Paul Fleminq

Paul Fleminq (alm. Paul Fleming‎; 5 oktyabr 1609[1][2][…]2 aprel 1640[1][2][…], Hamburq, Müqəddəs Roma imperiyası[2][3][…]) — alman şairi.

Paul Fleminq
alm. Paul Fleming
Doğum tarixi 5 oktyabr 1609(1609-10-05)[1][2][…]
Vəfat tarixi 2 aprel 1640(1640-04-02)[1][2][…] (30 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Təhsili
Fəaliyyəti həkim-yazıçı[d], şair, yazıçı, diplomat, həkim
Əsərlərinin dili alman dili, latın dili
Vikimənbənin loqosu Paul Fleminq Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Gedichte

Martin Opitsin çoxsaylı şagirdləri və davamçıları arasında Fleminq öz orijinallığı və daha istedadlı olması ilə seçilir. Onun şeirləri sünilikdən uzaq səmimi bir dillə yazılmışdır. Bir çox müasirlərindən fərqli olaraq o, nikbin, həyatsevər bir şairdir. Vətənin başına gələn fəlakətlər onu düşündürsə də, kədərləndirsə də, narahat etsə də, bədbinləşdirmir, ümidsizləşdirmir.

Fleminq pastor /protestant keşişi/ ailəsində anadan olmuş, Leypsiqdə latın məktəbində oxumuş, sonra tibb öyrənmişdir. Adam Oleari ilə birlikdə 1633-1639-cu illərdə Rusiyayaİrana səyahət etmişdir.

Paul Fleminq səfərdən qayıdandan bir qədər sonra 1640-cı ildə Hamburqda ölmüşdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1631-ci ildə latınca yazdığı aşiqanə şeirləri çap olunmuşdur. Almanca yazdığı şeirlər ölümündən sonra 1646-cı ildə Adam Oleari tərəfindən nəşr edilmişdir. Fleminqin şeirlərində nəzərə çarpan əsas mövzulardan biri müharibə mövzusudur. Şair bir çox şeirlərində hərbi müsibətlərdən, knyazların özbaşınalıq və zülmündən iztirab çəkən vətənin surətini yaradır. Ana Almaniyanın acı taleyini qələmə alır. Şərqə səyahəti müddətində vətəndən ayrı düşdüyünə görə özünü məzəmmətləyir, harada olsa, vətənə məxsus olduğunu, onun eşqi ilə yaşadığını bildirir.

Acı gileylərin haqdır, ey vətən
Yaşadım gəncliyi veyil, günahkar.
Sözsüz baş əymədim əmrinə, zinhar
Səndən uzaqlarda ömür sürdüm mən.
Əfv et, ana vətən, dolu bir maraq
Məni diyar-diyar çəkib apardı,
Sənsiz o yerlərdə nə işim vardı
Bircə bacarmadım özümlə ancaq.

Vətənpərvər şair Martin Opitsin ölümünə yazdığı sonetdə də Almaniya haqqında düşüncələrini əks etdirir, onun faciələrini xatırladır. Opitsin simasında vətən üçün yaşayan, vuruşan bir insanın ölümünə acıyır.

Ey bizim simlərin hersoqu olan
Yanğın içindədir alman elləri.
Zərbələr altında itəndən bəri
İnləyir, göylərdən istəyir aman.
Hər şey alt-üst olub, əzilib, sınıb,
Gözəl Almaniya cansız dayanıb.
Ana ölüb, oğul girir tabuta.

"1633-cü il üçün yeni il odası" şeirində Fleminq müharibənin fəlakətlərini ürək ağrısı ilə təsvir etməklə yanaşı müharibəyə son qoymağa, qılınclardan və zirehlərdən gavahın və cüt dəmiri düzəltməyə çağırır. Şair bəzi şeirlərində müharibəni, onun iştirakçılarını satirik bir tərzdə qələmə alır. "Piyada əsgərin öyünməsi" şeirində küt, qəddar, düşüncəsiz, satqın bir insanın surəti yaradılır. Həmvətənlərini əvvəlcə düşmənlərdən, sonra pul kisələrindən azad edən bu lovğa əsgər kim artıq muzd versə, ona xidmət etməyə hazır olduğunu bildirir. Düşməndən azad edilmiş həmvətənlərinin üstünə hücum çəkib onları qarət etməyə girişən bu əsgər da-nışdıqca oxucuda istehza və gülüş oyadır, dəhşətləndirir və xəcalətləndirir.

  1. 1 2 3 4 Fleming, Paul (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 10. P. 494.
  2. 1 2 3 4 5 6 Морозов А. А. Флеминг // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 7.
  3. 1 2 Флеминг Пауль // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Kolde T. v. Fleming, Paul (alm.). // Allgemeine Deutsche Biographie L: 1878. Vol. 7. S. 115–117.