Zəlzələnin proqnozlaşdırılması

Zəlzələnin proqnozlaşdırılması- zəlzələnin proqnozu onun yerinin, intensivliyinin və zamanının öncədən xəbər verilməsidir.[1]

Zəlzələ olacağını əvvəlcədən söyləmək qədim zamanlardan insanları maraqlandırsa da bu məsələ hələ də özünün elmi həllini tapmamışdır. Zəlzələ ocağı ətrafında kifayət qədər fiziki, kimyəvi, bioloji, metroloji və s. dəyişikliklər haqqında kifayət qədər məlumatlar olmasına baxmayaraq bu elmi nəticələr sintez olunaraq mükəmməl zəlzələ ocağı modeli yaradılmamışdır. Bu səbəbdən də zəlzələnin nə zaman, harada, hansı güclə baş verəcəyini hələlik dəqiqliklə söyləmək mümkün deyil. Zəlzələ proqnozu ehtimal xarakterli olub bir çox amillərdən asılıdır:

  • Ərazinin geoloji-geofiziki şəraitinin ətraflı öyrənilməsi
  • Seysmik hadisələrin uzunmüddətli statistikası
  • Yer qabığının (və ya litosferin) uzun müddətli çox parametrli sıx monitorinqi
  • Müxtəlif geofiziki sahələrdə, atmosferdə, hidrosferdə hr bir seysmik hadisədən öncə baş verən dəyişikliklərin retrospektiv analizi

Uzunmüddətli proqnozlar

[redaktə | mənbəni redaktə et]

Zəlzələlərin proqnozu xəbər vermə müddətindən asılı olaraq uzunmüddətli (10 ildən artıq), orta müddətli (1 ildən 10 ilə qədər), qısa müddətli (1 həftədən 1 ilə qədər) və operativ (1 saatdan 1 həftəyə qədər) ola bilər. Uzun müddətli proqnoz seysmoaktiv zonalar üçün qurulmuş təkrarlanma qrafikinin analizi əsasında aparılır. Qrafikdə istifadə olunan statistik məlumatlar böyük zamanı əhatə etdikcə zəlzələlərin təkrarlanma periodu və müvafiq olaraq müəyyən intensivlikli zəlzələnin baş verməsinə qədər olan zaman daha dəqiq təyin edilir.[2] Potensial güclü zəlzələnin yeri keçmişdə baş vermiş güclü zəlzələlərin əlaqədar olduğu aktiv geoloji strukturların öyrənilməsi əsasında müəyyən edilir.

Ortamüddətli proqnozlar

[redaktə | mənbəni redaktə et]

Orta müddətli, qısa müddətli və operativ proqnozlar zəlzələdən öncə Yer qabığı suxurlarının fiziki xüsusiyyətlərində müşahidə edilən dəyişikliklərlə ehtimal olunan zəlzələlərin yeri, intensivliyi və vaxtı arasında müəyyənləşdirilən əlaqələr əsasında verilir. Zəlzələ xəbər vericiləri əslində zəlzələnin hazırlığı dövründə yer qabığının fiziki, fiziki-kimyəvi, kimyəvi xassələrinin öz normal qiymətlərindən anomal kənaraçıxmaları formasında təzahür edirlər. Zəlzələlərin xəbərvericilərinə geomaqnit, geo-elektrik və digər geofiziki sahələrin variasiyası, seysmik dalğaların yayılma sürətlərinin dəyişməsi, yeraltı suların səviyyəsinin və onların tərkibindəki radon, helium və digər kimyəvi elementlərinin miqdarının dəyişməsi aid edilir. Güclü zəlzələlərdən öncə ərazidə seysmik rejimin səciyyəvi dəyişiklikləri də müşahidə edilə bilər: güclü zəlzələdən əvvəl seysmik sakitlik yaxud nis-bətən zəif təkanlar şəklində forşoklar qeyd edilir. Bundan əlavə güclü zəlzələlərdən əvvəl seysmik aktivliyin kəskin artması hallarına da kifayət qədər çox təsadüf edilir. Orta müddətli, qısa müddətli və operativ zəlzələ proqnozlarının əsasını müxtəlif zəlzələ hazırlığı mo-delləri təşkil edir. Bu modellərdə zəlzələ hazırlığı və baş verməsi prosesi müxtəlif cür anlaşılır və təqdim olunur. V.I.Myaçkin, B.V.Kostrov və b. tərəfindən təklif olunan LNT («dayanıqsız axın çatəmələgəlmələri») modeli zəlzələlərin baş verməsini bərk cisimlərin dağılması mexanikasına əsasən izah etməyə çalışır. [V.I.Myaçkin, 1975] Bu modelə görə zəlzələnin hazırlığı üç mərhələdən ibarət olub, ilk növbədə kvazibircinsli çatlar əmələ gəlməsi, sonra bu çatların sıxlığının artması və böyük ölçülü çatların formalaşması və nəhayət, magistral qırılma zonasının yaranması baş verir. Nəticədə zonanı əhatə edən ətraf mühitdə gərginlik düşür və fiziki-mexaniki xassələr bərpa olunur. Deformasiya və gərginliyə məruz qalan sahə elastik və qeyri-elastik sahələrə bölünür. Dayanıqsız (qeyri-elastik) deformasiya zonası çatların yüksək konsentrasiyası ilə səciyyələnir və ümumilikdə çatla¬rın birləşməsi ilə magistral qırılmanın səthini yaradır. Bu qırılma zəlzələ ocağını təşkil edir. ABŞ alimləri C.H.Scholz, L.R.Sykes, Y.P.Aqqarazal [Scholz, 1973] hazırladıqları dilatant-diffuziya (DD) modelində də zəlzələnin hazırlığı və baş verməsi prosesində əsas yeri çat əmələ gəlmələrinə verirlər. Lakin LNT modelindən fərqli olaraq, müəlliflərin fikrincə bu prosesdə ayrılma çatı üstünlük təşkil edir və hiposentr sahəsindəki suxurlarda suyun olması amili əsas rol oynayır. I.P.Dobrovolskinin təklif etdiyi «birləşmə (konsolidasiya)» modelinə görə zəlzələlər blok quruluşlu geoloji mühitdə baş verə bilər. Zəlzələnin hazırlığı prosesinin birinci mərhələsində fasiləsiz deformasiya müxtəlif ölçülü blokları öz sərhədləri boyu olan ilişgiləri qıraraq bir-birinə nisbətən hərəkətə gətirir və bu hərəkətlər seysmiklikdə təzahür edirlər. Zəlzələlərin proqnozu üçün mühüm sayılan amillərdən biri də çoxillik və çox parametrli müşahidə materiallarının olmasıdır. Uzun müddət ərzində zəlzələdən öncə müxtəlif fiziki, kimyəvi və s. parametrlərdə müşahidə edilən dəyişikliklər haqqında olan materiallar proqnoz məsələsinə kompleks ya¬naşmağa imkan verir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində respublikanın seysmoaktiv sahələrində proqnoz məqsədli seysmoloji, geofiziki, geokimyəvi sahə parametrlərinin rejimi analiz edilir və öncə xəbərverici amillər müəyyənləşdirilir.

  1. Arif Həsənov,Tahir Məmmədli. "Seysmologiyanın əsas elementləri". ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
  2. Arif Həsənov,Tahir Məmmədli. "Seysmologiyanın əsas elementləri". ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib. İstifadə tarixi: səh:128-130.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]