Ankara zəfəranı
Ankara zəfəranı (lat. Crocus ancyrensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Türkiyənin endemik bitkisidir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən Kiçik təhlükə altında olan növ kimi göstərilir. Öz elmi adını Ankaranın antik adından almışdır — Ancyra.
== Yayılması ==
Yabanı halda Türkiyənin şimal-şərqində və Mərkəzi Anadolu ərazisində yayılmışdır. Türkiyənin Amasiya, Ankara, Bolu, Çorum, Kastamonu, Kırşəhər, Kayseri, Qəhrəmanmaraş, Samsun, Sivas və Yozğad illəri ərazisində rastlanılır. Əsasən 1000-1600 metr hündürlükdə, qayalı torpaqlarda, quru meşələr, çəmənliklər, kolluqlar və iynəyarpaqlı meşələrdə rastlanılırlar. Şaxtaya davamlı, isti sevməz, suya tələbkar bitkidir.
Avropada bahalı dibçək bitki kimi yetişdirilir və "Golden Bunch" (qızıl buket) kimi tanınır.