Qaz (təbii)

Qaz NO2

[1]Qaz — ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. Ən iri qaz ehtiyatlarına malik olan ölkələr Rusiya (1-ci yer), ABŞ, Iran, Türkmənistan, Niderland, Norveç, Kanada, Meksika, Əlcəzair, İndoneziyadır.

Qaz sözü (nid. gas) ilk dəfə XVII əsrdə Helmont Yan Boptist tərəfindən istifadə olunmuşdur.

Yanar qazların sənaye və məişətdə istehlakına hələ ötən yüzilliklərdə başlanmışdır. Daş kömürü termik emal etməklə onun tərkibində olan metan və digər qaz qarışıqlarını almışlar. İlk dəfə olaraq bu üsuldan 1830–1840-cı illərdə İngiltərədə geniş istifadə olunmuş, daş kömürdən qazın alınmasını reallaşdıran çoxsaylı zavodlar fəaliyyət göstərmişlər. Bu emal qazından iri sobalarda yandırmada və nisbətən də evlərin qızdırılmasında istifadə edilmişdir. Lakin burada miqyas genişliyi çox böyük olmamışdır. Artıq XX əsrin ortalarında digər yanar qazlarla yanaşı, təbii qazdan da sənayedə, məişətdə istifadə olunmasına başlanmışdır. Tarixi mənbələr təbii qazdan geniş istifadənin ABŞ-də təşəkkül tapdığını canlandırır. Bu proses ölkədə iri qaz yataqlarının kəşfi ilə əlaqədar start götürür. 1831-ci ildə Kanaua manufakturalarında yanacaq kimi, təbii qazdan istifadə hadisəsi isə ABŞ-də qaz sənayesinin başlanğıcı tarixi hesab olunur. Sonralar burada boruyayma sənayesində və məişətdə təbii qazın geniş istehlakına başlanılmışdır. XIX əsrin sonunda ölkədə 2 milyard kub metr qaz hasil olunmuş və bu göstərici 1920-ci ildə 23 milyard kub metrə yüksəlmişdir. Dünya qaz statistikasında ABŞ 1940-cı ilə qədər demək olar kı, yeganə təbii qaz istehsalçısı ölkə kimi qalmışdır. Təbii qazın hasilatını ilk təmin ölkələr sırasında Venesuela məxsusi yer tutur. 1940-cı ilə qədər qaz hasilatında o, yalnız ABŞ-dən geri qalırdı. Tarixin sonraki inkişaf mərhələsində qaz hasilatı Kanada, Braziliya, Argentina, Avstraliyada, Yaxın Şərqdə, Avropa ölkələri-Rumıniya, İspaniya, Fransa, İtaliya, HollandiyaPolşada da təşəkkül tapdı. XX əsrin ikinci yarsında isə planetin əksər sivilizasiyon regionlarında təbii qazdan istifadə adi reallığa çevrildi. Həmin zamanlardan başlayaraq təbii qaz istehsalı tam sənayeləşmə mərhələsinə daxil oldu. Təbii qaz kimya sənayesində geniş tətbiqini tapdıqca onun istilik, energetik primatı da mülayimləşmişdir. Lakin bununla belə, onun istehlakında energetik və kimyəvi müstəvidə paritetlik qəti müəyyən olunmamışdır.

İspaniyanın şimalında, Fransada (Lak yatağı), Hollandiyada (Sloxtern yatağı), Almaniyada, Polşada, Rumıniyada, Avstriyada iri qaz yataqlarının kəşfi ilə əlaqədar olaraq Avropada qazlaşma inkişaf tapmış və sürətlənmişdir. Sonradan Şimal dənizinin Böyük Britaniyaya məxsus sektorunda və 70-ci illlərdə Norveçdə nəhəng qaz yataqlarının kəşfi, Sovetlər İttifaqının izafi qaz resurslarının Avropaya nəqli bu makroregionda qaz sənayesinin daha da sürətli inkişafına səbəb olmuşdur. Hazırda isə Avropa, xüsusən də Qərbi Avropa regionu dünyanın ən yüksək inkişaf etmiş qaz sənayesi kompleksinə, müasir qaz təchizat şəbəkəsinə və yüksək keyfiyyətli sənaye, məişət qaz avadanlıqları istehsal edən müəssisələrə malikdir. Burada əsas qaz satışını Rusiya, İngiltərə, Norveç və Hollandiya dövlətləri həyata keçirir. Ehtiyatların 1/3 hissəsi, 16 trilyon kubmetr Şimal Dənizi ("QRONİGEN" yatağı) və Hollandiyada çəmləşmişdir.

Afrikada da qaz hasilatı əsrimizin 60-cı illərinə qədər əsasən zəif olmuş və bu illərdə şimalda, cənub-qərb ərazilərdə, Əlcəzair, Liviya, Nigeriya və digər bölgələrdə neftli-qazlı yataqların, xüsusən iri qaz yatağı "XASSİ RMEYL"in kəşfi bu qitədə qazlaşmaya sürət vermiş və hasilatı 10–12 milyard kubmetr həcminə çatmışdır. İndi təkcə Nigeriyada hər il 30 milyard kubmetr qaz hasil edilir. Hazırda burada qazlaşma sürətlə inkişaf etməkdədir. Afrika qazı həm qablaşdırılmış, həm də qaz kəməri vasitəsi ilə Avropa bazarlarına çıxarılır.

Amerikada qaz ehtiyatları şimalda-ABŞ-də, Meksika körfəzində, cənubda isə əsasən Venesuelada çəmləşmişdir. Klassik neft dövləti olan Venesuelada qaz sənayesi artıq əsrimizin 40-cı illərində artmış və ölkə izafi qaz ehtiyatlarına malik olmişdur. Çox illər burada hasil edilən qazın yalnız 35%-dən istifadə olunmuş, artıq qazı isə lay təzyiqinin saxlanması məqsədi ilə yenidən quyulara vurmuşlar. Sonradan Boliviya, ÇiliArgentinada kəşf olunan neft, qaz yataqları cənub regionda qaz sənayesinin inkişafına səbəb olmuşdur, burada ən çox qaz sənayesinin inkişaf etdiyi dövlət ABŞ-dır. Hasilatının, ehtiyatların həcminə görə ABŞ əsrimizin son 10 illiklərinə qədər dünya birinciliyini qoruyub saxlamışdır. Regionda yerləşən Kanada da ehtiyatların nəhəngliyi ilə fərqlənir və hasilatına görə dünyada 3-cü yeri tutur (illik 160 milyard m³).

Asiya qaz ehtiyatları ilə son dərəcə zəngin bir regiondur. Dünya qaz ehtiyatlarının yarıdan çoxu bu super makroregionun payına düşür. Daha iri qaz yataqları böyük Avrasiya dövləti olan Rusiyada — Sibirdə, Türkmənistanda, Yaxın Şərq ölkələrində çəmlənmişdir. Avstraliya və Okeaniyada qaz ehtiyatları bolluq təşkil etməsə də, son zamanlar burada da neftli-qazlı yataqlarda müəyyən qədər qaz ehtiyatları aşkar edilmişdir. Aparılan axtarış-kəşfiyyat işləri bu regionda yeni qaz yataqlarının aşkarlanmasını ümidli edir.[1]

İllik təbii qaz istehsalına görə ölkələrin xəritəsi

Qaz ehtiyatları hesablanarkən onun miqdarının neftə nisbətindən də istifadə olunur. Elmi hesablamalarla müəyyən olunmuşdur ki, dünyada hasil edilmiş hər 2 ton neftə 1 ton qaz düşür. Qaz, ehtiyatlarına görə 3 kateqoriyaya bölünür: qaz yataqlarında olan qaz, səmt qazıkondensat. Dünyada qazın əsas hissəsi qaz yataqlarında hasil edilir. Bununla yanaşı, qaz digər mənbələrdən də hasil edilməkdədir.

Planetin təbii energetik ehtiyatlar palitrasında qaz resurslarının məxsusi yeri vardır. Dünya qaz ehtiyatlarının əksər hissəsi Asiyanın payına düşür. Burada uzun müddət mövcud olmuş Sovetlər İttifaqı bütün tarixi ərzində ən yüksək təbii qaz potensialına malik ölkə kimi tanınmışdır. Dünyanın ən böyük qaz potensiallı ölkə olan Rusiyanın kəşf olunmuş təbii qaz ehtiyatları 50 trilyon m³-dən də çox hesablanır. Ümumdünya qaz ehtiyatlarının 1/3-dən çoxu burada cəmləşmişdir. Rusiyada təbii qazın hasilatının 2020-ci ildə 700 milyard m³-ə çatdırılması planlaşdırır. Şərqi Avropa və MDB məkanında təbii qaz sektorunda Rusiya və Qazaxıstan və qismən də Türkmənistan liderlik edir. Region qazının 96,5%-i Rusiya və Qazaxıstanın payına düşür. Ehtiyatlar balansında 85%, hasilatda isə 80% əlahiddə payı olan Rusiyada təbii qaz resurslarının tükənmə müddəti 81 il təşkil edir. Təbii qazın dünyada və həmçinin Asiya bölgəsində cəm olduğu ikinci möhtəşəm ehtiyatları İrana məxsusdur. Ehtiyat potensialına görə Rusiya ilə İran birlikdə planetin yarıdan çox təbii qaz resurslarına malikdirlər. İranda qaz ehtiyatları perspektivində nəzərə çarpacaq güclü dinamiz müşahidə olunur. Son zamanlarda aşkarlanan əlahiddə qaz yataqları onu qüdrətli təbii qaz ölkəsi kimi strateji əhəmiyyətini artırmışdır. Qatar reginda təbii qaz ehtiyatlarının həcminə görə lider ölkələr sırasında möhkəm mövqe tutur. Burada təbii qazın ehtiyatları son hesablamalara görə, 11,15 trilyon m³ təşkil edir. Yaxın Şərqdəki digər dövlət İraq da neft ehtiyatları qədər təbii qaz ehtiyatlarına malikdir. Bundan başqa BƏƏ-də qaz ehtiyatları 6,2 trilyon m³ hesablanır ki, bu da qonşu Kuveytin müvafiq ehtiyatlarından 4–5 dəfə çoxdur.

Texniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Rəngsiz və çox zaman da qoxusuz olan təbii qazın texniki-iqtisadi parametrləri müqayisəli təhlil obyektinə çevrildikdə ekolojı və energetik keyfiyyətlərilə bərabər, bu, üstünlüyü işıqlandıran fiziki xüsusiyyətləri də önə çəkilir. Karbohidrogenli yanacaq növləri arasında ən yüksək istiliktörətmə qabilliyyətliliyilə fərqlənən təbii qaz müvafiq gücü torf və yanar şistlərdən 3–4, oduncaq və daş kömürdən 1,5 dəfə, neftdən isə orta hesabla 1000 kkal artıq miqdarlıdır. Konkret olaraq təbii qazın istiliktörətmə gücü orta göstəricidə 12000 kkal/kq hesablanır. Qazın 2000 dərəcə selsili yüksək istilikvermə qabilliyyəti onun keyfiyyətli energetik və texnoloji səmərəli yanacaq növü kimi geniş tətbiqini təmin etmişdir. Təbii qaz fiziki-kimyəvi spektrdə yanar qazlar silsiləsinə daxil olduğundan anoloqları kimi də paralel adekvat funksional cəhətlərə malikdir.

Qazların həcmi metrik sistemdə m³ ilə ölçülür. Tempratur, sıxılma xüsusiyyəti qazların həcminin dəyişkənliyində ifadə olunur. Bunun üçün onu normal və standartlı vəziyyətə gətirirlər. Burada normal tempratur 0 dərəcə (273,2 k.) və təzyiq 101,325 k/Pa götürülür. Praktiki müstəvidə standart şərt kimi qazın kəmiyyət ölçüsü 101,325 k/Pa təzyiqə, 20S tempratur və 0 hədli rütubətə ekvivalent olan 1 m³ qaz qəbul olunur. Yataqda əsasən metan, müəyyən nisbətdə etan qarışığı, butan, karbon qazıazotdan ibarət təbii qazın havaya olan təqribi sıxlığı 0,60–0,65-dir. Neftlə birlikdə çıxan səmt qazı və ya neftli qazda isə digər qatışıqların bolluğu onun sıxlığını təbii qaza nisbətə 10–20% artıq edir. Sınanmış təcrübəyə görə qaz ehtiyatları hesablanarkən onun miqdarını neftə olan nisbətlə müəyyən edirlər.

Karbohidrogenli təbii qaz məlum olduğu kimi məişətdə həm də sənayedə istifadə olunur və ondan müxtəlif təyinatlı məmulatlar alınır. Bütün bu hallarda qaz ilkin olaraq emal mərhələsindən keçməyə məruzdur. Hətta qazdan yanacaq kimi istifadə edildikdə belə onu magistral qaz kəmərinə buraxmamışdan əvvəl qurudur və təmizləyirlər. Karbohidrogenli təbii qaz metan, kükürd qazı və çox da böyük olmayan ağır karbohidrogenlər helium, arqon və digər kimyəvi tərkiblərlə yanaşı həm də, su buxarının da daşıyıcısıdır. Adları çəkilən qarışıqlardan kükürd qazı və su buxarı isə təbii qazdan birbaşa istifadə olunmasında daha zərərli sayılır. Kükürd qazı həm də kəskin xoşagəlməz iyi, zəhərli olması ilə fərqlənir və ötrücü metal borularının tezliklə korroziyaya uğradıb sıradan çıxmasına səbəb olur. Su buxarı isə kiçik tempraturlarda kristal karbotnatlara çevrilərək borunun qaz buraxılışını məhdudlaşdırır. Buna görə də qazı magistral kəmərlərə buraxmamışdan qabaq, onu bu qarışıqlardan təmizləmək zərurəti yaranır. Qazın kükürddən təmizlənməsi quru və sulu üsulların tətbiqində intişar tapmışdır. Quru metoddan istifadə edərək qazı bataqlıq filizindən və ya kükürd karbonat qatışığından keçirilməsi lazım gəlir. Əgər qazın tərkibində kükürd karbonatın həcmi çoxdursa bu zaman qaz təmizlənməsi iki mərhələli prossesdən keçir. Sulu metoddan istifadə zamanı qaz qatışığı hopdurulmuş hidrogen-sulfid vasitəsi ilə tənzimlənir. Qazın su buxarından təmizlənməsi onun qurudulması ilə müşaiət olunur. Bunun üçün qazın atsorberdən keçirərək qurudurlar. Sənayedə qazın təmizlənməsi mexaniki, elektrik və fiziki kimyəvi üsullarla aparılır. Mexaniki və elektrik qaztəmizləmə üsulları qazı bərk və maye, fiziki-kimyəvi üsul isə qaz qatışıqlarından təmizləmək üçün tətbiq olunur. Qazdan yanacaq kimi istifadə ediləcəyi təqdirdə çox zaman texnoloji tələblərə uyğun olaraq, onun tam qurudulmasına ehtiyac qalmır. Bu zaman onu qismən su buxarından təmizləyirlər ki, kəmərlərdə qaz axının məhdudlaşması baş verməsin. Qazı əvvəlcə qurudaraq zərərli qarışıqlardan, azot oksidlərindən, qazların kimyəvi emalına mane olan katalitik zəhərlərdən, korroziya törədən su buxarı və bəzi karbohidrogenlərdən təmizləyirlər.

Qazların kimyəvi emalı üsulları

[redaktə | mənbəni redaktə et]

Qazların kimyəvi emalı üçün aşağıdakı üsullardan istifadə edirlər:

  • piroliz, krekinq - qazları 600-800oC-dən yuxarı istilikdə qızdırmaqla onlardan doymamış karbohidrogenlər, hidrogen və his alırlar.Doymamış karbohidrogenlər kimyəvi emal üçün daha əhəmiyyətlidirlər.
  • xlorlaşdırma - təbii qaz komponentlərinə xlor təsir etməklə onlardan müxtəlif xlorlu birləşmələr almaq olur ki, bunları da həlledici kimi, bəzən dərman və çox vaxt başqa maddələri sintez etmək üçün işlədirlər;
  • nitrolaşdırma - qazlara azot turşusu ilə təsir etdikdə onlardan müvafiq nitrobirləşmələr və turşular alınır;
  • oksidləşdirmə - hava, oksigen və ya başqa oksidləşdiricilərin təsiri ilə təbii qazlardan spirt, aldehid, turşu və başqa oksigenli birləşmələr almaq olur.

Mexaniki qarışıqlardan təmizləmə üsulları

[redaktə | mənbəni redaktə et]

Təbii və səmt qazlarının tərkibində turş qazlar (H2S və CO2), su buxarı, mexaniki qarışıqlar (qum, boruların pası və s.), az miqdarda maşın yağı, neft və karbohidrogenlər vardır. Qaz boru kəmərlərinin, kompressorların və qaz emal edən qurğuların normal işinin təmin edilməsi üçün qazların tərkibindəki qarışıqlardan və nəmlikən təmizlənməsi işi aparılmalıdır. Qazların mexaniki qarışıqlardan təmizlənməsi üçün qaz təmizləmə təcrübəsində müxtəlif üsul və aparatlar məlumdur. Təmizləmə üsulu seçildikdə qarışıqların növü, onların kimyəvi və fiziki-kimyəvi xassələri, istehsalatın xarakteri, uducu kimi müvafiq maddələrin istifadəsinin mümkünlüyü, ayrı-ayrı qarışıqların utilləşdirilmə imkanları, təmizlənməyə sərf olunan xərclərin səmərəliliyi nəzərə alınmalıdır.

Qazların mexaniki qarışıqlardan təmizlənməsi quru və yaş üsulla həyata keçirilir. Quru təmizləmə üçün tsiklonlar, çökdürücü aparatlar və elektrofiltrlərdən istifadə olunur. Tsiklonların fəaliyyət göstərməsi mərkəzdənqaçma qüvvəsinin təsiri altında mexaniki qarışıqların qazdan çökdürülməsinə əsaslanır. Çökdürücü aparatlar diametri 0,5–1,5 m olan üfüqi silindrlərdir və qazın hərəkət sürətinin azalması hesabına orada olan qarışıqlar çökür. Yaş təmizləmə qazdakı mexaniki qarışıqların maye ilə adətən, mineral yağla islanması nəticəsində baş verir. Bunun üçün yaş tsiklonlar, skrubberlər və s. istifadə olunur. Onlar içərisində yüksək effektə malik olan köpüklü aparatlardır, bunlarda böyük köpük qatı əmələ gəlir və qazda asılı vəziyyətdə olan hissəciklərin tutulması baş verir. Elektrofiltrlərdə də mexaniki qarışıqların çökdürülməsi çox effektlidir, burada təmizlik elektrik cərəyanın təsiri nəticəsində həyata keçirilir.

Qazların mexaniki qarışıqlardan təmizləmə qurğularını aşağıdakı qruplara bölmək olar:

— öz ağırlığının, ətalət və ya mərkəzdənqaçma qüvvəsinin təsirindən bərk hissəciklərdən ayrılan qazların mexaniki təmizləmə qurğuları;

— bərk hissəcikləri maye vasitəsilə tutulan qazların yaş təmizləmə qurğuları;

— üzərində toz hissəcikləri çökən məsaməli materiallardan hazırlanmış filtrlər;

— tərkibində bərk hissəciklər olan qazların ionlaşdırılması nəticəsində hissəcikləri çökdurən elektrofiltrlər.

Təmizləmə üsulu və aparatın növü tozlanma dərəcəsindən, hissəciklərin ölçülərindən və qazın təmizləmə dərəcəsinə qoyulan tələblərdən asılı seçilir. Təmizlənmənin effektivliyi kütləyə görə effektivliklə və ya udulma əmsalı ilə xarakterizə olunur. Bu əmsal hissəciklərin ümumi kütləsinin hansı payının udulmasını göstərir və qaztəmizləmə qurğusunun istismar xassələrini əks etdirən ümumiləşdirilmiş parametrdir. Udulma əmsalı aşağıdakı formulla hesablanır:

ŋ = (CH – CK)100/CH

burada, CH və CK – qazda təmizləmədən qabaq və sonrakı tozun qatılıqlarıdır.

Təbii qazın ilkin emalının əsas məhsulları

[redaktə | mənbəni redaktə et]

Təbii karbohidrogen qazlarının ilkin fiziki emalı nəticəsində alınan əmtəə məhsulları aşağıdakılardır:

  • magistral qaz boru kəmərinə yönəldilən əmtəə qazı;
  • qaz kükürdü (maye, küm şəkilli, üyüdülmüş, qranul şəkilli);
  • yüngül karbohidrogenlərin geniş fraksiyası (YKGF);
  • stabil qaz kondensatı;
  • A-76, A-92, AИ-95 markalı avtomobil benzinləri;
  • dizel yanacağı;
  • reaktiv yanacağı;
  • qazanxana yanacağı;
  • mayeləşdirilmiş qaz;
  • etan;
  • texniki propan;
  • texniki propan-butan;
  • texniki butan;
  • izobutan;
  • izopentan;
  • pentan-izopentan fraksiyası;
  • C5-C6 farksiyası;
  • odorant (təbii merkaptan qarışığı);
  • texniki karbon (soba, termiki, kanallı);
  • helium;
  • hidrosulfat

Beləliklə, hal-hazırda qaz emal zavodlarında təbii qazın emalı, onun ilkin emalı, müxtəlif növ yanacaqların istehsalı, bəzi fərdi karbohidrogenlərin alınması və odorant kimi istifadə olunan helium və təbii merkaptanlar qarışığının alınması ilə məhdudlaşır. Perspektivdə təbii və səmt qazlarının emalının inkişaf variantarını nəzərdən keçirdikdə, əsas məsələlərdən biri kimi neft-qaz ehtiyatlarının və qaz-kondensat xammalının emalı üzrə fəaliyyətdə olan qurğuların vəziyyətinin və güclərinin təhlili durur. Neft-kimya və kimya sənayesinin perspektivdə karbohidrogen xammalı ilə təhciz edilməsi proqnozlaşdırıldıqda, aşağıda göstərilən məsələlərin həlli vacibdir:

  • neft-kimya sənayesi üçün ən effektiv xammal olan səmt qazlarının ehtiyatlarından daha geniş istifadə edilməsi;
  • YKGF nəqletdirmə probleminin həlli;
  • iritonnajlı neft-kimya məhsullarının (olefinlərin, aromatik karbohidrogenlərin, metanolun, dudanın, sintetik kauçukların) hazırlanması üçün lazımi monomerlərin və digər polimer materiallarının istehsalı;
  • dizel yanacağının istehsalı;
  • birbaşa qovulmuş benzin fraksiyasının alınması;
  • mühərrik yanacaqlarının istehsalı;
  • müəssisədə istehsal olunan A-76 benzininin aşağı istismar xassələrini yaxşılaşdırmaq üçün "Seoforming" texnologiyası üzrə benzin fraksiyasından yüksəkoktanlı benzinlərin alınması.

Təbii qaz ehtiyatları

[redaktə | mənbəni redaktə et]

Təbii qaz yanacaq növü kimi ekoloji üstünlüyü ilə yanaşı, həm də əksər texniki-iqtisadi göstəriciləri, energetik gücü ilə də digər karbohidrogen ehtiyatlarına nisbətdə fərqlənir. Belə ki, yanarkən hiss verməməsi, tullantı yaratmaması, məşəlinin asanlıqla tənzimlənməsi, xüsusilə də atmosferə və ətraf mühitə qarşı zərərliliyinin minimallığı onun ekoloji aspektdə cəlbediciliyini artıran xüsüsiyyətlərdir. Rəngsiz və çox zaman da iysiz olan təbii qaz texniki-iqtisadi imkanları nəzərə alınmaqla digər ənənəvi enerji mənbələri ilə müqayisə edilərkən onun ekolojı və energetik keyfiyyətlərilə yanaşı, fiziki xüsusiyyətləri də xüsusi qeyd edilməlidir. Belə ki, karbohidrogen ehtiyatları arasında ən yüksək istiliktörətmə qabilliyyəti ilə fərqlənən təbii qaz müvafiq gücü ilə torf və yanar şistlərdən 3-4 dəfə, odun biokütləsi və daş kömürdən 1,5 dəfə, neftdən isə orta hesabla 1 000 kkal/kq üstündür. Konkret olaraq təbii qazın istiliktörətmə gücü orta göstəricidə 12 000 kkal/kq təşkil edir. Bu isə təbii qazın energetik, eyni zamanda texnoloji cəhətdən keyfiyyətli və səmərəli yanacaq növü kimi geniş tətbiqini təmin edir.

Ənənəvi enerji mənbələrinin digər növü olan təbii qaz da neft kimi əsasən yer kürəsinin Orta Şərq hissəsində geniş yataqlara malikdir. Belə ki, dünya üzrə təbii qaz ehtiyatlarının ümumi həcmi 188,1 trln/m3 təşkil edir ki, bunun da 40,3%-i (75,8 trln/m3) Orta Şərqin, 30,1%-i (56,6 trln/m3) Qərbi və Mərkəzi Asiya (MDB), 8,8%-i (16,6 trln/m3) Avstraliya və Şərqi Asiyanın, 8,1%-i (15,2 trln/m3) Şimali Amerikanın, 6,8%-i (12,9 trln/m3) Afrikanın, 4,2%-i (7,9 trln/m3) Cənubi və Mərkəzi Amerikanın, 1,7%-i (3,2 trln/m3) isə Avropanın payına düşür.

Təbii qaz ehtiyatlarına malik dövlətlər sırasında isə 37,4 trln/m³ göstərici ilə Rusiya Federasiyası və 32,1 trln/m³ göstərici ilə İran ilk yerləri bölüşürlər. Belə ki, hər iki ölkənin birgə təbii qaz ehtiyatları, ümumdünya üzrə təstiq edilmiş 188,1 trln/m³ təbii qaz ehtiyatının 1/3 hissəsindən çoxdur. Digər ilk yerləri isə Qatar (24,7 trln/m³), Türkmənistan (13.6 trln/m³) və ABŞ (12,6 trln/m³) tutur.

Statistik göstəricilərə əsasən dünya üzrə 2021-ci ildə ümumi təbii qaz hasilatı 4 036,9 mlrd/m3 təşkil etmişdir. Mövcud təbii qaz hasilatında ABŞ 934,2 mlrd/m3 göstərici ilə ilk yerdədir. Sonrakı yerləri isə Rusiya Federasiyası (701,7 mlrd/m3), İran (256,7 mlrd/m3), Çin Xalq Respublikası (209,2 mlrd/m3) və Qatar (177 mlrd/m3) tutur. Ümumilikdə isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə təbii qaz hasilatı 3,1% artmışdır. Ölkələr üzrə ən böyük artım İraq (33,9%) və Yəməndə (30,2%), ən yüksək azalma isə Vyetnam (-19,2%) və İtaliyada (-18,4%) müşahidə edilmişdir.

Dünya üzrə 2021-ci ildə ümumi təbii qaz istehlakı isə 4 037,5 mlrd/m3 təşkil etmişdir. Mövcud təbii qaz istehlakında ABŞ 826,7 mlrd/m3 göstərici ilə liderlik edir. İkinci yeri isə 474,6 mlrd/m3 göstərici ilə Rusiya Federasiyası tutur. Sonrakı ilk yerləri isə Çin Xalq Respublikası (378,7 mlrd/m3), İran (241,1 mlrd/m3) və Kanada (119,2 mlrd/m3) bölüşür. Ümumilikdə isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə təbii qaz istehlakında 5,3% həcmində artım müşahidə edilmişdir. Ən böyük artım Braziliya (29,1%) və Şimali Makedoniyanın (26,4%), ən böyük azalma isə Vyetnam (-19,2%) və Yeni Zelandiyanın (-14,9%) payına düşür.

Lakin onu da nəzərə almalıyıq ki, daş kömür, neft və təbii qaz kimi ənənəvi enerji mənbələri tükənən resurslardır. Belə ki, hesablamalara görə bu yanacaqlardan istifadə indiki inkişaf tempi ilə davam etsə təxminən neftin 43-50, qazın 65-73, daş kömürün 150-170, boz kömürün isə 500-550 ildən sonra tükənəcəyi proqnozlaşdırılır.

Həmçinin karbohidrogen ehtiyatlarından plastik məmulatların, sintetik parçaların, yağların, karbon lifi və digər sənaye məhsullarının istehsalında birbaşa və ya dolayı şəkildə xammal kimi istifadə olunması da qlobal enerji çatışmazlığına səbəb olan amillərdəndir.

Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatı (BMT) ənənəvi enerji mənbələrindən asılılığın aradan qaldırılması, eyni zamanda enerjiyə olan təlabatın ödənilməsinin yeganə həllini yalnız alternativ və bərpa olunan enerji mənbələrindən geniş və səmərəli şəkildə istifadədə görür. Bu məqsədlə YUNESKO (United Nations Educational, Scientific and Cultural Organization) keçən əsrin 90-cı illərindən başlayaraq BMT-yə üzv olan ölkələrin və bu sahədə maraqlı olan təşkilatların dəstəyi ilə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək və inkişaf etdirmək üçün mütəmadi olaraq maarifləndirici və təşviqedici müxtəlif tədbirlər həyata keçirir.

Lakin ənənəvi enerji mənbələrinin tükənən olması ilə yanaşı mövcud enerjidən istifadə zamanı ətraf mühitə dəyəcək ciddi mənfi təsirlər də qaçılmazdır. Belə ki, bərk və ya maye halında olan yanacaqların yandırılması zamanı Kükürd dioksid (SO2), Karbon dioksid (CO2), Karbon oksid (CO), Azot dioksid (NO2), Metan (CH4) eləcə də toz, his və s. bu kimi zərərli maddələr əmələ gəlir ki, bu da ətraf mühitin və atmosferin xeyli çirklənməsinə səbəb olur. Kömürün açıq üsul ilə çıxarılması və torfun işlənməsi isə landşaftların dəyişilməsinə, hətta onun dağılması hallarına gətirib çıxarır. Həmçinin neftin hasilatı və daşınması zamanı yarana biləcək hər hansı qəza zamanı neft və neft məhsullarının geniş ərazilərə yayılması ekoloji mühitin çirklənməsinə səbəb olur ki, bu da ətraf mühitdə var olan mövcud canlıların məhvinə yol açır.

Neft-qaz sənayesi obyektlərinin torpaq ehtiyatlarına təsiri nəticəsində yaranmış əsas neqativ nəticələr aşağıdakılardan ibarətdir:

- ətraf mühitin çirklənməsi nəticəsində torpaqların şərti sıradan çıxması;

- kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalması;

- canlı heyvan və bitki aləminin məhvi;

- əhalinin sağlamlıq vəziyyətinin pisləşməsi.

Ənənəvi enerji mənbələrindən enerji hasil edilən zaman ətrafa külli miqdarda tam və bəzən də natamam yanma məhsulları da atılır. Tam yanma məhsulları içərisində Karbon dioksid (CO2) üstünlük təşkil edir ki, bunun da atmosferə atılması havanın çirklənməsinə, Kükürd dioksid (SO2) və Azot dioksid (NO2) kimi qazlar isə təbiətdə turşu yağışlarının yağmasına səbəb olur. Nəticədə atmosferdə “istixana effekti” yaranır ki, bu da mümkün iqlim dəyişikliklərinə və qlobal istiləşməyə gətirib çıxarır. Belə ki, hesablamalara görə faydalı qazıntı şəklində çıхarılan enerji daşıyıcılarının yanmasından hər il atmosferə on milyonlarla ton Karbon qazı (CO2) atılır.

Abbasov V.M., Nağıyev T.M., İbrahimov H.C., Məmmədova T.A., Abbasov M.M., Ağamaliyev Z.Z., Əmirov F.Ə. Qaz kimyası, Bakı, 2015, səh.91–91, 98–100

  1. 1 2 "DÜNYA QAZ TƏSƏRRÜFATI, MÜASİR MEYİLLƏR VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ". 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-17.