Seyci Ozava (小澤 征爾, Ozava Seyci?, 1 sentyabr 1935[1][2][…], Şenyan[4] – 6 fevral 2024[3], Setaqaya[3]) – Yaponiya dirijoru. Boston Simfonik Orkestrı, eləcə də, Yeni Yaponiya Filarmonik Orkestrı, San-Fransisko Simfonik Orkestrı, Toronto Simfonik Orkestrı və Nyu-York Metropolitan Operasındakı çıxışlarına görə tanınır.[5] O, Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunur.[6]
Seyci Ozava | |
---|---|
yap. 小澤 征爾 | |
| |
Doğum tarixi | 1 sentyabr 1935[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 fevral 2024[3] (88 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı[3] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Atası | Kayzaku Ozava[d] |
Təhsili |
|
Fəaliyyəti | dirijor, musiqi direktoru[d], musiqiçi |
Fəaliyyət illəri | 1959–2024 |
Üzvlüyü | |
ozawa-festival.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1935-ci ildə Mancuriyanın Şenyan şəhərində yapon ailədə doğulmuşdur.[6] Ozava Yaponiyada böyümüş və pianoçu olmağı arzulamışdır. Lakin liseydə oxuyarkən oynadığı bir reqbi maçı zamanı barmağının zədələnməsi dirijorluğa yönəlməsinə səbəb olmuşdur.[7]
Yaponiyada məktəb təhsili başa çatdırdıqdan sonra dirijor olmaq üçün Avropaya yollanmışdır. 1959-cu ildə Fransanın Bezanson şəhərində gənc dirijorlar üçün keçirilmiş müsabiqədə ilk mükafatını qazanmışdır. O, Avstriya dirijoru Herbert fon Karayan və ABŞ dirijoru Leonard Bernstayndan dirijorluq dərsləri almışdır. 1961-ci ildə Ozava Nyu-York Filarmonik Orkestrının köməkçi dirijoru olmuşdur. 1978-ci ildə Çin hökuməti tərəfindən dəvət olunmuş və Çin Mərkəzi Simfonik Orkestrı ilə işləmişdir.[7]
Ozava 1973–2002-ci illərdə Boston Simfonik Orkestrının dirijorluğunu etmiş və orkestr tarixində ən uzunmüddətli dirijor olmuşdur. 2002-ci ildə Vyana Filarmonik Orkestrının Nyu-York Günü konsertində dirijorluq edən ilk yapon şəxs olmuşdur. 2002–2010-cu illərdə Vyana Dövlət Operasının musiqi direktoru olmuş və Vyana Filarmonik Orkestrının fəxri üzvlüyünə qəbul edilmişdir.[7]
Yaponiyada isə 1980-ci illərdə müəllimi Hideo Saytonun xatirəsi üçün Sayto Kinen Orkestrını qurmuşdur. Naqano prefekturasının Matsumoto şəhərində baş tutan illik festivalda mütəmadi olaraq çıxış etmişdir. Yeni Yaponiya Filarmonik Orkestrının dirijor laureatı olmuşdur. 2005-ci ildə İsveçrənin Cenevrə şəhərində Seyci Ozava Beynəlxalq Akademiyasını qurmuşdur.[7]
Ozava 2010-cu ildə qida borusu xərçəngi səbəbilə əməliyyat olunmuş və həyatının qalan illərində sağlamlıq problemləri yaşadığı üçün səhnədən çəkilmişdir. 6 fevral 2024-cü ildə Tokioda yerləşən evində ürək çatışmazlığı səbəbilə ölmüşdür.[7]
Ozava Harvard Universitetinin fəxri doktorantura dərəcəsini əldə etmişdir. Sayto Kinen Orkestrı tərəfindən 2013-cü ildə ifa olunan "Uşaqlar və sehrlər" operasındakı çıxışına görə 2016-cı ildə "Qremmi" mükafatını qazanmışdır.[7]
Gur saçları Ozavanın fərqləndirici fiziki xüsusiyyəti kimi tanınmışdır. O, modelyer Hanae Mori və yazıçı Haruki Murakami ilə dostluq etmişdir. Murakami ilə birlikdə "Tamamilə musiqi haqqında" adlı kitab yazmışdır.[7]