Uh-Oh – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən ifa olunmuş mahnı. 26 iyun 2019-cu ildə "Cube Entertainment" tərəfindən qrupun ikinci rəqəmsal sinqlı kimi buraxılmışdır.[2] Mahnının klipi həmin gün yayımlanmışdır. Mahnının yaponca versiyası 26 avqust 2020-ci ildə "Latata" minialbomu ilə buraxılmışdır.[3]
16 iyun 2019-cu ildə "(G)I-dle" qrupunun "Uh-Oh" rəqəmsal sinqlı ilə geri dönüş edəcəyi açıqlanmışdır.[2] 17–18 iyunda sinql üçün tizer şəkilləri buraxılmışdır.[4][5] 21 iyunda Uqi və Minni,[6] 22 iyunda Sucin və Şuhua,[7] 23 iyunda Soyon və Miyon üçün tizer videoları paylaşılmışdır.[8] Mahnı 26 iyun 2019-cu ildə rəqəmsal sinql kimi MelOn, iTunes və Spotify platformalarında buraxılmışdır.[9][10][11]
Mahnının klipi 26 iyunda buraxılmışdır. Klipin xoroeqrafiyası Star System tərəfindən hazırlanmışdır.[12] Klip buraxıldığı ilk gün ərzində 5 milyon YouTube baxışı yığmışdır.[13] Klip qrupun üsyankar ruhunu hiss etdirdiyi üçün bəyənilmişdir.[14]
Mahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır.[15] Soyon verdiyi bir müsabibədə mahnının "Senorita" mahnısının buraxılmasından öncə yazıldığını bildirmişdir. O, mahnını onun müğənni olacağına inanmayan şəxslər barədə deyinmək üçün yazmışdır.[16] Mahnı bum-bap stilindədir. Bu stil 1990-cı illərdə İst-Kostdakı hip-hop musiqində populyar olmuşdur.[2]
Mahnı "NetEase Cloud Music" hit-paradında 22-ci yeri tutmuşdur. Beləcə, qrup bu hit-paradda yer alan yeganə K-pop qrupu olmuşdur.[17] Mahnı "Douban" tərəfindən "2019-cu ilin ən populyar koreyaca mahnıları" siyahısında 3-cü yerdə,[18] "Medium" tərəfindən "2019-cu ilin ən yaxşı 20 K-pop mahnısı" siyahısında 14-cü yerdə göstərilmişdir.[19] Mahnı 2 iyul 2019-cu ildə SBS MTV-nin "The Show" verilişində qalib gəlmişdir.[20]