Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yusif bəy Həşim bəy oğlu Yusifbəyli — Türk Sosialist-Federativ İnqilabi Partiyası və ya Qeyrət Partiyasının qurucularından biri, Difai Partiyasının Şuşa təşkilatının rəhbər üzvlərindən biri, Azərbaycan Demokratik Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin və Qeyrət Partiyasının qurucularından Həmid bəy Yusifbəylinin atası.
Yusif bəy Yusifbəyli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1852 |
Doğum yeri | |
Vəfat tarixi | 1922 |
Partiya | |
Uşaqları |
|
Yusif bəy 1852-ci ildə Gəncədə tanınmış ziyalı ailəsində anadan olmuşdur. Atası Həşim bəy Gəncə xanı Cavad xanın vəziri Usuf bəyin oğlu Eyyub bəyin oğludur.
1861-ci il fevralın 21-də Gəncə Qəza Məhkəməsində işləməyə başlayıb.[1]
Yusif bəy anası Bəşirət xanımın himayəsində böyümüşdür. Peterburqda oğlunu universitetə qoymaq üçün Bəşirət xanım Gəncə qubernatorunun verdiyi sənəd əsasında Rusiya imperatoru II Aleksandrın qəbuluna getmişdir. Yusif bəyi anası ilə birlikdə imperatorun qardaşı qəbul edib və Yusif bəy Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunur.
Ali təhsil aldıqdan sonra Yusif bəy Gəncəyə qayıdır. Lakin müsəlman olması səbəbi ilə Yelizavetpol Qəza Məhkəməsində aşağı dərəcəli vəzifə olan tərcüməçi vəzifəsinə işə götürülür.
Yusif bəy uzun sürən xəstəlikdən sonra 1922-ci ildə vəfat edib. Ölümünün sürətlənməsinə səbəb isə Nəsib bəy Yusifbəylinin qətl edilməsi xəbərini eşitməsi olub.
Yusif bəyin Hacıkənddə ikimərtəbəli evi vardı. Yaylaq evinə arabir Gəncənin sayılıb-seçilən adamları yığışardı. İstiqlal, müstəqillik, muxtariyyat haqqında çoxlu söhbətlər gedərdi. Hacıkənddə qubernatorun da yaylağı var idi. Qubernatora Yusif bəyin evində yığıncaqlar keçirilməsi barədə məlumat verilir.[mənbə göstərin] Bundan sonra isə ermənilərə evi yandırmaq göstərişi verilir. 1905-ci ilin yanvarında ermənilər həmin evi yandırırlar.
1964-cü ildə Hacıkənddəki İnşaatçılar pioner düşərgəsində ermənilərin yaşadığı Çaykənd kəndindən olan 80 yaşlı Levon düşərgədə ocaqçı işləyirdi. Levon danışırdı:
1905-ci ildə Gəncə qubernatoru atamı yanına çağırdı. O vaxt 21 yaşım var idi. Atamla bərabər mən və əmim oğlu da qubernatorun qəbulunda olduq. Qubernator bizə Yusif bəyin Hacıkənddəki evinə od vurmağı tapşırdı. Tapşırığa elə həmin günün axşamı əməl olundu. |
Sonradan yandırılmış evin birinci mərtəbəsini Yusif bəy bərpa etdirib. Sovet vaxtı bu evin bir hissəsində mülki müdafiə komitəsi yerləşirdi.
1905-ci ildə Yusif bəy Yusifbəyli, oğlu Həmid bəy Yusifbəyli, dostu Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədov bərpa edilmiş evdə Türk Sosial-Federalist İnqilabi Komitəsini yaradırlar. Toplantıda intibahnamə hazırlanmaq, çap etdirmək və kütlələr arasında paylanmaq qərara alınır.
Təşkilat Azərbaycana muxtariyyat verilməsi və Rusiyanın federativ şəkildə qurulması ideyasını qoyan ilk siyasi qüvvə olmuşdur. Qısa müddət sonra komitənin əsasında Türk Sosialist-Federativ İnqilabi Partiyası və ya Qeyrət Partiyası yaradıldı. Bəzi sənədlərdə yazılana görə partiyanın rəhbərliyinə Ələkbər bəy Rəfibəyli, Yusif bəy Yusifbəyli, Ələsgər bəy Xasməmmədov və Həmid bəy Yusifbəyli daxil idilər. Bəzi mənbələrdə Ələkbər bəy Rəfibəylinin təklifi ilə partiyaya rəhbərliyin Həmid bəy Yusifbəyliyə tapşırıldığı qeyd olunub.
Azərbaycanlılara qarşı soyqırımların qarşısını almaq məqsədilə Əhməd bəy Ağaoğlu 1906-cı ildə Şuşada Difai Partiyasını yaratdı.
Difai Partiyasının Gəncə təşkilatının ilk sədri Şeyxülislam Axund Məhəmməd Pişnamazzadə, müavini isə Ələkbər bəy Rəfibəyli idi. Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Yusif bəy Yusifbəyli və oğlu Həmid bəy Yusifbəyli, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan Difai Təşkilat Komitəsinin üzvləri idilər.[2]
Həm Qeyrət Partiyasının, həm də Difai Partiyasının gizli yığıncaqları Yusif bəyin Hacıkənddəki "Lemsə bulağı" deyilən yerdəki yaylaq evində keçirilirdi. Çünki, bu ev şəhərdən nisbətən uzaq ərazidə yerləşirdi.
1917-ci il fevral inqilabından sonra Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Qeyrət Partiyası siyasi arenaya yeni ad altında — Türk Ədəmi-Mərkəziyyət Partiyası kimi daxil oldu. Bundan sonra Yusif bəy öz siyasi fəaliyyətini dayandırıb.
Gəncə Toxuculuq Kombinatının ərazisi, Yeni İrəvan qəsəbəsinin sahəsi, "Quruqov" adlanan torpaqlar, Gəncənin kənarındakı Quşqara deyilən yerdəki ağ torpaqlar Yusif bəyə məxsus olub.
Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədlərindən məlum olur ki, şəhərin kənarında Yusif bəyin kərpic zavodu da olub. Yusif bəy Gəncədə üç kəhriz çəkdirib. Həmin kəhrizlərdən biri Yusif bəyin məhləsində, biri toxuculuq kombinatının ərazisində, biri isə yeni İrəvan qəsəbəsi yerləşən yerdə çəkilib. 1960-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərən kəhrizlər baxımsızlıqdan batıb.