İntiqam Camaləddinov
İntiqam Həsən oğlu Camaləddinov (5 sentyabr 1971, Muxas, Vartaşen rayonu – 30 aprel 1994, Qapanlı, Tərtər rayonu) — Leytenant, Azərbaycan Milli Ordusunun zabiti, "Azərbaycan Bayrağı" ordeni laureatı (ölümündən sonra)
== Həyatı ==
İntiqam Camaləddinov 5 sentyabr 1971-ci ildə Oğuz rayonunun (Vartaşen rayonu) Muxas kəndində anadan olub. 1978-ci ildə Muxas kənd orta məktəbinin I sinfinə getmiş, səkkizinci sinfə qədər burada oxumuş, 1985-ci ildə Bakı C.Naxçıvanski adına internat məktəbinə (Cəmşid Naxçıvanski adına hərbi lisey) daxil olmuşdur.
1988-ci ildə bu təhsil ocağını bitirərək Çelyabinsk Ali Hərbi Avtomobil Mühəndisləri Məktəbinə (rus. ЧВВАИУ) qəbul olunmuş, burada təhsilini bitirməyə bir necə ay qalmış Azərbaycan Respublikasında müharibə şəraiti ilə bağlı-xaricdə təhsil alan hərbçilərin vətənə çağırılması ilə əlaqədar Azərbaycana çağırılmış, hərbi təhsilini Bakı Ali Hərbi Birləşmiş Komandanlığı Məktəbində (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) bitirmişdir. İlk olaraq təyinatla Güzdək qəsəbəsindəki hərbi hissəyə Avtomobil xidmət rəisi vəzifəsinə təyin olunmuşdur. Az bir müddət burada çalışdıqdan sonra Müdafiə Nazirliyinin xətti ilə könüllü surətdə cəbhə bölgəsinə yollanmış, Qarabağ uğrunda gedən döyüşlərdə – 1992-ci ildən 1994-cü ilə qədər demək olar ki, bütün cəbhə boyu ərazilərdə gedən hərbi əməliyyatlarda (xüsusilə Ağdam, Füzuli, Əsgəran, Xocalı, Şuşa, Ağcabədi, Beyləqan bölgələrində) yaxından iştirak etmişdir. Ardıcıl üç hərbi hissədə – hər birində texnika üzrə Avtomobil xidmət rəisi vəzifəsində çalışmaqla (30 iyul 1992-ci ildən – 29 mart 1993-cü ilədək 708 saylı H/h, 1993 cü il 29 mart – 19 iyuladək 002 saylı H/h-KORPUSda və 19 iyul-30 aprel tarixinə kimi 777 saylı Hərbi hissədə qulluq etmişdir. Ailəli idi. Bir övladı var.
== Vəfatı ==
1994-cü il aprel ayının 25-də Tərtər rayonunun Qapanlı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanaraq 30 apreldə Şəhid olmuşdur.