Bu məqaləni vikiləşdirmək lazımdır. |
Space TV — 12 oktyabr 1997-ci ildə fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir.
Space TV | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azerspace-1 peykinin əhatə dairəsi |
Dil | Azərbaycan dili |
Baş qərargah | Hüseyn Cavid prospekti 8, Bakı, Azərbaycan |
Yaranma tarixi | 12 oktyabr 1997 |
Sahibi | Sevil Əliyeva |
Rəhbərlik | Vado Korovin |
Qardaş kanallar | Space Radio |
Sayt | spacetv.az |
Vikianbarda əlaqəli mediafayllar |
"Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi.[1] Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür.[2] Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı.
26 sentyabr 2012-ci ildə Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir. Telekanalın öz loqotipini tamamilə dəyişdirməməsinin səbəbi loqotipdəki "Space" yazısının müəllifinin Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyev olmasıdır.[mənbə göstərin]
2014-cü ildə isə qismən 16:9 təsvir formatlı yayıma keçmişdir.[3]
2021-ci il yanvar ayının 4-də telekanalın efir müddəti artırılaraq 18 saatdan 24 saata çatdırılıb. Həmçinin, yarandığı gündən "Hər Gün" adıyla fəaliyyət göstərən informasiya proqramının adı "Space Xəbər" olaraq dəyişdirilmişdir. Əvvəl gün ərzində saat 09:00, 12:00, 15:00, 18:00 və 20:15-də yayımlanan xəbər buraxılışlarının da vaxtı dəyişdirilərək oktyabrın 11-dək 11:00, 14:00, 17:00 və 20:00 olmuşdur. "Space Xəbər"in əsas buraxılışını telejurnalist Turan İbrahimov təqdim edirdi.
13 yanvar 2021-ci ildə "Space TV" Bakı şəhəri üzrə HD yayım formatına keçib.[4]
29 sentyabr 2021-ci ildən etibarən öz yenilikləri ilə tamaşaçıların görüşünə hazırlaşan "Space TV"nin 9 il sonra loqosu da dəyişdirilib.
12 oktyabr 2021-ci ildən 2 oktyabr 2022-ci ilədək "Space Xəbər" informasiya proqramının xəbər buraxılışları gün ərzində saat 11:00, 14:00, 17:00, və 20:15-də olmuşdur. "Space Xəbər"in əsas buraxılışını telejurnalist Ceyhun Səfər təqdim edirdi.
28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.
3 oktyabr 2022-ci ildən etibarən "Space Xəbər" informasiya proqramının xəbər buraxılışları gün ərzində saat 11:00, 14:00, 17:00, və 20:00-da olmuşdur. Hazırda "Space Xəbər"in əsas buraxılışını telejurnalist Murad Əzimzadə təqdim edir.
4 sentyabr 2023-cü ildən etibarən öz yenilikləri ilə tamaşaçıların görüşünə hazırlaşan "Space TV"nin loqosu yenidən dəyişdirilib. Hazırda loqo yuxarıda sağ küncdə yer kürəsi formasında üstündə "Space" yazısı hərəkətli formada fırlanır.
5 may 2020-ci ildə "Böyük boss" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 6 may 2020-ci il tarixli 6/1 nömrəli qərarı ilə Space TV-nin yayımı 15 may 2020-ci ildə saat 23:00-dan 00:00-dək 1 saatlıq dayandırılıb. Telekanal 16 may saat 00:00-da fəaliyyətini bərpa edib.
13 may 2020-ci il saat 23:00–00:00 arası müddətdə 18 dəqiqə reklam yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 20 may 2020-ci il tarixli 8/1 nömrəli qərarı ilə Space TV-nin yayımı 4 iyun 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini yenidən bərpa edib.
23 iyul 2020-ci il saat 19:00–20:00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 4 avqust 2020-ci il tarixli 9/1 nömrəli qərarı ilə Space TV-nin yayımı 10 avqust 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini yenidən bərpa edib.
23 aprel 2022-ci il saat 17:47–18:23 arası yayımlanan "Balaca qurmanlar" uşaqlar üçün proqram zamanı energetik içkiyə aid çarx nümayiş etdirildiyinə görə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 12.1.8-ci maddəsinin tələbləri pozulmuşdur. "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 41.1.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurasının 27 aprel 2022-ci il tarixli 4/1 nömrəli qərarı ilə Space TV-nin yayımı 5 may 2022-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini yenidən bərpa edib.
14 noyabr 2022-ci il saat 12:00–14:45 arası yayımlanan "Gəl, danış" proqramında zorakılıq və qəddarlığı təbliğ edən informasiyaya yol verilmiş və "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.5-ci maddəsinin "mediada yayımlanan informasiyada zorakılıq və qəddarlığın tələbinə yol verilməməlidir" tələbi pozulmuşdur. "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 41.1.1.-ci və 41.5-ci maddələrinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurasının 16 noyabr 2022-ci il tarixli 17/1 nömrəli qərarı ilə Space TV-nin yayımı 17 noyabr 2022-ci ildə saat 12:00-dan 15:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 15:00-da fəaliyyətini yenidən bərpa edib.
"Space" fəaliyyətə başladığı 1997-ci ildən 2001-ci ilə kimi Eldar Namazovun rəhbərliyi altında idi.
2001–2006-cı illərdə "Space" MTYŞ-nin rəhbəri Etibar Babayev olmuşdur.
2006-cı ildən teleşirkətə kinorejissor Vaqif Mustafayev rəhbərlik edirdi. 2021-ci ilin fevral ayının 5-də Vaqif Mustafayev bu vəzifədən azad edilib.
5 fevral 2021-ci ildə Space televiziyasının yeni rəhbəri, Rəşid Behbudovun kürəkəni, eləcə də əfsanəvi müğənninin adını daşıyan Fondunun direktoru Kamil Şahverdiyev təyin olunub. Bu tarixdən ATV-də rəhbər vəzifədə çalışmış Həsən Abdullayev də öz komandası ilə Space TV-də fəaliyyətdə olub.
20 may 2021-ci il tarixindən etibarən bu vəzifəyə Müşfiq Hətəmov təyin olunmuşdur.[5]
7 fevral 2023-cü tarixindən etibarən Müşfiq Hətəmov bu vəzifədən ayrılıb və yerinə Vado Korovin gətirilib.[6]