Həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətlərdən bəhs olunur. Kinolent xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun, yeni tipli fəhlənin-Rəşidin(Fikrət Quliyev) taleyindən söhbət açır.
Film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Filmin çəkilişləri bitdikdən sonra təsdiq olunmaq üçün Moskva Kino İdarəsinin baxışına təqdim olunur. Ssenari müəllifi Vidadi Babanlı bununla bağlı deyir: "Filmdə milli ruhda çəkilən kadrlar çoxluq təşkil edirdi. Həmin kadrlar Moskva Kino İdarəsinin rəhbərliyi tərəfindən filmdən çıxarıldı. Ümumiyyətlə, o dövrdə (Sovetlər Birliyinin mövcud olduğu dövr nəzərdə tutulur) Moskva milli ruhda çəkilən filmlərimizə çox amansız yanaşırdı. Onlar daima çalışırdılar ki, məhz milli ruhla zəngin olan kadrları məhv etsinlər. Bu baxımdan da "Həyat Bizi Sınayır" filmində, təbii ki, ssenariyə əsasən baş qəhrəmanın ifasında çəkilən ən maraqlı kadrlardan birinin filmdən çıxarılması bir müəllif olaraq mənə pis təsir etdi. Bu o kadrdır ki,- Rəşid ustasına corab hədiyyə edir. Sözdə adi görünən bu kadr çəkiliş vaxtı bütün yaradıcı heyəti riqqətə gətirmişdi. Çünki bu kadrda milli ruh güclü şəkildə təsvir olunurdu. Bundan başqa, Rəşidlə Hicranın bir-birinə necə bənd olması və ümumiyyətlə isə Rəşid-Hicran süjet xəttində olan lirik sevgi dünyasına aid kadrlar lentə almışdıq. Moskva bu kadrların hamısını çox amansızca "qayçıladı". Elə buna görə də film yarımçıq təsiri bağışlayır. Düzdür, film tez bir vaxtda ekranlara çıxdı, festivala qatıldı, yer tutdu. Ancaq yarımçıq şəklinə salınmış kadrlar daima məni düşündürdü. O mənada ki, axı Moskvanın marağı nə idi ki, filmlərimiz bu günə salınırdı."… "bütün bunlar o dövrün tələbindən irəli gəlirdi. İstər burada, istərsə də Moskvada belə tələb qoymuşdular ki, sənayeyə, fəhlə əməyinə geniş yer verilsin. İnsan taleyi qalırdı bir tərəfdə, texniki cəhətlər isə geniş şəkildə qabardılırdı. Bu, ədəbiyyatda da özünü büruzə verirdi. Bu tələblər sovet dövrünün mövcud olan qayda-qanunundan irəli gəlirdi. Bütün bunlar guya ki, sovet sisteminin yaxşı tərəfləri idi ki, kinoda da, ədəbiyyatda da qabardılmalı idi. Yəqin elə buna görədir ki, bu gün o dövrdə çəkilən hər hansı bir filmə baxanda və yaxud o dövrdə yazılan hər hansı bir əsəri oxuyanda tam bütövlük hiss etmirik." ("Həyat Bizi Sınayır: Moskva fimi "qayçılayıb" "öldürdü", Ekspres qəzeti, 21.10.2004, səh 18-19, Ulduzə Qaraqızı).
Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 194-196.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.