Uorren Kennet Vortinqton III (ing. Warren Kenneth Worthington III), ilk öncə Mələk (ing. Angel) və daha sonra isə Arxanqel (ing. Archangel) kimi tanınan Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali super qəhrəman. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur.
Uorren Vortinqton III | |
---|---|
ing. Warren Worthington III | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "İks-adamlar" #1 (sentyabr, 1963) |
Yaradıcı(lar) |
Sten Li Ceyk Kyörbi |
Xüsusiyyətlər | |
Əsl adı | Uorren Kennet Vortinqton III |
Cinsiyyəti | kişi |
Boyu | 1,83 m |
Çəkisi | 68 kq |
Göz rəngi | mavi |
Saç rəngi | sarı |
Növü | mutant |
Komiks bioqrafiyası | |
Kainat | 616 |
Üzvlükləri |
İks-adamlar İks-Güc İks-Klub İks-Faktor Çempionlar Müdafiəçilər Cəhənnəm Atəşi Klubu Apokalipsis süvariləri İks-Terminatorlar |
Partnyorları | |
Ləqəbləri | Mələk, Qisasçı Mələk, Arxanqel, Qara Mələk, Əzrail |
Gücləri |
Mələk kimi:
Arxanqel kimi:
|
Mələk qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, kürəyindən uzanan lələkli qanadlar vasitəsilə uçmağı bacarır. O, nüfuzlu Vortinqton ailəsinin varisidir və bu seçkin nüfuzuna görə Uorren İks-adamlarla çalışdığı erkən əllərdə əsasən şəxsi problemləri barədə düşünən bir qəhrəman olaraq göstərilmişdir. Bu xarakter Arxanqelə dönüşdükdən sonra introspektiv və qaraqabaq bir ilə əvəz olunmuşdur. Mələyin qanadları lələkli olsa da, onun Arxanqelə dönüşümü ona bir neçə fərqli güclərlə yanaşı eyni zamanda lələklər əvəzinə metal qanadlar da qazandırmışdır.
İlk İks-adamlardan olan Arxanqel İks-adamlarla bağlı olan bir neçə komiks, cizgi serialları və video oyunlarda yer almışdır. 2006-cı ildə buraxılan İks-adamlar: Son müqavimət filmində Mələyi aktyor Ben Foster və İks-adamlar: Apokalipsis filmində isə Ben Hardi canlandırmışdır.
Personaj yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılmış və ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur.[1] Mələk həmin komiksdə 66-cı seriyayadək davamlı olaraq yer almışdır. Təxirə salınan komiksin buraxılışı bir müddət sonra yenidən geri qaytarılmış və 67-ci seriyadan 93-cü seriyaya kimi davam etmişdir. Mələyin eyni zamanda özünün solo olaraq yer aldığı üç hissə də olmuşdur.
1975-ci ildə yenilənmiş variantı ilə Mələk Len Ueyn və Deyv Kokramın "Böyük ölçülü İks-adamlar" komiksində yer almışdır. Daha sonra Mələk İks-adamların digər üzvlərindən biri olan Buz adam ilə birlikdə 1975-ci ildən 1978-ci ilə kimi buraxılan Çempionlar komiksində yer almağa başlamışdır.
Mələk 134-cü sayısında "İks-adamlar" komiksinə geri dönmüş və 148-ci sayıda yenidən komandanı tərk etmişdir. Daha sonra o, Vəhşi və Buz adam ilə birlikdə Müdafiəçilər komandasına qoşulmuşdur. 1983-cü ildə 1986-cı ilə kimi davam edən komiksdə Mələk Müdafiəçilər komandasının lideri olmuşdur. Komiksin təxirə salınmasına səbəb isə Mələk, Vəhşi və Buz adamın fevral ayında debüt edən İks-Faktor komiksində yer almaları olmuşdur. Mələk 70-ci hissəyədək həmin komiksdə qalmışdır. İks-Faktorun 16-cı sayından 24-cü sayınadək Mələyin qanadlarını itirərək, təyyarə qəzasında həlak olduğu düşünülmüşdür. Böyük dəyişikliyə uğrayan personaj yeni kostyumu, mavi rəngdə dərisi və metal qanadları ilə komiksə geri dönmüşdür. Personaja Arxanqel adını verən yazarlar Mələyi daha çox zəngin, yaraşıqlı və qadınların sevimlisi olduğunu və superqəhrəman olaraq digər personajlardan nisbətən geridə qaldığı üçün bir qədər dəyişiklik edildiyini bildirmişdirlər.[2]
Mələk 90-cı illərdə İks-adamlar komikslərində davamlı olaraq yer almışdır. 1996-cı ildə Marvel "Arxanqel" adlı hekayə nəşr etmişdir. O, eyni zamanda Psaylok ilə birlikdə dörd hissədən ibarət olan "Psaylok və Arxanqel: Krimson Daun" komikslərində yer almışdır. Mələk 1999-cu ildən 2001-ci ilədək isə "İks-adamlar: İtirilmiş illər" komiksində yer almışdır.
Co Keysi və Çak Ostinin komiksləri yazdığı dönəmlərdə (2001-ci ildən 2004-cü ilədək) Mələk İks-adamlar komandasının lideri olmuşdur. Kris Klermont Ostini əvəz etdikdən sonra Mələk bir neçə ay komikslərdə yer almamış və daha sonra Klermontun yazdığı "Ekskalibur" komiksində o yenidən görünməyə başlamışdır. Mələk eyni zamanda "İnanılmaz Halk" komikslərinin bir neçə hissəsində yer almış və 2008-ci ildə İks-Güc, 2011-ci ildə isə yenidən İks-adamlar komikslərinə geri dönmüşdür.
Arxanqelə dönüşdükdən sonra qaranlıq kimliyə sahib olan xarakter kiçik dərəcəli personaj olaraq "Şimal porsuğu və İks-adamlar" və "Yeni İks-adamlar"komikslərində yer almışdır.
Uorren Vortinqton III Nyu-Yorkda nüfuzlu Vortinqton ailəsində anadan olmuşdur. Yeniyetmə dövründə Fillips Ekseter Akademiyasında təhsil alan Uorrenin kürək sümüklərindən qanadları çıxmağa başlamışdır. İlk öncə dəli olduğunu düşünməyə başlayan Uorren daha sonra qanadlarını istifadə edərək uçabilmə qabiliyyəti olduğunu kəşf edir. O, təhsil aldığı akademiyanın yataqxanasında yanğın çıxdığı zaman akademiyanın drama şöbəsində mələk üçün uyğun ola biləcək paltarları geyinir və maskalanaraq, yataqxanadakı yoldaşlarını yanğından xilas edir. Mutant olduğunu öyrəndikdən sonra Uorren özünə superqəhrəman kostyumu hazırlayır və özünə Qisasçı Mələk ləqəbi götürərək, bir müddət tək başına macəralara atılır. O, daha sonra professor Çarlz Xavier tərəfindən İks-adamlar komandasına üzv seçilir.[3]
Uorrenin zəngin pleyboy statusu və tapşırıqlarda ona nə etməli olduğunu söylənilməsinə açıqca etiraz etməsi dəfələrlə İks-adamlarla arasında gərginlik yaratmışdır. Uorren komandada yer alan Cin Qreyə aşiq olur, lakin onun Skott Sammersi sevdiyini qəbul etdikdən sonra, Cindən uzaq durmağa çalışır. Cinə qarşı qarşılıqsız sevgi yaşayan Mələk bir müddət sonra Kendi Sauzern adlı mutantla sevgili olur.[4]
Mələk Cəllad adasında Sauronu təqib edərkən pteranodonların hücumuna məruz qalır. Ölümcül vəziyyətdə olan Mələyi Maqneto xilas edir və daha sonra onu mavi və bəyaz rənglərdə olan kostyumla təmin edir. Kostyum sayəsində Maqneto Mələyin beynini idarə edə bilir. Maqneto daha sonra bu fürsətdən İks-adamlarla döyüş zamanı istifadə edir.[5]
Mələk rəsmi olaraq mutant olduğunu elan etdikdən sonra əmisi Bört Vortinqtonun Vortinqton mirasına sahib çıxmaq üçün onun atasını qətlə yetirdiyini[6] və anasını isə zəhərlədiyini öyrənir.[7]
İks-adamlar Krakoa adasında əsir alındığı zaman Professor İks onları xilas etmək üçün yeni İks-adamlar komandası yaradır.[8] Yeni komanda fəaliyyətini davam etməyə qərar aldıqdan sonra Mələk də daxil olmaqla, Təpəgözdən başqa bütün orijinal komanda üzvləri İks-adamları tərk edirlər.[9] Mələk Buz adam ilə birlikdə Los-Ancelesə yollanır. Orada onlar Herakl, Qara dul və Kabus yarışçının da üzv olduğu Çempionlar komandası ilə rastlaşırlar.[10] Cin Qreyin öldüyü düşünüldüyü zaman Təpəgözün İks-adamları tərk etməsinin ardınca Mələk komandaya geri dönür.[11] Bu müddət ərzində o, Gözqamaşdırıcı ilə uğursuzluqla nəticələnən eşq macərası yaşayır. Şimal porsuğunun davranışlarından narahat olan Mələk komandanı yenidən tərk edir.[12]
Daha sonra o, Morloklar dəstəsinin başçısı Kallisto tərəfindən qaçırılır. Mələyin sevgilisi olmasını istəyən Kallisto onun qaçmağının qarşısını almaq üçün qanadlarını kəsməyə cəhd göstərir, lakin Fırtına, Gecə ilanı, Koloss və Kitti Prayd tam zamanında yetişərək, Mələyi xilas edirlər. Fırtına Kallisto ilə döyüşərək onu məğlub edir və nəticədə Morloklar dəstəsinin yeni başçısı olmaq haqqı qazanır.[13]
Bir müddət sonra Mələk Vəhşi, Buz adam və sevgilisi Kendi Sauzern ilə birlikdə Müdafiəçilər komandasına qoşulur. Mələyin Koloradodakı evini baza olaraq istifadə edən komandanın bir neçə üzvü Ay əjdahasını iblisin sahibliyindən qurtararkən həlak olurlar.[14] Müdafiəçilər komandasının parçalanmasının ardınca superqəhrəmanlıqdan imtina etməyi düşünən Mələk Cina Qreyin yaşadığını öyrəndikdən sonra fikrini dəyişir. Hakimiyyətin anti-mutant tədbirlərinə qarşı olaraq İks-adamların Maqneto ilə birləşdiyini öyrənən Cin Qrey etiraz olaraq komandanı tərk edir. Uorren Cini də dəvət etdiyi İks-Faktor komandasını yaradır.[15] O, daha sonra komandaya məktəb yoldaşı Kameron Hocu üzv qəbul edir, lakin Kameron əslində mutantlara və xüsusi ilə də Uorrenə nifrət edir. Madelin Prayor ilə evlənən Təpəgöz Cin Qreyin dönüşünə soyuq reaksiya verir və Mələk fürsətdən istifadə edərək, Cinaya mənəvi dəstək olaraq, ona öz sevgisini bildirir. Bununla da Kendi Sauzern Mələk ilə olan münasibətini bitirir.[16]
İks-Faktor komandasının yaradılışı Uorrenin həyatını alt-üst edir. Kameron Hoc onun güvənini sarsıldaraq, anti-mutant düşüncələri bir azda qızışdırmaq məqsədilə komandanı "mutant ovçuları" kimi təqdim etməyə başlayır. Mutant qardaşlığı komandası ilə yaranan münaqişənin ardınca "mutant ovçuları" ilə keçmiş İks-adamlar arasındakı bağlantını araşdıran Mistik Uorrenin İks-Faktor komandasının maddi dəstəkçisi olduğunu üzə çıxarır. Bunun ardınca baş verən mutant soyqırımında Mələyin qanadları marador Qarpun tərəfindən şil-küt edilir.[17] Qanadlarda qanqren yaranması ilə Kameron Hoc Mələyin qərarına əhəmiyyət vermədən onun qanadlarını kəsib qoparır.[18] Ruh düşgünlüyünə qapılmış Uorren şəxsi təyyarəsi ilə xəstəxanadan qaçır. Təyyarə qəfil havada partlayır və digər İks-Faktor üzvləri əlacsız bir şəkildə yerə tökülən təyyarə qalıqlarına baxırlar.[19] Daha sonra təyyarə qəzasının Kameron Hoc tərəfindən hazırlandığı üzə çıxır.
Partlayışdan saniyələr öncə Mələk qədim mutant Apokalipsis tərəfindən təyyarədən uzaqlaşdırılır. Apokalipsis süvarilərindən biri olmağa razılıq verəcəyi halda Mələyin qanadlarını bərpa edəcəyinə söz verir.[20] Apokalipsis Mələyin genetikasında mühüm dəyişikliklər edir. Nəticədə Mələk mavi rəngdə dəriyə və kəsici metal qanadlara sahib olur. Qanadlar eyni zamanda düşmənə metallar ata bilir. Apokalipsis Uorrenə Əzrail adı verir. Apokalipsisin digər süvarilirəni döyüşdə məğlub etdikdən sonra Uorren süvarilərin başçısı seçilir. Apokalipsis özünün qaranlıq planlarını həyata keçirmək üçün Uorrenə narkotik maddələr verir.[21] Əzrail İks-Faktor ilə ikinci qarşılaşmasında onlara əslində kim olduğunu açıqlayır.[22] Keçmiş komanda yoldaşları ilə döyüşən Uorren döyüşdə dostlarının zəifliyindən istifadə edərək onlara əzab verir və bundan zövq almağa başlayır.[23] Manhettenə hücum zamanı dostunu itirmək şokunun Uorreni geri qaytaracağına ümid edərək, Buz adam Əzraili öldüyünə inandırır. Nəticədə Apokalipsisin təsirindən xilas olan Uorren psixoloji olaraq çox dəyişdiyini bildirir və İks-Faktora geri dönməkdən imtina edir.[24]
O, Kendi Sauzerni axtarır, lakin tapa bilmir. Uorren Kendinin Kameron Hocun təsiri altında olduğunu və Kameronun "Doğru" adlandırdığı anti-mutant ordusunun qurulmasında ona yardım etdiyini öyrənir. Üçlünün üzləşməsində Kameron Uorrenin gözləri önündə Kendini qətlə yetirir və Uorren isə Kameronun başını üzür.[25] Bundan sonra Uorren Arxanqel ləqəbi ilə İks-Faktor komandasına geri dönür.[26]
Daha sonra Uorren Nyu-York polisi və tək ana olan Şarlotta Cons ilə qarşılaşır və onlar sevgi münasibəti yaşayırlar. Şarlottanın köməyi ilə İks-Faktor Uorreni vampirlər kultu olan Qarğalardan xilas edirlər.[27] Kölgə kralının Muir adasında ölümünün ardınca İks-Faktor üzvləri İks-adamlar komandasına geri dönürlər.
İks-adamlar komandasına geri döndükdən sonra Arxanqelin qaranlıq xarakteri dəyişməyə başlayır. Cin Qrey qanadlarının ondan asılı olmadan hərəkət etdiyinə inanan Uorrenə bunun doğru olmadığını və əslində qanadların hər zaman Uorrenin şüursuz şəkildə zorakılığa qarşı olan meylindən daşınmağa çalışdıqlarını bildirir. Bunun ardınca qəza ilə Mutant Azadlıq Cəbhəsinin üzvü Kamikazenin başını kəsdikdən sonra Uorren yeni qanadlarını qazandıqdan sonra keçdiyi qaranlıqdan çıxmağı qərara alır. İks-adamlardan Psaylok ilə görüşməyə başladıqdan sonra onun Şarlotta Cons ilə münasibətləri bitir. Qaranlıq günlərini geridə qoymaq üçün Uorren Əzrail kostyumunu Maqnetonun ona bağışladığı mavi və bəyaz kostyumla əvəz edir.
İks-adamların əsir götürdüyü Qılıncdiş Psayloku təsirsiz hala gətirib, iqamətgahdan qaçmağa cəhd göstərərkən Uorren və digər komanda üzvləri Qılıncdişi dayandırırlar, lakin baş verən döyüşdə Uorrenin metal qanadları ağır xəsarət alır. Bir müddət sonra yara böyüməyə başlayır və nəticədə qanadlar tamamilə parçalanır. Daha sonra Uorren lələkli qanadlarının metal qanadları parçalayaraq böyüdüyünün fərqinə varır. Uorren ilkin Mələk güclərini geri qazansa da, mavi rəngli dərisi yerində qalır.
Daha sonra Mələyin qanadları növbəti dəfə mutasiyadan keçir və o, regenerasiya gücü qazanır. Uorrenin yeni gücü ilə yalnız özünü deyil, həm də onun qan qrupu ilə uyğun gələn şəxsləri də sağaltmaq imkanı əldə edir. Mələk Psaylokun yeni İks-adamlara qoşulan İldırım quşu ilə görüşməyə başladığını öyrənir.
Roqun Fırtınanın təşkil etdiyi Ekstremal İks-adamlar komandasına qoşulmaq üçün orijinal İks-adamları tərk etməsinin ardınca Mələk komandaya rəhbər seçilir. Onun rəhbərliyi altında komanda anti-mutant təşkilatı olan Bəşəriyyət kilsəsi və eyni zamanda Mistik ilə mübarizə aparır.
Uorrenin əsas gücü nəhəng qanadları sayəsində uça bilməkdir. Onun qanadlarında superinsan gücü ilə yanaşı həm də yüksək dərəcədə əyilmə qabiliyyətinə malik olan skelet quruluşu var. Onun vücudunda normal insanda ola biləcəyindən daha çox əzələ kütləsi mövcuddur. Uorrenin güc, sürət, əsnəklik, dözüm, koordinasiya, görmə və eşitmə qabiliyyətləri ən üst səviyyədədir. Onun anatomiyası yırtıcı quşlarla müqayisə oluna bilər. Normalda buludlardan aşağıda uçsa da, əslində Mələk azacıq səy ilə bundan iki qat yüksəyə də uça bilər. O, bir günün yarısını yorulmadan havada keçirə bilər.
Professor İks Uorrenə qapalı ərazilərdə uça bilməsi üçün təlimlər həyata keçirmişdir. Mələk eyni zamanda peşəkar əlbəyaxa döyüşçüdür. O, Psaylok ilə sevgili olduğu müddətdə Xavierin məktəbində əlbəyaxa döyüş məşqlərində iştirak etmişdir.
İkinci mutasiyasının ardınca Mələk eyni zamanda regenerasiya gücünü qazanmışdır. Uorrenin eyni zamanda onun qan qrupu ilə uyğun gələn şəxsləri də sağaltması mümkündür, lakin bu güc hər zaman işə yaramır. Bəzən o ağır yaralanmış birinə kömək edə bilmədiyi halda, digər bir vəziyyətdə yaxın zamanda ölən birini həyata qaytara bilir. Sağalma faktorunun var olduğu qan onun bədənində axdığı zaman boyunca Mələyin yaralanması qeyri-mümkündür. İks-Gücdə yer aldığı zaman Mələyin qanadları qoparıldığında onun sağalma qabiliyyəti öz təsirini göstərməmiş və ona Eliksir yardım etmişdir. Mələyin həmin vaxtda özünü sağalda bilməməsinə səbəb isə onun Apokalipsisin Astronomik texnikasına bağlı olması idi.
Apokalipsinin Uorreni süvarilərindən biri etmək üçün üzərində apardığı genetik əməliyyatdan sonra Uorren metaldan olan qanadlara sahib olur. Bu qanadlar Kolossun bütün vücudunu qaplayan təbii poladdan hazırlanmışdır. Yeni qanadlar sayəsində daha da sürətlənən Uorren eyni zamanda düşmənlərinə metal lələklər ata bilir.
Arxanqel metal lələkləri öz istəyi ilə idarə bilmir və lələklər onun qəzəbləndiyi anda avtomatik olaraq müəyyən istiqamətlərdə hədəf alınır. Qanadların kənarları iti olduğundan həm də silah kimi istifadə olunur. Uorren öz keçmiş qanadlarını geri qazandıqdan sonra metal qanadlarını itirdiyinə inansa da, lakin Apokalipsisin Astronomik texnikası onun vücudunu tərk etmir. Uorrenin bədəni normala döndükdən sonra o, istədiyi zaman Mələk və ya Arxanqel görünüşünü ala bilir. Selena ilə döyüş zamanı Blink teleportasiya gücü ilə Uorrenin qanadlarını ikiyə ayırır, lakin bir neçə dəqiqə sonra əzablı bir şəkildə qanadlar yenidən böyüməyə başlayırlar.
Uorren Vortinqton III 2006-cı ildə buraxılan İks-adamlar: Son müqavimət filmində aktyor Ben Foster tərəfindən canlandırılır. Filmdə Uorren oğlunun mutasiyasından ilhamlanaraq, mutantlar üçün "müalicə" yaratmış zəngin sənayeçinin oğludur. Filmdə Uorrenin uşaq ikən böyüməsindən qorxduğu kiçik qanadlarını şüşə parçası ilə kəsməyə cəhd etməsi göstərilir. Uorrenin atası ona ilk müalicə görən şəxs olmasını təklif edir, lakin Uorren buna etiraz edərək, qaçır. Daha sonra onun mutant olduğu rəsmi olaraq mətbuatda yayılır. Mələk filmin sonunda İks-adamların Maqneto ilə döyüşündə iştirak edir və eyni zamanda atasını müalicə planına görə ondan qisas almaq istəyən mutantlardan xilas edir.
İks-adamlar: Gələcəyin keçmiş günləri filmində Mələyin 2011-ci ildə mutantlara qarşı yürüşdə Keşikçilər tərəfindən öldürüldüyü göstərilir.
Mələyi İks-adamlar: Apokalipsis filmində isə aktyor Ben Hardi canlandırmışdır. Bu filmdə Mələk əsasən mənfi personaj olaraq göstərilmişdir. İlkin olaraq o mutant qəfəsində döyüşçü olaraq göstərilir, lakin qəfəs döyüşü zamanı onun sol qanadı Gecə ilanından xəsarət alır. Daha sonra o Apokalipsis ilə qarşılaşır. Apokalipsis ona metal qanadlar verərək, Mələyi Arxanqelə dönüşdürür. Misirdəki qarşılaşma zamanı Arxanqel Gecə ilanı ilə təyyarədə döyüşür və nəticədə Gecə ilanı onu məğlub edir. Arxanqel partlayan təyyarədən yerən düşür və onun huşsuz bədənini yerdə görən Apokalipsis onu "gərəksiz" adlandırır.