Əbrəqunis
Əbrəqunus (əvvəlki adı: Əbrəqunis, digər qədim adı: Qarakilsə) — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunis kənd inzibati ərazi dairəsi tərkibindəki Əbrəqunis kəndi Əbrəqunus kəndi, Əbrəqunis kənd inzibati ərazi dairəsi Əbrəqunus kənd inzibati ərazi dairəsi adlandırılmışdır.
Kənd rayon mərkəzindən 25 km şimalda, İlandağın ətəyində, Əlincə çayının sağ sahilində yerləşir.
Əbrəqunus Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Arxeoloqların Əbrəqunusda aşkar etdiyi, Naxçıvan mədəniyyəti üçün xarakterik olan maddi-mədəniyyət nümunələri kəndin tarixinin qədim dövrlərə aid olduğunu sübut edir.
Tədiqatlar zamanı Əbrəqunus ərazisindən qədim dövrə, o cümlədən orta əsrlərə aid edilən xeyli sayda abidələr aşkar edilmişdir ki, bu abidələr də, əsasən, qoç heykəlləri və qəbirüstü abidələrdir. Qeyd edilən abidələrin vaxtilə Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası və Qaraqoyunlu dövlətlərinə aid olduqları qeyd edilir.
Qədim və orta əsrlərdə Əlincə qalası və ətraf ərazilərə gedən yol Əbrəqunusdan keçirdi. Əbrəqunus XIV əsrin 80-90-cı illərində Azərbaycan xalqının Əmir Teymura qarşı apardığı mübarizənin və digər tarixi hadisələrin şahidi olmuşdur. Kənd 1590-cı ildə elə həmin il yaradılan Naxçıvan sancağının Əlincə nahiyəsinin tərkibinə daxil edilmişdir.