Bu məqalə Osmanlı şairi Sinan Şeyxinin tərcüməsi haqqındadır. Əsərin orijinalı haqqında məqalə üçün Xosrov və Şirin (Nizami) səhifəsinə baxın. |
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının türk dilinə ilk tərcümələrindən biri XV əsr Osmanlı şairi Sinan Şeyxinin tərcüməsidir.
Xosrov və Şirin | |
---|---|
Müəllif | Nizami Gəncəvi |
Janr | məsnəvi |
Orijinalın dili | türk dili |
Orijinalın nəşr ili | 1422 |
Tərcüməçi | Sinan Şeyxi |
Türk ədəbiyyatında "Xosrov və Şirin" mövzusu ilk dəfə XV əsrin məşhur şairi, gərmiyanlı Yusif Sinan Şeyxi (1422) tərəfindən işlənilmişdir. Şeyxi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasını fars dilindən türk dilinə tərcümə etmişdir. Şeyxinin bu tərcüməsi "Xosrov və Şirin" mövzusunun türk ədəbiyyatında yayılması üçün gözəl şərait yaratmışdır. Şeyxidən sonra yetişən türk şairləri onun təsiri ilə Nizami ənənəsini özlərinə məxsus şəkildə davam etdirmişlər. Lakin türk ədəbiyyatında bu mövzuya həsr edilmiş əsərlərin çoxu müstəqil əsər olmamaqla, Nizaminin və Hatifinin əsərinin tərcüməsidir.[1]
Şeyxi gözəl qəzəllərin müəllifi olmasına baxmayaraq, əsasən diqqətini məsnəvi tərzi cəlb etmişdir. Şeyxinin fikrincə, yalnız məsnəvi hər hansı bir fikri istənilən şəkildə ifadə etmək üçün müəllifə geniş imkan verir.[2] O, haqlı olaraq qəzəl janrına həvəs bəsləməklə bərabər, geniş fikir söyləmək vasitəsinin məsnəvi olduğunu bildirir.[3] Şeyxinin məsnəvi tərzində nəzmə çəkdiyi iki məşhur əsəri vardır: "Xosrov və Şirin" və "Xərnamə".[4]
Firdovsi Rumi (Firdovsi Təvil) qeyd edir ki, Şeyxi "Xosrov və Şirin"i əvvəlcə Gərmiyan bəyzadəsi Mustafa Çələbi üçün yazsa da, əsər bitməmiş M. Çələbi öldüyünə görə sonradan II Sultan Murada ithaf etmişdir.[5] Lakin, Şeyxi özü bu haqqda bir kəlmə də söyləməmiş, yalnız Sultan II Muraddan söz açmışdır. Q. Beqdeli bildirir ki, deməli, Şeyxi "Xosrov və Şirin" poemasını II Sultan Muradın taxta çıxması ilə əlaqədar olaraq, tərcüməyə başlamışdı.[6] Bu fikri kastamonulu Ə. Lətifi də öz təzkirəsində təsdiq edir. O, yazır:
“Şeyxi əş-şüəra Mövlana Şeyxi...Muradxan Qazi dövründə və Seyid Nəsimiyə Bursada cəm olmuşdur...Zəbani-türkidə qisseyi-“Xosrov və Şirin”i ondan şirin demiş yoxdur...Ol zaman ki, məzbur Şeyxi kitabi-məzkuri təkmil və tədvin edub, ətəbəyi-Sultan Muradxana ilətdi.” [7] |
Şeyxi əsərini Kütahyada, yaxud Ədirnədə Sultan II Muradın sarayında yazmışdır. Faruk K. Timurtaş qeyd edir ki, çox ehtimal ki, əsər 1421–1428/29-cu illərdə nəzmə çəkilmişdir. Lakin, şairin vəfatı ilə əlaqədar "Xosrov və Şirin" yarımçıq qalmış, davamını şairin bacısı oğlu Camali yazmaq istəsə də, bu işin öhdəsindən gələ bilməmiş, əsərə 212 misradan ibarət bir zeyl[8] yazmaqla kifayətlənmiş, əsər yenə də yarımçıq qalmışdır. Katib Çələbi isə qeyd edir ki, "Əsəri şairin qardaşı Camal sona çatdırmışdır."[9]
Şeyxi hadisələrin başlanğıcını demək olar ki, eyniylə Nizamidə olduğu kimi tərcümə etmişdir. Ənuşirəvanın vəfatından sonra Hürmüzün taxta çıxması, çoxlu nəzir və niyazdan sonra oğlu olması, adının Xosrov Pərviz qoyulması, Xosrovun böyüyüb ova getməsi, ovda baş verən hadisələrin Hürmüzə xəbər verilməsi, atasının Xosrova divan tutub cəzalandırmaq istəməsi və digər tədbirlər görməsi, nəhayət Xosrovun vasitə salıb atasından üzr istəməsi, sonra da vəliəhd olması əhvalatı eyni ilə Nizamidə olduğu kimi tərcümə edilmişdir. Bu hissədə məzmun etibarilə o qədər fərq yoxdur. Fərq burasındadır ki, Nizami Xosrovun ibadətxanaya gedib, Yəzdana sitayiş etməsini bir beytdə verirsə, Şeyxi bu dini məsələni böyüdür, tərcümədə bu məsələlərə çox böyük yer verir. Xosrovun hər gecə səhərə qədər ibadətxanada dua etməsindən danışır.
Həmin hadisələrin ardı məzmun etibarilə tamamilə Nizamidə olduğu kimi olsa da, forma və üslub cəhətdən Nizamidən fərqlidir. Həm də surətlərin yeri dəyişdirilmişdir. Şeyxi burda da yenə ilahi qüvvəni ortaya gətirmişdir. Sonrakı hadisələr də təxminən Nizamidə olduğu kimidir. Xosrov Şirinin gözəlliyi haqqında Şapurun söhbətlərini eşidərək qayibanə şəkildə ona vurulur. Şapurun Şirini Mədainə yola salması epizodunda Şeyxi bəzi coğrafi məkan adlarını buraxır. Nizami Şapuru "mən" kəlməsi ilə danışdırır. Onun şəxsiyyətini alçaltmır. Lakin, Şeyxi "mən" sözünün yerinə "qul" sözü işlədir. Tərcümədə bu kimi misraların sayı həddindən artıqdır.
Sonrakı hadisələrdə yenə Şeyxi əsərdə bəzi xırda dəyişikliklərə yol vermişdir. Orijinalda, elə ki, Şirin Xosrovun taxt-tacını əldə edib, Məryəmlə evlənməsi xəbərini eşidir, səltənəti bir köləsinə tapşırıb, Qəsri Şirinə tərəf yola düşür. Şeyxi də həmin epizodu olduğu kimi tərcümə edir. Lakin hadisəyə səbəb və çıxış yolu tapmaq üçün müəllif əlavə edir ki, Şirin Qüdsü ziyarət adı ilə Ərmənzəmindən çıxır. Beləliklə, şair bir növ Şirinin öz vətənini tərk etməsinə bir növ haqq qazandırır.
Fərhadın da macərası eyniylə Nizamidə olduğu kimi başlayır və davam edir. Fərhadın ölümü və sonrakı hadisələr əsasən Nizamidə olduğu kimi təsvir olunsa da, Şeyxi detallara çox diqqət yetirərək həcmi artırmışdır.
"Xosrov və Şirin" əsərinin tərcüməsi Şeyxinin ən böyük əsəri hesab edilir. Faruk K. Timurtaş 1950-ci ild Şeyxinin "Xosrov və Şirin" tərcüməsinə həsr edilmiş iki cildlik əsər yazmışdır.[10] O, bu əsərində yazır:
“Şeyxi “Xosrov və Şirin” mövzusunu özündən əvvəl və sonra gələn türk şairləri sırasında çox müvəffəqiyyətlə işləyən bir şairdir. Bir çox məlliflər Şeyxinin “Xosrov və Şirin” əsərini bu mövzuda türkcə nəzmə çəkilmiş əsərlərin ən gözəli kimi qeyd etmişlər.” [11] |
Şeyxi əsəri özünəməxsus bir tərzdə tərcümə etmişdir.[12] O Türkiyənin o dövrdəki tarixi şərait və ictimai tələblərini nəzərdə tutaraq tərcümədə külli miqdarda dəyişikliklərə yol vermişdir. Bəzən əsəri eyniylə ardıcıl surətdə tərcümə etmiş, birdən orijinalı kənara qoyub sərbəst hərəkət edərək, əsərə yeni misralar artırmışdır.
Faruk K. Timurtaşın verdiyi məlumata görə, Şeyxinin əsəri 6944 beytdən ibarətdir. Lakin, "İslam Ensiklopediyası" bu rəqəmi 6370 qeyd edərək, onun yalnız 1979 beytini eynən Nizamidən tərcümə, və qalanını (4391 beyti) isə orijinal nəzmə çəkilən "Xosrov və Şirin" poeması adlandırmışdır.[13] Fevziyyə Əbdüllah isə əsərin həcminin 6370 beyt olduğunu göstərir. Polşa alimi A. Zayançkovski bu məsnəvinin Parisdə saxlanan əlyazma nüsxəsinin foto-surətini 1963-cü ildə Varşavada nəşr etdirmişdir ki, həmin nüsxədə toplanmış beytlərin sayı 7098-dir. Lakin, bunu da qeyd etmək lazımdır ki, Şeyxinin tərcüməsi haqqında verilən bu rəqəmlər Xosrovun Şirinlə evlənməsinə qədərki hadisələrdən ibarətdir. Halbuki, Nizaminin "Xosrov və Şirin" əsərində Xosrovun Şirinlə evlənməsinə qədərki hissə ancaq 5194 beyt təşkil edir. "İslam Ensiklopediyası"nda orijinal kimi göstərilmiş 4391 miqdarındakı beytlərdə heç vaxt tamamilə Nizami mövzusundan kənar mühüm bir hadisə və mətləb verilməmişdir. Şair burada Nizami əsərini sətri yox, öz sözləri ilə tərcümə etmişdir. Bəzən də əsərdə kiçik dəyişiklərə yol vermişdir.[14]
Şeyxi də "Xosrov və Şirin" mövzusuna keçməzdən əvvəl minacat, nət, hikmət bəhsi, kitabın nəzmə çəkilməsinin səbəbi, II Sultan Muradın tərifi və Sultana nəsihət mövzularında 1550 misralıq (13 mənzum parçadan ibarət) giriş və müqəddimə yazmışdır. Əsas poema isə 11 bölmədən ibarətdir ki, hər bölmənin əvvəlində bu bölməyə aid 20–30 misralıq giriş[15] söyləmiş, sonradan mətləbə keçmişdir. Şeyxinin tərcüməsində Nizami pormasından tamamilə fərqli olaraq Fərhadın, Şirinin və Xosrovun dilindən söylənmiş 26 qəzəl (392 misradan ibarətdir) vardır.
Şeyxinin "Xosrov və Şirin" əsərinin ən qədim əlyazma nüsxələrindən biri Bakıda saxlanılır.[16] Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin kitabxanasında (inv. N. 17) olan əlyazmanın başlanğıcında və ortalarında bir neçə vərəqi düşmüşdür. Vərəqlərin sayı 210/420 səhifədən ibarətdir. Kağızı XIV əsrə aiddir. Xətti isə qırma rüqə xətti və qara mürəkkəblə yazılmışdır. Sərlövhələrin yeri boşdur. Kitabın vərəqlərinin evi 14, uzunluğu isə 20 santimetrdir. Katibi naməlum olan bu nadir əlyazmanın yazılma tarixi kitabın son səhifəsində ərəb dilində belə qeyd edilmişdir:
“Salavat olsun ağamız Məhəmməd peyğəmbərə, onun övladına və cəmi səhabələrinə kitab yazılıb bitdi onun hicrətinin 930 (1523-1524) – cu ilində ramazan-əlmübarək ayının 24-də.” [17] |
Şeyxidən sonra Türkiyədə bir çoxları Nizami "Xəmsə"sinə diqqət yetirib, onun poemalarını tərcümə etmək fikrinə düşmüşdür. Şeyxinin müasirlərindən olub, II Sultan Bəyazidin dövründə yaşayan şairlərdən Əhməd Rizvan (Razvai) Nizaminin "Xəmsə"sini türk dilinə tərcümə etmişdir.[18] Ə. Rizvanın tərcümə etdiyi "Xosrov və Şirin" poemasının nüsxələri Berlin və Qota kitabxanalarında saxlanılır.[19] Bundan sonra türk ədəbiyyatında da "Xəmsə" yazmaq dəb olur. Bu dövrüdə yazanlardan biri də II Sultan Bəyazid dövrünün görkəmli şairlərindən olan Məhəmməd Müididir. Müidi məsnəvilərinin birisi "Xosrov və Şirin" adlanır ki, bu əsər haqqında da "İslam Ensiklopediyası"nda[20] məlumat verilir. Sultan II Bəyazid dövrünün şairlərindən Mövlana Sədri[21], Həyati Agah Sirri[22], Hərami[23], Sultan I Səlim dövrünün şairlərindən Ahi[24], XV əsr şairi İznikli Cəlili[25], Sultan Bəyazid dövrünün şairi Bursalı Cəlili[26], XVI əsr türk şairi Lamei[27], Şani[28] və başqaları da "Xosrov və Şirin" mövzusunda məsnəvilər yazmışlar.