Vsevolod Merkulov

Vsevolod Merkulov (tam adı: Vsevolod Nikolayeviç Merkulov, rus. Все́волод Никола́евич Мерку́лов; 25 oktyabr (6 noyabr) 1895 və ya 1895[1], Zaqatala, Rusiya imperiyası23 dekabr 1953[1], Moskva) — SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri.

Vsevolod Merkulov
rus. Все́волод Никола́евич Мерку́лов
SSRİ Ali Sovetinin deputatı[d]
12 yanvar 1938 – 11 mart 1946
SSRİ Ali Sovetinin deputatı[d]
12 mart 1946 – 11 iyun 1950
Şəxsi məlumatlar
Doğum tarixi 25 oktyabr (6 noyabr) 1895 və ya 1895[1]
Doğum yeri
Vəfat tarixi 23 dekabr 1953(1953-12-23)[1]
Vəfat yeri
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, yazıçı, dramaturq, işgəncə verən
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü NKVD
Döyüşlər
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

1895-ci ildə indiki Azərbaycanda, o vaxtkı Tiflis quberniyasının əyalət şəhəri olan Zaqatalada doğulmuş, uşaqlığını Zaqatala qalasında keçirmiş bu şəxsin — Beriyanın gələcək müavininin, SSRİ-nin ilk Dövlət Təhlükəsizliyi nazirinin xarakterini açmaqda yetərli deyil.

Onun doğulduğu vaxt Zaqatala artıq 55 ildi ki, şəhər statusu qazanmışdı. 1830-cu ildə dağlıların Rusiya imperiyasına qarşı növbəti qiyamı yatırılandan sonra o vaxtkı Zaqatala kəndinin yerində Yeni Zaqatala qalası inşa edilir və bu istehkam sonrakı illərdə "Ləzgi səddi"nin mühüm hərbi əhəmiyyətli obyektinə çevrilir. Qalanın forştadtında isə Zaqatala şəhəri formalaşır.

Gələcək nazirin atası Nikolay Merkulov zadəgan təbəqəsindən idi və kapitan rütbəsində Zaqatala dairəsinin bölmə rəisi vəzifəsində çalışırdı. O vaxtın qanunlarına görə, qəza və bölmə rəislərinin əlində bütün polis hakimiyyəti cəmlənmişdi, həmçinin onlar yerli ictimai idarəçiliyə (camaatlıq) nəzarəti həyata keçirirdilər. Anası Ketovana Nikolayevna (qızlıq soyadı — Sinamzqvarişvili) da zadəgan əsilli idi və damarlarında gürcü knyazlarının qanı axırdı. Və kim bilir, Vsevolodun 5 yaşı olarkən Zaqatalada baş verən hadisə — atasının həbsi olmasaydı, onun taleyi də necə formalaşardı — yəqin ki, sədaqətli monarxist, 1917-ci ildən sonra isə "ağqvardiyaçı" olar, sonunda da mühacirətə yollanıb uzun sakit ömür sürərdi, Ancaq 1900-cü ildə Nikolay Merkulovun həbs olunması və zadəgan titulundan məhrum edilməsi ailənin sonrakı həyatını tamamilə fərqli axara yönəltdi.

Nikolay Merkulov 100 rubl məbləğində pulu mənimsəməkdə ittiham olunaraq türməyə salınır. Çara əfvlə bağlı yazdığı məktub cavabsız qalır və onu 8 ay müddətinə Zaqatala qalasında dustaq edirlər. O, həbsdən çıxandan sonra da ailə bir müddət Zaqatalada məskunlaşır və 1903-cü ildə Tiflisə köçür.

1953-cü ilin payızında həbs olunan Vsevolod Merkulov həmin ilin 19 oktyabr tarixli dindirilməsində atası barədə söyləyir: "Atam 1908-ci ildə vəfat edib və onun Zaqatalada işləyərkən məhkumluğu haqqında yalnız özünün danışdıqlarından, bir də ondan qalan, sonralar isə qoruyub saxladığım sənədlərdən bilirəm. Çar onu əfv etmədiyindən, atam ömrünün son illərini müəllimliklə məşğul olub. Ölüm qabağı isə kağız parçasına yazıb: "Mən böhtanın qurbanıyam"…

İllər keçəcək, eyni sözləri oğul Merkulov da təkrarlaya biləcəkdi.

Zaqataladan ayrılanda Vsevolod Merkulovun 8 yaşı vardı. Onun ömrünün sonrakı 35 ili Gürcüstanla bağlı olur. Anası Tiflisdəki korlar üçün məktəbə direktor vəzifəsinə təyin olunur və uzun illər bu vəzifəni icra edir. Vsevolod isə Tiflisdə gimnaziyanı qızıl medalla bitirir, mütaliə və elmə böyük həvəs göstərir, hətta elektrotexnika ilə bağlı yazdığı məqalələr jurnallarda dərc olunur. Ali Təhsilini Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirir, ilk hekayələrini və bir neçə romantik povest yazaraq jurnallarda çap etdirir, həmçinin müəllimliklə məşğul olur. Gənc Merkulov tamamilə apolitikdir və onun timsalında sakit, ədəbiyyata və elmə böyük həvəs göstərən gələcək elm adamını, ya da yazıçını təsəvvür etmək olar. Hətta 1-ci Dünya Müharibəsi başlayanda da, o, bir çox tələbə yoldaşından fərqli olaraq könüllü şəkildə hərb meydanına can atmır, yalnız 1916-cı ildə orduya çağırılır. Ardınca baş verən Fevral və Oktyabr İnqilabı onu ön cəbhədəki savaşlardan sığortalayır. 1918-ci ilin yanvarında 22 yaşlı Merkulov xəstəliyi ilə əlaqədar Tiflisə təxliyə olunur. Həmin vaxt bacısının evində yaşayır, əlyazma jurnallar tərtib edərək 3 manata satır, habelə anasının direktoru olduğu korlar məktəbində dərs deyir.

O dövr imperiyanın dağıldığı və 4 yanında "müstəqillik paradı"nın yaşandığı dövr idi. Gürcüstan da özünü müstəqil elan edərək gah almanları və türkləri, gah ingilisləri xilaskar cildində öz ərazisinə dəvət edirdi. Bu qarışıqlıq aylarında Merkulov ilk dəfə siyasətlə maraqlanmağa başlayır və bolşeviklərə qoşulur. Üstəlik, 1918-ci ildə o, Lidiya Yaxontova ilə ailə həyatı qurur.

Lidiyanın doğma əmisi Viktor Yaxontov çar generalı, sonralar isə Müvəqqəti hökumətin üzvlərindən biri idi. Vətəndaş müharibəsindən sonra o, ABŞ-a mühacirət edəcəkdi və 1953-cü ilə Merkulova qarşı istintaqda irəli sürülən ittihamlardan biri də general Yaxontovla bağlı olacaqdı, halbuki bu ittihamın heç br əsası yoxdu, çünki, general Yaxontov ABŞ-də yaşayarkən Sovet mövqeyinə keçəcək, SSRİ-nin müdafəsinə mühazirələr oxuyacaq, yardımlar toplayacaq, hətta 1930-cu ildə Vətəninə səfər də edəcəkdi, Batumda isə Merkulovla görüşəcəkdi. Ümumiyyətlə, general Yaxontovun (1881–1978) bioqrafiyası maraqlı bir əsər üçün hazır süjetdir. O, 1960–70-ci illərdə dəfələrlə "SSRİ-Amerika dostluq cəmiyyəti"nin üzvü kimi SSRİ-də olacaq, Xalqlar Dostluğu ordeni ilə təltif olunacaq, 1975-ci ildə isə Leonid Brejnevə Vətənə qayıtmağına icazə verilməsi, Sovet vətəndaşlığına qəbul olunması xahişi ilə müraciət edəcəkdi. Brejnev hər iki istəyi reallaşdırandan sonra 95 yaşlı Viktor Yaxontov Moskvaya dönəcək, burada daha 3 il yaşayaraq 1978-ci ildə dünyasını dəyişəcəkdi. Məzarı Leninqraddadır.

1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Merkulovun həyatında kəskin dönüş baş verir — o, ÇK-ya ("Fövqəladə komissiya") qulluğa girir. ÇK-da onun tutduğu ilk vəzifə kargüzarlıq olur, mənşəyinə görə sosial yad element (hər iki valideyni əsilzadə) sayılsa da, böyük sürətlə karyerada yüksəlməyə başlayır. Artıq 1925-ci ildə Merkulov Gürcüstan QPU-nun (Baş siyasi idarə) iqtisadi şöbəsinin rəisidir. Göründüyü kimi, istər sosial mənşəyi, istərsə də çar generlının qardaşı qızı ilə ailə qurması onun Sovet hakimiyyəti tərəfindən nəinki repressiyaya məruz qalmasına səbəb olmur, əksinə, karyerasını da sual altına salmır.

Elə həmin vaxt da Merkulovun Beriya ilə tanışlığı başlayır. 1953-cü ilin payızında istintaqı zamanı o vaxtları xatırlayaraq Merkulov deyəcəkdi: "27 yaşım olmasına baxmayaraq, mən çox sadəlövh, utancaq, təvazökar, qapalı və susmağa meylli birisi idim. Nitqlər söyləmirdim, heç indi də bacarmıram. Qələm isə başqa söhbətdir — mən onunla davranmağı bacarırdım, Ancaq heç vaxt yaltaq, layiq olmadığı mövqeni tutan birisi olmamışam. Özümü həmişə sadə aparmışam. Beriya ilə tanışlıqda da onu bu cür sadə adam saymışam…"

Faktlar da göstərir ki, bir müddət Acarıstan QPU-sunda müstəntiq kimi çalışarkən Merkulov dəfələrlə şəxsən ona yeni hakimiyyətin düşməni təəssüratı bağışlamayan insanların istintaq işini ləğv edib. Belələrindən biri də tanınmış Sovet rejissoru Lev Kuleşov olub və onların yoldaşlıq münasibətləri Merkulovun həbsinə qədər davam edib.

1931-ci ildə Merkulov artıq Zaqafqaziya QPU-sunda məxfi-siyasi şöbənin rəisidir. O, daha əvvəl (və 3-cü cəhddən sonra) partiya sıralarına qəbul olunur. Karyerada fasiləsiz yüksəlişini isə birbaşa rəisi Lavrenti Beriyanın qəyyumluğu ilə izah edirlər. Rusca pis bilən Beriya üçün bütün məktub və sənədləri Merkulov yazır və o, bunu istintaqda da gizlətmir.

Həmin ilin sonunda Beriya Gürcüstan Kompartiyasının birinci katibi təyin edilir və dərhal da Merkulovu özünə köməkçi götürür, daha sonralar Merkulov Mərkəzi Komitənin bir neçə şöbəsinə rəhbərlik edir. O, Beriya ilə bir binada yaşayır, oğlu Rem ilə Beriyanın oğlu Serqo dostdurlar. Həmçinin Merkulovun və Beriyanın anaları rəfiqədir, ancaq həyat yoldaşları haqda bunu demək olmaz. Merkulovla Beriyanın münasibətləri də dostluqdan daha çox, işgüzar münasibətlərdir.

Bu dövrdə Merkulov ABŞ kommunistlərinin mübarizəsindən bəhs edən pyes yazır, Batum şəhəri haqda sənədli film çəkir. Onu xoşbəxt saymaq olar, üstəlik oğlunun xatirələrinə görə, Merkulov tezliklə partiya işindən uzaqlaşıb yaradıcılığa qayıtmaq planları qurur, Ancaq bu planlar reallaşmadan qalır — Beriya özünün yüksək erudisiyaya malik, karyeristlikdən uzaq, sədaqətli spiçrayterini çox yüksək qiymətləndirərək uzağa buraxmır. İstintaqı zamanı Merkulov özünə olan diqqəti bu cür izah edəcəkdi: "Beriya ilə mən temperament və xaraktercə tam fərqli adamlardıq. Yəqin, mənim misalımda o, özünün tamamını görürdü".

Gürcüstandakı 1937–38-ci illər repressiyalarında da Merkulovun fəal iştirakı, yaxud işgəncələr verməsinə dair heç bir sübut toplamaq mümkün olmadı. Kobulov qardaşlarının, yaxud Qoqlidzenin qəddarlığı, acgözlüyü, həbs olunanların zinət əşyalarını mənimsəməsinə dair faktlar mövcuddur, lakin Merkulov barəsində bu cür ittihamlar yoxdur. 1953-cü ilin 21 oktyabrındakı sorğulamada ondan repressiya olunmuş gürcü kommunistləri haqda soruşanda da Merkulov bir çoxlarının konkret nədə ittiham olunduqlarından xəbərsiz olduğunu deyir. Ondan Serqo Orconikidzenin həbs olunan və güllələnən qardaşı Papuliya haqda soruşanda isə deyir:

"Papuliya Orconikidze Beriyanın, mənim, Kobulovun və digər NKVD işçilərinin yaşadığı binada yaşayırdı. Dalaşqan xarakteri və qudurğan xasiyyəti ilə fərqlənirdi. Bir neçə adamı döyməsi barədə söhbətlər gəzirdi. Beriyaya münasibətdə Papuliya özünü müstəqil, sərbəst aparırdı və ona heç bir hörmət qoymurdu. Olsun ki, bu, Beriyanın xoşuna gəlmirdi. Onun həbsi üçün Beriyanın əlində hansı əsasların olduğundan və bunun üçün hansı göstərişlərin verilməsindən isə xəbərsizəm"…

1938-ci ilin yazında Stalin Beriyanı Gürcüstandan Moskvaya gətirir və repressiyaların odioz fiquru olan Yejova 1-ci müavin təyin edir. Elə həmin ilin sonunda Yejov həbs olunur, Beriyaya isə NKVD-yə rəhbərlik tapşırılır. Beriya Tiflisdəki kadrlarının bir çoxunu Moskvaya dəvət edir, onların arasında Vsevolod Merkulov da olur.

Merkulovun oğlu Rem 2002-ci ildə Ukraynanın "Faktı i Kommentarii" qəzetinə verdiyi müsahibədə xatırlayır ki, atası Tiflisdən çox könülsüz ayrılır — bu şəhər ona doğmalaşmışdı, üstəli qohumlarının çoxu burada yaşayırdı. Bir neçə aydan sonra Beriya Merkulovu özünün 1-ci müavini təyin edir. İstintaqa verdiyi ifadəsində Merkulov bunu Beriyanın özü ilə gətirdiyi kadrlar arasında yalnız özünün rus olması ilə əlaqələndirərək deyir: "Mənim etirazlarıma baxmayaraq, Beriya məni özünün 1-ci müavini təyin etdi, operativ işdə isə əsasən Kobulova güvənirdi. Artıq mənə tamamilə aydındır ki, bunun səbəbi onun əhatəsində yeganə rus olmağım idi. Kobulovun, yaxud Dekanozovu namizədlikləri bu səbəbdən uğurlu deyildi. Qalırdım yalnız mən".

Çekistlərin xatirələrinə inansaq, Beriya dəfələrlə Merkulovu "yumşaqbədənli intelligent" adlandıraraq qınayır, yəni, ondan həbs olunanlara qarşı sərtlik tələb edir. Merkulovun Moskva dövründə də işgəncələrdə bilavasitə iştirakına dair faktlar yoxdur. Özünü sakitləşdirmək üçün isə o, bütün bu vəzifənin müvəqqəti olduğunu deyir, ətrafdakıları da buna inandırmağa çalışır, ədəbiyyat və incəsənətlə maraqlanır, evində qəbullar təşkil edirdi. Bu qəbullarda tanınmış aktyor, rejissor və musiqiçilər iştirak edirdilər. Merkulovun qonaqları sırasında Lyubov OrlovaQriqori Aleksandrov, "Bolşoy Teatr"ın dirijoru Məlik-Paşayev və rejissor Lev Kuleşov vardı.

1940-cı ilin noyabrında Merkulov Molotovla birlikdə Berlinə, Ribbentropla danışıqlara uçur. 1941-ci ilin 3 fevralında isə yeni yaradılan SSRİ Dövlət Təhlükəsizliyi Komissarlığının Xalq komissarı (1946-cı ildən — nazir) təyin olunur. Müharibə illərində Merkulov həm də drmaturq kimi məşhurlaşır — onun "Mühəndis Sergeyev" pyesi "Malıy Teatr"ın repertuarına salınır. Tamaşaçıların böyük əksəriyyəti müəllifin məhz Merkulov olduğundan xəbərsiz idi, çünki müəllifin adı "Vsevolod Rokk" kimi yazılırdı.

Rusiyanın Xalq artisti Gennadi Sergeyev pyesdə rol alanlardan biriydi. O, 2001-ci ildə "Kommersant-Vlast" jurnalına müsahibəsində deyirdi:

"Tamaşanı kimin yazdığı biz artistlər üçün sirr deyildi — Merkulov şəxsən məşqlərdə iştirak edirdi. Rejissor Zubovun yanında əyləşirdi, heç nəyi ilə seçilmirdi, heç vaxt səs salmırdı, irad tutmurdu. Zubovdan tez-tez soruşurdu: necə etsək daha yaxşı olar?.."

Sergeyev onu da xatırlayır ki, ilk tamaşadan sonra Merkulov bütün heyəti bağına dəvət edərək banket verir: "Bizi çox yaxşı, duz-çörəklə qarşıladı. Yedirdi, içirdi, nitqlər söylənildi… Əvvəlcə ümumi sözlər səsləndi, sonra isə Merkulov yaxşı yadda saxladığım sözləri dedi: "Siz mənim pyesimi xilas etdiniz. Öz əla oyununuzla…"

Yəni, aktyor Sergeyev vurğulayır ki, müəllif əsərinin yetərincə güclü olmadığının fərqindəydi.

"Mühəndis Sergeyev" pyesindən sonra Merkulov yeni əsərlər yazmır. Bunun səbəbini onun oğlu Rem Merkulov öz müsahibəsində bu cür izah edir: Müharibə bitəndən az sonra Kremldə qəbulların birində Stalin artistlərlə söhbət edərkən bir aktrisa fəxrlə söyləyir ki, Sovet naziri əla pyeslər yazır. Stalin təəccüblənir: O, Merkulovun dramaturgiyasından və pyeslərin teatrarda tamaşaya qoyulmasından xəbərsiz idi. Üstəlik, bu xəbərə heç də sevinmir və yanında dayanmış Merkulova çevrilərək deyir: "Dövlət Təhlükəsizliyi naziri casusları tutmalıdır, pyes yazmamalıdır".

Bununla da dramaturq Vsevolod Rokkun yaradıcılığı bitir — Stalinin göstərişləri müzakirə olunmamalıdır.

NKVD-də komissar

[redaktə | mənbəni redaktə et]

1941-ci ilin 20 iyununda Dövlət Təhlükəsizliyi Komissarlığı ləğv olunur və Merkulov yenidən NKVD-də fəaliyyətini davam etdirir. 2 il sonra Dövlət Təhlükəsizliyi Nazirliyi təsis olunur və Merkulov da nazir vəzifəsini icra etməyə başlayır. Bu dövr həm də onun "Smerş" rəhbəri Viktor Abakumovla kəskin rəqabət dövrüdür və ziyalı görkəmli Merkulov bu mübarizədə kobud və sərt Abakumova hər mənada uduzurdu. Sonralar istintaqda o, deyəcəkdi ki, hətta Beriya da Abakumovdan çəkinir və ona öz yerinə göz dikmiş rəqib kimi baxırdı.

Merkulovun xarakterizə edən (həm də onun karyerasına ziyan vuran) misallardan birini Özbəkistanda baş verən olayda görmək olar. O vaxt məlumatlara görə Özbəkistanda geniş şəbəkəsi olan millətçi təşkilat fəaliyyət göstərirdi, başında isə Mərkəzi Komitənin katibi Usman Yusupov dayanırdı. Merkulov Dövlət Təhlükəsizliyi Komissarlığının Özbəkistana yoxlama heyətini göndərir və bəlli olur ki, Yusupovun yeganə qüsuru — arvadbazlıqdır, heç bir millətçi təşkilatdan isə söz gedə bilməz. Nəticədə Merkulov heç bir cəza tədbirinə əl atmır və onun bu addımı da o vaxtın sərtliyi müqabilində "yumşaqlıq" kimi yozulur.

Müharibədən sonra onu nazir vəzifəsindən uzaqlaşdırırlar, həmçinin Mərkəzi Komitə üzvlüyündən üzvlüyə namizədliyə endirirlər. Aparılan yoxlamalar onun işində qüsurlar tapır. Sonralar Merkulov oğluna deyəcəkdi ki, Stalinin ona münasibəti çox ziddiyyətli idi: "Gah çox yaxınına buraxırdı, gah da elə bilirdim ki, indicə güllələdəcək".

Onun karyerasının son illəri Dövlət Nəzarəti naziri vəzifəsi tutması ilə əlaqədardır. Bu, 1950-ci ildə baş verir, buna qədər isə o, 4 ilə yaxın müddətdə işsiz qalır, iki dəfə infarkt keçirir, uzun müddət xəstəxanalarda müalicə olunur. 1953-cü ilin martında İosif Stalin vəfat edəndən bir neçə gün sonra Beriyaya məktub yazaraq öz xidmətlərini təklif edir, Ancaq tezliklə Beriya həbs olunur, bu xəbəri eşidəndə Merkulov "Vəssalam, mən daha oturub memuarlarımı yaza bilməyəcəm" deyir. Və bir müddət sonra həbs növbəsi Vsevolod Merkulova da gəlib çatır.

Əvvəlcə onu bir neçə dəfə istintaqa çağırırlar, habelə Xruşşovla görüşü olur. Oğlu Remin danışdığına görə, Xruşşov Merkulova Beriyanı ingilis agenti kimi ifşa etməsini tapşırır, ancaq Merkulov bu təklifdən qəti şəkildə imtina edir. Sentyabrın 18-də növbəti dəfə prokurorluğa çağırılır və geri dönmür. Onu "Butırka" türməsində təkadamlıq kamerada saxlayırlar. İstintaqın arxivdə saxlanan mətnlərindən də göründüyü kimi, o, Beriyanın agent olması versiyasını burada da təsdiqləmir. Ailəsinə onunla görüş verilmir, ayda 1 dəfə isə kuryer Merkulovun evinə gələrək yalnız icazə verilən 200 rubl məbləği götürərək müttəhimə aparırmış.

Oğlu Rem xatırlayır: "Ailəmiz üçün ən ağır gün atamın ölüm xəbərini qəzetlərdən öyrəndiyimiz gün oldu. Xəbərdə deyilirdi ki, atam ölkə və xalq əleyhinə əməllərinə görə edam edilib. Cəsədi yandırılıb, külü havaya sovrulub".

Merkulov 1953-cü il, dekabrın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə güllələnmə cəzasına məhkum edilir və həmin gü saat 21.20-də "Beriyanın bandası"nın digər üzvləri ilə birlikdə edam olunur.

Yazıçı Boris Sokolovun "Hamıdan güclü Xalq komissarının sonu" kitabında uzun illər dolaşan bir şayiədən bəhs edilir: Merkulov güllələnməyib, 20 il həbs cəzası alıb və bəzi məhbus çekistlər onunla türmədə dəfələrlə rastlaşıblar, Ancaq bu şayiə heç bir faktla möhkəmlənmir.

2002-ci ilin mayında Rusiya Ali Məhkəməsinin hərbi kollegiyası Beriya ilə bərabər Merkulovun da bəraət almağa layiq olmadığı barədə qərar çıxarıb.

Onun yeganə övladı — Rem Merkulov (1924) texnika elmləri namizədi, professor, Moskva Dövlət Maşınqayırma İnstitutunun kafedra müdirinin müavinidir.

  1. 1 2 3 4 Кто руководил НКВД. 1934-1941 (rus.).