Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Nəcəfov Rzaqulu Məşədi Ələkbər oğlu (1884, Naxçıvan – 29 oktyabr 1937, Bakı) — mətbuat xadimi, publisist, maarifpərvər.
Rzaqulu Nəcəfov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 1937 |
Vəfat yeri | |
Fəaliyyəti | publisist |
Maarifçi ailəsində doğulmuş, mükəmməl təhsil almış, ərəb, fars, rus və gürcü dillərini dərindən bilmişdir. Nəcəfovlar Culfada və Naxçıvanda ticarətlə məşğul olsalar da, onların elm öyrənməyə hədsiz maraqları var idi. Rzaqulunun da atası, əmiləri, qardaşı elmi dünyagörüşləri yüksək olan insanlar idi. Rzaqulu Nəcəfovun elmi dünyagörüşünün formalaşmasında qardaşı şair Əliqulu Qəmküsarın xüsusi rolu olmuşdur.
Öncə ruhani təhsili almış, sonralar Məhəmməd Tağı Sidqinin Naxçıvanda açdığı və o zamankı Naxçıvanın mədəni həyatında mühüm rol oynamış məşhur "Məktəbi-tərbiyə"də oxumuşdur. Culfa gömrükxanasında işləmiş, İran inqilabına (1905–1911) kömək etmişdir. 1912-ci ildə Tiflisə köçmüş, "Molla Nəsrəddin" jurnalına ikinci redaktor təyin edilmiş, Əliqulu Qəmküsarın köməkçisi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gürcüstanda Azərbaycan hökumətinin konsulu vəzifəsində çalışmışdır.[mənbə göstərin]
Gürcüstanda yaşayıb yaratmış, jurnalistlik fəaliyyəti göstərmişdir. 1922-ci ildən Tiflisdə azərbaycanca nəşr edilmiş həftəlik "Yeni fikir" qəzetinin təsisçilərindən və redaktorlarından biri olmuşdur.[1]
Sovet hakimiyyəti illərində "Yeni fikir" qəzetinin redaktor müavini, "Dan ulduzu" jurnalının redaktoru, "Molla Nəsrəddin" jurnalının müxbiri, Zaqafqaziya Yeni Əlifba Komitəsinin sədr müavini, Tiflis Türk (Azərbaycan) Dövlət Dram Teatrının direktoru olmuşdur.
20-ci əsrin 30-cu illərində Bakıya köçmüş, nəşriyyatda işləmişdir. Dövri mətbuatda müntəzəm olaraq, aktual problemlərə dair elmi, ciddi və satirik üslubda məqalələr, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir haqqında xatirələr dərc etdirmişdir.[2]
1931-ci ildə Azərbaycan Milli Mərkəzinin üzvü kimi həbs edildi. O, AMM ilə Türkiyə konsulluğu arasında əlaqə yaratmaqda günahlandırıldı. 30 sentyabr 1931-ci ildə AzSPU Kollegiyası tərəfindən 8 ilədək həbs düşərgələrində cəza çəkdi. 8 fevral 1932-ci ildə ZakGPU həbs cəzasını 3 ilədək həbs düşərgələrində saldı.[3]
1937-ci ildə yenidən repressiya edildi. Ölüm cəzasına məhkum edildi.[4]
Rzaqulu Nəcəfov "Mozalan", "Bir müsəlman", "Lağlağı", "N. R.", "R. Nəcəfzadə" və s. gizli imzaları ilə "Bürhani-tərəqqi" (1909), "Həqiqət" (1910), "Molla Nəsrəddin" (1913), "Maarif işçisi" (1927), "Dan yıldızı", "Yeni fikir" (1926), "Yeni Gəncə" (1925) nəşrlərində dərc olunmuşdur.[5]
Azərbaycanın tanınmış maarifçi ziyalı soylarından biri olan Nəcəfovlardandır. Şair Əliqulu Qəmküsarın kiçik qardaşı, diplomat Nəcəfqulu Nəcəfovun əmisi oğludur.[6]
Həyat yoldaşı Bilqeyis xanım Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı, Azərbaycanın əməkdar artisti, müğənni Cahan xanım Talışinskayanın böyük bacısı idi.[7]
Akif və Ülxan adında iki oğlu olmuşdur. Leninqrad Dövlət Universitetinin üçüncü kurs tələbəsi olan oğlu Akif, antisovet təşviqatına görə 1949-cu ildə həbs olundu və 10 il məcburi əmək düşərgələrində məhkum edildi.
Nəvələri Sankt-Peterburqda (Rusiya) və Nyu-Yorkda (ABŞ) yaşayır.