Hacı Zeynalabdin Tağıyevin Teatrı və ya Tağıyevin Teatrı — Bakı şəhərinin ilk teatrıdır. 1883-cü ildə sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilmişdir. Bu teatrın səhnəsində milli pyeslər, operalar və dünya klassiklərinin əsərləri tamaşaya qoyulurdu. Məhz Tağıyev Teatrında 1908-ci ilin yanvarında ilk Azərbaycan milli operası Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"un premyerası olub.
Tağıyevin Teatrı | |
---|---|
Hacı Zeynalabdin Tağıyevin Teatrı | |
| |
Ümumi məlumatlar | |
Əsası qoyulub | 27 yanvar 1883 |
Təsisçi | Hacı Zeynalabdin Tağıyev |
Teatr binası | |
Memarlıq üslubu | klassizm |
Memar | Xrisanf Vasilyev |
Tikilib | 1882—1883 |
Açılıb | 27 noyabr 1883 |
Dağıdılıb | 1992 |
Yerləşməsi | |
40°22′07″ şm. e. 49°50′26″ ş. u. | |
Ölkə | Rusiya imperiyası |
Yerləşir | Bakı |
Ünvan | Qorçakovskaya və Merkurievskaya küçələrinin kəsişməsində |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Teatr binası bir neçə dəfə yanıb və yenidən tikilib. 1930-cu illərin sonlarından Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı, 1960-cı ildən isə Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrı adlanmışdır. 1992-ci ildə teatr binası sökülüb, yerində sonralar Azərbaycan Dövlət Musiqili Teatrının binası tikilib.
1882-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakı şəhərinin mərkəzində yerləşən öz ərazisində tikiləcək teatr binasının layihəsini təsdiq üçün Bakı şəhər dumasına təqdim etdi.[2] Teatr binası 1883-cü ildə tikilib istifadəyə verildi. Bakıda ilk dəfə teatr binası belə yarandı.[3] 1911-ci ilə qədər Tağıyevin Teatrı şəhərdə yeganə teatr binası idi. Teatr binasının memarı Xrisanf Vasilyev olub. Onun layihəsinə əsasən Bakıda sərnişin vağzalının binası da tikilib.[4] Teatrın tikinti işlərinə Ferdinand Lemkul rəhbərlik edib[5][6].
"Kaspi" qəzeti noyabrın 20-də yeni tikilən teatr binasının açılışının olacağını yazıb. Daha sonra noyabrın 25-də qəzet teatr binasına baxış keçirən komissiyanın binanı münasib hesab etdiyini və ilk tamaşanın noyabrın 27-də olacağını açıqlayıb. Nəhayət, 1883-cü il noyabrın 27-də Hacı Zeynalabdin Tağıyevin teatrının açılışı oldu. Zalda həmən günü anşlaq idi.
Teatrın səhnəsində N.A.Potemkinin "Ruhcan kasıblar" və "Qaraçılar" dramı nümayiş etdirilib. "Kaspi" qəzeti bu münasibətlə qeyd edirdi:[7]
Hər şey uğurla oynanıldı, alqış sədaları kəsilmədi və teatrın impresariosu Q.Qonçarov iki dəfə səhnəyə çağırıldı. |
1890-cı il avqustun 10-da Tağıyevin Teatrında Bakı real məktəbinin kasıb şagirdlərinin xeyrinə həvəskar tamaşa keçirildi. D.A.Mansfeldin "Səhmlər haqqında" adlı 4 pərdəli komediya-zarafatı və P.A.Karatıginin "Vitzmunder" birpərdəli vodevili uğurla səhnələşdirildi. Ağır havasızlıq olmasına baxmayaraq, zal demək olar ki, dolu idi və toplanan pul 300 rubl təşkil edirdi. Teatrın özü də həvəskarlara pulsuz verilirdi.[7]
1898-ci il aprelin 20-də Tağıyev teatrında həvəskarlar truppası tərəfindən İsgəndər bəy Məlikov "Yaxşılığa pis" tamaşası nümayiş etdirildi. Həmin il dekabrın 7-də Bakı real məktəbinin kasıb şagirdləri üçün Nəcəf bəy Vəzirovun "Yağışdan yağmura" pyesi və onun "Ev tərbiyəsi" vodevili səhnəyə qoyuldu.[8][9]
8 dekabr 1899-cu ildə teatrda yanğın baş verdi.[10] 1899-cu ilin sonunda yanğından sonra teatr binasının təmiri başa çatdı. Binanın yenidən qurulması inşaat mühəndisi Pavel Koqnovitskinin Bakı Qubernatorluğunun tikinti idarəsi tərəfindən təsdiq edilmiş layihəsi əsasında həyata keçirildi.[10]. 1900-cü ildə Tağıyev teatrının binası bərpa edildi.[11] Bu yanğından əvvəl Hacı Zeynalabdin Tağıyevin idarəsi də teatr binasında yerləşirdi. Yenidənqurmadan sonra idarə başqa binaya köçürüldü.[10].
1900-cü ildə Nəriman Nərimanov "Hacı Zeynalabdin Tağıyevin əlli illiyi və xalq qarşısındakı xidmətləri" kitabında yazırdı:
Bu möhtərəm şəxsin fəaliyyəti insanları həqiqət işığına aparır! Maraqlıdır ki, yəqin ki, Badukübədə Tağıyevdən daha zəngin və savadlı adamlar olsa da, burada ilk teatr binasını tikdirən hörmətli Hacı olub. Badukübənin ziyallı gəncləri bu teatrda ildə bir neçə dəfə türk dilində komediya tamaşasına baxmaq imkanı əldə edirlər. Kirayə haqqı axşam üçün yüz rubl olsa da, hörmətli Hacı tez-tez nəinki götürmür, həm də xeyriyyə məqsədləri üçün əlavə töhfələr verir. 1900-cü ildə teatrın yenidən qurulması üçün yüz minə yaxın pul bağışladı, teatr kiçik olsa da, qeyri-adi dərəcədə gözəldi. |
12 yanvar 1908-ci ildə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" milli operasının premyerası bu teatrda baş tutudu.[12]
1909-cu ilin əvvəlində Tağıyevin Teatrının binası növbəti yanğın nəticəsində məhv oldu və bu, Azərbaycan truppasının vəziyyətini ağırlaşdırdı.[10] Belə ki, 1909-cu il fevralın 21-də teatrda yerləşən bərbərxana yanmışdı. Tezliklə alov teatrın bütün binalarını bürüdü. Teatrda telefon yox idi və 7 dəqiqə sonra gələn yanğınsöndürmə briqadasına qonşu evdən zəng edilmişdi. Yanğının söndürülməsində "Qafqaz və Merkuri" paroxod şirkəti də iştirak edib.[1]
Bu, teatr tarixində ən böyük yanğın idi.[1] O, 1909-cu il martın 1-də çıxan "Molla Nəsrəddin" jurnalında yer alıb. Karikaturada fanatiklər və ruhanilər əl-ələ tutaraq sevinclə rəqs edirlər. Teatrın aktyoru və rejissoru Hüseyn Ərəblinski göz yaşları içində yanında duran aktyor dostuna deyir: "Xalqın dərdini səhnədə o qədər canlandırdım ki, axırda başıma düşdü!".[10]
1909-cu ilin iyununda teatrın sahibi Hacı Zeynalabdin Tağıyev həmin yerdə teatrı yenidən tikəcəyini bildirdi. Elə növbəti ay o, bir layihə təklif etdi ki, bu layihədə artıq iki mərtəbəli zal deyil, teatra tamaşaçıların sayının artmasını göstərən üç mərtəbəli zal nəzərdə tutulurdu. Tağıyevin qərarına görə, yeni teatr binasında daha 600 yer olmalı idi. 1910-cu il oktyabrın 1-də teatr yenidən Lev Tolstoyun "Maarifçiliyin meyvələri" pyesi ilə tamaşaçıların üzünə açıldı.[1]
Tağıyev sonradan teatrı qardaşı oğlu Məmməd Bağır Tağıyevə icarəyə verdi. O, öz növbəsində teatrı tam texniki heyətlə təmin edərək, onu bir və ya iki və ya bir neçə mövsüm müddətinə bu və ya digər müəssisəyə icarəyə verirdi.[13]
1916-cı il mayın 13-də Tağıyevin teatrında Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasının premyerası oldu.[14]
1 fevral[1] 1918-ci ildə teatr binası yanğın nəticəsində yenidən məhv oldu.[15] Teatrın bütün taxta hissələri yanmış, yalnız daş və dəmir-beton karkas sağ qalmışdır.[1]
1921-ci ilin martında keçmiş Tağıyevin Teatrının 1918-ci ildə yanmış binasının bərpası haqqında qərar qəbul edildi.[15][16] Bu vaxta qədər teatrın yalnız fasadları qorunub saxlanılmışdı. 1922-ci ildə teatrın binası təmir olundu.[1]
1920-ci illərdə teatr binasında D.Bünyadzadə adına Türk Dövlət Teatrı yerləşirdi. 30-cu illərin əvvəllərində o D.Bünyadzadə adına Türk İncəsənət Teatrı oldu. 1930-cu illərin sonlarından M.Əzizbəyov adına Dövlət Dram Teatrı burda yerləşirdi. 1960-cı ildən isə Dövlət Dram Teatrı üçün yeni bina tikiləndən sonra binada Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrı fəaliyyət göstərirdi.[1]
XX əsrin 80-ci illərin sonlarında teatr binası yararsız vəziyyətə düşərək dağılmağa başladı. Bununla əlaqədar şəhər rəhbərliyi binanın sökülməsinə qərar verildi. Bina 1992-ci ildə söküldü. 1996-cı ilə qədər onun yerində Azərbaycan Dövlət Musiqili Teatrının binası tikildi.[1]
Tağıyev teatrının Azərbaycan teatrının inkişafında böyük rolu olub. Tağıyevin teatr işinin inkişafı ilə məşğul olduğu illərdə Azərbaycan ərazisində nə teatr məktəbi, nə də peşəkar sənətkarlar kadrı var idi.[9] Azərbaycan dilində ilk tamaşa Bakıda Tağıyevin Teatrı tikilməzdən cəmi on il əvvəl göstərilib. Belə ki, 1873-cü il martın 10-da (23) Bakı xalq yığıncağının səhnəsində real məktəbin şagirdləri M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" pyesi əsasında tamaşa qoyublar.[10][17]
Rus teatrının qastrolları tez-tez Tağıyev teatrının səhnəsində olurdu.[8] Qocaman azərbaycanlı aktyorları bildirirdilər ki, Tağıyev onlara rus aktyorlarının təcrübəsini mənimsəməyi məsləhət görüb. "Kaspi" qəzetinin 5 dekabr 1884-cü il tarixli məlumatına görə, Tağıyev Azərbaycan aktyorlarından ibarət həvəskar truppaya köməklik göstərir, teatrın səhnəsini onlara pulsuz icarəyə verir və işıqlandırma üçün pul götürmürdü. Tağıyev hətta həvəskar artistləri toplamağa vaxt tapır, həftələrlə tamaşaların nümayişinə gəlirdi.[9] Teatrın tamaşalardan əldə etdiyi gəlir isə sənətkarların özlərinə çatırdı.[9]
Tağıyev teatrı Bakıda erməni teatr cəmiyyətinin inkişafına da öz töhfəsini verib. Məsələn, Tağıyev teatrda tamaşaya qoyulan tamaşaların birindən əldə etdiyi gəlirin bir hissəsini erməni cəmiyyətinin kassasının kəsirini ödəmək üçün bağışlayıb. Erməni truppasının direktoru Ovanes Abelyan Tağıyevin erməni teatrının inkişafındakı böyük xidmətlərini belə ifadə etmişdir:[9]
Biz erməni teatrının inkişafı üçün xidmət etdik, sizin bizə etdiyiniz danılmaz xidmətlərinizdən xəbərdar idik. Yaşasın teatrın ilk yaradıcısı Hacı Zeynalabdin Tağıyev. |
В Баку впервые построено театральное здание — театр Г. З. А. Тагиева.