Yakov Dmitriyeviç Kozin

Yakov Kozin (tam adı: Yakov Dmitriyeviç Kozin; d. 18.10.1896 - v. 18.02.1973) — Azərbaycan Universitetinin məzunu, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı tərkibində Tarix İnstitutunun direktoru[1], Qara dəniz-Xəzər regionu və Krımın tarixi geologiyasının və mineral resurslarının tədqiqatçısı, geoloq, geomorfoloq və rəssam, geologiya-mineralogiya elmləri doktoru (1946), Krım pedaqoji institutunun fiziki coğrafiya və ümumi torpaqşünaslıq kafedrasının, daha sonra Simferopol Dövlət Universitetinin professoru, Krım məktəblilərinin “Axtarışçı” kiçik elmlər akademiyasının prezidenti (1963-1973).[2]

Yakov Kozin
Yakov Dmitriyeviç Kozin
Doğum tarixi 19 (31) oktyabr 1896
Vəfat tarixi 18 fevral 1973(1973-02-18) (76 yaşında)
Vəfat yeri
Atası Dmitri
Elm sahəsi geologiya
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru
Elmi adları SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı tərkibində Tarix İnstitutunun direktoru (09.01.1940-28.10.1940), Krım pedaqoji institutunun fiziki coğrafiya və ümumi torpaqşünaslıq kafedrasının, daha sonra Simferopol Dövlət Universitetinin professoru (1950-1973), Krım məktəblilərinin “Axtarışçı” kiçik elmlər akademiyasının prezidenti (1963-1973)
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni

Həyatı və elmi təşkilati-fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yakov Dmitriyeviç Kozin 1896-ci il 18 noyabr tarixində anadan olmuşdur. Valideynləri Don çayında bənddə matros kimi xidmət edirdilər. Alimin ailəsinin növbəti illəri də VolqaXəzər dənizi ilə bağlı olmuşdur. Bu da alimin gələcək elmi fəaliyyətinə öz təsirini göstərmişdir. Yakov Kozinin əmək təcrübəsi 60 ilə yaxındır. Əmək fəaliyyətinin ən məhsuldar dövrü olan ömrünün son 25 ili Krımla bağlıdır. 1914-cü ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra orduya çağırılır. Kazanda hərbi məktəbdə təhsilini başa vurub Qərb cəbhəsində xidmətini davam etdirir. 1917-ci ildə polk komitəsinin üzvü və polk adyutantı seçilir. I Dünya Müharibəsindən sonra vətəndaş müharibəsinin gedişində Astraxanda, Astraxan-Prikaspi diyarının inqilabi hərbi şurasının qərargahında sədr vəzifəsində, daha sonra qərargah rəisi kimi xidmət göstərmişdir. 11-ci ordu ilə Y.D.Kozin Astraxandan Mineralnıye vodı, Qroznı, Mahaçqala, Bakı, Tiflis şəhərlərinə, o cümlədən də Ukraynanın müxtəlif şəhərlərinə qədər uzun bir yol keçmişdir. 1925-ci ildə Y.D.Kozinin ordudakı 8 illik xidməti başa çatdı. O, ordu sıralarından tərxis olunduqdan sonra Bakıya gəlir və “Azneft” sistemində işləyir, Azərbaycan Universitetində təhsil alır. 1929-cu ildə ixtisas tələbləri ilə bağlı olaraq politexnik institutunda təhsil alır, bu təhsil müəssisəsindəki təhsilini dağ fakültəsinin dekanının elmi-tədqiqat işləri ilə birləşdirir. İnstitutdakı təhsilini başa vurduqdan sonra 1935-ci ildə məşhur geoloq akademik, həmin vaxtı SSRİ EA-nın Zaqafqaziya filialının Rəyasət Heyətinin sədri Frants Yulyevits Levinson-Lessinq gənc mütəxxəsisi EA-nın Azərbaycan filialının geologiya şöbəsində elmi əməkdaş və elmi katib vəzifəsində işləməyə dəvət edir. Beləliklə də Y.D.Kozinin elmi fəaliyyəti başlayır. Tezliklə, 1937-ci ildə Qafqazın geologiyası mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edir. Zaqafqaziyanın müxtəlif rayonlarında, Baş Qafqaz silsiləsində, Talış dağlarında neft qaynaqlarının axtarışı və kəşfiyyatı məqsədi ilə çöl tədqiqatlarında iştirak edir. Elmi tədqiqatlarını genişləndirən Y.D.Kozin Xəzər dənizi, Qara dəniz və Aral dənizinin tarixi geologiya və paleoqrafiyasının öyrənilməsinə daha çox üstünlük vermişdir. Yakov Dmitriyeviç Kozin 1940-ci il 9 yanvar tarixindən noyabrın 28-nə qədər SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı tərkibində Tarix İnstitutunun direktoru təyin edilir[1]. II Dünya Müharibəsindən sonra o, Azərbaycanda neft olan sahələrin axtarışını davam etdirir, mütəxxəsis geoloqlar yetişdirir. 1947-ci ildə SSRİ EA-nın Geoloji Elmlər İnstitutunda Xəzər dənizinin və qonşu ərazilərin geoloji tarixi mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə edir. Bu regionun tədqiqinə Y.D. Kozin 50-dən çox nəşr edilmiş əsər və məzmunlu hesabatlar həsr etmişdir. 1948-ci ildə geologiya-mineralogiya elmləri doktoru Y.D. Kozin mühüm dövlət tapşırığını icra etmək məqsədi ilə SSRİ EA-nın Rəyasət Heyətinin qərarı ilə Krıma yola düşür: Simferopolda SSRİ EA-nın ilk əlaqələndirici akademik elmi mərkəzinin (daha sonra filialının) əsasını qoyur və onun ilk rəhbərlərindən biri olur. 1950-1973-cü illərdə Krım Pedaqoji İnstitutunun fiziki coğrafiya və ümumi torpaqşünaslıq kafedrasının, daha sonra Simferopol Dövlət Universitetinin professoru, 1963-1973-cü illərdə isə Krım məktəblilərinin “Axtarışçı” kiçik elmlər akademiyasının prezidenti olur.[3] 1973-cü il fevral ayının 18-də vəfat edir.[2]

1. Геологическое прошлое Крыма. Москва: изд-во АН СССР. 1954. 128 с.

2. Путеводитель по Крыму. Симферополь: Крымиздат, 1956, 456 с.

3. Богатства Крымских недр [Текст]: путеводитель. Симферополь: Крымиздат, 1956, 72 с.

4. Орографическая схема Крыма/ В.Г. Ена, Я.Д. Козин//Известия Крымского отдела Географического общества СССР. Симферополь: Крымский отдел ГО СССР, 1961. Вып. 6. С. 5-20.

  1. 1 2 "AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu haqqında ümumi məlumat". 2017-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
  2. 1 2 "Torpaqşünas və rəssam Y.D.Kozin". 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
  3. "Braqinskiy İ. Krımın Kiçik Elmlər akademiyası "Axtarışçı"". 2010-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.