1. Xoşa gələn, ləzzət verən şeyin halı, xoş təsir. Havanın xoşluğu.
– Havada xəfif bir sazaq var idisə də, yazın … ilk yeli bu sazağa bir xoşluq verirdi.
Aydınlığın xoşluğunda; Nə gözəlsən, sonam dəniz!
// Məlahət, gözəllik; gözə, qulağa gözəl təsir bağışlayan, ürəyəyatan. Müğənninin səsinin xoşluğu.
// Xoş əhval-ruhiyyə, şənlik, fərəh.
□ Xoşluq gətirmək – fərəh gətirmək, sevinc gətirmək.
Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi.
2. Xoşluqla şəklində zərf – öz xoşu ilə, yaxşılıqla, öz razılığı ilə; qalmaqalsız, zorsuz. Xoşluqla qəbul etmək.
– [Əsgər:] [Gülçöhrə] xoşluq ilə ərə getməyə razı olmadı…
[Müəllim:] Siz də mövqeyinizi xoşluqla buraxmaq istəməyəcəksiniz.
[General:] Xoşluqla etməsə, nə gəlib zora? Biz ki gəlməmişik xoşluqla bura!
◊ Öz xoşluğu üçün – özünə xoş olmaq üçün, öz səadəti üçün, öz xeyri üçün.
Öz xoşluğu üçün dünyalarca cinayətlərə səbəb olan bu adam, öz əməllərinin cəzasına çatdırılmışdı.