Pərviz Axundbəyli
Axundbəyli Pərviz Mirzə Xosrov oğlu (1938)-pedaqoq, iqtisad elmləri namizədi, dosent
== Həyatı ==
Pərviz Mirzə Xosrov oğlu 1938-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1958-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstituna daxil olmuş və 1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Universitet təhsilini başa çatdırdıqdan sonra Bakı şəhəri Oktyabr rayonu Ərzaq Malları Ticarət Təşkilatında, 1 saylı Bakı Şərabçılıq zavodunda və Dövlət Şərabçılıq və Üzümçülük Komitəsində iqtisadçı vəzifəsində işləmişdir.
1966-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunduqdan sonra instituta mütəxəssis kadrların cəlb olunmasına başlanmış və buna görə də 1967-ci ildən etibarən Pərviz Axundbəyli də "Ticarətin iqtisadiyyatı və təşkili" kafedrasına dəvət olunmuşdur.
1967-ci ildən indiyə kimi Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Bu illər ərzində o, baş laborant, assistent, müəllim, baş müəllim və dosent vəzifəsinə kimi yüksəlmişdir.
İşlədiyi dövrdə P.Axundbəyli institutun ictimai və təşkilati işlərində də fəal iştirak etmişdir.
Eyni zamanda Respublika "Bilik" Cəmiyyətinin xətti ilə 1972-1976-cı illərdə müxtəlif şəhər və rayonlarda keçirilən elmi-nəzəri konfranslarda iqtisadi mövzularda məruzələr etmişdir.
P.Axundbəyli 1972-1976-cı illərdə qiyabi aspirantura təhsili almış, 1980-ci ildə Ukraynanın Kiyev şəhərində "Azərbaycanda kolxoz ticarəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-ci ildən etibarən Universitetin "Ticarət" kafedrasının dosentidir.