Rami Mehmed Paşa (1645[1][2], İstanbul – 1706[1][2], Rodos) — II Mustafa dönəmində 6 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda dövrünün məşhur şairlərindən olması və şeirlərində dövlət adamlarını kəskin tənqid etməsi səbəbilə ərəbcə "atıcı, iynələyici" mənası verən Rami təxəllüsü almışdır.
Rami Mehmed Paşa | |
---|---|
رامي محمد باشا | |
24 yanvar 1703 – 20 avqust 1703 | |
Əvvəlki | Daldaban Mustafa Paşa |
Sonrakı | Nişançı Əhməd Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1645[1][2] |
Doğum yeri | Əyyubsultan, İstanbul |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat |
Atası | Həsən ağa |
Rütbəsi | Admiral |
1655-ci ildə İstanbulun Əyyubsultan ilçəsinin Nişançı məhəlləsində dünyaya gəlmişdir. Atasının adının Həsən ağa olduğu bilinir. Gənclik illərində bir müddət atasının yanında çalışmış, İstanbulun su yollarının təmiriylə məşğul olmuşdur. Sonralar yazı qabiliyyətinin yaxşı olması səbəbilə divan-i hümayuna alınmış, zamanla katibliyə qədər yüksəlmişdir. Qısa zamanda dönəmin məşhur şairləri arasında tanınmış, bununla yanaşı ikinci vəzir müsahib Mustafa Paşanın məsrəf katibi kimi fəaliyyət göstərmişdir. 1678-ci ildə yaxın dostu şair Nəbiylə birlikdə həcc ziyarətinə getmiş, ziyarətdən döndükdən sonra Mustafa Paşa tərəfindən divan əfəndiliyinə yüksəldilmişdir. 1685-ci ilə qədər şair Nəbiylə birlikdə paşanın xidmətində qaldı. Mustafa Paşanın vəfatından sonra yenidən divan xidmətinə dönən Mehmed Əfəndi 16 noyabr 1694-cü ildə rəisülküttablığa gətirildi. Ancaq dövrün sədrəzəmi Almas Mehmed Paşa ilə münasibətlərinin pis olması səbəbilə 1697-ci ilin yanvarında vəzifədən alındı və ev həbsinə məhkum olundu. Həmin ilin sonunda sədrəzəmin vəfatının ardından Körpülü Hüseyn Paşanın sədarətə gəlişi ilə 17 oktyabr 1697-ci ildə yenidən rəisülküttablığa gətirildi.
II Vyana mühasirəsi ilə başlayan və 14 ildir davam edən sülh müzakirələri Mehmed Əfəndinin də iştirakı ilə sürətləndi. Danışıqlar zamanı göstərdiyi yüksək fəaliyyətlə digər diplomatlardan fərqləndi. Paytaxta döndükdən sonra sultan tərəfindən hədiyyələr alsa da, vəzirlik təklifini qəbul etmədi. Körpülü Hüseyn Paşanın sədarəti dövründə dövlət işləriylə yaxından məşğul olsa da, Daldaban Mustafa Paşa ilə münasibətləri pisləşdi. Vəzifədən alınıb sürgünə göndərilməsi təklif edilsə də, şeyxülislam Feyzullah Əfəndi buna qarşı çıxdı və sədarətə yüksələ bilməsi üçün qübbə vəzirliyinə gətirilməsini təmin etdi (28 dekabr 1702). Şeyxülislam-sədrəzəm qarşıdurmasında şeyxülislamı dəstəklədi və çox keçmədən Daldaban Mustafa Paşanın yerinə sədarətə gətirildi (24 yanvar 1703).
Ancaq zaman keçdikcə şeyxülislam Feyzullah Əfəndi ilə aralarında ziddiyət yarandı. Şeyxülislamın dövlət məsələlərinə bu dərəcədə qarışması Mehmed Paşanı çətin vəziyyətə saldı. Onun dövlət idarəsindəki gücünü sındırmaq məqsədilə İstanbulda olan sədarət naibi Kürəkən Həsən Paşa ilə ittifaq qurdu. Ülufələri verilmədiyi üçün saraya şikayətə gələn 200 cəbəcini üsyana təşviq etdi. Getdikcə böyüyən üsyan dalğası nəticəsində tarixə Ədirnə hadisələri (22 avqust 1703) olaraq düşən üsyan baş tutdu və Sultan Mustafa devrilərək yerinə III Əhməd taxta çıxarıldı. Feyzullah Əfəndi Ədirnədə işgəncə verilərək öldürüldü və cəsədi Tunca çayına atıldı. Rami Mehmed Paşa isə hadisədən 2 gün öncə 19-20 avqust gecəsi Ədirnədəki yaxın dostu Arabaçızadə Əhməd Əfəndinin evində gizlənərək canını xilas etdi. Bu səbəblə sədarətdən çəkilmiş hesab edildi ancaq sədarət möhürü özündə qaldı. Bir müddət Əyyubsultandakı köşkündə gizləndi, daha sonra meydana çıxaraq keçmiş müttəfiqi sədrəzəm Moralı Həsən Paşa, şeyxülislam və Rumeli başqazısı Yəhya Əfəndiyə 800 kisə rüşvət verərək bağışlanmasını təmin etdi. Özündə tutduğu sədarət möhrünü təslim edərək öz istəyi ilə Kipr hakimliyinə təyin edildi (19 iyun 1704). 4 ay sonra Süleyman Paşanın yerinə Misir hakimliyinə gətirildi. Ancaq bu müddət ərzində Misirdə başlayan qıtlıq və qiymət bahalığı səbəbilə vəzifədən alındı və Rodos adasına sürgün edildi (sentyabr 1706). Bir neçə il sonra Krit adasındakı Qrabusaya nəql edilməsi ilə bağlı fərman çıxarıldı. Katib Mehmed ağa 9 mart 1708-ci ildə Rodos adasına fərmanı elan etmək üçün gələndə, bir müddətdir şiddətli bağırsaq infeksiyasından əziyyət çəkən Rami Mehmed Paşa 8 mart gecəsi artıq vəfat etmişdi. Cənazəsi bir neçə gün sonra Rodos adasındakı Murad Rəis təkkəsinin yaxınlığına dəfn edildi. Əmlakı müsadirə eilərək ailəsi ilə birlikdə İstanbula göndərildi.
Ailəsi haqqında məlumat azdır. Qızlarından birini şeyxülislam Mirzə Mustafa Əfəndinin oğlu və Rumeli qazəsgəri Mehmed Səlim Əfəndiylə evləndirmişdir.