Türk Ədəmi-Mərkəziyyət Partiyası

Türk Ədəmi-Mərkəziyyət FirqəsiQeyrət Partiyasının xələfi olaraq qurulmuş Rusiya imperiyası ərazisində yaşayan türk xalqları üçün federativ dövlət prinsipini dəstəkləmiş siyasi partiya.

Türk Ədəmi-Mərkəziyyət Firqəsi
Sədri Nəsib bəy Yusifbəyli
Qurucu
Quruluş tarixi 1917
Dağılma tarixi 20 iyun 1918
Birləşən Müsavat Partiyası
Sələfi Qeyrət Partiyası
Xələfi Müsavat Partiyası
Baş qərargah
İdeologiya Türkçülük, millətçilik, Xalqçılıq, Müasirlik
border=none Əsas məqalə: Qeyrət Partiyası (1905)

1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı.[1] Partiya sıralarında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov[2], bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.[3].

Qeyrət Partiyası 1908-ci ilə qədər fəaliyyət göstərdi, lakin bəzi sənədlərə görə, 1912-ci ildə Balkan müharibələri başladığı dövrdə federalistlər fəallaşmaqda idilər.

Qeyrət yenidən 1917-ci ilin Fevral inqilabından sonra yeni liderlər, yeni Türk Ədəmi-Mərkəziyyət Firqəsi adı və yeni proqramı ilə fəaliyyətə başladı.

1917-ci ilin mart ayının sonunda Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağayev və digərləri ilə Gəncədə Milli Federalistlərin Türk Partiyasını yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi.

Partiyanın əsas dayağını kəndlilər və fəhlələr təşkil edirdilər. Öndərləri içərisində torpaq sahibləri də var idi. Partiyanın ideoloji təməli türkçülük idi. Partiya 1917-ci il aprelin 2-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə Şah Abbas məscidinin həyətində mitinq təşkil etmişdir. Mitinqdə üzərində "Yaşasın demokratik respublika", "Yaşasın Azərbaycan muxtariyyəti" və "Yaşasın türk ədəmi-mərkəziyyət partiyası!" sözləri yazılan qırmızı bayraqlar dalğalanırılmışdır. "Kaspi" qəzetinin yazdığına görə, natiqlər gurultulu alqışlarla qarşılandılar.[4][5] Qısa müddət ərzində partiyaya 500-dən çox şəxs üzv oldu. Partiya fonduna böyük məbləğdə ianə toplandı.

border=none Əsas məqalə: Müsavat Partiyası

Qafqaz müsəlmanlarının qurultayında eyni mövqedən çıxış etmiş Türk Ədəmi-Mərkəziyyət Firqəsi və Müsəlman Demokrat Müsavat Partiyası 1917 il 17 iyun tarixində vahid ad — Türk Ədəmi-Mərkəziyyət Firqəsi "Müsavat" adı altında birləşdi. Daha sonralar vahid partiya qısaca "Müsavat" adlandırıldı. Birləşmiş partiyanın proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır. Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır.

Vahid partiyanın Bakı və Gəncə bürolarını əhatə edən 8 nəfərdən ibarət Mərkəzi Komitəsi yaradıldı. Bakı bürosuna Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Musa Rəfiyev, Mustafa Vəkilov, Gəncə bürosuna isə Nəsib bəy Yusifbəyli, Həsən Ağayev, Şəfi bəy Rüstəmbəyli və Mirzə Məhəmməd Axundov seçildilər.

Partiyanın proqramı 19, 20, 24 may tarixli "Kaspi" qəzetində dərc olunmuşdu. Proqramda deyilirdi ki, Türk Ədəmi-Mərkəziyyət Firqəsi demokratik partiya kimi zəhmətkeş xalq kütlələrinə arxalanır və Rusiyanın islama etiqad edən bütün türk zəhmətkeş kütlələrinin iqtisadi-sinfi və milli-mədəni mənafelərini müdafiə etməyə çalışır.

  • Partiya dövlətin federativ əsaslarla yenidən qurulması üçün "Dövlət quruluşu" adh birinci bölmədə 9 tələb irəli sürürdü. Bütün türk xalqlarına, o cümlədən Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstana ərazi muxtariyyəti verilməsi və beynəlxalq sülhün saxlanması üçün daimi qoşunun xalq milisi ilə əvəz olunması tələb edilirdi.
  • "Ümummilli məsələ" adlı ikinci bölmədə Rusiya türklərinin mədəni-milli ittifaqın yaradılması, onun forma, tərkib və funksiyasının müəyyən edilməsi üçün qurultay çağırılması nəzərdə tutulurdu.
  • "Dini məsələlər" adlı üçüncü bölmədə Rusiyanın bütün müsəlmanlarının müftinin başçılığı altında birləşdirilməsi fıkri irəli sürülürdü. Dördüncü bölmə muxtar qurum vətəndaşlarının cinsi, milli mənsubiyyəti və dini etiqadından asılı olmayaraq, bərabər hüquqlara malik olmasını nəzərdə tuturdu. Proqram maliyyə və iqtisadi siyasət sahəsində mütərəqqi vergi sistemini məqbul hesab edirdi.
  • "Aqrar məsələ" bölməsində partiya dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə olan bütün torpaq sahələrinin, əvəzi ödənilmək şərtilə, müsadirə edilib torpaq fondu yaradılmasını nəzərdə tuturdu.
  • Yeddinci bölmə olan "Fəhlə məsələsi" bölməsində fəhlə qanunvericiliyinin yayılması və qanunun icrası üzərində fəhlə nəzarətinin qoyulması, 8 saatlıq əmək günü, qocalığa və iş qabiliyyətini itirməyə görə dövlət sığortası və s. öz əksini tapmışdı.
  • "Məhkəmə icrası" bölməsi məhkəmənin hər cür təsirdən və təzyiqdən azad olmasını nəzərdə tuturdu.
  • "Məktəb məsələsi" adlı doqquzuncu bölmədə xalq maarifinin demokratik əsasda təşkili və azad tədrisi planlaşdırılırdı. Təhsil ibtidaidən aliyə birbaşa əlaqəli surətdə qurulmaq idi. İbtidai və orta məktəblərdə, türk və rus dilləri məcburi olmaq şərtilə, çoxluğun dili, ali məktəblərdə ümumi türk dili tədris olunmalı idi.
Sıra
Sədr
Başlanğıc
Bitmə
1.

Nəsib bəy Yusifbəyli
Mart 1917
17 iyun 1917
  • Türk Ədəmi-Mərkəziyyət Firqəsi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 414. ISBN 9952-417-44-4.
  • Azərbaycan tarixi (7 cilddə). 5. Bakı. 2001.
  • Məmmədov X.M. Azərbaycan milli hərəkatı (1875-1918-ci illər). Bakı. 1996.
  • Süleymanova S. Y. Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu-XX yüzilliyin əvvəlləri). Bakı. 1999.
  • XX əsr Azərbaycan tarixi. 2. Bakı. 2004.
  • Валаев А., Азербаиджанское национальное движение в 1917-1918 гг. Баку. 1998.
  • Nağı bəy Şeyxzamanlı. Nağı Bəy Şeyxzamanlı – “Xatirələr”. Bakı: Xan nəşriyyatı. 2016.
  1. Azərb. MDTA, f. 7, siy. 1, iş 620, v. 162; f. 12, siy. 13, iş 250, v. 44–45; С а м е д о в В . Ю. Распространение марксизма-ленинизма в Азербайджане. Ч. II Баку, 1966, стр. 58.
  2. Azərb. MDTA, f. 83, siy. 1, iş 201, v. 21; iş 253, v. 2.
  3. Yenə orada, f. 821, siy. 133, iş 461, v. 61–6 arxası.
  4. Bakı qəzeti, 12 aprel 1917, 80-ci sayı
  5. Şeyxzamanlı, 2016. səh. 263