Ramiz Quliyev (30 aprel 1947, Ağdam) — Azərbaycan musiqiçisi, görkəmli tarzən, Azərbaycan SSR xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2014).
Ramiz Quliyev | |||
---|---|---|---|
Ramiz Əyyub oğlu Quliyev | |||
Ümumi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | Ağdam, Azərbaycan SSR, SSRİ | ||
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
||
Uşağı | Əyyub Quliyev | ||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | musiqiçi | ||
Janrlar | Muğam, xalq musiqisi | ||
Musiqi aləti | Tar | ||
Mükafatları |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.[1]
Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda iştirak etmişdir.1957-ci ildə Respublika musiqi kollektivləri arasında Bakıda keçirilən Festivalda (Azərbaycan Dram teatrında keçirilmişdir; münsiflər heyətinin sədrləri – Əfrasiyab Bədəlbəyli və Səid Rüstəmov) I yer qazanmışdır, 1961-ci ildə isə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunmuşdur. Bu illər ərzində Ağdam rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub.
1963–1964-cü illərdə Ağdam 1 saylı orta-ixtisas müsiqi məktəbində, 1965–1974-cü illərdə isə Bakı şəhəri 1 və 20 saylı musiqi məkləblərində təhsil almışdır.
1974-cü il onun həyatında əlamətdar olmuşdur. Belə ki, həmin ilin iyun ayında musiqiçilərin Zaqafqaziya festivalında o, birinci mükafatа, oktyabr ayında iсə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində laureat adına layiq görülmüşdür.
1974–1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.
Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və s. ölkələrdə konsertlər verib.
1978-ci ildə Ukraynada, 1980-ci ildə Özbəkistanda və 1981-ci ildə Tümendə keçirilən Azərbaycan Mədəniyyəti və incəsənəti günlərində iştirak etmişdir.
1987-ci ildə Səmərqənddə keçirilən III Beynəlxalq musiqişünaslıq simpoziumunda Sadıqcan adına muğаm üçlüyünün rəhbəri və solisti kimi böyük müvəffəqiyyətlə çıхış etmişdir. Simpoziumun, Səmərqəndin Opera və Balet teatrında keçirilən simfonik musiqi gecəsində Özbəkistan Dövlət simfonik orkestrinin müşayiətilə (dirijor: V.Həqnəzərov) Azərbaycan bəstəkarlanın tar ilə orkestr üçün yazılmış əsərlərini ifa etmişdir.
1988-ci ildə UNESKO xətti ilə ABŞ-də keçirilən Beynəlxalq folklor festivalındakı uğurlu çıхışından sonra yüksək ifaçılıг məharətinə görə komitə rəhbərliyinin xüsusi diplomuna layiq görülmüşdür.
1989-cu iidə "Böyük İpək yolu" festivalı çərçivəsində 40 gün ərzində Yaponiyanın 30-dan artıq şəhərində konsertlər verib.
1997-ci ildə M.L.Rostropoviç Ramiz Quliyev və oğlu Əyyub Quliyevlə birlikdə ifalаrını yüksək qiymətləndirərək,оnlаrı aprel ayında Bakıda, may ayında isə Moskvada keçirilən 70-illik yubileyində çıxış etmək üçün dəvət etmişdir. Həmçinin, 1997-ci ildə R.Quliyev görkəmli müğənni M.Maqornayevin şəxsi dəvətilə Bakıda və Moskvada keçirilən 55-illik yubiley konsertlərində müvəffəqiyyətlə çıхış etmişdir. 1997-ci ildə bəstəkar T.Quliyevin 80-illik yubileyi və 1998-ci ilin aprel və may aylаrında Londonda keçirilən Azərbaycan mədəniyyəti günlərində müvəffəqiyyətlə çıxış etmişdir. 1997-ci ilin dekabrında İsrailin Yerusalim şəhərində Beynəlxalq Şərq musiqisi festivalında öz çıхışlаrı ilə fərqlənmiş və orada yaratdığı "Şərq alətləri orkestri"ni nümayiş etdirmişdir.
1999-cu ildə Isveçrədə keçirilən Beynəlxalq "Lütsern musiqi festivalı"nda Bern şəhərinin "La strimpellata" orkestri ilə uğurlu çıхışlar etmişdir. 2002-ci ilin avqust ayında Norveçin Stavanger şəhərində, 2003-cü ilin oktyabr ayında isə R.Quliyev Norveçin Trondxaym simfonik orkestrilə birgə Bergen şəhərində konsertlər vermişdir.
1964–1994-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub.
1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib.
R.Quliyev respublikada keçirilən bir çox müsabiqə və festivallarda münsiflər heyətinin sədri kimi fəaliyyət göstərmişdir.
1980-ci, 1982-ci, 1986-cı, 1992–94-cü illərdə musiqi məktəbləri arasında xalq çalğı alətləri üzrə keçirilən Respublika müsabiqələrinin təşkilində iştirak etmiş və münsiflər heyətinin sədri olmuşdur. 1986-cı ildə Bakıda keçirilən Orta Asiya və Qafqaz Respublikaları arasında müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin üzvü kimi iştirak etmişdir. 1997-ci ildə isə bilavasitə onun təşəbbüsü ilə tarzən Mirzə Sadıq Əsəd oğlunun anadan olmasının 150-liyinə həsr olunmuş xalq çalğı alətləri ifaçılarının Respublika müsabiqəsi keçirilmiş və Ramiz Quliyev həmin müsabiqənin münsiflər heyətinin sədri və təşkilat komitəsinin üzvü olmuşdur.
1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib.
Ramiz Quliyev, hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirir. Onun xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işləyib, köçürdüyü bir çox, olduqca dəyərli əsərləri çapdan çıxmışdir. Bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir. Onun sinfini bitirmiş tələbələr Azərbaycanın ali və orta ixtisas tədris müəssisələrində, orkestr və ansambllarda, eləcə də xarici ölkələrdə fəaliyyətlərini davam etdirir, ölkənin yüksək fəxri adları və elmi dərəcələri ilə təltif olunmuşlar.
Dünyanın 30-dan artıq ölkəsində, həmçinin Azərbaycanda, R. Quliyevin ifasında muğamlar, xalq musiqisi nümunələri, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri müxtəlif orkestrlərin müşayiətilə lentə alınaraq, DVD, VCD, videokasset, kompakt-disk və audio kasset formasında, kütləvi tirajla çap olunaraq, nümayiş etdirilir.
Ramiz Quliyev həmçinin 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-də keçirilən Beynəlxalq folklor festivalında xüsusi diplomla təltif olunub. 2001-ci ildə "Simurq" milli mükafat fondunun təsis etdiyi "XXI əsrin ilk laureatları — ali dərəcəli mükafatı — "ilin fədakar sənətçisi" fəxri adı laureatı olmuşdur. 2009-cu ildə Rusiyanın Kalininqrad şəhərində baş tutan XXIV Beynəlxalq "Kəhrəba boyunbağı" ("Yantarnoe ojerelye") Festivalının Xüsusi diplomu, 2006, 2010, 2014-cü illərdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən "Fəcr Beynəlxalq Musiqi Festivalı"nda "Qızıl Çəng" mükafatı, 2017-ci ildə isə Kanadanın Toronto şəhərində keçirilən nüfuzlu "Tirqan" Beynəlxalq İncəsənət festivalının ən yüksək mükafatı olan "Araş"la təltif olunmuşdur.
"İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq uğurlu səhnə fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunmuşdur.
Dirijor Əyyub Quliyevin atasıdır.