Yolpaq
Yolpaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Yolpaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yolpaq kəndi Muzdurlar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yolpaq kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Yaşayış məntəqəsini miskinli tayfasına mənsub ailələr Yolpaq adlı yerdə salmışlar. Tədqiqatçılar bu oykonimi qırğız dilindəki çolpaq (çöl, düzənlik, hamar yer) coğrafi termininin variantı hesab edirlər. Xalq etimologiyasına görə, kəndin adı Yelpaq olub, "yel tutan yer" deməkdir. Azərbaycan dilində "başıkəsik ot, kol" mənasında yol/yolpan, "dağıtmaq, dağınıq hala salmaq, qoparmaq" mənalarında yolpalamaq sözləri işlənir. Görunür, kənd qırılmış, kəsilmiş, hamarlanmış kolluq yerdə salındığı üçün belə adlandırılmışdır.
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 611 nəfər əhali yaşayır.