə aşkarlanmışdır: Noyşvanştayn I (1,75 kq, iyul 2002) və Noyşvanştayn II (1,63 kq, may 2003) Almaniya ərazisində, Noyşvanştayn III (2,84 kq, iyun 2003) isə Avstriya ərazisində, Roytte yaxınlığında.[30]

Saulinq dağından (2,047 m) Şimala baxdıqda Almaniyanın Bavariya və Avstriyanın Tirol əyalətlərinin sərhəddində Forqqenze gölünün (1952) sahilində Şvanqau bələdiyyəsi, Noyşvanştayn və Hohenşvanqau qəsrləri görünür.

Şvanqau bələdiyyəsi Bavariya vilayətinin cənubunda, 800 metr (2,620 fut) yüksəklikdə yerləşir. Qəsr cənuba, Avstriya sərhəddinə doğru uzanan Alp yüksəklikləri, şimalda isə sıldırım qayalıqlarla əhatələnir.

Orta əsrlərdə yaxınlıqdakı kənddən baxdıqda, bu ərazidə üç qala görünürdü. Onlardan biri Şvanştayn qalası[nb 3] adlanırdı. 1832-ci ildə, II Lüdviqin atası kral II Maksimilyan həmin qalanın xarabalıqlarını almış və yerində bu gün Hohenvanşqau qəsri kimi tanınan neoqotik sarayı inşa etdirmişdir. İnşası 1837-ci ildə tamamlanmış saray kral ailəsinin yay iqamətgahı olmuş, ailənin böyük oğlu olan Lüdviq burada doğulmuş və uşaqlığının böyük bir hissəsini burada keçirmişdir.

Vorderhohenşvanqau qalası və Hinterhohenşvanqau qalası[nb 4] Şvanştayn qalasından görünən sıldırım qayalı təpə üzərində, iki qonşu gölün (AlpsiŞvansi gölləri) və kəndin yaxınlığında yerləşirdi. Xəndəklərlə torpaqdan ayrılan qalalarda zallar, saxlanclar və möhkəmləndirilmiş qüllələr olmuşdur.[31] XIX əsrə qoşa qalaların xarabalıqları çatsa da, Hinterhohenşvanqau qalası Silfentrum sarayının qoruyucu məntəqəsi kimi istifadə olunmuşdu.[32]

Ailə sarayından yuxarıda yerləşən xarabalıqlar kralın gəzintisi zamanı aşkar olunmuşdu. 1859-cu ildə o, həmin xarabalığı öz gündəliyində təsvir edir.[33] Gənc kral hakimiyyətini bir qədər gücləndirdikdən sonra, 1864-cü ildə özünün uzun müddətli saray inşaatçılığı layihələrinin başlanğıcı olaraq iki qala xarabalığı yerində qəsrin inşasına başlayır.[9] Lüdviq qəsri Yeni Hohenşvanqau adlandırır, yalnız onun ölümündən sonra qəsr Noyşvanştayn adlandırılmağa başlayır.[34] Karıxdırıcı nəticə odur ki, Hohenşvanqau və Şvanştayn effektiv şəkildə yerlərini dəyişmişdi: Hohenşvanqau qalası xarabalıqları Şvanstayn qalası adlandırılmış, Hohenşvanqau qalası xarabalıqları yerində isə Noyşvanştayn qəsri inşa edilmişdi.

Noyşvanştayn qəsrinin planı

1868-ci ildə qoşa qalaların xarabalıqları tamamilə sökülmüş, saxlanc yerinin qalıqları isə partladılmışdır.[35] 5 sentyabr 1869-cu ildə qəsrin özül daşı qoyulmuş, 1872-ci ildə qəsrin zirzəmisi tamamlanmış, 1876-cı ildə birinci mərtəbədə ümumi işlər yekunlaşdırılsa da, ilk olaraq "Geythaus" tamamlanmışdır. 1882-ci ildə qəsr bütövlükdə tamamlanmış, II Lüdviqin icazəsi ilə qəsr ərazisində sonrakı tikinti işlərində istifadə üçün bir neçə müvəqqəti yaşayış yeri də quraşdırılmışdır.[20] 1874-cü ildə mülki işlərə rəhbərlik Eduard Riedeldən Goerq von Dollmanna keçmişdir.[36] Sarayın açılış mərasimi 1880-ci ildə baş tutmuş, 1884-cü ildə isə kral yeni saraya köçmüşdür. Həmin il Dollmanın kralın gözündən düşməsindən sonra layihə rəhbəri Yulius Hofmann olmuşdur.

Ənənəvi kərpic hörgüsü ilə inşa edilmiş saray sonradan qaya daşları ilə üzlənmişdir. Künc hörgülərində əhəngdaşından istifadə olunmuşdur.[37] Vürttemberqdəki Sklaitdorfdan gətirilmiş qumdaşı, portallar və pəncərə kənarlarının inşasında tətbiq olunub. Zaltsburq yaxınlığındakı Untersberqdən gətirilmiş mərmərlər isə pəncərələr, arka qabırğaları, sütunlar və kapitalların inşasında istifadə olunub. Taxt zalı üçün sonradan metal konstruksiyalı çatı qurulması lazım olmuşdu.

Materialların tikinti yerinə daşınması eşafort və buxar kranları vasitəsiylə sadələşdirilmişdi. Digər bir kran isə tikinti ərazisində istifadə edilirdi. Həmin dövrdə yenicə yaradılmış Texniki Yoxlama Assosasiyası Dampfkessel-Revisionsverein tez-tez tikinti yerində işləyən texnika vaxitələrinə baxış keçirirdi.

Noyşvanştaynda tikinti işləri, 1886-cı il

İyirmi il ərzində qəsrin tikinti ərazisi region əhalisinin əsas iş yeri olmuşdur.[38] 1880-ci ildə tikinti materiallarını istehsal edənlər və tikinti yerinə çatdıranlar sayılmadan, təkcə inşaat sahəsində təxminən 200-dən artıq işçi çalışırdı.[39] Kralın xüsusi tapşırıqlar verdiyi və ya artıq inşa edilmiş hisslərin kralın tələbi ilə sökülərək başqa şəkildə inşa edildiyi zamanlarda gün ərzində çalışan işçilərin sayı 300-ə çatır, bəzi gecələrdə lampa işığında da çalışırdılar. 1879–1880-ci illərdə qəsrin tikintisinə 465 ton Zaltsburq mərməri, 1550 ton qumdaşı, 400.000 kərpic və 2050 kub metr taxta işlədilmişdi.

1870-ci ildən kral tərəfindən ödənilən aylıq ödəmələr əsasında bütün işçilər kiçik məbləğlə də olsa sığorta edilmişdi. Tikinti qəzaları zamanı (bütün tikinti ərzində 30 qəza baş vermişdi) zərər görənlər və ya ailəsi təqaüd alırdı.

1884-cü ildə kral hələ tikinti işləri tamamlanmamış saraya köçür,[21] 1885-ci ildə isə 60 illiy yubileyi münasibətilə anası Mariyanı saraya dəvət edir.[nb 5] 1886-cı ildə sarayın xarici strukturu bütövlükdə tamamlanır.[21]

Böyük ölçüsünə baxmayaraq Noyşvanştayn bütün kral hakimiyyətini qəbul edə bilmir, yalnız kralın şəxsi xidmətçiləri və qulluqçuları sarayda yerləşir. Həyətdəki binalar daha çox dekorativ xarakter daşımış və az istifadə olunmuşdur.[40] Qəsrdəki saray II Lüdovikin yaşaması üçün teatral bir bina olaraq inşa edilmişdi.[21] "Dostluq məbədi" olmaqla, qəsr həm də 1883-cü ildə vəfat etmiş Rixard Vaqnerin xatirəsini əbədiləşdirmək üçün inşa olunmuşdu.[41] Ümumilikdə II Lüdviq bu sarayda yalnız 172 gün yaşaya bilmişdi.[42]

Maliyyələşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Sarayın inşa prosesi davam etdikcə kralın arzu və tələbləri daha da artır, bu isə böyük maliyyə tələb edirdi. Layihənin dəfələrlə yenidən işlənməsindən sonra qəsrin inşasının ilkin layihədən dəfələrlə baha başa gələcəyi müəyyən edilmişdi.[43] İlkin layihədə Taxt zalının daha sadə olması, əvəzində qonaq otaqlarının Məğrib mövzuları ilə bəzədilməsi nəzərdə tutulsa da, mənbə çatışmazlığı üzündən həyata keçirilməmişdir. Qəsrin tamamlanması əslində 1872-ci ilə planlaşdırılsa da, dəfələrlə təxirə salınmışdır.[43]

Tipik orta əsr cəngavər saraylarının simvolu olan Noyşvanştayn II Lüdviqin yeganə nəhəng inşaat layihəsi olmamışdır. Bunun ardınca o, rokoko üslubunda Linderof sarayı və barokko üslubunda nəhəng Herrenkimze sarayını inşa etdirmişdir.[9] Layihələr arasında ən kiçiyi olan Linderof 1886-cı ildə tamamlanmış, Noyşvanştayn və Herrenkimze isə yarımçıq qalmışdır. Hər üç layihə inşa üçün istifadə olunan maddi mənbənin tükənməsinə gətirib çıxarmışdı. Kral həyata keçirdiyi iinşaat layihələri üçün şəxsi mənbələrindən və gəlirlərindən instifadə etmişdi. Yayılmış şaiələrin əksinə olaraq, bu inşaatlar üçün Bavariya xəzinəsindən istifadə edilməmişdir.[21][44] 1871-ci ildə Otto fon Bismarka siyasi meyllənmə başladıqdan sonra, əlavə iddialar da ortaya çıxmağa başlamışdı.[nb 6]

Qəsrin qış görüntüsü

Qəsrin inşası üçün ilkin proqnozlaşdırmaya görə 3,2 milyon mark gərəkdiyi nəzərdə tutulsa da[44], kralın ömrünün sonuna kimi, Noyşvanştaynın inşasına 6,2 milyon mark xərclənmişdi.[45] Tikintinin getdikcə daha çox xərc tələb etdiyini görən kral yeni kredit xətti açmağa məcbur olmuşdu.[46] 1876-cı ildə iflas haqqında xəbərdarlıq etdikdən sonra, kralın heyət müşaviri başqasıyla əvəzlənmişdir.[47] 1883-cü ildə kral hələ 7 milyon marka sahib olsa da,[48] 1884-cü ilin yazında onun 7 12 milyon mark, 1885-ci ilin avqustunda isə artıq 6 12 milyon mark borcu var idi.[46]

Borcları 14 milyon marka çatdıqdan sonra da, II Lüdviq memarlıq layihələrinin davam etdirilməsinə israr edirdi; Onun saraylarının kreditorlar tərəfindən ələ keçirilməsi halında, o, intahar edəcəyi ilə hədələyirdi.[47] Aprel ayında o, Bismarkın məsləhətinə əməl edərək, pul qarşılığında parlament çağırılmasına razılıq verdi. İyun ayında Bavariya hökuməti, o zaman Noyşvanştaynda yaşayan kralı devirmək qərarına gəldi. 9 iyunda o hakimiyyətdən məhrum edilir, 10 iyunda isə Noyşvanştaynda, Geythausda ifadə komissiyası tərəfindən həbs edilir.[49] Komissiyanın gözlədiyi kimi, o, qəsri əhatə edən jandarmeriya və yanğınsöndürmə briqadası tərəfindən xəbərdar edilmişdi.[46] Bernard von Quddenin başçılıq etdiyi ikinci komissiya növbəti gün gəlmiş və kralın gecəyə kimi sarayı tərk etməli olduğunu bildirmişdi. II Lüdviq Bernard von Quddenin nəzarəti altına verilmişdi. 13 iyunda onlar hər ikisi sirli şəkildə, Berq qəsri yaxınlığındakı o qədər də dərin olmayan Starnberq gölündə boğularaq ölmüşlər.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Qəsrin Cənub-Şərqdən ümumi görünüşü.

Həm xarici, həm də daxili quruluş baxımından qəsr olduqca dəbdəbəli görünüşə malikdir. Kralın memarlara təsiri, qəsrin hər addımında və hər bir tikilidə çox güclü hiss olunur, dizyn və dekorasiya isə kralın maraqlarını sərgiləyir. Saraydakı əsas otaqlara Taxt zalı, Lüdvikin otağı, Müğənnilər zalı və Qrotto daxildir. Ümumilikdə sarayın dizaynında Loenqrin haqqında alman əfsanəsi və Qu quşu cəngavər haqqında əfsanənin motivlərindən geniş istifadə olunub. Lüdvikin uşaqlıq və gəncliyini keçirdiyi Hohenşvanqau sarayında da bu saqaların təsvirləri vardır. Bu mövzular Rixard Vaqnerin operalarından götürülmüşdür. Sarayın otaqlarının əksəri dekorasiyasızdır. Belə ki, Lüdvikin ölümünə kimi otaqlardan yalnız on dördünün dekoru tamamlanmışdı.[50] Sarayın yanında inşa edilən digər bir saray da kralın ölümü ilə yarımçıq qalmışdır. Zirzəminin mərkəzi meydanın altında olması nəzərdə tutulsa da, kral ailəsinin qərarı ilə onun inşası baş tutmamışdır. Zirzəminin özülləri indi də yuxarı həyət ərazisində görünməkdədir.

Noyşvanştayn qəsri 150 metr uzunluğu olan qaya üzərindəki bir neçə müstəqil tikilidən təşkil olunmuşdur. Həmin tikililərə müxtəlif müşahidə qüllələri, bəzək qüllələri, qəsr divarları, eyvanlar və heykəllər daxildir. Neoroman üslubuna uyğun olaraq pəncərələr dəbli triforiaları şəklində açılır. Qəsrdən Cənubda Tegelberq və Pöllat Corc, şimalda isə Alp dağları, onların ətəyindəki dağ gölləri görünür, bu isə qəsrin müxtəlif yerlərindən baxdıqda müxtəlif cazibədar mənzərələrin görünməsini təmin etməklə yanaşı, həm də kənardan qəsrə baxdıqda çox gözəl mınzərələrin yaranmasını təmin edir. Bu qəsrin, orta əsr cəngavər qalaları haqqında romantik ideala əsasən dizayn edilmənin nəticəsidir. Uzun əsrlərlə davam edən tikinti işləri və ilkin tikiliyə edilən əlavələr nəticəsində qarışıq bir kompleks halında dövrümüzə çatmış "real" qalalardan fərqli olaraq, Noyşvanştayn assimetrik, sabit və planlı quruluşa malikdir.[43] Tipik qəsrlər üçün xarakterik olan bütün detallara malik olmasına baxmayaraq, tikilinin orta əsr qalaları kimi müdafiə xarakteri daşıdığını söyləmək çətindir.

Qeythausun xarici və daxili fasadı.
Sarayın fasadındakı divar rəsmləri.
Sarayın damı

Kompleksə hər iki tərəfdən iki mrətəbəli qüllələrlə əhatələnmiş Geythausdan daxil olunur. Şərqdəki darvaza divarı bütün qəsrdə yeganə divardır ki, yüksək kontrastlı rənglə bəzədilmişdir: eksteryer divarı qırmızı kərpicdən, həyətə baxan divar isə sarı əhəngdaşından hörülmüşdür. Dam karnizləri kiçik qüllələrlə tamamlanır. Geythausun yuxarı mərtəbəsi mərhələli keçidli frontonla tamamlanır və saraya köçdüyü ilk günlərdə burada məskunlaşan II Lüdviq hərdən burdan baxaraq qəsrin digər hissələrindəki tikinti işləri ilə tanış olur, zalların tamamlanmasını seyr edirdi. Geythausun birinci mərtəbəsi isə axır kimi istifadə olunmuşdur.

Reallaşdırılmamış kilsənin yerindən yuxarı həyətin görünüşü: solda Xanımlar evi, mərkəzdə Saray, sağda Cəngavərlər evi.

Qeythausun keçidi düz əsas həyətə baxan Bavariya dövlət gerbi oyması ilə bəzədilmişdir. Həyət iki hissəlidir. Aşağı hissə Qeythausun şərq tərəfində yerləşir, Düzbucaqlı qüllədən və qaleyreya binasından şimaldakı əraziləri əhatə edir. Həyətin cənub hissəsi açıqdır və buradan qəsri əhatə edən dağların gözəl mənzərəsi görünür. Qərb tərəfdə həyət kərpicli hörgü ilə tamamlanır və buradan planlanmış kilsənin xor hissəsinə keçid var. Memarlıq kompleksinin planlanmasına görə mərkəzdə yerləşməli olan üç nefli bu kilsə 90 metr (295 fut) ərazini əhatə etməli idi, lakin həmin kilsə heç vaxt tikilməmişdir. Kənardakı pilləkənlə irəlilədikcə, həyətin yuxarı hissəsinə daxil olursan.

Kilsənin özülü bu gün yuxarı həyətin tertuarı kimi istifadə olunur. Yuxarı həyətdəki ən diqqətçəkici tikili Dördbucaqlı qüllədir (45 metr hündürlükdə). Kompleksdəki əksər binalar kimi, bu qüllə də daha çox dekorativ xarakter daşıyır. Qüllədən Alp dağları silsiləsinə əvəzedilməz mənzərə açılır. Yuxarı həyətin şimal tərəfində Cəngavərlər Evi adlı bina yerləşir. Üç mərtəbəli bina Dördbucaqlı qüllə və kor arkalarla bəzədilmiş Qeythausla birləşir. Qala romantisizmi mövqeyindən yanaşdıqda, Cəngavərlər evini qəsrdəki kişilər məkanı kimi də qəbul etmək olar; bura həm də Noyşvanştaynın əşya və xidmət otaqları kimi də nəzərdə tutulmuşdu. Cəngavərlər Evi ilə üzbəüz yerləşən yaşayış binası bəzən Xanımlar Evi də adlandırılır. Lakin Yuxarı həyətin cənubunda yerləşən bu bina heç vaxt istifadə olunmamışdır. Hər iki binanın motivi Loenqrin operasının birinci pərdəsindəki Antverp qalasından götürülmüşdür. Aşağı doğru isə planlanmış kilsənin yeri görünür.

Yuxarı həyətin qərb qurtaracağında Saray yerləşir. Qəsrin əsas binası olan Saray kralın yaşayış yeri olmaqla, mərasim zalları, xidmətçilər üçün otaqları da özündə birləşdirir. Beş mərtəbəli nəhəng bina olan Saray, sanki kuboidlərin qalın künclər vasitəsiylə əlaqələndirilməsi nəticəsində yaradılmış, və iki böyük maili damla örtülmaşdür. Binanın ümumi görünüşü kompleksin ahəngini tamamlayır. Sarayın iki ədəd, ikimərtəbəli qülləsi də vardır ki, onlardan şimal tərəfdə olanı sarayın damından 65 metr (213 fut) hündürə ucalır. Polimorfik damlarına görə, həmin qüllələr Pyerfon qalasını xatırladır. Sarayın Qərb divarında iki mərtəbəli eyvan vardır ki, burdan Alp dağlarına mənzərə açılır, şimal divarında alçaq kürsü qülləsi vardır. Sarayın girişi müxtəlif dekorativ qüllələrlə bəzədilmiş, həyətə baxan divarda isə freskalar çəkilmişdir. Həyətə baxan hissədə sarayın damı mis şir fiquru ilə bəzədilmişdir.

Sarayın üçüncü mərtəbəsinin planı. Dördüncü mərtəbədə Müğənnilər zalının yeri qırmızı rənglə verilmişdir.

Əgər tikintisi tamamlansa idi, qonaqların yerləşdirilməsi, eləcə də xidmətçilər üçün nəzərdə tutulmuş otaqlar da daxil olmaqla, sarayda ümumilikdə 200-dən artıq otaq olmalı idi. Lakin onlardan cəmi 15 otaq və zal tamamlanmışdır.[51] Sarayın aşağı mərtəbələrində idarəçilik və xidmətçilik otaqları yerləşirdi, bu gün isə saray idarəsi həmin hissədə yerləşir. Kralın yaşayış otaqları isə yuxarı mərtəbələrdə yerləşir: yaşayış otaqları üçüncü mərtəbədə, Müğənnilər zalının üstündədir. Yuxarı mərtəbədə bütün bir sahə Taxt zalıdır. Ümumilikdə sarayın bütün otaqlarının həcmi 6.000 kvadrat metrdir.[51]

Taxt Zalının divarında Müqəddəs Georginin əjdaha ilə döyüşməsi səhnəsi.

Noyşvanştayn sarayının otaqlarının interyeri alman historisizminin elementlərini özündə əks etdirir. Sarayın otaqları XIX əsrin ən müxtəlif texniki vasitələri ilə təchiz edilmişdir.[18][52] Bunlardan ən diqqət çəkəni xidmətçiləri çağırmaq üçün batareyalı zəng sistemi və telefon xəttlərinin olmasıdır. Sarayın mətbəxində, içərisində istiliyin təsiri ilə avtomatik dönən şişlər quraşdırılmış Rumford sobası vardır.[53] Buradan çıxan isti hava binanın otaqlarının istilik şəbəkəsində istifadə olunmuşdur. Dövr üçün yeniliklərdən biri kranlardan axan isti sular və avtomatik isinən tualetlərdir.

Ərazisinə görə Taxt zalından sonra ən böyük otaq Müğənnilər zalıdır. 27 Metr uzunluğu, 10 metr eni olan zal,[54] sarayın şərq hissəsində, dördüncü mərtəbədə, kral otağının üstündə yerləşir. Bu zal Vartburq sarayının Müənnilər zalı və Bal zalının təsvirlərinin qarışığı şəklində dizayn edilmişdir. Bu zal kralın saraydakı ən sevimli otaqlarından biri olmuşdur.[55] Düzbucaqlı otaq Loenqrin və Parzival mövzuları əsasında bəzədilmişdir. Otağın uzun divar hissəsində tribuna quraşdırılmışdır ki, bu da Vartburqun dizaynından götürülmüşdür. Otağın Şəraqdəki kiçik divarında sıratağlı kiçik səhnə quraşdırılmışdır ki, həmin səhnə də ifaçı səhnəsi (sängerlaube) kimi məlumdur. Ola bilsin ki, bu zal da Taxt zalı kimi, cəngavər mədəniyyəti və orta əsrlərin taxt sevgisini təsvir etmək üçün qalereya kimi nəzərdə tutulmuşdur. Bu zalda ilk tədbir 1933-cü ildə baş tutmuş və Rixard Vaqnerin ölümünün əllinci il dönümünə həsr olunmuşdur.[44]

20 Metr uzunluğu, 12 metr eni olan[56] Taxt zalı sarayın Qərb hissəsində yerləşir. 13 Metr hündürlüyü olan[56] zal üçüncü və dördüncü mərtəbələri əhatə edir. Yulius Hofman bu zalın planını Münix saray kompleksi tərkibində olan Bütün müqəddəslər kilsəsinin planına uyğun olaraq dizayn etmişdir. Üç tərəfdən zal rəngarəng sıratağlarla bəzədilib, apsis tərəfində isə II Lüdviqin heç vaxt tamamlanmamış taxtı yerləşir. Taxt kürsüsü İsa, On iki həvari və altı kanonlaşdırılmış kralın təsvirləri ilə bəzədilmişdir. Divar rəsmləri Vilhelm Hosşild tərəfindən işlənmişdir. Döşəmə mozaikası isə yalnız kralın ölümündən sonra tamamlanmışdır. Şamdanlar Bizans tacı şəklində dizayn edilmişdir. Taxt zalı sakral təsir bağışlayır. Kralın arzusu ilə, kralların ilahi hakimiyyətinin təsdiqi[15] kimi Kuzə zalı Parsifalla birləşdirilmişdir ki, bu da II Lüdvikin konstitusiyalı monarxiya rəhbəri kimi çox da uzun müddət əldə edə bilmədiyi monarxın qeyri-məhdud, suveren hakimiyyətinin simvolu idi. Otaqdakı sakral və şahanə mühit apsidakı altı kanonlaşdırılmış kral olan Müqəddəs Lui, Müqəddəs Stefan, Müqəddəs Edvard, Müqəddəs Vinçeslav, Müqəddəs Olaf, Müqəddəs Henrinin portretləri ilə daha dəqiq vurğulanır.

Nəhəng mərasim zallarının qonşuluğunda II Lüdvikin yaşaması üçün bir neçə kiçik otaq da inşa edilmişdir.[57] Kral mənzili üçüncü mərtəbədə, sarayın şərq hissəsindədir. Kral üçün səkkiz böyük otaq və bir neçə kiçik otaq dizayn edilmişdi. Şatafatlı dekorasiyasına baxmayaraq yaşayış hissəsi müasir otaq həcmi, yumşaq yataq dəstləri və mebelləri ilə müasir ziyarətçilər üçün heç də yad olmayan bir görüntü yaradır. Sarayın bu hissəsinin dekorunun işlənməsi zamanı II Lüdviq ictimai işlərlə məşğul olduğuna görə o qədər çox diqqət yetirməmişdir. Bununla belə, interyer dekorunda: divar rəsmləri, xalçaçılıq məhsulları, qarnitur və digər əl işlərində kralın sevdiyi mövzulara üstünlük verilmişdir ki, həmin mövzular da, müqəddəs kuzə əfsanəsi, Volfram fon Eşenbax və Rixard Vaqnerin ona həsr etdiyi incəsənət əsərləridir.

Saraydakı kiçik ailə kilsəsinin interyeri.

Rəsmlər otağının şərq divarı Loenqrin əfsanəsi mövzuları ilə bəzədilmişdir. Şimal tərəfdə yerləşən mebellər: divan, stol, stullar və pavilion olduqca rahat və gözəl görünüşlüdür. Rəsmlər otağından sonra süni mağara gəlir. Mağarada süni şəlalə, "göyqurşağı maşını" adlandırılan alət və istixana var. Mağara Vaqnerin Tanhauzer operasındakı alman əfsanələrindən gələn Venera mağarasının təsviri kimi yaradılmışdır. Linderhof sarayındakı parkda da kral, buna bənzər, lakin daha böyük ölçülü mağara inşa etdirmişdir. Mağaranın qarşısında incə məhəbbət mövzuları ilə bəzədilmiş yemək otağı yerləşir. Mətbəx üçüncü mərtəbədə yerləşdiyinə görə, Noyşvanştaynda LinderhofHerrenkimze saraylarındakı kimi xüsusi mexanizmlə yoxa çıxan masa quraşdırılması mümkün olmamışdır. Lakin, yemək otağı xüsusi lift vasitəsiylə mətbəxlə əlaqələndirilmişdir.

Yataq otağı yemək otağının qonşuluğunda yerləşir və kiçik ev kilsəsi nəzərə alınmasa qəsrdə Neoqotik üslubda olan yeganə otaqdır. Kralın yataq otağındakı dominant obyekt şəkillərlə bəzədilmiş nəhəng yataqdır. Kralın yatağı on dörd dülgər tərəfindən dörd illik çalışmalardan sonra palıd ağacından hazırlanmışdır.[58] 11–12 iyun 1886-cı ildə Lüdviq həbs edildiyi gecə o otaqda idi. Kiçik ev kilsəsi isə Müqəddəs Luinin şərəfinə təqdis edilmişdir.

Sarayın aşağı mərtəbəsində yerləşən xidmətçi otaqları palıd ağacından hazırlanmış mebellərlə bəzədilmişdir. Otaqdakı stolun yanlarında hər birinin 1,80 metr uzunluğu olan iki yataq qoyulmuşdur. Otaqlar qeyri-şəffaf şüşəli pəncərələrlə dəhlizdən ayrılır ki, beləcə kralın görünmədən əsas pilləkəndən istifadə etməsi təmin edilir. Xidmətçilərə əsas pilləkəndən istifadə etmək qadağan edilmiş, lakin onlar üçün xüsusi, daha kiçik enə malik pilləkənlər inşa edilmişdir.

Yarımçıq qalmış layihələr

[redaktə | mənbəni redaktə et]

Lüdviqin ölümü zamanı, qəsrdəki sarayın tamamlanmasına çox az qalmışdı. Saray və Qeythausun eksteryeri əsasən tamamlanmışdı, lakin düzbucaqlı qüllə üzərində eşafot hələ də qalmaqda idi. Xanımlar evinin inşasına hələ başlanmamışdı, lakin 1892-ci ildə o, planlaşdırılmış qadın müqəddəslərin fiqurları olmadan tamamlanmışdı. Cəngavərlər evi həmçinin sadələşdirilmişdir. II Lüdvikin təsdiq etdiyi planda Cəngavərlər evinin sütunlarının ağac gövdəsi, başlıqlarının isə tac şəklində olması nəzərdə tutulmuşdu. Kompleksin əsas elementlərindən biri olan 90 metr (300 fut) uzunluqlu, yuxarı həyətdən üçnefli kilsənin üzəri ilə keçməli olan keçid vasitəsinin də yalnız özülü inşa edilmişdir.[13] Bu element inşa edilmədiyindən Qeythaus ilə Xanımlar evi arasında əlaqə yoxdur.[59] Kralın ölümündən sonra, terraslı qəsr bağları və fəvvarələr planı da ləğv edilmişdir.

Sarayda kralın yaşayış hissəsinin interyeri 1886-cı ilin sonlarına kimi demək olar ki, tamamlanmışdı, qalan hissələr olan lobbilər və koridorlar isə, 1888-ci ilə kimi sadə rəsmlərlə bəzədilmişdi.[57] Kralın arzusu olan Məğrib zalı (Taxt zalının altında planlaşdırılmışdı) reallaşdırılmamış qalıb. Həmçinin, Vartburqdakı Cəngavərlər hamamı planına əsasən düzənlənmiş "Cəngavərlər hamamı" da inşa edilməmişdir. Bu hamam, orta əsr cəngavərlərinin vəftiz hamamı mərasiminin keçirilməsi üçün nəzərdə tutulmuşdu. Xanımlar evində "Gəlin xoru",[19] Sarayın ikinci və birinci mərtəbələrində qonaq otaqları və Ziyafət zalı da təxirə salınmış layihələr sırasındadır. Faktiki olaraq, Noyşvanştaynın inkişaf planı heç vaxt işlənməmişdir, hətta kralın ölümü dövründə belə saraydakı müxtəlif otaqların necə istifadə olunacağı müəyyənləşdirilməmişdir.[39]

Noyşvanştayn qəsrindən açılan müasir panoram (1,008 m və ya 3,307 ft[42]): (soldan sağa) Noyşvanştayn qəsrinə gətirən yol; Alpsi gölü; XIX əsrdə inşa edilmiş Hohenşvanqau qəsri və onun arxasında Şvansi gölü; Qəsrin qarşısında Alterşrofen və Füssen yaşayış məntəqələri; mərkəzdə Şvanqau bələdiyyəsi və geniş Forqqenze gölü; Banvaldsi gölü (şimalda).
Noyşvanştayn qəsrinin Mariya körpüsündən (Marienbrücke) görünüşü.
  1. Bu səfərlər zamanı homoseksual kral əmiqızısı hersoginya Sofiya Şarlotta ilə nişanlanmış və yanvar ayında bu xəbər ictimayətə açıqlanmışdı, lakin, oktyabr ayında nişan ləğv edilmişdi.
  2. 1848-ci il inqlabındanLola Montezin qalmaqallı açıqlamasından sonra Kral I Lüdviq oğlu I Maksimilyanın varisliyi məsələsindən əl çəkir.
  3. alm. Burg Schwanstein‎ alman dilindən təcümədə Qu quşu daşı qalası anlamını verir.
  4. Vorderhohenşvanqau qalası (alm. Burg Vorderhohenschwangau‎) və Hinterhohenşvanqau qalası (alm. Burg Hinterhohenschwangau‎) birlikdə Hohenşvanqau qalası (alm. Burg Hohenschwangau‎) adlandırılır. Lakin, səhvən II Lüdviqin atası tərəfindən inşa etdirilmiş neoqptik qəsr də ingilis dilli mənbələrdə bu adla tanınmışdır. Hohenşvanqau hərfi tərcümədə "Yüksək Qu quşu ərazisi" anlamını verir.
  5. Həmin dövrdə keçmiş kraliça Hohenşvanqau qəsrində yaşayırdı. Vaqner tərəfindən rədd edilmiş keçmiş kraliçanın oğlu ilə münasibətləri gərgin idi.
  6. 1870-ci ilin noyabrında II Lüdviq, Bismark tərəfindən hazırlanmış Kayzerbref adlandırılan məktubu imzalayaraq digər alman dövlətlərinin rəhbərlərinə göndərir və Prussiya kralı I Vilhelmi alman dövlətlərinin kayzeri kimi tanımağı təklif edir. Əvəzində Bismarkın Velfenfonddakı gizli hesabından məbləğ alır.
  1. 1 2 Bayerisches Staatsministerium der Finanzen, 2005
  2. 1 2 Bayerisches Staatsministerium der Finanzen, 2009
  3. 1 2 Bayerisches Staatsministerium der Finanzen, 2008
  4. Smith, 2008. səh. 79,83
  5. Pevsner, Honour və Fleming, 1992. səh. 168
  6. Petzet, Bunz, 1995. səh. 50
  7. Petzet, Bunz, 1995. səh. 51
  8. Blunt, 1970. səh. 197
  9. 1 2 3 Blunt, 1970. səh. 110
  10. "Neuschwanstein Castle: Idea and History". Bavarian Palace Department. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-11.
  11. Petzet, Bunz, 1995. səh. 53
  12. Petzet, Hojer, 1991. səh. 10
  13. 1 2 Petzet, Hojer, 1991. səh. 12
  14. Rauch, 1991. səh. 12
  15. 1 2 Petzet, Hojer, 1991. səh. 16
  16. Petzet, Bunz, 1995. səh. 7
  17. Petzet, Bunz, 1995. səh. 82
  18. 1 2 Blunt, 1970. səh. 212
  19. 1 2 Petzet, Hojer, 1991. səh. 9
  20. 1 2 Ammon, 2007. səh. 107
  21. 1 2 3 4 5 Petzet, Hojer, 1991. səh. 19
  22. Rauch, 1991. səh. 16
  23. 1 2 Sykora, 2004. səh. 32f
  24. Farmer, 2002. səh. 140f
  25. National Archives, 2007
  26. 1 2 Linnenkamp, 1986. səh. 184f
  27. Hatton, 2007
  28. Biedermann, 2009
  29. "Ticketcentre Hohenschwangau". 2012-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-30.
  30. Heinlein, 2004. səh. 17
  31. Buchali, 2009
  32. Petzet, Hojer, 1991. səh. 4
  33. Rauch, 1991. səh. 8
  34. Petzet, Hojer, 1991. səh. 46
  35. Blunt, 1970. səh. 114
  36. Petzet, Hojer, 1991. səh. 11
  37. Petzet, Hojer, 1991. səh. 21
  38. Petzet, Bunz, 1995. səh. 64
  39. 1 2 Rauch, 1991. səh. 14
  40. Petzet, Bunz, 1995. səh. 46
  41. Petzet, Bunz, 1995. səh. 67
  42. 1 2 Merkle, 2001. səh. 68
  43. 1 2 3 Rauch, 1991. səh. 13
  44. 1 2 3 Linnenkamp, 1986. səh. 171
  45. Petzet, Bunz, 1995. səh. 65
  46. 1 2 3 Bitterauf, 1910
  47. 1 2 "Ludwig II. (Bayern)" (German). Who's Who Online. 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
  48. Blunt, 1970. səh. 111
  49. Petzet, Hojer, 1991. səh. 23
  50. Desing, 1992
  51. 1 2 Parkyn, 2002. səh. 117
  52. "Neuschwanstein Castle: Interior and modern technology". Bavarian Palace Department. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-11.
  53. Linnenkamp, 1986. səh. 64, 84
  54. Koch von Berneck, 1887. səh. 47
  55. Petzet, Hojer, 1991. səh. 48
  56. 1 2 Koch von Berneck, 1887. səh. 45
  57. 1 2 Petzet, Hojer, 1991. səh. 26
  58. Blunt, 1970. səh. 113
  59. Petzet, Hojer, 1991. səh. 22

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]