Roksburq şamı
Roksburq şamı (lat. Pinus roxburghii) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Roksburq şamı ağacdır, 20–50 m hündürlüyündə, hündür və düz dirək gövdənin diametri 70–100 sm olur. Çətiri böyükdür, simmetrikdir, dəyirmidir və ya işıqlı geniş ehramvarıdır. Gövdə qabığı cavan ağaclarda tünd-boz, yaşlılarında isə bozumtul-tünd-qonuru, dərin şırımlı, 1 sm qalınlığında, lövhəlidir, iri çoxbucaqlı lövhəciklər şəklində tökülürlər, daxili qabıq qırmızımtıl-qonuru rənglidir. Budaqları yoğundur, əyiləndir. Zoğları açıq-qonuru, tək buğumlu, budaqcıqların ucu yuxarıya qalxandır. Tumurcuqları iridir (5–11 mm), pulcuqları qısılandır (yumulandır), uzunsov yumurtavarıdır, qonurudur, uzun saçaqlı pulcuqludur. İynəyarpaqları budaqların ucuna toplanandır, yoğundur, genişdir, uzanandır, at yalına bənzər sallanandır, yumşaqdır, 15–35 sm uzunluğundadır, parıldayandır, açıq-yaşılıdır, üçküncdür, bayırdan dərinləşən və tirlidir, qabarıqdır, borular 2 dəstəli, qatran yolları epidermisdədir, hər bir dəstədə 3 ədəd iynə olur, qını 18 mm-dən uzundur, tökülmür, pulcuqları saçaqlıdır. Qozaları tək-təkdir, çox qısa ayaqcıqlıdır və ya oturaqdır, uzunsov-yumurtavarı və ya konusvarıdır, uzanan və ya əyiləndir, 10–20 sm uzunluqda, 6–7 sm enindədir, sarımtıl-qonuru və ya tünd-qəhvəyi rənglidir, uzun müddət açılmır, qalın sıx oduncaqlı pulcuqludur.