Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri olaraq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqlarından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur.
Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqalarına rast gəlinir.
Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri və istismar edilən yeganə alunit yatağıdır.
Zəylik alunit yatağı Gəncə Gil-Torpaq Kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur 1990-cı ilin əvvəllərinə qədər istismar olunmuşdur. Yatağın qalıq ehtiyatları 160 mln. tondan çoxdur.