Zaqatala Dövlət Dram Teatrı — Azərbaycanda 1944–1949-cu illərdə mövcud olmuş teatr.
Zaqatala Dövlət Dram Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Əvvəlki adları | Zaqatala Dövlət Kolxoz və Sovxoz Teatrı |
Əsası qoyulub | dekabr 1944 |
Bağlanıb | mart 1949 |
Heyət | |
Bədii rəhbər |
Ağası Zeynalov İbrahim İsfahanlı İbrahim Azəri |
Yerləşməsi | |
Ölkə | Azərbaycan SSR |
Yerləşir | Zaqatala |
1944-cü ildə Azərbaycan rayon mərkəzlərində Bərdə, Salyan, Sabirabad, Zaqatala, Ordubad dram teatrları təşkil olundu. Həmin müddətdə Mədəniyyət Nazirliyi mövcud olmadığından teatrlar Xalq Maarif Komissarlığı nəzdindəki İncəsənət İşləri İdarəsinə tabe edilmişdi.[1]
Zaqatala Dövlət Dram Teatrının bədii rəhbəri ayrı-ayrı vaxtlarda Ağası Zeynalov, İbrahim İsfahanlı, İbrahim Azəri olublar. Rəssamlar Ələsgər Zeynalov, Əsgər Abbasov, Maya Osadze müxtəlif tamaşalara səhnə tərtibatı veriblər. Truppaya yerli səhnə həvəskarları, həmçinin paytaxtın müxtəlif teatrlarından gənclər və Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinin məzunları dəvət edilmişdilər.[2]
1948-ci ildə SSRİ-nin qərarı ilə bütün teatrlar özünümaliyyələşdirmə sisteminə keçdilər. Ciddi maliyyə çətinlikləri ilə üzləşən Zaqatala teatrı 1948-ci ilin dekabrından tədricən ləğv olunmağa başladı və 1949-cu ilin mart ayında fəaliyyətini tam dayandırdı. Teatr Şəki Dövlət Dram Teatrına birləşdirildi. Teatrın əmlakının bir hissəsi rayon mədəniyyət evinə verildi.[2]
Müxtəlif vaxtlarda Zaqatala teatrında Azərbaycan SSR xalq artistləri Məlik Dadaşov, Sofiya Hüseynova, Azərbaycan SSR əməkdar incəsənət xadimi, rejissor Niyaz Şərifov, Azərbaycan SSR əməkdar artistləri Əliheydər Həsənzadə və Rüxsarə Ağayeva, Gürcüstan SSR xalq artisti İbrahim İsfahanlı, Gürcüstan SSR əməkdar artisti Reyhan Tağıyeva, eləcə də aktyorlar Məmməd Fərruxov, Əziz Kərimov, Əli Əhmədov, Əli Qurbanov, Hacı Əzizov, Həsən Mahmudov, Məmməd Haşımov, Kamal İbrahimov, Məmməd Haşımlı, Əhəd Həyatov, Əliheydər Həsənov, Ənvər Kərimov, Ənvər Qaraəhmədov, Böyükağa İsmayılov, Mehbalı Rəhimov, Məmmədhəşim Əliməmmədov, Şöyübəli Rəhimov, aktrisalar Firuzə Zahidova, Şərəbanı Şabanova (Cəfərova), Səidə Əliyeva, Xurşid Abbasova, Sara Canıyeva çalışmışlar.[2]
Teatrda musiqili tamaşalardan "Leyli və Məcnun", "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan" (Üzeyir Hacıbəyov), "Əlli yaşında cavan" (Zülfüqar Hacıbəyov), "Gözün aydın" (Məhərrəm Əlizadə və Fikrət Əmirov), "Toy kimindir" (Məhərrəm Əlizadə və Ağası Məşədibəyov) səhnəyə qoyulmuşdur. Bundan əlavə, "Eşq və intiqam" (Süleyman Sani Axundov), "Sevil", "Aydın" (Cəfər Cabbarlı), "Fərhad və Şirin" (Səməd Vurğun), "İntizar" (Mehdi Hüseyn və İlyas Əfəndiyev), "Qız qalası" (Rza Şahvələd), "Səadət", "Odlar içində" (Əbil Yusifov), "Kür sahilində" (Həsən Qasımov), "Bayram günü" (Səttar Axundov), "Namus" (Aleksandr Şirvanzadə) kimi əsərlər də ifa olunmuşdur.[2]