İntiqam Bayram oğlu Əsgərli (16 avqust 1990, Kalinovka, Masallı rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
İntiqam Əsgərli | |
---|---|
İntiqam Bayram oğlu Əsgərli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 avqust 1990 |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2020 (30 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Uşaqları | Nur , İntiqam |
Atası | Bayram Əsgərov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2014-cü ildən |
Rütbəsi | Gizir |
Döyüşlər | |
Təltifləri | |
|
İntiqam Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur.[1] 1997–2008-ci illərdə S. Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. 2011-ci ildə Quru Qoşunlarının "Gizirlik" kursunu bitirmiş, 2014-cü il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlamışdır. 2015-ci il Türkiyədə kəşfiyyat kursunu bitirmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli Xüsusi Təyinatlı Qüvvələrin giziri idi və Talış kəndi istiqamətində döyüşürdü. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşürdü. Qardaşı ilə birgə döyüş meydanından şəhidlərimizin, həmçinin, polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun nəşini çıxarmışdır. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli həlak olmuşdur və İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxartmışdır.[2] İntiqam Əsgərlinin dediklərindən:
Komandirimizi (Raquf Orucovu) şəhid gördüyümüzdən ikimiz də çox sarsılmışdıq. Müəyyən bir məsafəyə qədər aparıb, arxada bizi gözləyən əsgərlərə təhvil verdik, sonra Vüqar Yusifovu çıxarmağa getdik. Elə bu vaxt yenə də bizim tərəfə mərmi düşdü. Torpağın toz-dumanı çəkiləndən sonra, baxdım ki, Nurlan yoxdu. Elə bu vaxt yenə də bizim tərəfə mərmi düşdü. Onun yıxıldığı istiqamətə qaçdım. Qardaşım yaralanmışdı. Fikirləşdim ki, üstümdəki tibbi ləvazimatla ona yardım edə bilərəm... Mən Nurlana çatanda, hələ canını tapşırmamışdı... Onu qollarımın arasına aldım... 30 saniyədən sonra qardaşım şəhid oldu... İntiqam Əsgərli
|
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərliyə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
İntiqam Əsgərli ailəli idi, ölümündən əvvəl Nur adlı qızı, ölümündən sonra öz adını daşıyan İntiqam adlı oğlu doğulmuşdu.
2021-ci ildə Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin adı verilmişdir.[15]