Yanıq xəstəliyi
Yanıq xəstəliyi - geniş sahəli dərin yanıqlar nəticəsində əmələ gəlib, orqanizmin daxili orqanlarının və sistemlərinin funksional pozulmaları ilə müşayiət olunur.
Yanıq xəstəliyinin inkişafında 5 mərhələ ayırd edilir.
Yanıq şoku
Yanıq toksemiyası
Yanıq septikotoksemiyası
Üzülmə
Nəticə
Yanıq şoku yüksək temperaturun bədən səthinə təsirindən dərhal sonra inkişaf edir. Bu mərhələdə ağrı əsas rol oynayır. Yanıq şoku da travmatik şok kimi iki mərhələdən ibarətdir:
erektil mərhələ vegetativ sinir sisteminin simpatik şöbəsinin fəallığının artması ilə müşayiət olunur, qana çoxlu miqdarda adrenalin, noradrenalin, kortikosteroidlər, vazopressin keçir;
torpid mərhələdə vegetativ sinir sisteminin parasimpatik şöbəsinin tonusu artır. Travmatik şokdan fərqli olaraq, yanıq şokunda damar-hərəki mərkəzin rezistentliyi ilə əlaqədar arterial təzyiq nisbətən az dəyişir.
Yanıq toksemiyası – zədələnmiş toxumalardan ümumi qan dövranına denaturasiyaya uğramış zülalların, toksik məhsulların keçməsi, maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Bu zaman əmələ gələn bioloji fəal maddələrin (histamin, bradikinin, prostaqlandinlər) təsirindən damar divarının keçiriciliyi artır, nəticədə yanıq nahiyəsindən çoxlu miqdarda plazma itirilir, qan qatılaşır, özlülüyü artır. Dövr edən qanın həcmi azalır. Bütün bunlar ürəyin işini çətinləşdirir, mikrosirkulyasiya pozulmaları törədir.