Tükcüklü üskükotu
Tükcüklü üskükotu (lat. Digitalis lanata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü.
Çoxillik və ya ikiillik ot bitkisi olub, hündürlüyü 50–80 sm-ə bərabərdir. Birinci il çətiri, kökətrafı neştərşəkilli yarpaqları, ikinci il isə düzqalxan gövdəsi – aşağı hissəsindəki çılpaq, yuxarı hissəsində isə sıx, qalın tükcüklü budaqları inkişaf edir. Kökətrafı və gövdənin neştərşəkilli aşağı yarpaqları, tükcüklü bütövkənarlı, uzunluğu 6–12 sm, eni isə 1,5–3,5 sm olub, yuxarı yarpaqları oturaq, neştərşəkilli, zirvəsi itiuclu, tədricən azalaraq çiçək altlığına keçir. Zirvədəki çiçək fırçası uzun, çoxtərəfli, çox qalın və sıxdır. Çiçək tacının uzunluğu 20–30 mm, şarşəkilli, orta ölçülü qanadlı, aşağı dodağı kürəyəbənzərdir. Çiçəyi qonur-sarı rəngdən, göyümtül rəngə qədər olmaqla, damarlıdır. Kasacığı zəngşəkilli və 5 bölümlüdür.
Yarpaqları kip, dolğun, azacıq dəricikli, uzunsov-neştərşəkilli, küt və ya itiuclu, adətən kənarlı, az tükcüklü və ya xırda dişcikli, aydın görünən iri damarının uzunluğu 6–12(20) sm, eni isə 1,5–3,5 sm-dir.