Türkiyədə manqa getdikcə populyarlaşan komiks növlərindən biridir. 2010-cu illərdən etibarən "Fullmetal Alchemist", "My Hero Academia", "Naruto", "One Piece", "Attack on Titan" və s. kimi populyar manqa seriyaları müxtəlif nəşriyyatlar tərəfindən türk dilinə tərcümə olunaraq nəşr olunur. Peşəkar tərcümələrlə yanaşı skanleyt tərcümə ilə məşğul olan bir çox qrup mövcuddur.
Türkiyənin "maNga" rok qrupu adını yapon komikslərindən götürmüşdür.[1]
Türkiyədə nəşr olunmuş ilk manqa 1999-cu ilin sentyabrında "İthaki" nəşriyyatı tərəfindən tərcümə olunmuş "Gon" manqası olmuşdur. 2003-cü ildə ATV kanalında yayımlanan "Beyblade" anime serialının populyarlığı səbəbilə 2004-cü ilin iyunundan etibarən "Super-J" tərəfindən 5 cildlik manqası nəşr olunmuşdur. Qərb dillərinə tərcümə olunmuş ilk manqa olan "Barefoot Gen" manqası 2007-ci ilin avqustunda "Tudem" tərəfindən türk dilinə tərcümə olunmuşdur. 2008-ci ildə manqanın tarixindən bəhs edən "Manqa: Yapon komiksinin tarixi" kitabı türk dilinə tərcümə olunaraq nəşr olunmuşdur.[2]
2010-cu illərdən etibarən "One Piece", "Attack on Titan", "Naruto", "Bleach", "Death Note", "Fullmetal Alchemist" kimi populyar manqa seriyaları ilə yanaşı, "Goblin Slayer", "Komi Can't Communicate", "Bungo Stray Dogs" kimi nisbətən daha az tanınan manqa seriyaları da türk dilində nəşr olunur. "İthaki", "Gerekli Şeyler", "Komik Şeyler", "Marmara Çizgi", "Kurukafa", "Yolgezer", "Kayıp Kıta" və "Akılçelen" manqa nəşri ilə məşğul olan Türkiyə nəşriyyatlarıdır. 2022-ci ildə Türkiyənin ilk manqa nəşriyyatı olan "Senpai" manqa evi açılmışdır. Nəşriyyat tərəfindən tərcümə olunmuş "Radiant" seriyası Türkiyədə nəşr olunmuş ilk manfra olmuşdur.[3] 2022-ci ilin sentyabr ayında Türkiyədə ilk manqa festivalı olan "Manga–Anime Festivalı" baş tutmuşdur.[4]
Türkiyədə manqaya həsr olunmuş bir sıra jurnallar nəşr olunmuşdur. 2008–2011-ci illərdə "Doğan Kardeş" adlı manqa jurnalı yayımlanmışdır.[2] 2014-cü ildə "Kabura",[5] 2021-ci ilin oktyabrında "Antiception",[6] 2022-ci ilin noyabrında isə "Animanga" adlı manqa jurnalı yaradılmışdır.[7]
Türkiyədə manqa əsasən 15–20 yaşında olan şəxslər tərəfindən oxunur. Buna görə də yerli nəşriyyatlar bu yaş qrupuna xitab edən manqalar nəşr etməyə çalışırlar. Türkiyədə manqa mədəniyyətinin inkişafını gecikdirən amillərdən biri türk dilində animelərin az yayımlanmasıdır.[2]
Manqanın türk dilində nəşr olunması üçün müəllif hüququ sahiblərinin təsdiqi tələb olunur və bu proses adətən uzun çəkir. Bu, bəzi manqa seriyalarının türk dilində nəşrinin gecikməsinə səbəb olur. Məsələn, "Akira" manqasının 2019-cu ildə türkcə nəşr olunması planlaşdırılsa da, təsdiq prosesi 6 aydan çox çəkdiyi üçün 2020-ci ildə nəşr olunmuşdur.[8] "Made in Abyss" manqası isə iki gəncin 1,5 il davam edən cəhdlərindən sonra türk dilində nəşr oluna bilmişdi.[9]