Məhəmməd Pişnamazzadə

Axund Məhəmməd Pişnamazzadə (tam adı: Axund Molla Məhəmməd Molla Əli oğlu Pişnamazzadə; 15 may 1853, Yelizavetpol, Tiflis quberniyası1938, Kirovabad) — Zaqafqaziya şeyxülislamı (1910–1918)[1], axund.[2]

Məhəmməd Pişnamazzadə
Məhəmməd Molla Əli oğlu Pişnamazzadə
Qafqazın VII şeyxülislamı
14 yanvar 1915 – 11 dekabr 1918
(i. e. 1910-cu ildən)
ƏvvəlkiMəhəmməd Mövlazadə
SonrakıAğa Əlizadə
Şəxsi məlumatlar
Doğum tarixi 15 may 1853(1853-05-15)
Doğum yeri
Vəfat tarixi 1938
Vəfat yeri
Partiya
Fəaliyyəti Şeyxülislam, maarifçi, siyasətçi
Dini şiəlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Əli oğlu Pişnamazzadə 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur.[3][4]

1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi. Axund Molla Məhəmməd Pişnamazzadə yeni tipli, "Üsuli-Cədid" məktəblərinin tərəfdarı idi. 1909-cu ildə rəsmi olaraq həmin məktəblərin icazəsini alır. Gəncə və Gəncə ətrafında yeni tipli məktəblər açdırır (Gəncə, Çobanabdallı, Borsunlu, Aşağı Ayıblı, Morul, Qarabağlar, Qazax, Sarıtəpə, Əhmədbəyli, Qovlarsarı).[5][6]

Həbsi və sürgünü

[redaktə | mənbəni redaktə et]

1890-cı ilin dekabr ayında Axund Məhəmməd Əli oğlunun yaşadığı evdə polis tərəfindən axtarış aparılır, Türkiyəİran hökumətləri əlaqə saxlamaqda günahlandırılır. Axund Məhəmməd və 37 nəfər azərbaycanlı həbs olunur. Türkistana sürgünə göndərilir. 1892-ci ildə əfv edilib, vətənə qayıdırlar. 1906-cı ildə Məhəmməd Pişnamazzadənin evində təkrar axtarış aparılır. Onun otağında "Difai" Partiyasına məxsus sənədlər ələ keçirilir. Axund ikinci dəfə həbsə atılıb Kazana sürgün edilir. Sürgün vaxtı da Həştərxanda nəşr olunan "Həmiyyət", "Günəş", "Burhani-tərəqqi" kimi qəzetlərdə məqalələrlə çıxış edir, müsəlman qızların təhsilə yiyələnmələrinin vacibliyindən xüsusi söhbətlər açırdı.[5] 1909-cu ildə Axundun sürgün vaxtı bitdiyindən o, Tiflisə köçür və həmin il iyulun 20-də Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri seçilir.[mənbə göstərin]

Sürgündən sonra

[redaktə | mənbəni redaktə et]

1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə olarkən həm şiə, həm də sünni məscidlərinə gedərək, müvafiq olaraq Şeyxülislam Məhəmməd Pişnamazzadə və Müfti Hüseyn Əfəndi Qayıbovla görüşmüş, onların çıxışlarını dinləmiş və onların simasında bütün müsəlmanları salamlamışdı.

Şeyxülislamlığı

[redaktə | mənbəni redaktə et]

1915-ci ilin yanvarın 14-də Daxili İşlər İdarəsinin təqdimatına əsasən imperator artıq 6 il şeyxülislam vəzifəsini icra etməkdə olan Məhəmməd Pişnamazzadəni Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədri və Zaqafqaziya Şeyxülislamı vəzifəsini təsdiqləyir.[7] 1917-ci ilin fevral inqilabı dövründə Gəncə Müsəlman Komitəsində idi.[8]

1918-ci ilin may ayının 28-də Tiflisdə Milli Şura Azərbaycan Xalq Cumhuriyyətinin yarandığını bəyan edir. Azərbaycan hökuməti suveren dövlət kimi fəaliyyətə başlayır. Bu zaman Qafqaz şiə və Sünni Ruhani İdarələri də bu şəhərdə yerləşirdilər.

Müfti Hüseyn Qayıbzadə 1917-ci ildə vəfat etdiyindən və bu, çar Rusiyanın dağıldığı illərə təsadüf etdiyindən yerinə yeni müfti təyin edilməmişdi. Müftinin vəzifəsini Mustafa Əfəndizadə icra edirdi. 1918-ci il sentyabrın 1-də onlar könüllü olaraq "Məşixə" deyilən vahid orqanda birləşmək qərarına gəldilər. Məşixəyə şeyxülislam və müfti ilə birlikdə 31 ruhani-16 şiə və 15 sünni qazısı daxil oldu. Bununla da müsəlmanların dini işlərinin idarə edilməsində ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yarandı. Şeyxülislam idarənin rəhbəri, Qafqaz müsəlmanlarının ruhani başçısı, müfti isə onun müavini oldu.

ADR-də fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin oktyabrın 30-da Seyxülislam Pişnamazzadənin imzası ilə hökumətə 367 N-li təkliflər məktubu ünvanlamışdı. Həmin təkliflər 4 bölmədən ibarət idi:[9][10]

  1. Azərbaycan Cümhuriyyəti hüdudlarında "Məşixət-i İslamiyyə" (Şeyxülislamlıq) adı altında ruhani idarəsi təsis edilsin və ona Osmanlıda mövcud olan şeyxülislamlıq kimi tam müstəqillik verilsin;
  2. 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən Məşixətin iki sədrindən, hər iki idarənin birləşdirilməsi məqsədilə birinə şeyxülislam, digərinə müstəşar, yaxud müşavir adı verilsin;
  3. Şeyxülislam iclaslarda iştirak etmək hüququ ilə rəsmən Nazirlər Şurasının üzvü hesab edilsin;
  4. Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin birbaşa sərəncamına kredit ayrılsın. Sadalanan və digər bu kimi dini məsələlərin həll edilməsi məqsədilə şeyxülislamın da iştirakı ilə fövqəladə yığıncaq çağırılsın. 

Məhəmməd Pişnamazzadənin məktubuna uzun müddət cavab verilmədi. Həmin dövrdə, Məhəmməd Pişnamazzadə Zaqafqaz Şeyxülsiflamı ünvanı ilə Osmanlı hökumətinə yazdığı məktubda müraciətlə deyir:[9][10]

" Səadətli Paşa həzrətləri! 1334-cü ilin (1918) may ayının axırında Osmanlı dövlətinin siyasətinə görə Cənubi Qafqaz Türkləri müstəqil bir Azərbaycan dövlətinin elan etmək məcburiyyətindəymişlər.

Halbuki müstəqilliyin elanından əvvəl xalqımızın əhval-ruhiyyəsi haqqında Cənubi Qafqazın müxtəlif bölgələrindən imzalar toplayaraq nəinki Camal Paşa vasitəsilə sizə məktub təqdim etmiş, hətta teleqraf da göndərmişdik. Bununla bərabər sülh müzakirələrinin uzandığını və Bolşevik zülmünün artdığını görüb anlayaraq millətin nümayəndəsi olaraq özünün müsəlman və türk olduğunu qəbul edən xalqımızın öz türk qardaşlarına ilhaqdan başqa heç bir şeyi tanımayacağı kimi bunun üçün bütün mövcudiyyəti ilə hər şeyini fəda etməyə hazır olduğunu, əks halda anarxiyanın qarşısının heç bir halda alına bilməyəcəyini demək məcburiyyətində olduğumuzu Vəhib Paşa həzrətlərinə ikinci dəfə bir ərizə ilə demişdik.

Lakin nədənsə hökumətə, daha doğrusu özünü hökumət elan etmiş olanlara etimadımız olmadığından, xalqı ilhaqa qarşı, müstəqil ola biləcəyinə inandırmaq təhlükəsinin olduğunu deməkdən özümüzü saxlaya bilmədik.

Bu halda fərman sizindir. 8 iyul 1334 (1918)

Zaqafqaz Şeyxülislamı axund Məhəmməd Pişnamazzadə

İmzalar:

Əbdülqədir İsmayıl Əfəndizadə Şəkili

Yaqub Səfərəlioğlu Şəkili

Bayram Niyazi Kiçikxanzadə Zaqatalalı

İsmayıl İsmayılzadə Gəncəli

Hacı Bəhlul İbrahimov Gəncəli

Həsən Hacımustafaoğlu Adıgözəlov[11]

"

İrəli sürülən təkliflər yalnız 1920-ci ilin martında hökumətin geniş müzakirəsinə çıxarıldı ki, artıq bu vaxt Məhəmməd Pişnamazzadə istefa vermiş və onun yerinə Ağa Əlizadə şeyxülislam təyin edilmişdi.[5][12][13]

Sonrakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1918-ci il dekabrın 11-də[14] Qafqaz Müsəlmanları İdarəsinin sədri və Şeyxülislamlıq vəzifəsindən səhhətində yaranan problemlərə görə istefa verdi və öz fəaliyyətini Gəncə Cümə məscidinin axundu kimi davam etdirmişdir.

1920-ci ilin 28 aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. Məhəmməd Pişnamazzadə bu dəfə "Şura" adıyla gələn rusların növbəti təqibinə məruz qalır və az keçmir ki, həbs olunur. N. Nərimanov bu haqda məlumat alan kimi Şeyxin azad olunmasını əmr edir və onun Azərbaycan xalqının maariflənməsində böyük xidmətləri olduğunu söyləyir.

N. Nərimanovun ölümündən sonra Axund yenidən müxtəliq təqib və təzyiqlərə məruz qalır.

Axund Məhəmməd Pişnamazzadə 1932-ci ildə 79 yaşında vəfat edir. Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunmuşdur.

  1. Духовные правления мусульман Закавказья в Российской империи (XIX — начало XX в.) : документы (rus). Москва: Изд. дом Марджани. 2013. 295. ISBN 978-5-903715-80-0.
  2. "Şeyxülislamlarımız". Qafqaz Müsəlmanları İdarəsi. 2012. 2024-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-07.
  3. Sevinc Rəhnulla. "Çar Rusiyasının sonuncu, Azərbaycan Cümhuriyyətinin ilk şeyxülislamı" (PDF). Azərbaycan MEA-nın Xəbərləri. İctimai elmlər seriyası (№ 3). 2018: 70–74. 2023-03-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-07.
  4. Faiq Ələkbərli. "Axund Molla Məhəmməd Pişnamazzadənin islamçılıq və milli maarifçilik fəaliyyəti" (PDF). "Dövlət və Din" jurnalı (№ 2 (76)). 2023: 11–21.
  5. 1 2 3 Nəbi, Ceyhun. "Axund Molla Məhəmməd Pişnamazzadə Azərbaycan mübarizəsində". ganca.org. 2015-05-15. 2021-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.
  6. Nəbi, Ceyhun. "Məhəmməd Pişnamazzadə - .. Rusiya çarlığının inanmadığı şeyxülislam". teref.az. 2023-01-05. 2024-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-07.
  7. Nəbi, Ceyhun. "Birinci dünya müharibəsi zamanı ramazan ayı günlərində fitrə-sədəqələri müharibədə yetim qalmış türk övladlarına sərf etməyi çağırış edən - Fəzilətli Şeyxülislam M. Pişnamazzadə". teref.az. 2023-04-14. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  8. Şeyxzamanlı, Nağı. Azərbaycan istiqlal mücadiləsi xatirələri. Bakı: Azərbaycan. 1997. 32.
  9. 1 2 Məmmədov, Ceyhun. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri". 525-ci qəzet. 2018-06-21. 2024-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-07.
  10. 1 2 Məmmədov, Ceyhun. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri". Sosial Tədqiqatlar Mərkəzi. 2021-03-12. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-07.
  11. Azerbaycan Cumhuriyeti Osmanlı Arşiv Belgeleri, 1918-1920, Teas Press, 2018, səh. 291
  12. Elşən Mirişli. "Azərbaycan Xalq Cümhuriyyətində layiklik və din" (PDF). "Türküstan" qəzeti (?). 6–12 fevral 2024.
  13. Mirişli, Elşən. "Azərbaycan Xalq Cümhuriyyətində layiklik və din". turkustan.az. 2024-02-06. 2024-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-07.
  14. "Azərbaycanda islam". Mədəniyyət və Turizm Nazirliyi. 2015. 2017-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]