Sərdar Məcid oğlu Həmidov (2 yanvar 1950, Kəlbəcər – 29 fevral 2016, Bakı) — Azərbaycan siyasətçisi və hərbçisi. O, Tərtər ərazi özünümüdafiə batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuşdur.
Sərdar Həmidov | |
---|---|
23 may 1992[1] – 21 iyun 1994[2][3] | |
Əvvəlki | Məzahir Rəfiyev |
Sonrakı | Elman Allahverdiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 yanvar 1950 |
Doğum yeri | |
Vəfat tarixi | [4] |
Vəfat yeri | |
Dəfn yeri | Tərtər[5] |
Uşağı |
Sərdar Məcid oğlu Həmidov 1950-ci ildə Kəlbəcərdə anadan olmuşdur.[6] Onun atası Xalq Daxili İşlər Komissarlığı zabiti idi.[7] Həmidovun qardaşı keçmiş daxili işlər naziri İsgəndər Həmidovdur.[8] Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə jurnalistdir.[9]
"İstiqlal" qəzeti kimi bəzi mənbədə Həmidovun mənşəcə kürd olduğu iddia edilsə də,[10][11] qardaşı İsgəndər Həmidov bunu təkzib etmiş və türk əsilli Kolanı tayfasından olduğunu bildirmişdir.[12]
Sərdar Həmidov Azərbaycan Xalq Cəbhəsinin (AXC) may ayında prezident Ayaz Mütəllibovu devirməsindən sonra Tərtər rayonunun icra başçısı təyin edilmişdir.[13] O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur.[14] Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur. Bundan başqa, o, "Ağdərə" əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən Şıxarxı Tərtərin ərazisinə qatmışdır. Həmidov döyüşlərdə qazandığı uğurlara görə Azərbaycanın ozamankı prezidenti Əbülfəz Elçibəy tərəfində fəxri fərmanla təltif edilmişdir. O, döyüşlərdə bir neçə güllə yarası almışdır.[15]
Azərbaycan Sosial Demokrat Partiyasının öncül üzvlərindən biri, partiya sədrinin qardaşı və onun mətbu orqanı olan "İstiqlal" qəzetinin baş redaktoru Zərdüşt Əlizadə əvvəlcə AXC hakimiyyətinə sadiq idi. O, daha sonra hakimiyyətin səhvlərini və AXC-nin Azərbaycan siyasətinə etnik faktorları gətirməsini tənqid etməyə başlamışdır. 1993-cü il martın sonunda "İstiqlal" qəzetində müxbir Nadir Fərəczadənin yazdığı sərlövhə dərc edilmişdir. Burada Sərdar Həmidov və onun qardaşı, daxili işlər naziri İsgəndər Həmidovdan bəhs edilirdi; Fərəczadə İsgəndər Həmidovu Bakıda hakimiyyət uğrunda mübarizə aparan və özünə türk deyən, qardaşı Sərdar Həmidovu isə Tərtərdə hakimiyyət uğrunda mübarizə aparan və özünə kürd deyən şəxslər kimi qələmə vermişdi. Bunu oxuyandan sonra baş nazir Pənah Hüseynov Həmidova zəng etmiş, qəzetdə onun anasının iki əri olduğunu nəzərdə tutulduğunu demişdir. Həmidov 4 polis əməkdaşı ilə birlikdə qəzetin redaksiya binasına gələrək Zərdüşt Əlizadəni döyməyə başlamış, dava zamanı Həmidova da bir neçə zərbə endirilmişdir. Buna baxmayaraq, Həmidov daha sonra verdiyi müsahibədə Əlizadənin ona və mühafizəçilərinə hücum etdiyini iddia etmişdir. Jurnalist bunun ardınca Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinə aparılaraq zirzəmidəki kameraya salınmışdır.[16] Həmin idarə məhz İsgəndər Həmidov tərəfindən təsis edilmişdir ki, sonrakı illərdə tənqid olunmuşdur.[17] Zərdüşt Əlizadə sonradan azadlığa buraxılmışdır. O, hadisə ilə bağlı prokurorluğa, polisə, məhkəmələrə müraciət etsə də, prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə bunlar cavabsız qalmışdır.[16]
Sərdar Həmidov 3 sentyabr 1997-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə ittiham edilərək həbs edilmişdir. İstintaq zamanı Bakı şəhər prokuroru bildirmişdir ki, baş prokuror Eldar Həsənovun uğursuz qətlinin sifarişçisi Həmidov olmuşdur. Həmidov 11 il müddətinə azadlıqdan məhrum edilmişdir.[18] O, 2004-cü ildə prezident İlham Əliyevin imzaladığı sərəncam ilə əfv edilmişdir.[9]
O, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi və 26 fevral 2016-cı ildə vəfat etmişdir.[14]