Xadım Həsən Paşa (ö. 15 aprel 1598) — III Mehmed dövründə 5 ay 6 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı.
Xədim Həsən Paşa | |
---|---|
Əvvəlki | Kürəkən İbrahim Paşa |
Sonrakı | Cərrah Mehmed Paşa |
Əvvəlki | Xadım Məsih Paşa |
Sonrakı | Kürəkən İbrahim Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Xadım Həsən Paşa külliyəsi |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Həyatının ilk illəri haqqında məlumat yoxdur. Əndərunda yetişmiş, sarayın hərəm xədimlərindən biri olmuşdu. Ardından baş xəzinədar olmuş, 1580-ci ildə vəzirliklə Misir bəylərbəyliyinə təyin edilmişdir. Ancaq 3 il qaldığı bu vəzifədə zülmkar olması və bəzi rüşvət məsələlərinə adının qarışması səbəbilə vəzifədən alınmış, bir müddət Yeddiqüllə zindanlarında həbs tutulmuşdur. Bu əsnada mal-mülkü müsadirə edilən Həsən Paşa, Validə Nurbanu Sultana olan yaxınlığı və saraya göndərdiyi hədiyyələr sayəsində bağışlandı və Anadolu bəylərbəyliyi ilə paytaxtdan uzaqlaşdı. Bu vəzifədə ikən Gəncə mühasirəsində iştirak etdi və ardından 1588-ci ildə Şirvan bəylərbəyi oldu. Haqqındakı şikayətlər səbəbilə vəzirliyi ləğv edilsə də, çox keçmədən yenidən bağışlandı. 22 yanvar 1594-cü ildə qübbə vəzirliyinə təyin edilərək paytaxta çağırıldı. Sultan Mehmedin 1596 tarixli Əyri səfəri əsnasında İstanbul naibi olaraq xidmət etdi. 3 noyabr 1597-ci ildə Kürəkən İbrahim Paşanın yerinə sədarətə gətirildi. Bəzi mənbələrdə üçüncü vəzirlikdən gözlənilmədən sədarətə gəlməsində Validə Safiyə Sultanın yardımı olduğu qeyd olunur.
Bir çox tarixi mənbədə kindar və rüşvətxor olaraq anılan Həsən Paşanın yüksək dərəcəli dövlət vəzifələrini açıq şəkildə satışa çıxardığı, alınan rüşvətin bir hissəsini isə Validə Safiyə Sultana təqdim etdiyi bilinir. Üstəlik bütün bunları öz diliylə bir çox məclisdə deməkdən çəkinməmişdir. Sədarəti boyunca hər həftə Validə Safiyə Sultana hədiyyələr göndərən Həsən Paşa, saray xədimlərindən Qəzənfər ağaya düşmənlik bəsləyirdi. Digər yandan şeyxülislamlığa Rumeli qazəsgəri Baki Əfəndini və ya Anadolu qazəsgəri Qaraçələbizadə Hüsam Əfəndini (Qaraçələbizadə Əbdüləziz Əfəndinin atası) gətirmək istədiyi üçün padşah lələsi Xoca Sadəttin Əfəndinin düşmənliyini qazanmışdı. Nəhayət, saraydakı düşmənlərinin apardığı propaqanda nəticəsində 9 aprel 1598-ci ildə Bostançıbaşı Fərhad ağa tərəfindən ələ keçirildi. Bir neçə gün sonra Yeddiqüllə zindanlarında edam olundu (15 aprel 1598). Cənazəsi vəsiyyətinə əsasən, inşa etdirdiyi Xədim Həsən Paşa külliyəsinin bağçasına dəfn edilmişdir.