Xuraman Əkrəm qızı Qasımova (6 iyun 1951, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), pedaqoq, Azərbaycan SSR xalq artisti (1986), Azərbaycan SSR Dövlət mükafatı, "Şöhrət" və "Şərəf", "İstiqlal" ordenləri laureatı.
Xuraman Qasımova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 6 iyun 1951 (73 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, pedaqoq |
Fəaliyyət illəri | 1976-cı ildən |
Janrlar | opera, romans |
Səs tembri | soprano |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. Xuraman və böyük bacısı Fidan Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur.
Əsas partiyaları: Səlma ("Aldanmış ulduzlar", M. Quliyev), Sevil və Dilbər ("Sevil", F. Əmirov), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C. Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C. Verdi), Tatyana ("Yevgeni Onegin", P. Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s.
İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M. Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P. Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1994-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor) 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.
1995-ci ildə Xuraman Qasımovanın həyatının dramatik anlarını əks etdirən Zəng adlı qısametrajlı sənədli film həsr olunmuşdur.