Surinam

Surinam (nider. Suriname) və ya rəsmi adı ilə Surinam Respublikası (nider. Republiek Suriname) — Cənubi Amerikada dövlət. Surinam Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Qayana, cənubda Braziliya, şərqdə Fransız Qvianası ilə həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Paramaribo, ümumi sahəsi 163,821 kvadrat kilometr, əhalisinin sayı 570 min nəfərdən çoxdur. Ölkənin keçmiş adı Niderland Qvianası olmuşdur.

Surinam
Republiek Suriname
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Justitia - Pietas - Fides (latınca)
(
Ədalət - Əmək - Sədaqət)
Himn: God zij met ons Suriname (Niderlandca)
(Tanrı bizimlədir Surinam)
Tarixi
 • Niderlanddan müstəqil olub 25 noyabr 1975
 • Hazırkı Konstitusiyanın qəbul olunması 30 sentyabr 1987
Rəsmi dilləri
Paytaxt Paramaribo
İdarəetmə forması respublika
Prezident Chan Santokhi
Vitse-prezident Ronnie Brunswijk
Sahəsi Dünyada 90-cı
 • Ümumi 163821 km²
 • Su sahəsi (%) 1,1
Əhalisi
 • Əhali 558 368 nəfər (166-cı)
 • Siyahıyaalma (2012) 541 638 nəf.
 • Sıxlıq 2.9 nəf./km² (231-ci)
ÜDM (AQP)
 • Ümumi 9.044 milyard dollar
 • Adambaşına 15845 dollar
ÜDM (nominal)
 • Ümumi (2019) 4.110 milyard dollar
 • Adambaşına 6881 dollar
İİİ (2017) 0.720 (Üst; 100-cü)
İnternet domeni .sr
ISO kodu SR
BOK kodu SUR
Telefon kodu +597
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Surinam

Cənubi Amerikanın şimal-şərqində yerləşən Surinamın ərazisi qərbdə Koranteyn çayı ilə Qayanadan, şərqdə isə Maroni çayı vasitəsilə Fransa Qvianasından ayrılır. Ölkənin cənubunda möhtəşəm Braziliya ilə sərhəd başlayır. Ölkənin şimalında Atlantik okeanı boyu təxminən 360 km məsafədə Qviana ovalığı uzanır. Çox da enli olmayan bu hissə dəniz və çay mənşəli çöküntülərdən təşkil olunmuş, dəniz tərəfdən manqr cəngəllikləri ilə örtülmüşdür. Sahilyanı düzənlik ölkənin içərilərinə doğru təpəli Qviana yaylası ilə əvəz olunur. Savanna adlanan bu təpəli hissə qumlu və gilli torpaqlardan ibarətdir, məhsuldarlığı olduqca aşağıdır və kənd təsərrüfatında əkinçiliyə az yararlıdır. Ölkənin daxili və cənubu bütövlükdə Qviana yaylasının tərkib hissəsinə daxildir. Bu ərazilər selva adlanır. Keçilməz tropik meşə demək olar ki, az mənimsənilmişdir və ölkənin iqtisadiyyatında hələlik o qədər də böyük rol oynamır.

Olduqca əlverişli coğrafı mövqeyi olan Surinamın təbiəti də gözəldir. İqlimi subekvatorial, isti və daim rütubətlidir. Temperaturun illik amlitudu yüksək deyildir, il ərzində təxminən 2–3 °C dəyişkəndir. İlin 200 günü yağışlıdır. Bu yağışlar ən çox aprel-avqust dövründə düşür. Yağıntıların orta illik miqdarı 2000–2500 mm-dir. Ölkə ərazisində çaylar bol sulu, hidroenerji əhəmiyyətlidir. İri çayları olan Koranteyn çayı, Surinam çayı, Maroni çayıdir. Koppename çayı gəmiçilik üçün əlverişlidir, hətta çox da iri olmayan gəmilər mənsəbdən mənbəyə doğru 300 km məsafədə üzə bilirlər. Ölkədə çaylar və onlar arasında çəkilmiş kanallar nəqliyyat sistemini əmələ gətirir, çətin keçilən ərazilərin mənimsənilməsində mühüm rol oynayırlar.

Məhsuldar qırmızı-sarı ferraiit torpaqlar, temperatur və yağıntıların bolluğu ərazidə həmişə yaşıl meşələrin inkişafı üçün olduqca əlverişli zəmin yaratmışdır. Məhz bunun nəticəsidir ki, ölkə ərazisinin təxminən 90 %-i meşə ilə örtülüdür. Bu həmişəyaşıl tropik meşələrdə qiymətli ağac növləri vardır. Çox təəssüf ki, son 25–30 ildə bu qiymətli ağaclara qarşı münasibət dəyişməmişdir və onların sürətlə qırılması davam etməkdədir.

Hələlik ölkə ərazisində tədqiq edilmiş minerallardan ən geniş yayılmışı boksit xammalıdır. Onun geoloji ehtiyatına görə Surinam Latın Amerikası ölkələri içərisində yalnız Yamaykadan geri qalır. Onun təxmini ehtiyatı 600 mln. ton miqdarında hesablanmışdır. Bundan əlavə ölkədə dəmir filizi, manqan, platin, almaz, tantal, sahilin şelf hissəsində neft və qaz ehtiyatları da vardır. Bu təbii resursların əksəriyyəti hələlik kifayət qədər istifadə edilmir. Surinamın təsərrüfatının əsasını alüminium filizinin — boksitin hasilatı, emalı və ixracı təşkil edir. Ölkənin müasir şəraitdə iqtisadi inkişafinda boksit xammalından istifadə mühüm rol oynayır.

Surinamın ərazisi K.Kolumbun səyahəti zamanı onun konkistadorları Alonso de Oxeda və Visente Pinson tərəfindən ilk dəfə 1499-cu ildə kəşf olunmuşdur. Ərazinin sıx, keçilməz selvadan ibarət olması ispanları o qədər də maraqlandırmadığından yalnız XVII əsrin birinci yarısından ehtibarən müstəmləkələşdirilməyə məruz qalmışdır. Ölkənin ərazisi tamamilə ingilislərin təsir dairəsinə alındı. Lakin 1667-ci ildə Böyük Britaniya Niderlanda Yeni Amsterdam (müasir Nyu-Yorkun ərazisi) ilə dəyişməyi təklif etdi. O vaxtdan etibarən Surinam üç əsr ərzində Niderlandın təsiri altında olmuşdur.

Ərazinin əlverişli təbii şəraiti, ucuz işçi qüvvəsi qısa bir müddətdə onu Avropanın ən iri şəkər təminatçısına çevirdi. Şəkər qamışının istehsalı inkişaf edərək plantasiya təsərrüfatının yaradılmasına səbəb oldu. Plantasiyalarda işləmək üçün Afrikadan çoxlu miqdarda zənci qullar gətirilməyə başlanıldı.

Surinamın əhalisi uzun müddət iqtisadi və siyasi müstəqillik əldə etmək üçün mübarizə aparmış, 1922-ci ildə müstəmləkə statusu ləğv olunaraq Niderland krallığının Birləşmiş hissəsi adlanmağa başlamışdır. 1954-cü ildə nisbi muxtariyyat alan Surinam nəhayət ki, 1975-ci ildə müstəqillik əldə edə bildi.

Dezi Bauterse — 12 avqust 2010-cu ildən etibarən Surinam Respublikasının prezidentidir.

Coğrafi mövqeyinə görə Surinam Cənubi Amerika ölkəsi olsa da etnik cəhətdən və dil tərkibcə daha çox karib hövzəsi ölkələrinə oxşayır. Əhalisi keçən əsrin 70-ci illərin ortalarında çox sürətlə artmış və 1975-ci ilin siyahıyalınmasma görə 450 min nəfərə çatmışdı. Təbii artım 60-cı illərdə 3,5% olsa da, 70-ci illərdə 2,3%-ə enmişdi. Digər Latın Amerikası ölkələri kimi burada da urbanizasiyanın səviyyəsi son illər artmağa başlamışdır. Kənd əhalisi əsasən ölkənin paytaxtı Paramariboya və onun ətraf rayonlarına köçüb gəlirlər. Bu da öz növbəsində ölkədə onsuz da çox olan işsizlik probleminin artmasına, əhalinin əmək qabiliyyətli hissəsinin emmiqrasiyasına səbəb olur. Əhalinin də əsas hissəsi Niderlanda emmiqrasiya edir. Ölkə əhalisinin yaş strukturunda uşaqlar və gənclər ümumi əhalisinin yarısını təşkil edir. Əhalisinin 90%-ə qədəri ümumi ərazinin 3–4 %-ni təşkil edən sahil zolağına toplaşmışdır. Əhalinin cüzi hissəsi isə ümumi ərazinin 80%-ni təşkil edən rütubətli tropik meşə zonasında yaşayır. Ölkə əhalisinin təxminən yarısı onun paytaxtı Paramaribo və onun 20 km-lik ətraf rayonlarında məskunlaşmışdır. Burada ölkə sənayesinin 60%-dən çoxu cəmləşmişdir, ən iri limanı, nəqliyyat, elm, mədəniyyət mərkəzidir. Paramaribo tipik müstəmləkə şəhərinə bənzərdir. Surinam çayı sahilində bir-iki mərtəbəli evlər üstünlük təşkil edir. Şəhərin mərkəzinə doğru səliqə ilə tikilmiş evlər, hamar küçələr XIX əsrin yadigarlarıdır.

Ölkə əhalisi etnik cəhətdən olduqca müxtəlif olsa da 47% hindli, 32% kreollardan, qalanları yavalı, zənci, hindu, çinli, müəyyən qədəri də avropalılardır. Şəhərlilər içərisində kreolların və zəncilərin, kənddə isə hindli və yavalıların xüsusi çəkisi daha böyükdür. Etnik qruplardan təbii artımın yüksəkliyi ilə hindlilər fərqlənir.

Əhalisinin təbii artımında və məskunlaşmasında müxtəlifliyin böyüklüyü həmçinin onların məşğulluğuna da təsir etmişdir. Belə ki, zəncilər və mulatlar daha çox sənayedə çalışır, onların hətta müəyyən hissəsi ölkənin ziyalılarına xas olub, dövlət qulluğunda da çalışır. Hazırda plantasiyalarda çalışan zənci ailəsinə demək olar ki, rast gəlinmir. Hindi mənşəli surinamlılar çəltik plantasiyalarının ya sahibkarı, ya da icarədarlarıdır. Onların iri südlük istiqamətli fermaları da vardır. Paramaribonun nəqliyyat sistemi və bazar ticarəti də hindlilərin əlindədir. Urbanizasiya hindlilərin də müəyyən hissəsini şəhərlərdə yaşamaga sövq etmişdir. Hindilərdən fərqli olaranq yavalılar daha az təbii artıma malikdirlər. Müəyyən ərazidə cəm halında məskunlaşmış, digər xalqlardan təcrid olunmuş və onlarla qaynayıb-qarışmamışlar. Yavalılar əsasən çəltik-sitrus bitkiləri, kakao, qəhvə, banan, şəkər qamışı, maniok və tərəvəz əkini ilə məşğuldurlar. Yerli hinduların 80 %-ni aravak və karib hinduları təşkil edir. Çinlilər əsasən ticarətdə, avropalılar isə dövlət aparatında və iqtisadiyyatın əsas sahələrində çalışır. Avropalıları əsasən hollandlar təmsil etsələr də müəyyən qədər alman, ingilis və portuqal da vardır.

Ölkəni təmsil edən məşhur idmançılar olmasada Surinam futbolu Hollandiya üçün kifayət qədər idmançılar yetirdirib.

Surinam SQ-nin 81-mm minamyotu

Surinamın Silahlı Qüvvələri — quru qoşunları, hərbi hava qüvvələri və hərbi dəniz qüvvələrinin birləşməsindən ibarət olub, ölkənin əhalisini, dövlət sistemi və ərazi bütövlüyünü qorumaq üçün nəzərdə tutulmuşdur.

Surinamın quru qoşunları 33-cü piyada batalyonu, komando qrupu, hərbi polis bölüyü və 1400 hərbçidən təşkil olunmuş süvari alayının ibarətdir. Silahlanmasına 6 Braziliya istehsalı döyüş kəşfiyyat vasitələri Engesa EE-9 Cascavel, 15 Braziliya istehsalı təkərli zirehli personal daşıyıcıları Engesa EE-11 Urutu, 5 Hollandiya istehsalı zirehli personal daşıyıcıları DAF YP-408 (2009-cu il məlumatı), 6 ədəd 81 mm minaatan və 1 ədəd 106 mm artilleriya silahları daxildir.

Hərbi hava qüvvələrinə 200 nəfərdən ibarət hərbi personalı, 3 Hindistan istehsalı çoxtəyinatlı hərbi helikopter HAL Chetack,1 ümumi təyinatlı Cessna 172 Skyhawk və 2 Britten-Norman Islander 2 (BN-2) sərnişin təyyarəsi daxildir.

Hərbi dəniz qüvvələri 240 nəfərlik hərbi heyətdən, 3 kiçik patrul qayığı FPB98, 3 İspaniya istehsalı patriot gəmisi RODMAN-101 və 1 Hollandiya istehsalı sıradan çıxmış P-401 tipli qayıqdan təşkil olunmuşdur.

Surinam ordusunun ən məşhur komandiri Desie Delano Bouterse, polkovnik-leytenant, Surinamın prezidenti (2010-cu ildən), 1980-ci ildə çevrilişdə və Şərqi Surinamda partizan müharibəsində (1986–1992) iştirak edib.

Dağ-mədən sənayesi

[redaktə | mənbəni redaktə et]

Surinamın iqtisadiyyatının əsasını dağ-mədən sənayesi, xüsusilə də boksit hasilatı və ilkin emalı təşkil edir. Hər il orta hesabla 8–10 mln. ton boksit hasil edilir. Bu məhsulun istehsal həcminə görə o regionda yalnız Yamaykadan geri qalır. Son on ildə ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün boksitin yeni yataqlarının aşkar edilməsinə, SES-da enerji istehsalının həcminin artırılmasına ciddi fıkir verilmişdir.

1915-ci ildə ölkənin şərq rayonlarında zəngin boksit ehtiyatlarının aşkar edilməsi dağ-mədən sənayesinin inkişafına güclü təkan verdi. ABŞ-nin "ALKOA" şirkəti 1922-ci ildə Kottika çayı hövzəsində zəngin boksit ehtiyatları aşkar edərək böyük mədən yaratmaqla istehsal olunan boksiti ölkədən çıxarıb aparmağa başladı. Artıq 30–40-cı illərdə Surinamda boksit istehsalının həcmli dağ-mədən sənayesinin yaradılmasının əsası qoyuldu. Nəticədə II Dünya müharibəsindən sonra Surinam dünya bazarına ən iri boksit çıxaran ölkəyə çevrildi.

Ölkədə boksit hasilatı əsasən şimal-şərq rayonlarında Surinam və Maroni çaylarının arasında Munqo və Paranam şəhərləri yaxınlığında aparılır. Burada boksit ehtiyatı səthə yaxındır və hasilatı açıq üsulla həyata keçirilir. Ölkədə istehsal olunan əksər boksit ABŞ, Kanada, Yaponiy və Qərbi Avropa ölkələrinə ixrac olunur. Müəyyən qədər alüminium oksid "Suralko" və "Billiton" şirkətlərinin zavodlarına göndərilir. Son illər bir çox Latın Amerikası ölkələrində olduğu kimi Surinamda da iqtisadi inkişaf bir çox struktur dəyişikliklərinin həyata keçirilməsinə şərait yaratmışdır. İlk növbədə dağ-mədən sənayesinin yeni-yeni sahələri, o cümlədən Paramaribodan 60 km-lik məsafədə ümumi ehtiyatı 40 mln ton hesablanan neft hasilatına başlanmışdır. Dəmir fılizi, manqan, nikel, təbii qaz hasilatı sahələri yaradılmışdır.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Ölkənin kənd təsərrüfatı o qədər də yaxşı inkişaf etməmiş, əhalinin ərzaq məhsullarına olan tələbatını hələ ki, ödəməmişdir. Əkinə yararlı torpaq sahələri orta və iri sahibkarlara məxsus olub, plantasiya təsərrüfatları yaradılmışdır. Belə torpaq sahələri ümumi əkin sahələrinin 70 %-ə qədərini təşkil edir. Bütövlükdə ölkənin kənd təsərrüfatı məhsuldarlığın aşağı olması, dar ixtisaslılığı ilə seçilir. Buna görə də taxıl, ət, ət məhsulları, süd, quş, meyvə və tərəvəz əsasən idxal olunur. Bütövlükdə ölkə əhalisinin istifadə etdiyi ərzaq məhsullarının orta hesabına 40 %-ni kənardan gətirir. Yavalı immiqrantların gəlişi ilə, əlaqədar ölkənin kənd təsərrüfatında çəltiyin xüsusi çəkisi artmağa başlamışdır. Bu bitkinin ölkə iqliminə ezliklə uyğunlaşması və yüksək məhsuldarlığı qurudulmuş ə mühafizə edilmiş torpaq sahələrinin üstünlüyü ilə izah edilə bilər. Çəltiyin əkin sahələri əsasən sahilyanı ovalıqdır. Keçən əsrin 70-ci illərindən başlayaraq hər ildə məhsuldarldıq 170–180 min ton olan çəltiyin adambaşına ixracına görə Surinam dünyada birinci yerə çıxmışdır. Çəltikdən sonra ölkədə ən çox istehsal olunan və əhalinin ərzaq rasionunda xüsusi yer tutanı banandır. Banan həm də ölkənin əsas ixrac məhsullarındandır. Əkinçilik məhsulları içərisində şəkər qamışı, qəhvə, kakao, sitrus bitkilərinin də mühüm əhəmiyyəti vardır.

Ölkədə heyvandarlıq, əkinçilik qədər inkişaf etməsə də, perspektivdə daha sürətlə inkişaf edəcəkdir. Çox da iri olmayan heyvandarlıq fermaları ətlik və südlük istiqamətlidir. Son illər ölkədə sahil zolağında iri qurudulma və bərpa işləri həyata keçirilir. Bu bərpa olunmuş və qurudulmuş ərazilərdə şəkər qamışı əkinini genişləndirmək, çəltiyin məhsuldarlığını artırmaq nəzərdə tutulur. Surinam öz müstəqilliyini əldə etdikdən sonra ilk növbədə məhsuldar torpaqlardan əlavə sahil zolağının bataqlaşmış zonasında qurudulma işlərinə başlamaq, çəltiyin əkin sahəsini getdikcə artırmağı qərara almışdır. Artıq 80-ci illərin ortalarında çəltiyin əkin sahəsi 2 dəfə artmışdır. Surinam Karib hövzəsinə aid olsa da, onun iri balıqçılıq təsərrüfatı demək olar ki, yox dərəcəsindədir. Bu ilk növbədə ölkənin balıqçılıq üçün ləvazimatının olmaması ilə izah edilir. Balıq sənayesini yaratmaq, inkişaf etdirmək, onu müasir gəmi və avadanlıqlarla təmin etmək dövlət qarşısında duran əsas vəzifələrdəndir.

Ölkənin elektroenergetika təsərrüfatının əsasını SES təşkil edir. Ölkənin ən iri SES-ı Surinam çayının yuxarı axarında tikilmiş "Brokonando" SES-dir. Bu SES-in istehsal gücü 150 min kvt-dır. Stansiyada istehsal olunan elektrik enerjisinin 90 %-i ölkənin alüminium-oksid istehsal edilən müəssisələrinə verilir. Alüminium-oksid və alüminium istehsalı istisna olmaqla ölkənin emaledici sənayesi demək olar ki, hələlik zəif inkişaf etmişdir. Bu ilk növbədə kustar şəklində yerli xammalı, xüsusilə də, kənd təsərrüfatı məhsullarını emal edən xırda müəssisələrdir. Ağac emalı müəssisələri, sement, ayaqqabı, toxuculuq və tütün sənaye sahələri yaradılmışdır. Ağac emalı müəsisələri istehsal etdikləri qiymətli xammalı əsasən ixrac edir.

Ölkə nəqliyyatında avtomobilin xüsusi çəkisi daha böyükdür. Avtomobil yollarının ümumi uzunluğu 3 min km-dən çox olsa da bunun yalnız 920 km-i asfaltlaşdırılmışdır. Paramaribo və Niv-Nikkeri ölkənin əsas limanlarıdır. Surinamın iqtisadi inkişafının perspektivləri olduqca çoxdur. Belə ki, ölkə ərazisi hələlik geoloji baxımdan kifayət qədər öyrənilməmiş və ya ehtiyatları müəyyənləşdirilmiş ərazilərin mənimsənilməsi müəyyən qədər çətinliklərlə bağlıdır. Belə ki, ölkədə qəbul olunmuş "kabalebo" proqramının tədricən yerinə yetirilməsinə başlanılsa da, maliyyə çətinlikləri hələ ki, mövcuddur.

  1. http://chartsbin.com/view/edr.