Ralf Staynman

Ralf Staynman (ing. Ralph Steinman) - yəhudikökənli kanadalı immunoloq və hüceyrə bioloqu, 2011-ci ildə dentritik hüceyrənin kəşfi və onun qazanılmış immunitetdə rolunun öyrənilməsinə görə Nobel mükaftına layiq görülüb.

Ralf Staynman
Ralph Marvin Steinman
Doğum tarixi
Doğum yeri Monreal, Kvebek, Kanada
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri ABŞ, Manhetten
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Vətəndaşlığı Kanada
Elm sahələri virusologiya, bakteriologiya, biologiya
Elmi dərəcəsi professor
İş yeri
Alma-mater Keyptaun Universiteti
Təhsili
Tanınır immunologiya, hüceyrə biologiyası
Üzvlüyü
Mükafatları Nobel mükafatıFiziologiya və tibb üzrə Nobel mükafatı (2011)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ralf Staynman 1943-cü ilin yanvarın 14-də Kanadanın Monreal şəhərində anadan olub, dörduşaqlı ailənin ikinci uşağı idi. Atası, İrvinq, Şərqi Avropadan qaçmış Aşkenazi yəhudisi idi və oğlunun ailə biznesini davam etdirməsini istəyirdi. Ancaq Ralf orta məktəbdən elmə maraq göstərir. O, 1963-cü ildə Makgill Universitetinin bakalavr dərəcəsini fərqlənmə ilə və Harvard Tibbi Məktəbini magna cum laude qiyməti ilə bitirir. Harvarddaykən bir il araşdırmaçı kimi Elizabeth Hey laboratoriyasında keçirir, orada onu hüceyrə biologiyası və immun sisteemlə tanış edirlər. Massaçusets Ümumi Hospitalında internatura və rezidentura keçərkən tibbi sosial işçi Klaudia Höfelə rast gəlir. Onlar 1971-ci ildə evlənirlər.

Tibbi təhsilini başa vurduqdan sonra özünü biotibbi tədqiqat işinə adayır. 1970-ci ildə Rokfeller Universitetinin həkim-alimlər Zanvil A. Kon və Ceyms A. Hirş başçılığı altında olan Hüceyrə Fiziologiyası və İmmunologiyası Laboratoriyasına postdoktorant kimi qoşulur. Bu laboratoriya mikrobioloq Rene Dübo tərəfindən qurulmuşdu: o, sahib orqanizmi infeksiya vaxtı öyrənməyin önəmliyini bilirdi. Dübo, Kon və Hirş Staynmana yaxşı hoca oldular: yalnız immunologiyanı deyil, həm də hüceyrə biologiyasını və biokimyanı əhatə edirdilər. Staynman bütün karyersaını Rokfeller Universitetində keçirdi: 1972-ci ildə yardımçı professor, 1976-cı ildə dosent (associate professor), 1988-ci ildə professor təyin edildi. Ona 1995-ci ildə Henri Kunkel professoru adı verilmişdi, 1998-ci ildə isə Kristofer Braun adına İmmunologiya və İmmun xəstəliklər Mərkəzinin direktoru seçilir.

Staynmanın Kon rəhbərliyi altında gördüyü ilkin elmi işləri leykositlərin infeksiya və xərçəng xəstəliklərinə qarşı mübarizədə rolunu anlamağa yönəlmişdi. 1973-cü ildə Staynman və Kon o zamanadək bilinməyən immun hüceyrələrdən biri olan dentritik (ağacvari) hüceyrələri kəşf edirlər. Bu kəşf immunologiya sahəsində böyük dəyişikliklərə gətirib çıxarır. Sonrakı illərdə 2011-dək (alimin ölümünədək) Staynmanın laboratoriyası ağacvari hüceyrələrin araşdırmasının ön sıralarda idi. O, həmkarları ilə birgə müəyyən etmişdi ki, ağacvari hüceyrələr həm anadangəlmə, həm qazanılmış immuniteti idarə edən çox önəmli immun sistem gözətçiləridir. O, göstərə bilmişdi ki, ağacvari hüceyrələr T-hüceyrə vasitəli immun cavabın əsas başladıcılarıdır. O, ağacvari hüceyrələri bəzi immun xəstəliklərin müalicəsinin tədqiqatında istifadə etməyə çalışmışdır: transplantantın qopması, xərçəng dayanıqlığı, autoimmun xəstəliklər, infeksiyalar. 2010-cu ildə Rokfeller Universitetinin Hospitalında dentritik hüceyrələri hədəf götürən QİÇS-əleyhinə peyvəndin dünyada ilk kliniki araşdırmasının birinci fazasını başladır.

450 elmi məqalənin müəllifidir.

2007-ci ilin martında ona mədəaltı vəzin adenokarsinomu diaqnozu qoyulur. Staynman inanırdı ki, dentritik hüceyrələr onun aqqressiv xəstəliyi ilə savaşa bilər. Həmkarları ilə birgə ağacvari hüceyrələr əsasında özü üçün immunmüalicələrin taslağını qurur. Adətən mədəaltıvəz xərçəngli xəstələr inkişaf etmiş ölkələrdə belə bir neçə ay içində ölürlər. Amma Staynman diaqnoz qoyulduqdan 4,5 il sonra da özünü gumrah hiss edirdi. Ancaq 2011-ci ilin sentyabrın 30-da, Nobel Mükafatının elan olunmasına 3 gün qalmış, alim vəfat edir. Arvadı Klaudia Staynman və uşaqları mükafatdan gələn bütün pul məbləği elm sahəsində xeyriyyə işinə sərf edirlər: 500 min ABŞ dolları Rokfellef Universitetində Kon-Staynman Professor Təqaüdünə və 250 min ABŞ dolları gənc araşdırmacıların dəstəyi və elmə cəlb edilməsi üçün Staynman Ailə Fonduna.[1]

1996 - Emil fon Berinq Ödülü [2]
1998 - Maks Plank Tədqiqat Ödülü [3]
1998 - Uilyam B. Koley Ödülü [4]
1999 - Robert Kox Ödülü [5]
2001 - Amerikan Milli Elmlər Akademiyasının üzvü
2003 - Gerdner Fondunun Uluslararası Ödülü [6]
2005 - Edinburqun Kral Cəmiyyətinin üzvü
2006 - Nyu York Elmlər Akademiyasının üzvü
2007 - Tibbin Təməl Sahələrində araşdırmalara görə Albert Lasker Ödülü [7]
2009 - Albani Tibbi Mərkəzi Ödülü [8]
2010 - Tibb üzrə A.H.-Heyneken Ödülü [9]
2011 - Fiziologiya ya Tibb üzrə Nobel Mükafatı
  1. "The official web site of the Nobel Prize. Ralph M. Steinman - Biographical". 2018-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-07.
  2. "Emil von Behring-Preis der Philipps-Universität Marburg". 2017-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-07.
  3. "Max-Planck-Forschungspreisträger 1998". 2009-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-15.
  4. "William B. Coley Award Recipients". 2010-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-07.
  5. "Träger des Robert-Koch-Preises seit 1970". 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-07.
  6. "Gairdner Foundation - Ralph Steinman, MD. Recipient of the Canada Gairdner International Award, 2003". 2017-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-07.
  7. "Lasker Foundation - Albert Lasker Basic Medical Research Award 2010 Winners". 2016-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-07.
  8. "Albany Medical Center Prize in Medicine and Biomedical Research. Previous Recipients". 2012-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-07.
  9. Ralph Steinman[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]