Məlik Yusif oğlu Dadaşov (7 iyun 1924, Bakı, Azərbaycan SSR – 2 dekabr 1996, Bakı) — Azərbaycan teatr və kino aktyoru. Azərbaycan SSR xalq artisti (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Əsasən mənfi rolların ifaçısıdır.[1]
Məlik Dadaşov | |
---|---|
Doğum tarixi | 7 iyun 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 2 dekabr 1996 (72 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | |
Uşağı | |
Fəaliyyəti | teatr və kino aktyoru |
Fəaliyyət illəri | 1951–1996 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0196572 |
Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunur. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır[2]. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.
Məlik Dadaşov xalq artisti idi. Doğrudan da, xalq onu çox sevirdi. Hətta bəzən onun qəhrəmanlarının ifadələri xalqın dilinə düşürdü. Elə Qəmlonun, ("Axırıncı aşırım"), Kərbəlayi İsmayılla dialoqlarındakı ifadələri xatırlayın. Yəqin ki, "Abbasqulu bəyin nazı ilə çox oynayırsan, a… Kərbəlayi" ifadəsi hamıya yaxşı tanışdır.
"Ölülər"dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Akademik Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə "Ölülər" pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam" filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.
Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmində çəkmişdi. "İyirmialtılar" və "Ulduzlar sönmür" filmlərində o, M. Əzizbəyovun və N. Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilmişdi.
Xalq yazıçısı İ.Əfəndiyevin "Atayevlər ailəsi" pyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.
"Axırıncı aşırım"dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, kişi rolunun ən yaxşı ifasına görə keçmiş İttifaq festivalında onun adı mükafatçılar siyahısına salınmadı. O vaxt deyilirdi ki, sovetlərin düşməni (Qəmlo) "sovetin" mükafatını ala bilməz. Və bir də "Dəli Kür"dəki Molla Sadıq. Bu obrazın da Azərbaycan kinosunda öz xüsusi yeri var.
M.Dadaşov teatrımızda ömrünün sonuna kimi çalışmışdı. V.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" və s. tamaşalarda onun yaratdığı obrazlar bu gün də xatirələrdən silinməmişdir.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunmuşdu. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.
Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov bu gün aramızda olmasa da, onun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi olaraq yaşayacaqdır.