Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi.[2]
Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası | |
---|---|
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası | |
40°24′43″ şm. e. 49°52′56″ ş. u.HGYO | |
Əsası qoyulub | 1 dekabr 1998-ci il |
Tip | hərbi akademiya |
Rektor | Əli Şəfiyev[1] |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Ələsgər Qayıbov küçəsi, 6, AZ 1029. |
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir.
Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat:
Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa o ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz. Heydər Əliyev
Azərbaycan Respublikasının Ümummilli Lideri |
2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir.[2]
2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir.
Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir.
Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır. Akademiyada xüsusi təyinatlı əməliyyat, hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, xarici dillər, ictimai-siyasi, hərbi hazırlıq, fiziki hazırlıq kafedraları, eləcə də xüsusi siniflər, laboratoriyalar, kabinetlər, kompüter sinifləri, linqafon zalları və s. fəaliyyət göstərir.
Akademiyada kursantlara ali bakalavr təhsili verən (təhsil müddəti 5 ildir) "Əməliyyat işçilərinin hazırlanması" və "İnformasiya təhlükəsizliyi" fakültələrinə qəbul "Hüquqşünaslıq", "Dövlət təhlükəsizliyi və idarəetmə" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə orta məktəb məzunları sırasından Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin test imtahanları vasitəsilə həyata keçirilir. Kursantlar təhsil müddətində Dövlət Təhlükəsizliyi Xidmətinin orqanlarında əməliyyat təcrübəsi və ixtisaslaşması keçirlər.[3]
Akademiyaya qəbul olunan kursantlar tam dövlət təminatına götürülür, hərbi geyim forması, gündəlik yemək və yüksək səviyyədə məişət şəraiti yaradılmış yataqxana ilə təmin edilirlər. Akademiyada təhsil alan kursantlar aylıq pul təminatı alırlar. Bundan əlavə, təhsildə yüksək müvəffəqiyyət qazanan, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan və Akademiyanın ictimai həyatında fəal iştirak edən əlaçı kursantlara Heydər Əliyev adına təqaüd verilir.[2]
Akademiyanı bitirən məzunlara müvafiq ixtisas üzrə ali təhsil alması barədə dövlət nümunəli bakalavr diplomu, əməliyyatçı ixtisası alması barədə şəhadətnamə və "leytenant" ilk zabit hərbi rütbəsi verilir.
Akademiyanın respublikanın, habelə bir sıra xarici ölkələrin xüsusi xidmət orqanlarının ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla işgüzar əlaqələrə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurulmuşdur.
Akademiyada Dövlət Təhlükəsizliyi Xidmətinə yeni qəbul olunanların hazırlığını təmin etmək məqsədilə Ali kurslar, eləcə də Xidmətin əməkdaşlarının ixtisaslarının artırılması üçün müxtəlif kurslar təşkil olunur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının "Hüquqşünaslıq" ixtisası üzrə ali təhsil almasını təmin etmək məqsədilə Akademiyada qiyabi təhsil də həyata keçirilir.[2]
Akademiyada əməliyyat, hüquq və informasiya təhlükəsizliyi sahələrində fənlərin tədrisi diqqət mərkəzində saxlanılmaqla, müxtəlif xarici dillərin öyrənilməsinə xüsusi yer verilir.
Tədris prosesi yüksəkixtisaslı elmi-pedaqoji kadrlar, o cümlədən elmlər doktorları və fəlsəfə doktorları, habelə uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş təcrübəli zabitlər tərəfindən həyata keçirilir.
Eyni zamanda, xüsusi fənlər üzrə mühazirələr oxumaq və praktiki dərslər aparmaq məqsədilə DTX-nın rəhbər heyəti və yüksəkixtisaslı mütəxəssisləri Akademiyada pedaqoji fəaliyyətə cəlb olunurlar.
Akademiyada bir çox ixtisaslar və elmi istiqamətlər üzrə elmi tədqiqatlar aparılır. Fundamental və tətbiqi araşdırmalar nəticəsində professor-müəllim heyətinin onlarla monoqrafiyası nəşr edilmiş və nüfuzlu elmi jurnallarda məqalələri dərc olunmuşdur. Ötən dövr ərzində iki yüzdən artıq monoqrafiya, dərslik, dərs vəsaiti və digər tədris-metodiki vəsaitlər hazırlanaraq nəşr olunmuşdur.[2]