Tadeuş Lada (Faddey) Zabloski (pol. Tadeusz Łada Zabłocki; 27 avqust 1811, Polşa[1] – 1847[2][3][…], İrəvan quberniyası) — polyak şairi, etnoqrafı, tərcüməçisi.
Tadeuş Zabloski | |
---|---|
pol. Tadeusz Łada Zabłocki | |
Doğum tarixi | 27 avqust 1811 |
Doğum yeri | |
Vəfat tarixi | 1847[2][3][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | vəba |
Elm sahələri | poeziya[1], tərcümə[1], etnoqrafiya[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Polyak şlyaxtiçinin (imtiyazlı zadəgan sinfi) ailəsində anadan olmuşdur.
Vitebsk gimnaziyasını bitirdikdən sonra 1831-ci ildə İmperator Moskva universitetinin dil və ədəbiyyat bölməsinə qəbul edilir. Təhsil aldığı dövrdə V. Belinskinin təşkil etdiyi "11 nömrəli ədəbiyyat cəmiyyəti" adlı tələbə dərnəyinin üzvü olmuşdur[4].
Yan Saviniçlə birlikdə universitetin polyak tələbələrindən ibarət "Ana dilini sevənlər" gizli cəmiyyətini yaratmışdır. 1833-cü ildə çarın əleyhinə yazılmış mahnını yaydığı üçün həbs edilmiş, universitetdən xaric olunmuş və Vitebskə göndərilmişdi. İstintaq 2 il davam etdi.
Tadeuş Zabloskiyə çıxarılan hökmə uyğun olaraq Qafqaza sürgün edilmiş və sıravi qismində minaaxtaranlar batalyonuna qəbul edilmişdir[5]. Dağlılarla müharibələrdə iştirak etmişdir.
1839-cu ildən əsasən Tiflisdə yaşamış, Yakov Polonski, gürcü şairləri N. Barataşvili və M. Tumanişvili ilə, Aleksandr Çavçavadzenin qızları Nino Qriboyedova və Yekaterina Dadiani ilə, azərbaycanlı şair və tarixçi Abbasqulu ağa Bakıxanovla dostluq etmişdir.
Daha sonra, hərbi xidmətdən azad edilmiş və İrəvan quberniyasında yerləşən Kulpa duz mədənlərinə müdir təyin edilmişdir.
1847-ci ilin avqustunda vəbadan vəfat etmişdir.
Şairin şerləri "Ateneum", "Zvezda", "Rubon", "Literaturniy ejeqodnik" kimi Polşa jurnallarında dərc edilmişdir.
1845-ci ildə Roman Podberezski və Y. Kraşevski tərəfindən Zabloskinin şerlər toplusu Sankt-Peterburqda nəşr edildi[6].
Şair ana yurdu Vitebskə "Vitebskin ətrafları" poemasını, "Dvinaya" elegiyasını, "Davjan gölü", "Viliya" və sair şerlərini həsr etmişdir. "Lyaşko" balladasının müəllifidir[6].
"Poetik təcrübələr", ""Slavyan sivilizasiyası və ədəbiyyatı tarixi üçün materiallar və "Gürcü ədəbiyyatı tarixinə baxışlar" əsərlərini yazsa da, hamısı əlyazma şəklində qalmışdır.
O həm də, tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş, qərbi avropalı müəlliflərin əsərlərini polyak dilinə tərcümə etmişdir. Onun tərcüməsində Ukrayna xalq mahnıları 1845-ci ildə Parisdə nəşr edilmişdir[6].
Tadeuş Zabloski Qafqaz xalqlarının tarixini, ədəbiyyatını və etnoqrafiyasını tədqiq etmişdir. O gürcü və azərbaycanlı yazıçılar haqqında irihəcmli məlumatlar toplamışdı.
1841-ci ildə o əvvəlcə Qubaya, Şahdağın ətəyinə gəlmiş, daha sonra Dərbənd və Şamaxını ziyarət etmişdi. Şamaxıda o "Şamaxı dağı"nda (çox güman ki, Osman dağ (588 metr)) olmuşdur. 1843-cü ildə Roman Podberezskiyə yazdığı məktubda bildirmişdi ki, o həm də İrəvanda, Naxçıvanda və Ordubadda da olmuşdur.
Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" ("Zaqafqaziya diyarının şərq hissəsinin tarixi") əsərini rus dilinə tərcümə etmişdir. Şair həmçinin "Koroğlu" dastanının bəzi epizodlarını da tərcümə etmişdir. O ilk dəfə Polşalı oxucuya təqdim olunan Azərbaycan folklorunun mini-antalogiyası kimi bir toplu yaratmışdı. Zabloski şair Molla Pənah Vaqifin Ağa Məhəmməd xan Qacarın ölümünə yazdığı şeri də rus dilinə tərcümə edərək ilk dəfə onun avropalı oxucu tərəfindən oxunmasına imkan yaratmışdır. Öz tərcümələrində şair bəzi türk sözlərini saxlayaraq onları izah etmişdir.[7][8].
Şairin 1845-ci ildə dərc edilmiş şerlər toplusunda onun poetik irsi üç dövrə bölünmüşdür və üçüncü dövr Azərbaycanla bağlıdır. Təxminən 40-dək şeri əhatə edən bu dövrü şairin anasına həsr etdiyi şer açır. Bu şerlərin əsas mövzusu vətən həsrətidir. Belə şerlərə misal olaraq "Qafqaz dağlarındakı ağcaqayına" (1839) şerini göstərmək olar.
Bu dövrə aid şerlərə "Xəzər dənizin sahilində düşüncələr" (aprel 1841, Dərbənd), "Şirvanın Şamaxı dağlarından mənzərəsi" (1839, Şamaxı), "Nisə", "Qafqaz çöllərində", "Şər ruhlar xoru", "Sazandar", "Dağlı qıza", "Dava", "Şahln peyğəmbər İbrahimlə mübahisəsi" şerlərini aid etmək olar[9].