Paraqvay Respublikası

Paraqvay (rəsmi adı: Paraqvay Respublikası) — Cənubi Amerikada dənizə çıxışı olmayan dövlət. Cənubda və cənub-qərbdə Argentina, şimal-qərbdə Boliviya, şərqdə və şimal-şərqdə Braziliya ilə həmsərhəddir. Paytaxtı Asunson şəhəridir. Paraqvayın ərazisi 406.756 kvadrat kilometrdir.

Paraqvay
Paraqvay Respublikası
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Paz y justicia
(isp. «Sülh və hüquq»)
Himn: Paraguayos, República o Muerte
Rəsmi dilləri
Paytaxt Asunson
İdarəetmə forması Prezident respublikası
Prezident Santyaqo Penya [15.VIII.2023 ~]
Vise-prezident Pedro Alliana
[15.VIII.2023 ~]
Sahəsi Dünyada 60-cı
 • Ümumi 406752 km²
 • Su sahəsi (%) 2,3%
Əhalisi
 • Əhali 6,218 mln nəfər (113-cü)
 • Siyahıyaalma (28.VIII.2002) 5 163 mln nəf.
 • Sıxlıq 15 nəf./km² (215-ci)
 • Ümumi 39.950.899.733 $[2], 41.722.295.362 $[2]
İİİ (2013) 0.717
İnternet domeni .py
ISO kodu PY
BOK kodu PAR
Telefon kodu +595
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Paraqvay

Müasir Paraqvay ərazisi 16-cı əsrin birinci yarısında ispanlar tərəfindən tutuldu və Perunun vitse-krallığına daxil edildi, lakin artıq 17-ci əsrdə isə ərazi Paraqvay çayına görə belə adlandırılan "Paraqvay" general-qubernatorluğuna verildi. Paraqvay, yerli hindlilərin bəzi dialektlərində “buynuzlu çay” mənasını verən hind sözü "Paraguay" sözündəndir. 1811-ci ildə “Paraqvay Respublikası” (İspan. República del Paraguay) elan edildi; o vaxtdan bəri ölkənin adı dəyişməyib.[3]

La-Plata hövzəsinin geniş ərazilərinin tədqiqi Xuan-Dias de Solisin rəhbərlik etdiyi ekspedi tərəfindən 1516-cı ildə Atlantik okeanında Parana və Uruqvay çaylarının mənsəblərinin əmələ gətirdikləri körfəzdən başlamışdır. Məhz ispan konkistadorlarının dayaq məntəqələri də elə okean sahillərində yaradılmışdı. Sonradan onlar materikin daxili hissələrinə, quarani hindularını yaşadığı Parana və Paraqvay çaylarının arasındakı vadiyə doğru irəlilədilər. Buradakı hindu tayfası yarımoturaq həyat tərzi keçirir, əkinçilik, ovçuluq və balıqçılıqla məşğul olurdular. Lakin okeandan uzaqlıq, təbii varidatın azlığı bu rayonu təsərrüfat nöqteyi-nəzərincə mənimsəməyə imkan vermədi. 1617-ci ildə böyük ərazini əhatə edən Rio-de-La-Plata iki hissəyə bölündü. Şimalda Quayara əyalətinin mərkəzi Asunsyon olmaqla Paraqvay adlandırıldı.

Paraqvayın xəritəsi

Ölkənin ərazisi qitə olatformasının qərb hissəsində yerləşir. Paraqvay çayı bu ərazini şərq və qərb hissələrə bölür. Cənub-şərqində hündürlüyü 300–400 m-ə çatan Parana Platosu və hündürlüyü 700 m-ə çatan qədim platforma qalxması, Parana çayının qərbində geniş Çako ovalığı yerləşir. Bu ovalığın səthi çayların And dağlarından gətirdiyi çöküntü materialları ilə örtülmüşdür.

Cənub tropikinin hər iki tərəfıni əhatə edən Paraqvayın əlverişli iqlimi vardır. Şərqi Paraqvayın iqlimi əsasən subtropikdir, lakin Çakoda hava isti və quru tropik xarakterlidir. Çakoda yayda (oktyabr mart ayınadək) orta aylıq temperatur 29 °C-yə, maksimum isə 47°-C-yə çatır. Təsadüfi deyildir ki, materikin təxminən ortasında yerləşən bu vilayət ən isti və qurudur. Şərqi Paraqvayda yayın orta temperaturu 27 °C-dir və ən isti aylar dekabr, yanvar, fevraldır ki, materikin daxili, hissələrində isti və rütubətli küləklər əsir. Qış dövründə Şərqi Paraqvayda havanın temperaturu 15–24 °C arasında tərəddüd edir. Hərdənbir sərt şaxtalar plantasiyalara ciddi zərər yetirir. Bu adətən Cənubda pampadan soyuq hava kütlələlri Pataqoniya istiqamətindən Parana-Paraqvay ovalığı boyu əraziyə daxil olarkən baş verir. Şərqi Paraqvayda qasırğalar az-az hallarda, qısamüddətli olur və ərazinin bir hissəsini əhatə edir. Yağıntıların düşməsində mövsümilik nəzərə çarpır. Şərqdən qərbə doğru onun miqdarı azalır.

Paraqvay çayı vadisində quraqlıq dörd ay (iyun-sentyabr) ərzində davam edir, yalnız ölkənin şərq hissəsində il boyu bərabər miqdarda yağıntılar müşahidə edilir. Çakonun Boliviya ilə sərhəddindən başqa ölkə ərazisi çaylarla əhatələnir. Onun ən iri çayları Parana və iri qolu Paraqvaydır. Parana uzunluğuna və hövzəsinin sahəsinə görə Amazondan sonra Latın Amerikasında ikinci yeri tutur. Parana aşağı axarlara doğru getdikcə genəlir, sürəti azalır və gəmiçilik üçün yararlı olur. Paraqvay da Parana kimi öz mənbəyini Braziliyadan götürür. Ümumi uzunluğu 2,5 min km olan çay ölkə ərazisindən 900 km məsafədən keçir. Ölkə ərazisini şimaldan cənuba doğru kəsib keçən çay özünün yuxarı axarında Braziliya, aşağı axarında isə Argentina ilə dövlət sərhəddini yaradır. Paranadan fərqli olaraq, o, sakit axarlıdır və yatağı boyu düzənlikdən keçir. Paranaya qovuşan yerdə dərinliyi 22 m-dir. Paraqvay ölkənin əsas nəqliyyat damarıdır. Yatağının mütəmadi olaraq dərinləşməsi nəticəsində gəmilər Konsension limanına, dəniz gəmiləri isə Asunsiyonadək gələ bilir.

Paraqvayın mineral resursları hələ o qədər də yaxşı öyrənilməmiş, faydalı qazıntı işləri fəal surətdə həyata keçirilməmişdir. Dəmir filizi, manqan, mis, həmçinin kükürd, qranit, bazalt, çöl şpatı, əhəng və digər tikinti materiallarının müəyyən qədər ehtiyatı vardır. Çakoda neft ehtiyatları aşkar edilmişdir. Ölkənin əsas təbii ehtiyatı onun meşə resurslarıdır ki, ərazinin 56 faizini örtür. Parana Platosu daha sıx meşəliyə malikdir, qərbə doğru irəlilədikcə onun seyrəlməsi müşahidə edilir. Rütubətli şərqdə qırmızı-ferralit torpaqlarda həmişəyaşıl meşə və kolluqlar, mərkəzdə bataqlıqlaşmış meşələr, hündürboylu otları olan savannalar və bataqlıqlar növbələşir. Qərb hissədə tropik meşələr, qonur-qırmızı torpaqlar qiymətli kebraço, alqarrobo, çanyar və digər qiymətli ağaclarla zəngindir.

Parana Platosundan qərbə doğru palma meşəliyi yayılmışdır. Palma ağacının bir növü olan karnauba (mum, şam palması) geniş şöhrət qazanmışdır. Bu ağacın hündürlüyü 10–12 m, yarpağının diametri 2 m-ə çatır. Mum qatı cavan yarpaqları rütubət itirməkdən qoruyur. Cır portağal meşələri Paraqvayın sol qolları boyu, həmçinin də Asunsiyon-Enkaraasyon dəmiryol xətti boyu uzanır. Onların yarpağından alınan efir yağı ixrac olunur. Portağalın mədəni növlərinin meyvəsi dadına görə yüksək qiymətləndirilir. Çakonun quraqlığa davamlı meşələrində kebraço ağacı xüsusilə fərqlənir. Onun oduncağında 30 %-dək tanin vardır ki, ondan gön-dəri sənayesində işlədilən aşılayıcı istehsal edilir. Kebraço meşə massivlərinin yaradılması və ondan istifadə təsərrüfat əhəmiyyəti kəsb edir. Bu ağacın oduncağı bərk, ağır və gec bərpa olunandır, uzunömürlüdür. Buna görə də kebraço meşələrinin səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir.

Paraqvay bütöv Amerikada iqtisadi cəhətdən ən geridə qalmış İspan müstəmləkəsi olmuşdur. Yalnız müstəqillik əldə etdikdən yarım əsr sonra iqtisadi inkişaf üçün ilkin addımlar atılmağa başlanmışdır. İlk əvvələr dövlət ölkəni xammal və ərzaq məhsulları idxal etmək və xaricdən asılı vəziyyətdən çıxarmaq üçün tədbirlər görməyə başladı. Heyvandarlığı inkişaf etdirmək, pambıq, buğda, və qarğıdalı istehsalını artırma təşəbbüsündə olanları mükafatlandırırdı. Bu həmçinin də milli sənaye şamil edildi.

Paraqvayın təbii imkanları yüksək məhsuldar əkinçiliyin və maldarlığın inkişaf etdirilməsinə, milli sənayesinin yaradılmasına gözəl şərait yaradır. Lakin təəssüf ki, hələ də ərazinin çox hissəi lazımi şəkildə mənimsənilməmiş, bir çox təbii, o cümlədən hidroresurslar kifayət qədər tədqiq edilməmiş, mövcud meşə massivləri birtərəfli və zəif istifadəyə cəlb edilmişdir. Emaledici sənaye demək olar ki, rüşeym halında və bəsit formasındadır.

Ölkə iqtisadiyyatı zəif inkişaf edir, adambaşına milli qəlir Venesuela, Argentina, Braziliya, Meksika və Çiliyə nisbətən 5–6 dəfə aşağı səviyyədədir. Onun iqtisadiyyatının əsasını kənd və meşə təsərrüfatı təşkil edir. Əmək qabiliyyətli əhalinin də 3∕4-ü bu sahələrə cəlb olunmuşdur. Muzdlu fəhlələr kənd təsərrüfatından savayı meşə təsərrüfatlarında da çoxdur. Onlar yarba-mate yarpaqlarının yığılıb, emal olunmasında, ağac tədarükündə, kebraço şirəsi hazırlanmasında iştirak edirlər. Xarici ölkələrin kapital qoyuluşunda Argentina daha üstün yer tutur. Argentina kapitalı əsasən kebraço şirəsi, paraqvay çayı, sement, ağac emalı və heyvandarlıq məhsulları istehsalına yönəldilmişdir.

Ölkə iqtisadiyyatında xarici kapitalın xüsusi çəkisi getdikcə artmaqdadır. Burada ABŞ, İngiltərə, Braziliya və Argentina müstəsna rol oynayırlar. XX əsrin 60–70-ci illərində durğunluq keçirn ölkə iqtisadiyyatı regionda digər ölkələrdən geri qalmış, ÜDM-un və milli gəlirin artım sürəti aşağı olmuşdur. Paraqvay həmçinin Latın Amerikasının digər ölkələrində tək ÜDM-un həcmi ilə deyil, həm də orta illik artım səviyyəsinə görə də geridə qalır. ÜDM-un srtukturu göstərir ki, ölkədə iqtisadiyyat hələ də durğunluq həddni aşmır və dəyişməz qalmaqdadır. Son illər xidmət sahələri sürətlə inkişaf edərək istehsal bölməsinə sərf ediləsi maliyyə imkanlarını özünə cəlb edə bilmişdir. Son 10 ildə Paraqvayın ümumi daxili məhsul istehsalında tikintinin xüsusi çəkisi çox sürətlə artır. Bu ilk növbədə amerika krediti əsasında SES-nin, strateji əhəmiyyətli avtomobil yolunun çəkilişi ilə izah edilir.

Ümumiyyətlə, son 50 ildə ölkənin iqtisadiyyatının inkişafına və yenidən qurulmasına xarici kapitalın cəlb edilməsi sürətlənmişdir. Argentina kapitalı əsasən kebraço şirəsi, paraqvay çayı, sement, ağac emalı və heyvandarlıq məhsulları istehsalına yönəldilmişdir. Parana çayı üzərində Argentina ilə birgə tikilən bu SES-nın istehsal gücü 3,7 mln.kVt-dır. Parana çayı üzərində ən nəhəng SES-nın tikintisi artıq başa çatmışdır. Bu SES-ın tikintisi 16 ilə, tiknti xərci isə 18 mld. dollara başa gəlmişdir. 70-ci illərdən etibarən Paraqvayın nəinki öz ehtiyaclarını ödəyir, hətta Braziliya və Argentinaya da elektrik enerjisi ixrac edir.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Paraqvayın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkənin ümumi daxili məhsul istehsalında kənd təsərrüfatının xüsusi çəkisi 27,2%-dir, ölkəyə daxil olan valyutanın 95%-ni verir. Ölkə iqtisadiyyatının aqrar xarakterli olmasına baxmayaraq, əhalinin cəmi 89%-ni ərzaq məhsulları ilə təmin edir, qalan hissəsi isə xaricdən, xüsusilə Braziliya və Argentinadan idxal edilir. İdxal məhsullarının da 70–80 %-i buğdanın payına düşür.

Latifundizm və yarımnatural kiçik hissələrə bölünmüş xırda təsərrüfatlar kənddə əsas torpaq mülkiyyətidir. 2,5 min latifunçunun əlində ölkənin torpaq sahəsinin 3/4-ü cəmləşmişdir. 25 iri torpaq sahibkarı ailəsinə ümumi torpaq fondunun təxminən yarısı mənsubdur. Ölkənin qərb əraziləri üçün heyvandarlıq latifundiyaları ixtisaslaşmış sahələrə çevrilmişdir və iri estansiya (heyvandarlıq təsərrüfatı) 30–40 min baş mal-qaraya sahibdir. Şərqdə iri heyvandarlıq təsərrüfatları ilə yanaşı kiçik kəndli təsərrüfatları da vardır. Lakin kəndli təsərrüfatlarının 2/3 hissəsi iri olmayan əraziləri ya icarə, ya da hüququ əsası olmayan zəbt formasında (okupantes) becərmə məcburiyyətində qalmışlar. Onun istehsal gücü 12,6 mln.kVt miqdarında hesablanmışdır. Ölkədə fəaliyyət göstərən 185 minə yaxın təsərrüfatlarda 850 min nəfər, yəni ölkənin iqtisadi fəal əhalisinin 60%-ə qədəri çalışır.

Kənd təsərrüfatı məhsulunun istehsal səviyyəsi olduqca aşağıdır. Təsərrüfatların texnika və kübrə ilə təchizatı çox zəifdir. Kənd təsərrüfatı məhsulu istehsalının çeşidində və həcmində müəyyən dövrlərdə olan irəliləyişlər, adətən ya həmin məhsula təlabatın dünya bazarında artmasından, ya da əlverişli iqlim şəraitindən asılı olur. Son illər ixrac olunan məhsulların istehsal həcmində müəyyən artım hiss edilməkdədir. Vaxtı ilə Paraqvay çayı ən çox ixrac olunan və bölgəyə külli miqdarda valyuta gətirən məhsul idisə, indi o, az gəlir gətirən sahəyə çevrilmişdir.

Ölkənin əsas əkinçilik rayonu Parana, Paraqvay çayları və şimal-şərqdən keçən Asunsiyon-Enkarnason dəmiryol xətti arasında yerləşən üçbucaq şəkilli ərazidir. Burada kiçik və orta təsərrüfatlar üstünlük təşkil edir. Əkinçilikdə ərzaq bitkisi kimi bütün təsərrüfatlarda qarğıdalı və maniok əkilir.

Son illər ərzində çəltik əkini və istehsalı da xeyli artırılmışdır. Onun əkin sahəsi hazırda 13–15 min ha, istehsalı isə 43–50 min tona çatır. Paraqvaylıların qida rasionunda şirin kartof-batatın xüsusi yeri vardır, illik istehsal həcmi 110–150 min ton təşkil edir. Şəkər qamışının əkin sahəsi artmasa da, istehsal həcmi sürətlə artmaqdadır. Şəkər qamışının əkin plantasiyalarının əsas rayonları Kiindi şəhərindən şimalda Asunsiyondan sonra Paraqvay çayının sağ sahillərində, Vilya-Ayes şəhərinin ətrafındadır.

1950-ci illərdən etibarən ölkədə qəhvənin istehsalına maraq artmağa başladı. 1953-cü ildə Şimali amerika firması "Amerikan kofı korporeyşn" və braziliyalı "Lunardeli" maliyyə qrupu Aedro-Xuan Kabalyero şəhəri yaxınlığında, Braziliya ilə sərhəddə 25 milyon hektar torpaq almışdır. Bu torpaqlarda hərəsi 50 ha (25 min ədəd qəhvə ağacı) olan plantasiyalar salınmışdır.

Texniki bitkilər içərisində pambıq və tütün istehsalı xüsusi yer tutur. Bu bitkilər geniş şəkildə 1920-ci ildən sonra əkilməyə başlanmışdır. Hazırda pambıq üçün 85–90 min ha əkin sahəi ayrılmışdır. O, əsasən paytaxtın şərq dəmir yolu xətti boyu ərazilərdə becərilir. Onun istehsal həcmi 58–70 min tona çatdırılmışdır. Paraqvay pambığı yüksək keyfıyyətli və uzunliflidir. Orta məhsuldarlıq hər h-dan 700–800 kq-dır. Çiyiddən ərzaq məhsulu məqsədilə yağ istehsal edilir.

Ölkədə becərilən ixrac istiqamətli bitkilərdən biri də tütündür. Tütün əsasən Asunsiyondan şərqdə 5–10 min ha ərazidə becərilir və orta hesabla hər il 28–30 min ton məhsul götürülür. İstehsal olunmuş tütünün 60%-ə qədəri Argentina, Uruqvay, Qərbi Avropa və Şimali Afrika ölkələrinə ixrac edilir. Yağlı bitkilər içərisində daha geniş yayılmışı yer fındığı, yənı araxisdir. Araxisin vətəni Cənubi Afrikadır və Paraqvay ərazisində onun əkin sahəsi 18–20 min ha, istehsal həcmi isə 19–25 min t-dur. Ölkənin kənd təsərrüfatında sitrus bitkilərinin 3/4 — ü banan, ananas və digər meyvələrin istehsalı xüsusi yer tutur. Hər il orta hesabla naringi, partağal, limon və digər meyvələrin istehsalı 25–30 min sentnerdir. Paraqvay çayının sol qolları boyu və Asunsiyon-Enkarnason dəmir yolu xətti boyu portağal meşəliyi uzanır. Dünya portağal yağı istehsalının 3/4-ü Paraqvayın payına düşür və o, tibbdə və kosmetika sahəsində qiymətli xammaldır. Paraqvayda istehsal olunan mədəni portağal olduqca yüksək keyfiyyəti, dadı, qoxusu ilə Latın Amerikasında müqayisəyə gəlməzdir.

Asunsiyon şəhərinin əsası qoyulduqdan dərhal sonra ispanlar bura yeddi inək və buğa gətirdilər. Onlardan törəmiş iri buynuzlu mal-qara nəinki Paraqvayda, hətta Argentina və Uruqvayda iri sürülərin yaranmasına səbəb oldu. Otlaq heyvandarlığı indi də Paraqvayda kənd təsərrüfatının əsas sahəsi kimi özünü göstərir. Bu təsərrüfat sahəsi kənd təsərrüfatı ümumi daxili məhsulun 1/3-ni, ölkənin ümumi daxili məhsulunun 19%-ni, milli gəlirin 13%-ni verir. Ölkədə üç əsas heyvandarlıq rayonu vardır. Onlardan biri Paraqvay və Parana çaylarının arasındakı üçbucaq şəkilli subasarın şirəli otlağı, ikincisi, Paraqvayın sol sahili boyu, üçüncüsü isə getdikcə daha böyük əhəmiyyət kəsb edən Paraqvay Çakosunun cənub-şərq hissəsidir. Heyvandarlıq ölkədə əsasən ətlik istiqamətlidir. Yalnız Asunsiyon ətrafında südlük istiqamətli heyvandarlıq inkişaf etmişdir. Ölkədə heyvandarlığın inkişafı Argentina və Uruqvayla gərgin rəqabət şəraitində gedir. Ölkə ərazisinin 34%-ni çəmənlik və otlaqlar təşkil edir. Bunların da 90%-i iri torpaq sahibkarlarının əlindədir, heyvandarlıq latifundiyalarında cəmləşən iribuynuzlu mal-qaranın da 40 %-dən çoxu həmin sahibkarlara məxsusdur. Ölkədə olan mal-qara əsasən kreol növündəndir, iqlimə yaxşı uyğunlaşmışdır, lakin az ət verəndir. Cins tərkibinin yaxşılaşdırmaq, məhsuldarlığını artırmaq üçün Avropadan bir neçə döl növü gətirilmişdir. İxrac işinin artırılması məqsədilə heyvandarların vergisinin azaldılması, ölkəyə gətirilən maşın və avadanlıqların gömrük rüsumunun ləğv olunması, dünya bazarında paraqvay əti, gön-dəri məhsullarının rəqabətinin tənzimlənməsi sahəsində xeyli iş görülmüşdür.

Meşə təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Paraqvay iqtisadityyatında, xüsusilə də xarici ticarətdə meşə təsərrüfatının xüsusi rolu vardır. Ölkə ərazisinin 56%-ni örtən meşə ümumi daxili məhsulun 4%-ni, milli gəlirin 2%-ni verir. Meşə massivlərinin 92%-i xüsusi, 5%-i dövlət, 3%-i kooperativ mülkiyyətə məxsusdur. Ölkənin əmək qabiliyyətli əhalisinin 3%-dən çoxu meşə təsərrüfatında çalışır.

Müstəmləkə dövründə əsas meşə sənayesi cır paraqvay çayı — yorba-mate yarpağının yığılması olmuşdur. Bu çay yarpağının qısa müddətdə acgözlüklə və necə gəldi yığımı ölkənin cənub-şərqində yaorba-mate bitkisinin yox olmasına gətrib çıxarmışdır. Qonşu Argentinada paraqvay çayına təlabatının artması onun yeni-yeni plantasiyalarının yaradılmasına səbəb oldu. Meşələrin ağac tədarükü olduqca primitiv yolla həyata keçirilir. Kəsilmiş ağaclar ya fəhlələr vasitəsilə müəyyən ərazilərə daşınır, ya da Parana, Paraqvay və onların qolları vasitəsilə müəyyənləşmiş dayanacaqlara axıdılır.

Çakonun şimalında Paraqvay çayının sahili boyu park meşələrinin kebraço ağacları daha intensiv surətdə mənimsənilir. Argentina ilə yanaşı Paraqvay da dünya bazarında kebraço şirəsi ixrac edir. 1941-ci il müqaviləsinə əsasən dünya bazarına çıxarılan kebraço şirəsinin 20%-i Paraqvayın, 80%-i isə Argentinanın payına düşməlidir. Kebraço tədarükü əsasən Paraqvay çayının qərbində PuertoQurani və Puerto-Pinesko rayonu ərazisində həyata keçirilir.

Paraqvayda sənaye olduqca zəif inkişaf etmişdir və əsasən də bir sıra kənd təsərrüfatı və meşə materialları emal edən müəssisələrlə təmsil olunur. II Dünya müharibəsi dövründə xarici məhsulların kəskin şəkildə çatışmaması Latın Amerikası ölkələrində yüngül sənayenin inkişafına çox yaxşı zəmin yaratdı. Lakin Paraqvayda sənaye əvvəlki səviyyədə qalaraq özünün olduqca zəif texniki təchizatı ilə xarakterizə olunaraq qalmaqda davam edir. Digər tərəfdən sənayenin inkişafına bir sıra amillər də mane olur. Belə ki, daxili bazarın kasadlığı, xarici kapitalın təsiri, kadrların çatışmazlığı, yanacaq-energetika bazasının zəifliyi, nəqliyyat vasitələrinin çatışmamızlığı, yolların kifayət qədər olmaması belə amillərdəndir. Xarici kapital ölkədə ən iri sənaye müəssisələrinə sahibbdir. Son illər ABŞ, İngiltərə, AFR, Fransa ilə yanaşı, Braziliya, Argentinada Paraqvay sənayesinə, xüsusilə də, elektroenergetika, dağ-mədən, meşə sənaye, neft emalı və digər sahələrə marağı artırmışdır. Ümumi daxili məhsul istehsalında sənayenin xüsusi çəkisi uzun illərdir ki, 16–20% həcmində qalmaqdadır. Lakin son 10 ildə Argentina, Braziliya və Uruqvayla birgə elektroenergetika sənayesinin inkişafında ciddi dönüş yaranmışdır. Lakin buna baxmayaraq, ölkədə ümumi daxili məhsulun istehsalının orta illik artım sürəti Latın Amerikasının əksər ölkələrindən geri qalmaqdadır.

Son illərdə Paraqvayda fəaliyyət göstərən sənaye müəssisələrinin 45% yeyinti, 12% toxuculuq, 13%-i kimya, 10%-i müxtəlif içki və tütün, 3%-i ağac emalı sənaye sahələrinin payına düşür.

XX əsrin sonlarında demək olar ki, sənayenin bütün sahələri paytaxtda cəmləşmişdir. Hazırda Mərkəzi rayonda, Asunsiyon da daxil olmaqla sənaye müəssisələrinin 76%-i cəmləşir.

Emaledici sənayenin əsas sahəsi yeyinti sənayesidir. Ölkədə şəkər istehsalı getdikcə təkmilləşərək dünya bazarında bu məhsulların təlabatına uyğunlaşmışdır. Əsasən paraqvaylı olan və yaxın xaricdə yaşayan sahibkarlar ölkənin şəkər sənayesinin ümumi məhsulunun 70%-ni verir. Bitki yağı istehsalında ölkənin böyük müvəffəqiyyəti vardır. Belə ki, tuiq yağı evir yağı istehsalına görə dünyada birinci yeri tutur. Ölkənin toxuculuq sənayesi 19 pambıqtəmizləmə və 18 toxuculuq fabriki ilə təmsil olunur. Yekun məhsul istehsalının yarıdan çoxu amerika şirkətlərinin payına düşür. Ən iri fabriklər Asunsion və Paraqvay çayı üzərində yerləşən Pilar şəhərində yerləşir. Müəssisələrin əksəriyyəti yerli pambığın əsasında işləyir və ilkin parça istehsal edir. Dəri-ayaqqabı sənayesinin müəssisələri əsasən Asunsion və Puerto-Sastredə yerləşir.

Gön-dəri məhsulları və ayaqqabı istehsasalı əhalinin təlabatını hələlik ödəmir, istehsal olunan dərinin böyük əksəriyyəti ixrac edilir.

Taxta-şalban sənayesinin əsas mərkəzləri Vilyarrika və Keronel-Ovyedo şəhərlərinin ətrafında, həmçinin də Konsepsion, San-Pedro-Rosario və Enkarnosyon rayonlarındadır. 1952-ci ildə Konsepsion yaxınlığında Vanyeşdə sement zavodu işə düşmüş, il 12–14 milyon ton məhsul istehsal etməyə başlamışdır. Ölkənin sementə olan təlabatı ödənilmiş, qalan hissəsi Boliviya və Braziliyaya ixrac edilməyə başlamışdır.

Ölkədə dəmir filizi, nikel və digər faydalı qazıntıların müəyyən qədər ehtiyatının olmasına baxmayaraq, dağ-mədən sənayesi kifayət qədər inkişaf etməmişdir. Hələ 1954-cü ildə İbikun şəhəri yaxınlığında az da olsa dəmir filizi emal edilməyə başlasa da indiyədək müəyyən inkişaf nəzərə çarpmır.

İngilis və amerikan neft krallarının rəqabəti 1930-cu illərdə Paraqvayla Boliviya arasında müharibənin başlanmasına səbəb oldu. Boliviyanın neftli zonasının kənarındakı mübahisəli Çako vilayəti müharibə nəticəsində Paraqvaya nəsib oldu. ABŞ, İngiltərə, Kanada, Braziliya və digər dövlətlərin neft şirkətləri Paraqvay Çakosu ilə konsessiya danışıqlarını davam etdirdilər. Nəhayət, amerika şirkətləri olan "Pyur oyl of Paraqvay" və "İnterneşnl prodaktş korporeyşn", həmçinin Braziliya firması "Petrolera quarani" və "Karlos Kasada limitada" belə konsessiya əldə edə bildilər. 1958-ci ilin axırlarında "Pyur oyl of Paraqvay" şirkəti ilk neft quyularını qazmağa başladı.

Keçən əsrin 70-ci illərinin əvvəllərinədək Paraqvay elektroenergetikanın inkişaf səviyyəsinə görə Latın Amerikasında axırıncı yeri tuturdu. Cəmi 47 İES vardı və əsasən də gətirilmə neftə və oduna əsaslanırdı. Elektrik enerjisin ölkə ehtiyacının cəmi 30%-ni ödəyə bilirdi. İstehsal gücü 136 min kvt olan "Akaray-1" və "akaray −2" SES-ləri Akaray çayı üzərində tikildikdən sonra enerjiyə olan təlabat ödənildi. 1973-cü ildən etibarən Paraqvay Cənubi Amerikada ilk elektroenerji ixrac edən ölkə oldu. Braziliya və Argentina ilə birgə tikilən SES-lər istifadəyə verildikdən sonra Paraqvay onlarla birgə tikilən stansiyaların elektrik enerjisinin cəmi 1,8%-ni istehlak edir, qalanını Argentina və Braziliyaya ixrac edir.

Emaledici sənayenin əksər müəssisələri, kebraço şirəsi istehsal edən zavod, taxta-şalban, şəkər və şərab zavodlarından başqa, mərkəzi dairələrdə və ya ona bitişik rayonlarda cəmləşmişdir.

Müharibədən sonrakı dövrdə dənüyütmə sənayesi sürətlə inkişaf etməyə başlamışdır. Əgər müharibədən əvvəl o unu xaricdən gətirirdisə, Asunsion, Enkarnason və konsensionunda, tikilən dənüyütmə müəssisələrindən sonra o, yalnız buğda idxal edir.

Məhsulun dəyərinə görə yeyinti sənayesindən sonra kimya sənayesi xüsusilə fərqlənir. Burada aparıcı sahə kebraço şirəsi istehsalıdır.

Paraqvayın sənayesinin və bütövlükdə iqtisadiyyatının inkişafına nəqliyyatın və rabitə vasitələrinin zəifliyi öz mənfı təsirini göstərmişdir. Təxminən 140 il bundan əvvəl prezident Karlos Antonio Lopesin əmri ilə Cənubi Amerikanm ən qədim dəmiryollarından biri əsgərlər tərəfındən inşa edilməyə başlamışdır. Bu yol Asunsionu Paraquari şəhəri ilə, 1886-cı ildə Vilyarriki, 1911-ci ildə isə Enkarnasyonla birləşdi. İki ildən sonra Enkarnasyonla Pasadas arasındakı bərə Argentina dəmiryol şəbəkəsi ilə birləşdi və Asunsion Buenos-Ayreslə dəmiryol əlaqəsinə malik oldu.

Bundan əlavə bir sıra qısa dəmiryol budaqları vardır ki, onlar da xüsusi şirkətlərə məxsusdur. Onların hamısı Çakonun daxili rayonlarını portlarla birləşdirir. Bu yollarla kebraço ağacları şirə almaq üçün zavodlara daşınır. Hazırda ölkənin dəmiryol xəttinin ümumi uzunluğu 1,5 min km, yükgötürmə qabiliyyəti ildə 85–90 min tondur.

Son illər Paraqvay hökuməti avtomobil yollarının salınmasına diqqəti artırmışdır. Xüsusilə strateji əhəmiyyət kəsb edən beton və asfalt yollarının çəkilişinə daha çox fikir verilir.

Ölkənin vacib nəqliyyat arteriyalarından biri də çay nəqliyyatıdır. Bu sahədə Parana və Paraqvay çayları və onların qolları mühüm rol oynayır. İl boyu istifadə oluna bilən çay yollarının ümumi uzunluğu 3,5 min km-dən çoxdur. Bu yollarla hər il orta hesabla 0,5–1 mln. ton yük daşınır. İri çay və orta dəniz gəmiləri Asunsion, orta çay gəmiləri isə Konsensionadək qalxa bilirlər, hətta dayaz çökmə gəmiləri okeandan 2700 km aralanaraq Paraqvayla Braziliya limanı olan Korumbayadək qalxa bilirlər. Paraqvay və Parana çayları ilə ixrac-idxal əməliyyatlarının 90%-i həyata keçirilir.

Son illər hava nəqliyyatı çox sürətlə inkişaf etməyə başlamışdır. Daxili iqtisadi və inzibati əlaqələrlə yanaşı beynəlxalq liman olan Asunsion bu gün müasir təyyarə, aparatura və texnika ilə təchiz olunmuşdur.

Müasir Paraqvayın əhalisi özünün yekcinsliyi ilə seçilir, hər 10 nəfərdən 9-u metisdir. Metislər Paraqvay əhalisinin 95%-ni təşkil edir. Onların damarlarında ispan və hindu qanı axır. Paraqvayda müxtəlif etnik qruplar yaşayır. Onlardan ən geniş yayılmış xalq mestizolardır. Ölkədə ispanlar, brazilyalılar, portuqallar və s. yaşayır. Çakoda, Şərqi Paraqvayın qapalı ərazilərində təmizqanlı hindular ölkə əhalisinin cəmi 4%-ni təşkil edir. Zəncilər və mulatlar sayca az olduqlarından əhalinin qarışmasında və formalaşmasında mühüm rol oynaya bilməmişlər.

1930-cu ildə Paraqvayın əhalisi 850 min nəfər, 1963-cü ildə 1,9 mln. nəfər, 2000-ci ildə 5,3 mln.nəfər, 2005-ci ildə isə 6,3 mln. nəfər, əhalinin illik artımı 2,3–2,5 % olmuşdur. Son siyahıyaalmaya görə əhalinin sayı 6.4 mln. nəfərə yaxındır (iyul 2010). Əhalinin İllik orta artımı 1,3%-dir. Orta ömür müddəti kişilərdə 73, qadınlarda 79 ildir. Ölkə əhəlisinin 60 faizini şəhər əhalisi təşkil edir (2008). Əhalinin cins tərkibində qadınların xüsusi çəkisi daha böyükdür, bu ilk növbədə ölkənin tarixində baş vermiş müharibələr, kişilərin qonşu ölkələrə emiqrasiyası ilə əlaqədardır. Ölkədə aparılan tədqiqatlar göstərir ki, kənd yaşayış məntəqələrində hər üç təsərrüfatdan birində kişi yoxdur. Son dövrlərdə əhalinin sayı ancaq təbii artım hesabınadır. Avropalıların bura gəlişi o qədər də kütləvi olmamışdır. 1870-ci ildən yarım əsr ərzində köçüb gələnlərin sayı 12–15 min nəfərdən artıq olmamışdır və əsasən italyan, fransız, ispan və ingilislərdən ibarət olmuşdur. Onların da bir çoxu iri torpaq sahibkarları, sənayeçilər, maliyyəçilər və biznesmenlər olmuş, ölkənin iqtisadi, siyasi və ictimai həyatında mühüm rol oynamışlar.

2005-ci ildə iqtisadi fəal əhalinin 43 %-i kənd təsərrüfatında, 16 %-i sənayedə, 11 %-i rabitə və nəqliyyatda, 30 %-i ticarət və digər sahələrdə cəmləşmişdir.

Əhalinin orta sıxlığı hər kvadrat kilometrdə 4–5 nəfərdir. Bu göstərici Boliviyadan sonra regionda ən aşağıdır. Ərazidə əhali qeyri-bərabər məskunlaşmışdır. Ölkə ərazisinin 60 %-ni əhatə edən Çakoda ümumi əhalinin cəmi 5%-i cəmləşmişdir. Meşə ilə örtülü yüksək sahələr də zəif məskunlaşmışdır. Paraqvay çayının sol sahilində hər bir m2 -ə 30 nəfər düşür. Əhalinin nisbətən sıx məskunlaşdığı hissəsi Asunsiyonla Enkaraason şəhəri arası təpəli düzənlikdir. Şəhər əhalisinin xüsusi çəkisinə görə, Paraqvay Latın Amerikasında axırıncı yeri tutur. Ölkədə iri şəhərlər yoxdur və əksəriyyətində əhali 30–40 min nəfərdir. Latın Amerikasının əksər ölkələrində olduğu kimi burada da şəhərlər ispan plana uyğunluğundadır.

Ümumi şəhər əhalisinin yarıdan çoxu Asunsiyonda yaşayır. Əsası 15 avqust 1537-ci ildə qoyulmuş Asunsiyonun əhalisi 1960-cı ildə 295 min, hazırda isə 900 min nəfərdən çoxdur.

Paraqvay mədəniyyətinin tanınmış nümayəndələrindən biri şairə, roman və hekayələr müəllifi, bədii keramika sahəsində də tanınan Jozefina Pladır (1903–1999). Paraqvayın tanınmış yazıçılarından biri də Servantes mükafatı laureatı Auqusto Roa Bastosdur (1917–2005).

Paraqvaylı klassik gitaraçı və bəstəkar Aqustin Pio Barrios Manqore (1885–1944) — Avropada məşhurluq qazanmış ilk Cənubi Amerika gitaraçısıdır; o klassik gitara üçün üç yüzdən əsərin müəllifidir.

Paraqvayın milli musiqi aləti — Paraqvay arfasıdır.

Paraqvaylılar Latın Amerikasında yeganə ikidilli xalqdır. Paraqvayda dövlət dili ispan və quarani dilləridir. Latın Amerikasının digər ölkələrindən fərqli olaraq Paraqvayda ümumi ünsiyyət dili kimi yerli əhalinin dilindən-quarani dilindən geniş istifadə olunur.

Ölkədə bir çox partiyalar fəaliyyət göstərir ki, onlardan biri də Paraqvay Kolorado Partiyasıdır.

  1. 1 2 140 // Constitution o Paraguay.
  2. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  3. "C.M.Caddel. Historia de los misiones en el Japon y Paraguay. Madrid, 1858, стр.287". (#cite_web_url)