Şirxan Quliyev
Şirxan İsmixan oğlu Quliyev (2 sentyabr 1995, Muğanlı, Xocavənd rayonu – 7 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Şirxan Quliyev 2 sentyabr 1995-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 2002–2013-cü illərdə əvvəlcə, Xocavənd rayon Muğanlı kənd 2 saylı, sonra isə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.
Şirxan Quliyev 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduğu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şirxan Quliyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.